Amerikalı yazar Azərbaycanlı şairdən yazdı - Resenziya

Amerikalı yazar Azərbaycanlı şairdən yazdı - <span style="color:red;">Resenziya
4 mart 2019
# 12:17

Bu günlərdə gənc şair Fərid Hüseynin Amerikanın “Mundrus Atrium Press” nəşriyyatında "Kəpənək dərsi" (“Studying a butterfly”) adlı kitabı çap olunub. Şeirlər kitabını ingilis dilinə tənqidçi Cavanşir Yusifli tərcümə edib, nəşrin redaktoru tanınmış şair “BookMan Prize” laureatı şair Gjeke Marinajdır. Kitab haqqında Korri Kezar məqalə yazıb. Korri Kezar “Dallas Business” jurnalının redaktorudur və yazıçıdır. O, kiçik hekayələr qələmə almaqla bərabər həm də bir çox kitablara resenziyalar yazıb.

Kulis.az Korri Kezarın yuxarıda adı çəkilən kitab barədəki “Fərid Hüseynin “Kəpənək dərsi”: İtki və eşq” adlı resenziyasını təqdim edir:

Vətəni Azərbaycanda ədəbiyyatçı kimi yetişən, ilhamını ərəb hekayətləri, fars poeziyası, rus ədəbiyyatı, fransız fəlsəfəsi və xristian mətnlərindən alan, bu cür ən müxtəlif qaynaq və mənbələr içində sırf milli şair kimi yetişən Fərid Hüseyn öz şeirlər toplusu ilə ölüm və yenidən doğuluş, tənhalıq və ümidin canlı obrazlarını yaradır. “Kəpənək dərsi” şeirlər toplusu eşqi əski və modern metaforaların sınağına çəkir, ordan sevən, ağrıyan və ümidsizlikdən göynəyən qəlbin tarixçəsini orijinal biçimdə – bütün çaxnaşma və təbəddülatlarıyla birgə təqdim edir. Şair dünyanın yaradılması ilə bağlı qənaətində Adəmin öz qabırğasını Həvvaya “bağışlamasını” ən müasir obraz və məcazların içindən keçirərək qələmə alır. Məsələn, bu məqamda aşiqin öz sevgilisinə görə ovcunda quşlara dən verməsini xatırlayaraq hər şeyi eşqə qurban etməsi vurğulanır.

Fəridin şeirləri ürək çırpıntılarıdı. O şeirlərdə aşiqin əliylə ayrılığa toxunmaq kimi həssas məsələlər yer alır. Aşiq sevgi, məhəbbət itkisini dərindən-dərinə yaşayır, burda heç şübhəsiz ki, hansısa romantik halədən, bəzək-düzəkdən, dekorasiyadan söhbət getmir, ailə itkisindən söz açılır və misralar oxucunun əlini, üzünü, nəfəsini yandırır. Yusif peyğəmbərdən bəhs olunan şeirində (“Yusif Peyğəmbərə danışdığım yuxu”) Fərid Hüseyn atasının ölümündən sonra anasının hiss etdiyi, onun dünyasına hopan qaranlığı quyuya atıldıqdan sonra Yusifin tuş gəldiyi zülmətlə müqayisə edir. Sevgidə əli boş qalmaq, yanıb kül olmaq kimi cizgilərdən Fərid qəfildən müharibənin səbəb olduğu əzablara keçid edir, onları sanki ürəyinin, hissiyyat dünyasının dibindən çıxarıb göstərir. “Qadınım öləndə hamı güllə səsində gizlənmişdi” kimi güclə, enerjiylə dolu poetik ifadələrdən istifadə etməklə o, müharibədə qətlə yetirilən sevdiyi insanı dəfn etməyin ifadəolunmaz dərdini dilə gətirir.

Bununla belə, Fəridin mətni itki və ayrılığı incə şəkildə fəhm edə bildiyi kimi dirçəlmə və yenidən doğulma kimi məsələləri də məharətlə şeirə çevirə bilir. Kitabın adı şeirlərin hər hansı birində xatırlanmasa da, həmin kəpənəyin qanadları hər bir misrada varlığını hiss etdirir, – bu misralarda sevən bir ürəyin atəşi, yanğısı ilə qanad çalan kəpənəyin tozunu da görə bilərsiniz. “Uçduğuma görə qanadımdan vurulmuşam” deyən Fərid, buna baxmayaraq, sonra “Peşman deyiləm” yazır. İnsanın başına həyatda nə gəlirsə gəlin, şairin qənaətincə ümid həmişə var, hər bir başlanğıcda onun sonu gizlin şəkildə yaşayır, bu mənada şairin ümidi misralar arasında qaynaşan enerjinin bətnindədir. O, bir şeirdə “gül eşqinə yağış olmalısan” deyir və sonra əlavə edir: “İnsan eşqilə Allah olmaqdansa, Allah eşqiylə insan ol. Onda biləcəksən ki, körpələr qurşunların acığına doğulur”.

Şair, esseist, tərcüməçi, jurnalist və redaktor kimi fəaliyyət göstərən Fərid Hüseynin şeirləri bir neçə ölkədə, o cümlədən, Rusiya, Belarus, İngiltərə, Türkiyə, Ukrayna, Serbiya və Gürcüstanda tərcümə və nəşr edilmişdir. O, həmçinin Azərbaycan Yazıçılar Birliyinin üzvü və “Kaspi” qəzetinin Ədəbiyyat əlavəsinin redaktorudur. Azərbaycanın Kürdəmir şəhərindən olan Fərid Hüseyn Slavyan Universitetində də təhsil alıb və hazırda ədəbiyyat üzrə dissertantdır (Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi). “Kəpənək dərsi” toplusunu ingilis dilinə Cavanşir Yusifli tərcümə edib.

Həyatın itki və ümidsizlik kimi dəhşətli yaşantılarına şəfqətlə dolu mətnlər, iztiraba rəğmən təravətləndirici ümid işartısı bu kitabdakı şeirlərdə dominant plandadır. Fəridin yeni kitabı, zənnimizcə, onun yaradıcılığında yeni sözdür. Bu kitab onun qəlbinin dərinliyindəki mənbələrə edilən istinadlar zənginliyi və çoxqatlılığı ilə seçilir. Fəridin yazı üslubu zərif və orijinaldır, o, adi ştrixlərlə insanlığın ən keşməkeşli savaş və zəfərlərini təsvir edir.

İngilis dilindən tərcümə edənlər: Cavanşir Yusifli, Şəbnəm Mikayılova

# 2612 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #