Bir qadınla çətin ovutmaq olar bu yalqızlığı-AQŞİN

Bir qadınla çətin ovutmaq olar bu yalqızlığı-AQŞİN
13 noyabr 2012
# 14:10

Kulis.az Aqşin Yeniseyin yeni şeirlərini təqdim edir


Mənim ikidəbirim


Sevginin kövrəkliyi qədimliyindəndir.
Hələ eramızdan çox-çox əvvəl
İnsanlar ərlərə və arvadlara bölünüblər
Yəni ibtidai sevgini çoxdan öldürüblər.
İndi dincəlmək üçün ən yaxşı yer
İnsanın yorğun gözləridi.
Sevgi iki nəfər üçün göndərilən bir ayrılıq xəbəridi.
Unutmaq istədiyini mütləq yadında saxlamaq lazımdı.
Getməmişdən əvvəl diş kimi çürümək
və yerində laxlamaq lazımdı.
Bəzən fikri danışmaq yox, lal-dinməz ağlamaq lazımdı.
Mən səni axtardığım yerdə özümü tapdım,
Səni tapdığım yerdə özümü itirdim.
O qədər tək yaşamışam ki,
Çətin bir qadınla ovutmaq olar bu yalqızlığı.
Məni yalqızlığımın acgözlüyünə bağışla.
Tək idim,
özüm öz çiyinlərimə çuval təki yük idim.
Külək əsdiyi, yağış yağdığı, qar əridiyi yerə
aparmaq istəyirdi məni,
Getmədim.
İndi ən böyük arzumla ən böyük ümidimi evləndirirəm.
Utancaq ata kimi divara elə qısılmışam ki,
İnsanlar üzümü daşlardan seçməz.
İnandığım şeyin adı Allahdırsa, bəs inanmadığım adı nədi?
Kimsə bunu demədi.
Zaman böyüklüyünü gizləmək üçün
Özünü kiçik hissələrə bölüb,
saniyəyə, dəqiqəyə, saata.
İndi ayağına ona görə yıxılmışam ki,
heç vaxt əyilməmişəm həyata.
Səni atsam,
yediyim tikənin sümüyünü əlimə zillənmiş köpəyə
atdığım kimi atacağam başqa kişiyə.
Yaxşı ki, yanımdasan, canımı isidirsən üşüyə-üşüyə...


Birinci qadının ikinci yarısına


Yağışları yağdığına utandıra bilməyəcəksənsə,
Ağlama!
Ölmüş sözləri dirildə bilməyəcəksənsə,
Danışma!
İnsanın tərkibində göz yaşı olmasaydı,
Gözləri də olmayacaqdı.
Bax, məsələn, mən,
Ona görə ağlayıram ki, atamdan ötrü darıxıram.
Qəbrini eşib bir sümüyünü çıxarmaq,
Və o sümüyə, sadəcə, “ata” demək istəyirəm.

Hisslərim təpəmə güllə dirəyib,
Ayrılıqdan qorxmayan sevginin yerini soruşur.
Sən üzü yalqızlara əsən küləkdən yapış və qaç get.
Orda hamıya söylə ki,
Onu öz hissləri öldürdü.
Bütün günahlarını ayrılığın üstünə atan sevgini ifşa et.

Və elə qocal ki,
Bir gün ağlar gözlərini silməyə
Saçlarından başqa heç nəyin olmasın.

Teleqram

Burda bekarçılıqdı
Oturub kresloda
Darağıma dolaşmiş
Saçlarını yoluram
Orda işlər necədi?
Özümdən nigaranam
Bir yaz görüm necəyəm?
Necə yaddan çıxıram?
Necə unuduluram?


***

Əllər sevginin qandalları,
Qucaqlar sevginin məhbəsidi!
Azadlıq - məhkumların uydurmasıdı.

19 avqust

Hamı getdi...
Hətta həyətdəki dişi pişik də
Balalarını daşıyıb apardı bir-bir.
Yalnız qocalar qaldı – keçmişin uşaqları
Gələcəyin ölüləri.

# 8945 dəfə oxunub

Oxşar xəbərlər

Allahı inkar edə-edə Allaha doğru yürüyən adam – Ceyms Coys

Allahı inkar edə-edə Allaha doğru yürüyən adam – Ceyms Coys

17:00 13 yanvar 2026
Ərlərini dəyişərək ictimai ağrını “öz bədənində susdurmaq”... - "Anam məni sevibmi?"

Ərlərini dəyişərək ictimai ağrını “öz bədənində susdurmaq”... - "Anam məni sevibmi?"

15:30 13 yanvar 2026
Arif olan nakam olmaz bu dünyada... - Günün mahnısı

Arif olan nakam olmaz bu dünyada... - Günün mahnısı

12:40 13 yanvar 2026
Varaqları oxunmaq üçün ağrıyan romanlar

Varaqları oxunmaq üçün ağrıyan romanlar

15:00 10 yanvar 2026
"Bu dünya sizi öpərək boğmağa çalışan kişilərlə doludur..." - Məşhur iranlı rejissor Füruğ Fərruxzadı necə adlandırmışdı?

"Bu dünya sizi öpərək boğmağa çalışan kişilərlə doludur..." - Məşhur iranlı rejissor Füruğ Fərruxzadı necə adlandırmışdı?

15:00 5 yanvar 2026
Qarabağ həsrəti ilə dünyadan köçən Şahmar Əkbərzadə - Bəxtiyar Vahabzadə onun haqqında nə yazmışdı?

Qarabağ həsrəti ilə dünyadan köçən Şahmar Əkbərzadə - Bəxtiyar Vahabzadə onun haqqında nə yazmışdı?

12:00 28 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər