Kitabın arasına pul qoysan azərbaycanlılar oxuyar - OXUCU

Kitabın arasına pul qoysan azərbaycanlılar oxuyar - <span style="color:red;">OXUCU
6 noyabr 2017
# 15:20

Kulis.azın “Oxucu” layihəsinin qonağı jurnalist Məcid Həsənlidir.

- Neçə yaşından kitaba marağınız var?

- Məktəbdə ibtidai sinifdə oxuyarkən atam mənə “Azərbaycan nağılları” kitabını almışdı. O vaxtdan kitabla tanışlığım var. Həmin kitab hələ də kitab rəfimdədir. Böyüdükcə müəyyən zamanlar olub ki, başım qarışıb başqa şeylərə, ona görə bəzən kitabı arxa plana qoymuşam. Kitab oxumaq üçün ən yaxşı vaxt məktəb illəridir. Sonrakı illərdə iş-güc çoxalır və kitaba vaxt ayırmaq çətinləşir. Kitab oxumayan insanın “kültürsüz” sayılır.

- Əsasən hansı kitabları oxuyursunuz?

- Bədii ədəbiyyatı sevirəm. Bundan əlavə, tarixi əsərləri, bioqrafik romanları daha çox oxuyuram. Fantastikadan xoşum gəlmir. Hələ ki, insan uça bilmir. Təkcə, kitablarda yox, həm də filmlərdə reallıqdan uzaq, həyatda qeyri-mümkün olan təsvirlərlə bəzədilmiş əsərləri xoşlamıram.

- Müasir yazarlarımızı mütaliə edirsinizmi? Kimləri bəyənirsiniz?

- İmkan olduqca hamını oxumağa çalışıram. Oxucu sayı az olsa da, çalışırlar, vurnuxurlar. Nəsə ortaya çıxarmağa cəhd edirlər. Müasir yazarlarımızdan Seymur Baycanı, Ayxan Ayvazı, Qan Turalını, Şərif Ağayarı və indi adı yadıma düşməyən bir neçə yazarı izləyirəm.

- Sizcə kitab insanları dəyişir? Elə isə sizi götürək.

- Kitabın insanı dəyişməsinə dair çox faktlar var. Amma hər kitab buna qadir deyil. Üz qabığında çəmənlikdə uzanıb şəkil çəkdirən müəllifin kitabı kimisə dəyişə bilməz. Mənə gəldikdə isə, oxuduğum müəyyən kitablar olub ki, formalaşmağımda hər hansı təsir edib. Məsələn, mənim fikrimcə, hər bir azərbaycanlı “Əli və Nino” romanını oxumalıdır. Bəlkə bu əsərin sayəsində milli mənlik, özünüdərk suallarına cavab tapa bilərlər.

- Evdə kitabxananız var? Nə qədər kitab olar?

- Kitabxana deməzdim, amma müəyyən sayda kitablarım olan rəflər var. Atamın aldığı kitablar mənə məxsus olanlardan lap daha çoxdur. Onları da mənim saysaq, onda xüsusi çəki ağır olar. Bir kitabı ikinci dəfə oxuyanda çox da maraqlı olmur. Artıq nəyin necə olacağını əvvəlcədən bilmiş kimi olursan. Bu səbəbdən nə qədər kitabımı da hədiyyə etmişəm və ya, dəyərindən aşağı qiymətə kitab həvəskarlarına satmışam. Yeri gəlmişkən, özüm də 2-ci əl kitabları yenidən üstün tuturam. Misal üçün, məndə Remarkın “Zəfər tağı” kitabı var, üzərində müxtəlif illərdə, fərqli insanların qeydləri, imzaları var. Belə kitablar daha maraqlı olur, məncə.

- Əsasən, hansı dildə oxuyursunuz və Azərbaycan dilinə tərcümələri bəyənirsinizmi?

- Ən çox ana dilimizdə - Azərbaycan türkcəsində oxuyuram. Bəzən də, Türkiyə türkcəsində. Ümumiyyətlə, xarici dildə kitab oxumaq mənə çətin görünür. Adicə cümlə quruluşu belə yaddır. Doğmalığı hiss etmək olmur. Elə bil çəkələklə dağa çıxırsan. Tərcümələrdən çox da razı deyiləm. Ya naşirlər qonorarı az verir deyə peşəkarlar iş görmür, ya da olanımız budur. Bir tərcüməçi var, Türkiyə türkcəsindəki "e" hərflərini "ə"-yə çevirir, adın da qoyur tərcümə. Ümid edirəm, tərcümələr də inkişaf edər.

- Daha çox roman oxuyursunuz, ya hekayə kitabları, ya şeir?

- Dəqiq deyə bilərəm ki, ən az şeir oxuyuram. Tək-tük şairlərin bəzi şeirləri var ki, xoşuma gəlsin. Uşaqlıqdan şeir sevmirəm. Bəlkə də, böyük şairlərin, tarixdə qalan şeirlərini oxumamağımın səbəbi hər Facebook açanın şeir yazması oldu. Nəsrə üstünlük verirəm. Romanı da, hekayəni də eyni gözlə oxuyuram.

- Deyirlər, indi kitab oxunmur, sizcə doğrudur?

- Əlbəttə, oxunmur. İndi yox e, heç keçmişdə də oxunmayıb. Sovet vaxtına aid statistikalara baxanda görürük ki, ölkəmizdə o vaxt da kitab oxuyanlar az olub. Azərbaycan insanı hər hansı bir fəaliyyət görəndə düşünür ki, bunun qarşılığında pul qazanacağam, ya yox. Gərək kitabın səhifələrinin arasına pul düzəsən ki, azərbaycanlı onu oxusun. Əgər desələr ki, kitab oxuyanlara pul, maşın, ev veriləcək, mağazalarda kitab qalmaz.

- Ən çox sevdiyiniz roman, hekayə, şeir.

- Ən çox sevdiyim roman Qurban Səidin “Əli və Nino” romanıdır. Hekayə üçün indi ağlıma gəlmədi variant demək, ancaq Cəlil Məmmədquluzadənin hekayələrini çox bəyənirəm. Əsas da, “Danabaş kəndinin əhvalatları” uzun hekayəsini (povest - red.). Əsər Azərbaycan həyatının qısa məzmunudur.

- Şairlərimizdən kimləri bəyənirsiniz?

- Dediyim kimi, şeir xoşlamıram deyə, şairlərimizə aid nəsə demək çətin olar. Lakin Aqşin Yeniseyin fərqli şeirləri var. Ola bilsin, Aqşinlə şəxsi tanışlığımız olub deyə, yaradıcılığına daha çox bələdəm.

- Özünüz nəsə yazmaq istəmisiniz nə vaxtsa?

- Mən keçmiş gənc yazaram (gülür). Universitetin ilk illərindən ədəbiyyata marağım artdı, sonra hekayələr yazmağa cəhd elədim. Bu həm də dövrün gənc yazarı, dostum Ayxan Ayvazın israrı ilə oldu. Bir neçə ölkə səviyyəli müsabiqədə orta yerlər tutmuşam. Hazırda işimlə əlaqədar ədəbi fəaliyyət üçün zaman və enerji tapa bilmirəm. Maraqlısı budur ki, ayda ildə bir dəfə gördüyüm ədəbi cəmiyyətin nümayəndələri hələ də məni görəndə soruşur ki, təzə nə yazmısan, nə çap eləmisən? Bu suallara görə, ilk fürsətdə çalışacağam ki, fikrimdə olan mövzuları qələmə alım.

- Saytlarda bədii əsərlər oxuyursunuz?

- Bütün günü saytları oxuduğuma görə, qarşıma çıxdıqda ən azından başlığını oxuyuram. Diqqətimi cəlb etdikdə isə, əsəri tamamilə gözdən keçirirəm. Oxucular arasında xüsusi kütlə var ki, kitab almır, ancaq saytlardan oxuyur, ya da kitabın PDF versiyasını öz kompüterlərini yükləyib oxuyurlar.

- Son olaraq kitab sizin üçün nədir?

- Kitab mənim üçün dərrakəmi zənginləşdirən ən böyük qüvvədir. Son zamanlar bəzi ağızlara söz düşüb ki, kitab lazımsız zaddı, hər şey internetdə var. Onların kitab oxumadığı bu ifadələrindən bilinir. İnternetdə də ciddi məlumatların çoxunun mənbəyi kitablardır.

Özümə qayda qoymuşam ki, həmişə oxuduğum kitab olmalıdır. Bir kitabı bitirib təzəsinə başlamayanda elə sanıram ki, nəsə çatışmazlıq var.

Kitab oxumayan cəmiyyət məhvə məhkumdur.

# 1324 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #