Məni mutsuzluğuma bağışla, Nərmin - Qan Turalıdan YENİ HEKAYƏ

Məni mutsuzluğuma bağışla, Nərmin - <span style="color:red;">Qan Turalıdan YENİ HEKAYƏ
25 yanvar 2016
# 14:43

Kulis Qan Turalının “Gecə zəngi” hekayəsini təqdim edir

Hər şey o gecə zəngi ilə başladı. Nərmin şarja taxdığı telefonun səsinə ayıldı. Təzəcə yuxuya getmişdi. Qəfil zəng onu möhkəm diksindirdi. Zəng vuran isə... Kaş o olmayaydı. Nərmin o zəngi çox gözləmişdi. Amma bu bir ildə o adam əlini telefona atmamışdı. Nərmin də onu anbaan unutmuşdu. Zəngini gözləyə-gözləyə unutmuşdu. Unutduğunu hiss etdiyi an yadına düşmüşdü və yadına düşdüyü saniyə unutmuşdu. Bu qabarma-çəkilmələr uzun çəkmişdi. Onu unutmağını xatırlamırdı, xatırladığını da unutmurdu. Bir sərxoş axşamda bir mahnı çalınmışdı və o mahnını eşidib elə stoldaca hönkürmüşdü. Üzünü yuduqdan sonra tualetin güzgüsündə bambaşqa adam görmüşdü. Bu Azərbaycan Respublikasının vətəndaşı Paşayeva Nərmin Famil qızıydı. Amma bu Nərmin on dəqiqə qabaqkı Nərmin deyildi. Bu hönkürtü və o göz yaşları yepyeni bir Nərmin yaratmışdı. Ötüb keçən aylarda şəxsiyyət vəsiqəsində bir qrafa dəyişilmişdi, amma Nərmini Nərmin edən bu düzəliş yox, o göz yaşları idi.

Telefonda onun şəkli görünürdü. Axıb-gedən zamanın sönükləşdirib, nimdaşlaşdırdığı xatirələrin adamı. Nərmin “Alo” deyən səsinin müştəri xidmətlərinin operatoru qədər soyuq olduğuna özü də heyrət elədi. Amma o tərəfdən qaynar, ehtiraslı bir səs gəlirdi. Nərminin buzunu sındıra bilməyəcək qədər isti bir səs... Əvvəlcə gecə vaxtı narahat etdiyi üçün bir üzr... Nərminin inamlı “eybi yox”u...

- Nərmin, bilirsən niyə zəng elədim. Bilmirsən. Siz qadınlar həmişə istəyirsiz ki, kişilər möhkəm olsun. Biz də möhkəm oluruq. Olmuruq əslində, möhkəm görünürük. Siz də deyirsiz ki, möhkəm yaxşıdır. Amma yox. Biz ağlayanda “erkəklər ağlamaz” deyirsiniz. Göz yaşı təkcə sizə verilməyib axı. Bizim də göz yaşımız var. Bunları niyə deyirəm. Çox pisəm, Nərmin. Hər şey üstümə gəlir. Hər şey. Bütün bunlar bir kişinin tənhalara çəkilib kədərlənməsidir, ağrımasıdır. Ağrını kiminlə bölüşəsən? Axı kişi möhkəm olmalıdır. Mən isə... Mən isə ağrıyıram. İçdən ağrıyıram. Xəbərlərə baxıram. Bir uşaq ölüb. Başa düşürsən? Bir uşaq. Qəzaya düşüb. Altı aylıq. Necə ağlamayım mən? Bax... Çadra sizə niyə verilib, bilirsən? Rahat ağlaya biləsiniz deyə. Hönkürməsəniz, ağlayanda çiyinləriniz atılmasa anlamarıq biz. Biz sizin göz yaşlarınızı gizlətmək üçün çadraya bürüyürük sizi. Siz də deyirsiniz ki, qadın azadlığı-filan. Çadra göz yaşını görməmək üçündür, Nərmin...

- Ağla da, sənə nə mane olur?

- Başa düşmürsən məni...

- Yoxsa ağlaya bilmirsən? Amma sən ağlada bilirsən axı, təcrübən var.

- Nərmin...

- Buyur, dinləyirəm səni...

- Sənin qarşında günahkaram. Bunu bilirəm. Üzr istəyirəm. Yüzüncü dəfə...

- Üzr?

- Yox, üzr də yox. Bax, biz gərək üzrdən daha böyük, daha uca bir şey düzəldəydik. Tövbə var. Amma tövbə Tanrıyadır. O da bir cürə üzrdür. Amma biz Homo Sapienslər peşmançılıq üçün bu 150 min ildə üzrdən daha böyük bir şey düzəldə bilmədik. “Mersedes"in yüz modelini düzəltmişik. Heyvana atdığımız daşlardan atom bombası düzəltmişik. Amma peşmançılıq ancaq üzr şəklindədir.

- İndi üzr mövzusunu araşdırırsan? Yunan mifologiyasında üzr məsələsi necə qoyulub? Konfutsi bu haqda nə deyir?

- Mən günahkar deyiləm. Özümü günahkar bilmirəm. Mən sadəcə... Məndən asılı olmadı. Mən aşiq oldum.

- Mənə “səni sevirəm” deyəndən bir həftə sonra?

- Əslində... Bilirsən... Mən əslində...

- Bilirəm...

- Sən heç günahkar deyildin...

- İsa peyğəmbərdi, mənəm, bizim günahımız yoxdur.

- Səndən sonra mutlu olmadım mən. Ağlamaq istəyib ağlaya bilməyən adam təsəvvür edirsən? Qəhər gəlib yumruq kimi dirənirdi boğazıma. Gözümdən yaş çıxmırdı. Mutlu ola bilmədim. Yüzlərlə dəfə telefonu əlimə götürdüm. Amma sənə deməyə söz tapmadım, Nərmin. Biz hələ o sözləri tapa bilməmişik. Biz axmaqlar hələ o sözləri yarada bilməmişik. Bir qədim qəbilə haqqında oxumuşdum. O qəbilənin dilində sevgi sözü yoxuymuş. Sevmək əvəzinə “istəmək” deyirlərmiş. “Ət istəyirəm”. “Qız istəyirəm”. “Alma istəyirəm”. Eyni sözlərmiş. Gör, o qəbilənin oğlanları nə əzablar çəkirmiş. O böyük duyğu ifadəsiz qalırmış ürəkdə... Hisslər söz olmadığına görə doğula bilmirmiş. Ürəyə yük düşürmüş.

- Deməzdim. Sevgi də ət istəyi deyilmi? Məncə onlar fikirlərini daha dəqiq ifadə edirlərmiş. Daha sizlər kimi öz şəhvətiniz naminə Nitsşedən, Movlanədən sitat gətirmirlərmiş. “Ət istəyirəm”. Aydındır. Amma siz neynirsiz? Bir qızı yatağa atmaq üçün Nitsşeni qəbirdən çıxardırsız. Yazıq Nitsşe. Bir qızı sevmişdi, o da bakirə idi. Fahişəxanaya getdi, sifilisə yoluxdu, elə ondan da öldü. Yaddaşını itirmişdi Nitsşe. Amma yaddaşını itirəndə də kişi idi. Əsl kişi. Kişi nəydi? Əsl insan. İdeal insan. Canım sənə desin, Fövqəl İnsan. Atı qucaqlayıb ağlamışdı. Atı ha! O at, bilirsənmi hansıdır? Çexovun hekayəsi var, bir yerdə oxuyurduq həmişə. “Qüssə” idi də adı, “Toska”. Faytonçunun oğlu ölür, dərdini danışmaq istəyir, heç kim qulaq asmır, gəlib ata danışır. Ağlıma gəlib ki, bu at elə Nitsşenin boynuna sarılıb ağladığı atdır. Ya da qohumudur o atın. Nə bilim. Belə fikirləşirəm. Gecə vaxtı zəng eləyib mənə Nitsşe danışdırırsan... Özünsə ağlamağa cəsarət tapmayıb, mənə zəng edirsən. Nitsşe qədər olmadın. Nitsşe qədər... Yox, elə deməyim. Yaddaşını itirən, kitab yazdığını belə unudan Nitsşe qədər olmadın.

Telefonun o başından səs eşitdi Nərmin. Zırıltı idi, yoxsa hırıltı, anlamadı. Araya çökən sükut Elçinin quyu dibindəymiş kimi uzaqdan gələn səsi eşidilənə qədər sükut davam etdi. “Məni mutsuzluğuma bağışla, Nərmin” deyirdi o səs. “Həmişə sənə zarafatla deyirdim ki, məni daim mutlu biri olaraq xatırlayarsan. Amma indi elə yox, “məni mutsuzluğuma bağışla”, deyirəm”.

- Yox, Elçin, bağışlamıram. Məni mutsuz edib özün də mutsuz olacaqdınsa bu oyun nəyə lazım idi? Barı mutlu olaydın. Səni mutlu biləydim. O zaman deyərdim ki, gedişim nəyisə dəyişib. O zaman düşünərdim ki, mənim mutsuzluğumun, göz yaşlarımın bir qiyməti olub. İndi necədir bəs? Mən mutsuz, sən mutsuz, bəs bu göz yaşları nə üçün idi? Bəs çəkdiyim bu qədər ağrı nəyə görə idi? Aldım qoz, satdım qoz. Bu nə ticarətdir, bu nə alverdi? Uzaqdaydın, başqa qollarda, başqa yataqlardaydın, amma təki səni mutlu biləydim. O zaman mənim mutsuzluğumun da qiyməti, hörməti olardı. Nə sən uddun, nə mən. Dəqiqə 120. Hesab 0-0. Sarı kart da yoxdur oyunda.

- Mən o zaman da mutsuz idim? Demək, mənim mutsuzluğum genetik imiş. Heçmi xilas ola bilməyəcəm mən?

- Sən mutlu olmağı istəmirsən ki... Sən heç özün də bilmirsən nə istəyirsən. Sənin beş min yeddi yüz əlli altı dəfə danışdığın o lətifə vardı: “Mamed, sən də bir lotereya al da”. Bax, sən də eləsən. Lotereya almadan udmaq istəyirsən. Ölmüşdü Xankişi...

- Bu yumorun üçün darıxmışam...

- Başqa nə üçün darıxmısan?

- Deyimmi?

- De...

- Qoxun üçün...

- Əşşi, boş-boş danışma... Nə qoxu... İndiyə qoxu qalar?

- Vallah...

- Qoxum üçün darıxsaydın öz qoxusunu “Şanel”lə boğan o qızı sevməzdin. Doğrudan ha, onun qoxusu var? Uşaqlıq köynəyi qalıbmı, onu qoxla, bəlkə orda qoxu qalar. Yoxsa hər yerinə “Şanel” vurur o? Necə deyirdi Monro? Gecələr iki damcı “Şanel”lə yatıram. Monro idi də o?

- Hə, Monro idi. Fellini də bir filminə salmışdı. Avara bir amerikalı aktrisanın dilindən vermişdi. Bilirsən də, Fellini də Mazinaya xəyanət edirmiş.

- İstedadda Məmmədqulusan, xəyanətdə Fellini... Əksi olsaydı dahi olardın. Amma yox, Dahi Fellini də xəyanət edib. Əgər istedadlı və xəyanətsiz kişi qayırmaq mümkün olsaydı, bu, bəşəriyyətin ən böyük kəşfi olardı. Eşq sözünü görəsən ilk dəfə hansı gicbəsər tapıb... Onu tutub minərdim. Sözə bax: eşq. Yox bir mızqlet. Eşq sözünü tapana qədər xəyanətsiz, ağlatmayan və ağlayan kişi düzəldərdilər də...

- Mənim ümidim neandertallaradır...

- Necə yəni?

- Bu yaxınlarda bir alim dedi ki, mənə 50 milyon dollar verin, sizə neandertal düzəldim. DNT-ləri var axı. Neçə qadın da razı olmuşdu neandertal DNT-si ilə süni mayalanmaya. Deyirəm, bəlkə neandertallar sən deyənlərdən imiş. Ağlayan və ağlatmayan, xəyanətsiz və eşq nədir bilməyən.

- Bəs niyə düzəltmədilər...

- Baha dedi də qiymətini... Həm də, sən dedin, ağlıma batdı. Bilirsən də, alimlər deyir, neandertalları Homo Sapienslər, yəni sənin-mənim babalarım qırıb. Soyqırım ediblər...

- Dünya birliyi bu ədalətsizliyə hələ də susur.

- Hə, vallah! Deyirəm, bəlkə eşqə inanmadıqları, xəyanət etmədikləri üçün neandertalları öldürmüşük. Həm də, bilirsənmi, neandertallar Homo Sapienslərlə sevişə bilirlərmiş. Görmürsənmi, evə, ailəsinə bağlı sevdiyi qızın üstünə gül qoxlamadığını deyən kişilərə necə lağ edirlər? İndi lağ edirlərsə, yəqin o zaman öldürərdilər...

- Elçin...

- Hə...

- Gecə vaxtı nə neandertal-neandertal danışırsan?

- Ağzım qızışıb...

- Sənin təkcə ağzın qızışmır, özün də qızırsan...

- Simona Sartr haqqında necə demişdi: O, ehtiraslıdır, amma yataqda yox.

- Daha bir sitat.

- Yaxşı, susdum, sən danış, mən qulaq asım.

- Sağ ol, Elçin. Sağ ol. Dinləməyi öyrənmisən deyəsən.

- Yenə Nərmin, yenə tikan.

- Dayan e, Şanel neynir? Yenə qlamurluq eləyir? Yoxsa onu da Roza Lüksemburq eləmisən?

- Şanel yoxdu daha.

- Nə oldu?

- Onu son iqtisadi böhrana qurban verdik. Devalvasiya oldu Şanel.

- Allah rəhmət eləsin. Sənin qadın qəbiristanlığının bir sakini də artdı. Şeydi... O qəbiristanlığın var ha, orda qəbirləri yanaşı qazırsan, yoxsa tabutları üst-üstə yığırsan? Necə eləyirsən onu? Yerləri darısqal deyil ki?

- Yer azdı, Nərmin. Axır vaxtlar kremasiyaya keçmişəm, yandırıb küllərini basdırıram.

- Yazıqlara qəbirdə də rahatlıq yoxdu. Orda da qarışacaq külləri bir-birinə. Küllər gübrə olacaq, portağal ağacı çıxacaq o küllərdən. Sən də o sevdiyin gürcü şərabı ilə yeyəcəksən o portağalı yeni və gözəl qurbanın gözlərinə baxa-baxa... Yaradıcılığında nə yenilik var? Yenə də qızları Sartrla ovlayırsan? Yoxsa təzə yem tapmısan? İnnovativ metodlardan istifadə edirsən, kurrikulum zad var, yoxsa köhnə söhbətlərdir. Yox, deyəsən, yaxşısan, neandertal-zad. Bu söhbəti eşitməmişdim.

- Hə, təzə söhbətlərdir. Bu proses yenilik tələb edir. Sənə deyim, qızlar da bicləşiblər. Vaxt vardı Nüsrət Kəsəmənlinin bir şeiri ilə üç dovşan vururdum. İndi çətindir. Elm-zad da lazımdır.

- Sən də daim öz üzərində işləyən bir Don Juan kimi zamanın tələblərini yerinə yetirirsən.

- Bir şeir deyim. Yoxsa sən öldürücü zərbələrinlə axırıma çıxacaqsan...

- De, nə vaxtdır şeir demirsən...

- Bəzən də radioda dalğalandıqca səsin

Bilirəm ki, yaşamaq, yaratmaqdır həvəsin.

Sən bu yeni dünyaya baxıb ilham alırsan

Olub keçən hər şeyi öz sazında çalırsan.

- Ömər Xəyyam?

- Yox, Səməd Vurğun...

- Pis deyil... Amma ümid edirəm ki, bu şeiri qız ovunda istifadə etmirsən.

- Yox, bununla olmaz axı...

- Necə də əclaf-əclaf deyir e “olmaz”ı...

- Nərmin, bir şey soruşsam olar?

- Əvvəl mən bir şey soruşum, sonra sən.

- Soruş...

- Yüz illik müharibəyə niyə Yüzillik müharibə deyirlər. Axı o, 116 il olub.

- Məncə, sən bu sualın cavabını bilirsən.

- Belə də...

- Mən soruşum?

- Soruş...

- Məndən sonra çox əzab çəkdin? Sənə zəng vurmaq istədim. Vallah. Yüz dəfə istədim. Amma nə deyəcəkdim. Deməyə sözüm yox idi. Üzüm yox idi, sözü keç. İndi soruşuram, bilirəm, yaxşı sual deyil bu. Bəlkə də dünyanın ən mənasız, ən mərhəmətsiz sualıdır. Məni çox maraqlandırır bu. Bilmirəm. Bəlkə vicdanımı sakitləşdirmək üçün soruşuram. Bəlkə, sən deyəcəksən ki, yaxşı oldu, ayrılmağımız, bizdə alınmırdı. Bilmirəm cavabını.

- Elçin, sənə bir şey deyimmi?

- De...

- Heç zaman peşman olacağın şeyləri eləmə. Önəmli deyil, qarşındakının nə düşündüyü, nə etdiyi. Sən dilənçi uşağa yüz manat verərsən. O, sənə “sağ ol” da deyə bilər, susar da heyrətindən. Vallah, vacib deyil. Əsas odur ki, sən o yüz manatı verəndə rahatsan. Etdiyin o yaxşılığın rahatlığı, hüzuruyla kifayətlən sən. Lap o uşaq sənin üzünə tüpürsə belə sən içindəki o hüzuru axtar, onu tap, ona sığın.

- İndi deyirsən ki...

- Hə, düz tapdın. Sənin içində mənimlə bağlı hüzur yoxdur. Rahatlıq yoxdur. Özün yaxşı bilirsən ki, səhv etmisən. Əsl qatil qurbanını güllələyəndən sonra onun ağzına da güllə atandır. Çünki öldürmək istəyir və bilir ki, ağıza atılan güllə beyni parçalayır. O adamın daha sağ qalmaq şansı yoxdur. Qatil olanda da o cür qatil olmaq lazımdır. Sən isə... Sən adama güllə atıb sonra qulağını ölünün sinəsinə qoyursan, yoxlayırsan ki, ölüb yoxsa sağdır? Sən Tolstoy olmaq istəyən Markiz de Sadsan, əzizim...

- Nə dəhşət dedin, Nərmin...

- Arada olur məndə elə şeylər...

- Yox, belə şeylər arada olmur. Belə şeylər ömürdə bir dəfə olur.

- O da sənin payına düşüb...

Nərmin qəflətən çox darıxdığını hiss etdi. İçini nə qədər silkələsə də danışmağa söz tapa bilmədi. Sanki sözlər ölmüşdü. Telefona “odboy” vermək istəsə də gördü ki, danışıq qurtarıb. Ekranda Elçinin şəklinin yerinə gül şəkli vardı. Yatağa uzanıb yorğanın altında büzüşdü.

Səhəri Elçindən mesaj gəlmişdi: “Gecə sağollaşa bilmədim. Şanel qayıtdı. Bağışla...”

22-23 yanvar 2016

# 1894 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #