Müdirinə görə sevgilisindən imtina edən oğlan – FƏRİD HÜSEYNİN YAZISI

Müdirinə görə sevgilisindən imtina edən oğlan – <span style="color:red;">FƏRİD HÜSEYNİN YAZISI
26 aprel 2017
# 21:00

Kulis.az Fərid Hüseynin “Nəcib Məhfuz oxucuların gözü ilə...” esse yarışmasında üçüncü yeri tutmuş essesini təqdim edir.

Həqiqəti ucaltmaq

(Nəcib Məhfuzun “Liderin qətl günü” romanı haqqında)

Nəcib Məhfuz mənsub olduğu xalqın tərcümeyi-halını – taleyini yazan yazıçılardandır. Ona görə də ədəbi kontekstdə Misir xatırlanan kimi Nəcib Məhfuzun yada düşür. Nəcib Məhfuzun romanları bir çox tərəfləri ilə dövrü üçün yeni əsərlərdir. Buna görə də onun əsərlərinin müxtəlif ölkələrinin ədəbi mühitləri tərəfindən qiymətləndirilməsi, Nobel mükafatı qazanması və yüksək tirajlı nəşri heç kəsdə təəccüb doğurmur.

Bu yazıda Nəcib Məhfuzun “Liderin qətl günü” romanından danışacağıq. Romanda müəllifin ustalığı, üslubçuluğu həm mövzuda, həm də onun həllində görünür. Əsərdə “passiv mühit” canlandırılır, sanki əsas hadisələr əvvəlcə baş verib, indi (obrazlar nəql edərkən) qəhrəmanların düşdükləri ağır vəziyyətdən xilas olmaq istəyirlər. Ancaq süjet irəlilədikcə məişət fonu siyasi fonla əvəzlənir, qəhrəmanların gündəlik yaşam çətinlikləri siyasi durumun ağırlığı üzərinə köçürülür. Nəcib Məhfuz obrazlarını bu yolla xarakterə çevirir, onların hər biri hansısa durumlara cavabdeh fərdlər, məsuliyyətli şəxslər olurlar. Beləcə, məişət müstəvisində baş verən hadisələr siyasi güc qazanır, Nəcib Məhfuz həqiqəti kiçiltmir, gerçəkliyi ucaldır, reallığa ali məna qazandırır.

Təhkiyə:

Əsər üç obrazın dilindən danışılır:

  • Mühtəşimi Zayid
  • Ülvan Fəvvaz Mühtəşimi
  • Randa Süleyman Mübarək

Qəhrəmanlarla təhkiyəsi bir-birindən kəskin seçilir və yazıçı hansı düşüncə fərqlərini, situasiya çeşidliliyini yaratmaq istəyirsə, bunu bir qəhrəmanın dilindən olayları nəql edərək reallaşdırır. Nəticədə eyni adamların başına gələn hadisələr təkrarlanmır. Roman, qəhrəmanların nitqi ilə sanki yenilənir, süjetin davamlılığı bu üsulla oxucunu intizarda saxlayır. Romanda, əslində, çox hadisə baş vermir və hər qəhrəman özü haqqında danışmaqla, həm də digər qəhrəmanlar barədə danışmış olur. Beləcə, hər obraz təkcə özünü yox, mühitin gerçəkliyini də göstərir. Sanki Nəcib Məhfuz üç yerdə kamera qurub və onlar üç obrazın timsalında üç mühiti, gerçəkliyi göstərir. Qəhrəmanların birinin fikri tamamlanıb digərininki başlayanda, sanki kamera başqa səmtə tuşlanır, fəqət səhnə dəyişsə də, fon dəyişmir. “Fon” deyərkən Misirin siyasi, sosial gerçəkliyi nəzərdə tutulur. Nəcib Məhfuz hər dəfə bu cür “kadr”ı dəyişəndə çalışır ki, fon itməsin – yəni qəhrəmanların düşdükləri durum, ölkənin o vaxtkı vəziyyəti ilə əlaqələnsin.

Simvollar

Əsərdə üç əsas obraz var və hadisələr yuxarıda deyildiyi kimi onların diliylə nəql edilir. Mühtəşimi Zayid yaşlı adamdır, o, Misirin qocalığıdır, yəni qədimliyinin simvoludur, ona görə də bir-birini əvəz edən siyasi rejimlərlə bağlı tarixi faktlar, dini gerçəklik onun dilindən danışılır. O, keçmişdir və onun indiki zamanla bağlı hadisələrə müdaxiləsi əksərən sıfıra bərabərdir.

Ülvan Fəvvaz Mühtəşimi: Bu qəhrəman Misirin gəncliyi – yəni əsərdə söhbət gedən illərdir. Onun yaşadığı xəyanət, itkilər və əsərin sonundakı qələbə, əslində, o vaxtki Misirin aqibətidir.

Randa Süleyman Mübarək: Bu qəhrəman isə Misirin düşdüyü vəziyyətin simvoludur, ona görə də əsərdə nişanın qayıtması, onun başqasıyla evlənməsi, ayrılması və sondakı qətldəki rolu silsilə hadisələrdir. Bütün bunlar roman boyu xatırlanan iki inqilabın reallaşması faktına bənzəyir. Nəcib Məhfuz üç insanın taleyi timsalında Misirin keçmişini və əsərdə danışılan illərin mənzərəsini, gerçəkliyini yaradır.

OBRAZLAR

Mühtəşimi Zayid

Təqaüdçüdür. O, Misirin zəngin vaxtlarını da görüb, əhalinin kasıb yaşadığı illəri də. Onun beynində hər şey müqayisədədir: O, keçmişlə indi arasında yaşayır. Kral Fuadın hakimiyyət dönəmindəki bolluq da yadındadır, sonrakı kasıblıq da. Mühtəşimi Zayid nəvəsi Ülvanı (əslində, Misirin gələcəyini) xoşbəxt görmək istəyir, ümidi onun gələcəyinədir. Bu qəhrəman əsər boyu inamsız insan təsiri bağışlayır, ancaq romanın sonunda Ənvər Əlləməni öldürən Ülvan həbsdən azad olub, yenidən sevdiyi qıza qovuşacağı günü və öz ölümünü təsəvvür edir. Fəqət o düşünür ki, nəvəm onda mən olmayan bu evdə səadətli günlər yaşayacaq. Yəni Misir Ülvanın timsalında azadlığa qovuşub ağ günə çıxacaq.

Ülvan Fəvvaz Mühtəşimi

O, ailənin (Fəvvaz və Hanannın oğlu, Zayidin nəvəsi) gənc və nişanlı üzvüdür (Randa ilə). Maddi sıxıntı üzündən evlənə bilmir. Müdiri Ənvər Əlləmə isə Randaya gözü düşür. Onları ayırmaq üçün 50 yaşlı bacısı Gülüstanı utanmadan Ülvana təklif edir. Randanın valideynləri nişanı qaytarırlar. Bütün taleyi dönən, çalxantılı, düyünlü ömür yaşayan Ülvan hər şeyə dözə bilir, ancaq axırda həbs olunur, yazıçı isə onun xoşbəxt gələcəyini inamı gizlətmir...

Randa Süleyman Mübarək

O, əsərdəki orta xətti təmsil edir və keçmişlə indini birləşdirir. O, ata-anasının timsalında Misirin indisini və keçmişini müqayisə edir. Anası ona “ucuzluq dövrü”ndən, atası isə dəyişən hakimiyyətlərin aldadıcı şüarlarından danışır, o isə hər şeydən özü nəticə çıxarmağa çalışır. Həyat onu sıxır o nişanını qaytarır, onu ələ almaq istəyən Ənvər Əlləm ilə ailə qurur, ancaq ailə qurandan az müddət sonra, heç bal ayları başa çatmamış ərinin onu alçaltmasını, üfüqdə xoşbəxtlik olmadığını, ata-anasının onu bu izdivaca xeyir-dua versə də, gələcəyinin bədbəxtliklər qoynunda keçəcəyini görüb ayrılır. Axırda keçmiş həyat yoldaşını Ülvan öldürür, Randa isə Ülvanın azadlığa çıxıb yenidən onunla qovuşacağı günü gözləyir.

Romanın strukturu:

Əsərin qeyri-adi strukturu var. Romanı 3 cür qavranıla bilər:

1. Üç qəhrəmanın həyat tarixçəsi kimi (sosial plan)

2. Bir ailənin faciəsi kimi (məişət planı)

3. İnqilab, rejimin çöküşü (siyasi plan)

Labirint

Qəhrəmanlar hamısı çıxılmaz durumdadırlar: Siyasi mühit onlardan – qəhrəmanlardan asılı deyil, sosial mühitə müdaxilələri mümkünsüzdür, onlar bu məsələdə tam mənada gücsüzdürlər, ona görə də məişət səviyyəsində xoşbəxt olmağa çalışırlar, fəqət istədikləri hasilə yetmir.

Əlaqələndirmə:

Yuxarıda deyildiyi kimi, romanda məişət müstəvisində baş verən hadisələr aram-aram siyasi və sosial müstəviyə yön alır. Sosial həyatın ağırlığı qəhrəmanların güzəranı və güclüyə boyun əymələrində görünür. Bu gerçəklik siyasi situasiyadan doğur, hərbi rejim sanki hər kəsin həyatındadır. Səfalət, aclıq, kasıblıq hərbi rejim kimi təzahür edir. Və roman boyu yazıçı bu detalları qabartmadan, oxucunun dərk imkanına həvalə edilir. Və əsərin sonuna yaxın dövlət başçısının qətli – sui-qəsd bir neçə abzasda danışılır. Ölkəni hərbi düşərgəyə çevirmiş rəhbər elə parada da öldürülür və yazıçı bunu xüsusi hadisə yox, televiziyadan eşidilən xəbər kimi təqdim edir.

Bu məqamda siyasi və sosial problemlər birləşir və sanki məişət problemi bir anlıq hamının yadından çıxır. Ancaq əsərin sonunda Ənvər Əlləmənin qətli məişət zəminində baş verir. Dövlət başçısı ölkəni hərbi düşərgəyə çevirib bir gün paradda öldürülür, Ənvər Əlləmə də mahiyyətcə eyni aqibəti yaşayır: – iki gənci ayırır, həyatlarını cəhənnəmə çevirir, axırda onların əlində də ölür. Yazıçı bu məqamda siyasi, sosial və məişət problemlərini eyni müstəvidə təqdim edir və həyati nəticələrin dəyişmədiyinə işarə edir. Su səhəngləri suda sınır...

Sonluq

Əsər olduqca maraqlı və məntiqli bitir. Roman Mühtəşimi Zayidin sözləri ilə başladığı kimi onun sözləri ilə də tamamlanır: “Ülvan həbsdən peşə sahibi kimi çıxacaq. Bu peşə isə həyatın çətinliklərinə sinə gərmək və ümidlərini reallaşdırmaq üçün daha yaxşı bir mövqedə olacaq. Onu bir də görə bilməyəcəm. O, qayıdanda mənim otağımı boş görəcək, onda sevgilisi ilə evlənə biləcək. Görəsən, uzun yaşamağımla özüm də bilmədən onun problemlərini qəlizləşdirmədim ki?!”.

Bu son cümlələr, əslində, siyasi rejimə, Əhməd Sadat hakimiyyətinə işarədir. Çünki köhnə siyasi rejim gələcəyin qarşısını aldığı kimi, baba da yaşayaraq nəvəsinin (Ülvan düşünürdü ki, evlənsə Randanı hara gətirəcək, evdə ayrıca otaq yox idi) həyatına mane olur. Ülvanın həbsdən azad olması, sonra babasız yaşayacağı evdəki asudə və xoşbəxt günləri, əslində, Misirin səadətidir. Müəllif inanır ki, Misir də bu cür azadlığa, rahatlığa və xoşbəxtliyə qovuşacaq. Və zaman göstərdi ki, Nəcib Məhfuz elə də yanılmayıbmış...

# 3947 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #