Hansı yazıçımız Cümhuriyyət barədə roman yazar? – SORĞU

Hansı yazıçımız Cümhuriyyət barədə roman yazar? – <span style="color:red;">SORĞU
15 yanvar 2018
# 11:34

2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilib. Cümhuriyyət barədə Azərbaycan ədəbiyyatında romanlar yazılıbmı? Yazıçılar bu mövzuda roman yazmaq istəyərlərmi? Kulis.az bu barədə yazarlar arasında sorğu keçirib. Cavabları təqdim edirik.

Səfər Alışarlı

Cümhuriyyət haqqında roman yazmaq olar, əlbəttə. Mən böyük məmnuniyyətlə yazardım. Amma mənim bu məsələyə baxışımda iki proyeksiyanı xüsusilə qeyd etmək istərdim. Birinci, yaxşı yazıçı bu romanı yazmaq üçün bu qədər gözləməli deyildi, illərlə arxivləri araşdırıb nəsə dəyərli bir əsər ortaya çıxarmalı idi. Yüz il elə də uzaq bir tarix deyil. Mənim buna, təəssüf ki, əvvəllər imkanım olmayıb, indisə zaman sıxıntısı yaşayıram.

İkinci, mən Azərbaycan Xalq Cümhuriyyətinin bərpası zamanlarında xalqımızın və ölkəmizin yaşadığı böyük təlatümlərin episentrində olmuş adamlardan biriyəm. Mənim bir yazıçı kimi bu tarixi yazmağım hər baxımdan yaxşı olardı. O hadisələrin bəzi məqamlarını mən müxtəlif forma və janrlarda yazmışam, amma bütövlükdə roman konseptuallığı ilə işlənmiş əsər hələlik ortada yoxdur.

Nəriman Əbdülrəhmanlı

Mən Cümhuriyyət dövrü haqqında roman yazmışam. “Qurban” romanım elə o dövr barədədir. Cümhuriyyətin Ukraynadakı, Krımdakı, İstanbuldakı səfiri Yusif Vəzir Çəmənzəminlinin həyatı, Cümhuriyyət hökumətinin xaricə təhsil almaq üçün göndərdiyi 100 nəfər tələbənin taleyi, sovet quruluşuna qarşı aparılan gizli mübarizə, Cümhuriyyət tərəfdarlarının repressiyalara məruz qalması romanın başlıca mövzusudur. Romanda Cümhuriyyətin qurulması və süqutu da kifayət qədər təsvir olunub. Buna görə də müəyyən qədər rahatam.

Elçin Hüseynbəyli

Ümumiyyətlə, Cümhuriyyət dövrü bizim böyük tariximizdir. Sadəcə olaraq, o barədə roman yazmağı ona görə düşünməmişəm ki, həmin dövr mənim üçün aydındır. Həmin dövr haqqına tarixi faktlar, kitablar var və yaxşı da araşdırılıb. Mənim üçün qaranlıq məqamlar vacibdir. “Don Juan”, “Şah Abbas” və digər romanlarım məhz qaranlıq məqamlara görə yazılıb. Mənim indi Məşrutə hərəkatı haqqında ayrıca roman yazmaq fikrim var. Bu XX əsrə aid olduğu üçün yəqin ki, mən Şimal hadisələrinə də toxunacam. Ümumiyyətlə, mən XX əsr hadisələrinə ayrı-ayrı əsərlərimdə toxunmuşam. Amma hesab edirəm ki, Cümhuriyyət haqqında romanlar yazılmalıdır, filmlər çəkilməlidir. Yəqin ki, yaxşı romanlar da yazılacaq və yaxşı filmlər də çəkiləcək. Sadəcə bu fərd məsələsidir. Vətəndaşlıq borcu da var burda. Amma kim o dövrə meyl edirsə, Cümhuriyyət tarixinə sevə-sevə yanaşırsa onun yazacağı roman daha uğurlu alınacaq.

Natiq Məmmədli

30 ilə yaxındı Azərbaycan müstəqildi. Bu vaxta kimi Cümhuriyyətin 80 və 90 illik yubileyləri dövlət səviyyəsində qeyd olunub, tədqiqatlar aparılıb, elmi-kütləvi kitablar buraxılıb, amma bunların arasında bədii mətnlər yoxdur. Bəli, bir sıra romanlar var ki, orada 1918-ci il hadisələrindən müəyyən formada bəhs olunur, amma bu, Cümhuriyyət demək deyil. Cümhuriyyət – müstəqillik idealı deməkdir, yazıçı gərək o müstəqilliyi, istiqlaliyyətin nə demək olduğunun öz daxilində hiss eləsin ki, əsər yazmağa da ehtiyac duysun. İstisna olaraq bir əsərin adını çəkə bilərəm - ötən il jurnalist araşdırmaları əsasında Arif Əliyevin “Yalama” sənədli povesti işıq üzü gördü, orada əsas diqqət 27 aprel işğalına və Cümhuriyyət əsgərlərinin müqavimətinə yönəldilib. Mən geniş planda əsər yazmağı cavan yazıçılardan gözləyirəm. Belə qənaətə gəlməyim üçün kifayət qədər əsaslarım var. Konkret mənim özümə gəldikdəysə, mənim əsərim artıq hazırdı. Bu, bir-iki ilə başa gəlməyib, onun tarixini öyrənmişəm, arxivlərdə işləmişəm, Bakı Dövlət Universitetində yeddi ilə yaxın XIX-XX əsrlərdə türk və Qafqaz xalqlarının tarixini tədris eləmişəm. Cümhuriyyət Rusiyada yaşayan müsəlmanların yaratdığı ən uzun ömürlü, dünya tərəfindən tanınmış və tarixdə dərin iz buraxmış ilk demokratik dövlət idi. Cümhuriyyət mənim üçün artıq əqidəyə çevrilib və bu, həmişə belə olub. Əsərimin yüz illiyə töhfə kimi qarşılanacağına inanıram.

Etimad Başkeçid

Cümhuriyyət haqqında məmnuniyyətlə roman yazaram. İndiyə qədər ədəbiyyatımızda bu mövzuya yetərincə diqqət yetirilməməsinin çox səbəbləri var. Başlıca səbəb isə sovet dövrü konyukturuna hədsiz aludəçiliyin, az qala, irsi xarakter almasıdır. Amma, şübhəsiz, Cümhuriyyət və Cümhuriyyət dövrü haqqında yazılar hələ bundan sonra yazılacaqdır.

Kənan Hacı

Bir-iki il bundan öncə əziz dostum, gözəl yazar Aysel Əlizadə ilə danışmışdıq ki, Cümhuriyyət dövrüylə bağlı müştərək bədii əsər yazaq. Təəssüf ki, bu ideya gerçəkləşmədi. Bu, çox məsuliyyətli bir işdir, arxivlərdə işləmək, xeyli sayda ədəbiyyat oxumaq lazımdır. Bunun üçün də vaxt və maddi imkan tələb olunur. Nə bilim, qismət olsa, roman da olmasa, nəsə bir mətn yazmaq istərdim. Həmişə bu barədə düşünmüşəm. O ki, qaldı niyə bu mövzuya toxunulmayıb məsələsinə, mən bildiyimə görə yazıçı Teyyub Qurbanın Məhəmməd Əmin Rəsulzadə haqqında bir povesti var. Xatırlayıram, 90-cı illərdə Nahid Hacızadə də o dövrlə bağlı "Yaşa, ey haqq" adlı bir roman yazmışdı, hətta həmin romandan hissələri də hansısa qəzetdə oxumuşdum. Bilmirəm sonradan kitab kimi çap olundu o əsər ya yox. Vüqar Əhmədin Məhəmməd Əmin haqda romanına rast gəlmişdim. Məncə, az da olsa, yazılıb. Amma düşünürəm ki, Cümhuriyyət dövrü ilə bağlı daha çox əsərlər yazılmalıdır. Çünki o dövr bizim tariximizin ən şərəfli səhifələri yazılıb.

İradə Musayeva

“Yazılmalıdır” - deməzdim. Ədəbiyyat “malı-məli” düsturu ilə işləmir. “Əli və Nino” romanını və s. fraqmentallıqları nəzərə almasaq, yoxdur… Amma təəccüblüdür. Çünki Cümhuriyyət hadisəsi və ümumiyyətlə, Cümhuriyyətçilərin hər birinin taleyi, mücadiləsi, bəzən ziddiyyətli siyasi baxışları, həmin dövrün özünün obrazı nəinki bir roman, hətta epopeyalar mövzusudur.

Elə təkcə həmin dövrdə xaricə oxumağa göndərilən 100 tələbənin (bəzi mənbələrdə 99) hər biri ictimai-siyasi, elmi-mədəni və sosial mənzərənin siması, səciyyəsi kimi bədiiləşdirilə bilər. Filmlər üçün də maraqlı mətnlər yazılar…

Sənədli filmlər arxiv materialı kimi bir şeydir. Arxivi oxuyursan və sənədlər səninlə tarix dili ilə danışır. Amma bütün bu tragik və şərəfli salnaməmiz ədəbiyyatlaşsa daha çox maarifləndirici iş görülmüş olar. Tarixçilər, siyasətçilər, jurnalistlər elmi-publisistik üslubda, nisbətən quru və soyuq dillə münasibət bildirir (Bəzən emosional müdaxilələrlə də rastlaşmaq olur). Amma ədəbiyyatın həmin dövrün hadisələrinə və şəxsiyyətlərinə bədii-estetik baxış və analitik təhlillər ampluasında baxışı əhəmiyyətli olardı. Bu cür romanların və ya dramların yazılışı teatr səhnəmizi, bədii film sənətimizi də zənginləşdirər…

# 1631 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #