Qlamur xanımlar, Messiyə bənzəyən yazar – Ayxan Ayvazın imza günündən REPORTAJ

Qlamur xanımlar, Messiyə bənzəyən yazar – <span style="color:red;">Ayxan Ayvazın imza günündən REPORTAJ
3 aprel 2017
# 15:38

Hər şey ondan başladı ki… Ayxan, ümumiyyətlə, yazmağa başladı. Və... ilk yazdığını da Eyvaz Əlləzoğlunun yazı masasının üstünə atıb, qaçdı futbol oynamağa.

Ayxan bəstəboydu, çox böyük ehtimalla, ondan futbolçu alınmayacaqdı gələcəkdə. Maradona da bəstəboy olub, deyəcəksiz. Düzdür, amma bu qadasın aldığım Azərbaycanda nə vaxtsa hansısa maradonaların yetişəcəyinə, məşhur lətifədə deyildiyi kimi, heç Allahın özü də inanmır axı. Düzdür, Ayxan bir az əvvəl belə bir status yazmışdı ki, “mən ədəbiyyatın Messisiyəm”. Messi 6 il “Barselona”nın aşağı yaş qruplarında oynayandan sonra əsas heyətə cəlb edilmişdi. Ayxan da düz 6 il səbr edə-edə “Buri”sini gözlədi. Yoğurdu yapdı və nəhayət, bişirib, srağagün bizlərə təqdim etdi. Bəri başdan deyim ki, çox dadlı “Buri” alınıb…

***

Düzü, şənbə günü “Buri”dən “dadmağa” gələnlərin bu qədər çox olacağını gözləmirdim. Elə Ayxan da. “Çox möhtəşəm imza günü oldu. Gözlədiyimdən daha yaxşı” – dedi, Ayxan.

Şəhərin mərkəzində, özü də açıq havada keçirilən təqdimat kənardan ötən insanlara belə maraqlı gəlmişdi. 200-ə yaxın insan bir balacaboy oğlanın “Buri”sinin başına yığışmışdı həmin gün. Maraqla yaxınlaşanlar da çox idi ha. Eləcə də polis. Cənab kapitan təhlükəli bir şey olmadığını görüb, bir kitab alıb da getdi. Hə, bir “Buri” alana bir dilim də əsl buri təqdim olunurdu. Təvazökarlıqdan uzaq kimi çıxmasın, qara çörək ideyası bəndənizə məxsus idi.

***

“Buri”ni saat 4-də təqdim etmək planlaşdırılmışdı. Amma artıq 4-ün yarısını belə gözləməmişdilər. İlk kitabı Nihad İsa aldı. Qardaşı Fuadla birgə. Gedib sütuna söykənib oxumağa başladı. 15-20 dəqiqədən sonra yaxınlaşdım. Əlindəki qara çörəkdən bir dişləm də dişləyib, bircə kəlmə dedi: “Yaxşı gedir abi”. Hər ikisini deyirdi, həm “Buri”ni, həm də burini…

Yeri gəlmişkən, qardaşı Fuad bizim Kəramət Böyükçölü görəndə, elə sevindi ki, dedi, gedib onu bağrıma basacam. “Molodes, eşq olsun, mən bunu belə bilməzdim, adam kitab təqdimatına da gəlirmiş”. Amma Kəramətin kimliyini biləndən sonra ovqatı təlx oldu. Sən demə, onu Üzeyir Mehdizadəylə səhv salıbmış.

Kəramətdən söz düşmüşkən, həmin gün ad günü olan Qəşəm Nəcəfzadəni də təbrik edib, xalq artistimiz Nurəddin Mehdixanlıyla bir az gap elədik. “Buri”dən başlayan söhbət gedib çıxdı Nadir şaha. Nurəddin müəllimin tarixi bilgilərinə söz ola bilməz. Məsələn, mən bu dəfə öyrəndim ki, Nadir şah əsil multikulturalist olub.

Düz 14 il ildir, Məqsəd Nuru görmürdüm. O da Nihad kimi sütuna söykənib oxuyurdu. Deyir, indi işsizəm, “bir az rahatlıqdı, evdəyəm, yazıram”.

Sonra Elnaz Eyvazla rastlaşdıq. Yadımda deyil nədən danışdıq, amma pozitiv şeylərdən söhbət etdik. Çox pozitiv xanımdır Elnaz. Əsil sovet müəlliminə oxşayır.

Sonra Zaur Xudiyev gəldi. “Apasport”un gecə gözətçisi. Əlimdəki siqareti görüb də heyrətləndi.

- Müəllim yenidən başladız?

- Çətindir. Amma xeyli azaltmışam...

Siqaret mövzusu ilə başlayan söhbətə “pulyazan”, daha dəqiqi, kitabları satan Səlcuq Elçin də qoşuldu.

- Müəllim siqareti tərgitsə, mən başımı kəsəcəm.

Dedim, “Tərgidərəm və səni əsas xəbər edərəm ha!”

Gülüşdük.

Sonra Ləman gəldi. Əliəşrəf qızı. Balaca qızıyla. Sonra Mirmehdi öz Kasıyla. Sonra da Əsəd Qaraqaplan. Daha sonra… Əşşi, nə fərqi var. “Buri”nin iyinə azı 200 nəfər gəlmişdi.

“Biz həmişə gileylənirik ki, oxuyan yoxdur. Ancaq imza günündəki qələbəliyi görəndə gələcəyə ümidim artdı. Kitab oxuyan var. Biz sadəcə onlara kitabı təqdim etməliyik. Azərbaycanın yeni oxucularını yaratmaq missiyası bizim boynumuza düşüb".

Hə, yeni oxucular məsələsi. Vardı, vallah vardı… Heç tanımadığımız adamlar vardı, gəlib kitab alıb şəkil çəkdirib gedirdilər. Bu gənc qlamur xanımları isə nə Ayxan tanıyırdı, nə də ətrafındakılar.

Kitab 300 tirajla çap edilib və artıq imza günündə 150 kitab satılıb. Müxbirin “Bu satış sürəti sizə növbəti kitabı yazmaq üçün stimul verəcəkmi” - sualına Ayxan belə cavab verdi: “İkinci imza günü də olacaq. Kitab artıq mağazalarda satışdadır. İstəyənlər kitabı mağazalardan əldə edə bilərlər. Tələsik kitab çıxarmağı sevmirəm. Bu kitab 6 ildən sonra ortaya çıxdı. Tələsmirəm. Ancaq şübhəsiz ki, yazmağa davam”.

Ayxan həm də deyir ki, “Buri” mənim pasportumdur. İndi qalır nə? Ayxanın pasportuna bir Şengen vizasının vurulması. Ayxan çıxacaq Avropaya. Qərbə. Təki atasının, Ayvazın dediklərini qulaqardına vursun.

Yadınızdadırmı, yuxarıda yazmışdıq, yazını atasının iş masasına tullayıb futbol oynamağa getməsini. Belə demişdi Ayvaz Ayxana: “Sən də belə bədbəxt oldun, yazmaqla”.

Və ürəyimin dərinliyində də bilirəm ki, “Buri”nin təqdimatında Ayvazın ruhu da vardı. Səlcuqun satdığı kitabı, o qara çörəkdən birini də götürüb, uçdu göylərə yenə. Həm də o göylərə ki orada Ayxanın “Atamın nobel nitqi” də vardı.

Ayxan deyir ki, “Anamın quldur dəstəsi” “Uşaqlar gününə” “Monoton” “Sevgi məktubları” yazıb. “Sənin işğal günün”dəsə “Kökənin dadı”nı, “Buri”ni çıxarıb. Amma “Evimidən gecə reportajı yazıb”, “Kağızda ölmək olmaz”, Ayxan.

P.S. Seçmələr Ayxanın hekayələrinin adıdır.

P.P.S. “Buri” gürcü dilində “çörək” deməkdir.

P.P.P.S. Ayxan Ayvaza isə artıq yazıçı demək olar.

# 1430 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #