Sevgilisinin cəsədini görən öpülməmiş qız - YENİ HEKAYƏ

Sevgilisinin cəsədini görən öpülməmiş qız - YENİ HEKAYƏ
21 iyul 2016
# 16:04

Kulis.Az Nazim Əhmədlinin “Qız təbəssümü” hekayəsini təqdim edir.

Elə bil bu otuz üç il bir göz qırpımında gəlib keçmişdi. Ürəyindən ötüb keçənlər qızı çaşdırmışdı. Yeddi ildən sonra qırx olacaq. Qırxdan sonra…

Həyətin başından anasının səsi eşidildi.

- Ay qız, hardasan?

Qız anasının onu gördüyünü bilsə də cavab vermədi. Gözünü beş-altı yerdən çat vermiş güzgüyə zilləmişdi. Güzgü çiy kərpicdən tikilmiş evin eyvan dirəyindən asılmışdı. Anasının dediyi kimi, bu güzgü Nikolayı taxtda görmüşdü.

Axşamın alatoranında hava qaralmışdı, kəndin girəcəyindki yolla örüşdən qayıdan mal-qaranın, qoyun-quzunun səsi gəlirdi. Gündüzkü sükutun pozulduğuna baxmayaraq kəndin sakit həyatında darıxdırıcı bir ovqat vardı. Bu ovqat günlərlə qızın ürəyindən çəkilmir, ruhunu sıxırdı.

Qız gözünü sınıq güzgüyə dikib, saçlarını da açıb sinəsinə tökmüşdü. Kəndin qənşərindəki dəmir yolunda ara-sıra görünən qatarlar güzgüdə əks olunurdu. Gecə-gündüz bu qatarlar hara dartınır görəsən? Hərdən bu darısqal həyətdən çıxıb o qatarlara sarı qaçmaq, o qatarlarda hara isə, ağlının huşunun gətirmədiyi, tanımadığı lap uzaq yerlərə getmək istəyir. Təki bu sınıq güzgüdən səssiz-küysüz, işsiz-gücsüz bu həyatdan uzaq olsun, çox uzaq.

- Ay qız, hardasan? Şər qarışanda güzgüyə baxmazlar, gəl, toyuq-cücəni hinə yığ. Əl-ayağın yığılan vaxtıdı.

Qız öz aləmində idi. Anasının səsi elə bil dərin bir quyunun dibindən gəlir, güzgüyə toxunub cingilti ilə onun saçlarına dağılır, ordan da yerə tökülürdü. Qız güzgünün içində gördüyü kəndin dəmir yolundan gözünü çəkmirdi. Hə, görəsən yenəmi oradan qatar keçəcək? Kimlər gələcək bu qatarda? Bəlkə… Yox, yəqin daha o, gəlməz, deyirlər, çoxdan evlənib. Bəlkə hələ uşaqları da var. Kim bilir, dünyanın o biri başında nələr olur? Əl boyda bir məktub nədi ki, onu da yazmır. Anasının dediyi kimi, indi daha heç kimə inam qalmayıb, hamı dəyişib. Özü də insanları bu dağılmış zəmanə dəyişdirdi. Çarxın dönsün fələk, rahatca oturmuşduq evimizin altında, bu nə oyundu, başımıza gəldi?

Güzgüdən ayrılıb anasına sarı getdi. Toyuq-cücəni hinə doldurub, evlərinin yan tərəfindəki daxıla (onlar bu daxıla duş deyirdilər) keçdi, bir az əvvəl odun qalayıb yandırdığı «kalonkada» qızan suyu soyuqladı, paltarlarını soyunub bir tərəfə atdı, suyu açıb saçlarını islatdı, yuyub qurulayandan sonra çiyinlərini suyun altına tutdu. Yarıqaranlıq daxılda işıq olmadığından qız hərdən üşənən kimi olurdu. İsti yay axşamlarında ilıq su ilə oynamaq xoşuna gəlirdi. Çiyinlərindən üzü aşağı incə bədənini yalayıb axan ilıq su hələ əl dəyməmiş balaca məmələrinin arasından keçib bədəninin aşağılarına doğru axırdı. Ovcunu məmələrinin alt hissəsinə tutub suyu saxlamaq istəyirdi. Hələ dodaqları öpüş görməmiş, saçlarına kişi nəfəsi dəyməmişdi. Hər dəfə ilıq duşun altına girəndə bu yarıqaranlıq daxılda qəribə hisslər keçirirdi. Sərin su çiyinlərini, kürəyini, incə belini, ağ-appaq baldırlarını yalayıb üzüaşağı axır, ayaq barmaqlarının ucundan daxılın döşəməsindəki boruya dolur, ordan da çöldəki arxa gedirdi. Hər dəfə də çiməndə bədənini yalayıb keçən bu ilıq su kişi əllərini, kişi nəfəsini xatırladır və bir az sonra isə uydurulmuş “əl və nəfəs su” şəklində axıb gedirdi.

Qız həmişə Rusiyada işləməyə gedən cavanları qınayırdı. Ancaq onlara yazığı da gəlirdi. Neyləsin, cavan, boylu-buxunlu oğlanlar nə etməli, acından ölməliydilərmi? Uzaq ellərə çörək dalınca didərgin düşən cavanların taleyi onu çox narahat edirdi. Nə isə, daha bu barədə fikirləşməyəcək!

Qız suyun altından çıxmaq istəmirdi. Yay axşamları sərin su ilə oynamaq onun xoşuna gəlirdi. Birdən daxılın qapısına bərkidilmiş güzgüdə özünü gördü. İlahi, necə də qəşəngdi, güzgüdən ona baxan qız. Özünə gülməyi tutdu. Ay ağılsız, o sənsən, axı.

Qızın bu kənddə heç rəfiqəsi də yoxuydu. Tay-tuşları hamısı ərə getmişdi. Hərənin bir dəstə külfəti varıydı. Bəs o? O, niyə getməyib. Kimi gözləyir. Yenə güzgünün içindən görünən dəmir yolu gözünün qabağına gəldi. Yəqin ki bir gün o qatar kimisə gətirəcək.

Çimib qurtardıqdan sonra nazik çit xalatını əyninə çəkib evə girdi. Anası dəmlədiyi çaydan bir stəkan içib yerinə uzandı. Heç yuxusu da gəlmirdi. Yatağında ilan kimi qıvrılır, bədənində gəzən həsrəti qovmağa çalışır, ancaq bacarmırdı. Həm də bu sirli giziltinin, bədənində gəzən qərib həsrətin nə olduğunu yaxşı bilirdi.

Gündüzlər ona məhrəm olmayan kişi tayfasının yad və acgöz baxışlarından qaçmaq üçün evdən çölə çıxmır, bütün günü anası ilə həyətdə qurdalanırdı. Axşamlar isə kənddə işıqlar yanmadığından televiziya verilişlərinə baxa bilmir, tez yıxılıb yatırdı.

Pəncərənin bir küncündən göy üzünün bir parçası görünürdü və ona elə gəlirdi ki, ulduzlar göy üzünə səpələnmiş buz parçalarıdır. Onların nə istiliyi, nə də soyuqluğu yer üzünə gəlib çatmır.

Çox vaxt yatağına girəndə yuxusu ərşə çəkilir və ona elə gəlirdi ki, uzandığı çarpayı get-gedə balacalaşır və dərin bir quyunun dibinə sallanır. Bədənindəki gizilti ruhunu təlatümə gətirən həsrətə qarışır, boğazındakı qəhərdən yanağına axan isti göz yaşları yastığını isladırdı. Ancaq neyləmək olar. Taleyi ilə barışmalıydı. Qorxmazın onu atıb getməsi, artıq on üç ildən bəri ürəyinə düyün vuran ayrılıq, hələ qaytara bilmədiyi nişan üzüyü, hər şey, hər kiçik detal belə varlığına dərd–qəm kimi yazılır, amansız taleyinin törəməsi olan tənhalığı ürəyini göynədir, həyatda yarımadığını hiss elədikcə fələyin ona bağışladığı belə ağrılı taleyini lənətləyir və əlacı hər yerdən üzüləndən sonra gücü gözlərindən tökdüyü yaşa çatırdı. Adi vaxtlarda isə kənddə onu tanıyanlar belə qızın daxili dünyasını görə bilmir, dərdlərindənsə bir kimsənin xəbəri olmurdu.

Səhər tezdən durub evlərinin yanından keçən su arxının yanına getdi. Bu su arxının üstündə bəlkə də hər gün dava düşürdü. Kimsə bağ-bağatını sulamaq üçün suyu öz bağçasına döndərir, başqa birinə su çatmır, bir sözlə, aləm qarışır bir-birinə.

Qız arxın yanındakı balaca daşın üstündə əyləşib ayaqlarını suya sallamışdı. Arxın suyu sakit olduğundan eyvanlarındakı dirəyə bərkidilmiş güzgünü xatırladırdı. Qızın şəkli suya düşmüşdü. Qəribədi, arxın suyunda güzgüdəkindən də gözəl görünürdü. Göydəki bulud layları da elə bil suyun altında idi. Və qız elə bil göy üzündən bu arxa baxır və bu arxın su üzündən o yanda (əslində isə bu yanda) özünü görürdü. Suyun içindəki qızın dodağında şirin bir təbəssüm alışıb yanırdı. Suyun içindən qızın üzü daha çox gənc görünürdü.

Şeytanın ağlına gəlməyənlər də onun ağlına gəlir. Birdən əksini su apardı, bəs onda nə olacaq. Yox, su onu apara bilməz, axı o real deyil. Reallıq burda arxın yanındadı. O, əyləşib suya baxır, su da axırdı. Bir addımlığındakı söyüdlərin budaqlarındakı uzun, nazik yarpaqlar xışıldayır, ara-sıra sərçələrin civiltisi eşidilirdi.

Qız başını qaldırıb qarşı dağlara baxdı. Dağların başı üstündə bulud layları durmuşdu. Bir az da qaralıb yerə doğru sallanaraq aşağı yamaclara kölgə salmışdı. O bulud laylarının altındakı dağlardan o yana başqa dağlar başlayırdı və o dağlardan o yana başlayan dağlarda bəlkə bir inni-cinni yoxuydu. Ancaq onu bilirdi ki, əlləri çatmayan o dağlara gedən yollar bağlıdı. Bir zamanlar həmən dağların ətəyindəki gözəl bir kənddə də onların ailəsi yaşayırdı və iki mərtəbəli gözəl bir evləri də vardı. Kəndin yaşıl talasında da nənələrinin, babalarının qəbirləri vardı. Ancaq o qəbirlərin indi salamat olub-olmadığını bilmirdi. On ildən artıq bir vaxt keçdiyinə baxmayaraq, o yerlər cığır-cığır, tala–tala yadında qalmışdı. Ordan ayrılanda iyirmi üç yaşı olardı. Qardaşı bu kənddə müəllim işləyirdi, atası da vəfat eləmişdi. Nişanlısı Qorxmaz da çörək qazanmaq üçün Rusiyaya getmişdi. İndi Rusiya uzaqda, çox uzaqlarda idi və onun nişanlısı da həmən o uzaq Rusiyada, hansısa şəhərin bazarında çak-çukla məşğul olurdu. Yəqin ki, orada bir “sarı saçı” da vardı.

Səhərin açılmasından bir neçə saat keçməsinə baxmayaraq, hələ bulud laylarının arxasından boylanmaq istəyən günəş dağların sinəsində yatıb qalan boz dumanı qova bilməmişdi. Kəndin qızları bəzənib-düzənib dəmiryol stansiyasının yanındakı kluba tərəf gedirdilər. Deyəsən, şəhərdən artistlər gəlmişdi. Dünən danışırdılar ki, məşhur müğənnilər konsert verəcək. Bəlkə o da getsin? Yox, o, getməyəcək!

Həyətin girəcəyinə çatanda anasını gördü. Anası çaşqın halda:

- Ay qız, harda itib-batmısan, kəndin qızları kluba getdi,

sən də hələ suların yanında veyllənirsən, nə görmüsən bu sularda, suya, güzgüyə baxmaqdan axırda başına hava gələcək. Qızın dodaqları qaçdı üzünə yayılan xoş təbəssüm gözlərində güldü. Anasına heç nə demədi və yavaşca evə girib qapını örtdü. Bəlkə də anası düz deyirdi. Nə vaxta kimi bu arxın qırağında durub suya baxmaq olar.

Atası anasını çox erkən on səkkiz yaşı olanda qaçırdıb. Anasının anası isə daha gənc olanda on altı yaşında ərə

gedib. Özününsə otuz üç yaşı var, hələ də güzgüdə dağlara, sulara baxır. Yaşadıqları kəndin dörd yanı düzənlikdi. Bir tərəfdən baxanda isə dağlar görünür. Yayın cırhacırında da o dağların başından qar əskik olmur. Keçmişdə ağır xəstələr üçün o dağlardan qar gətirərmişlər. Bunu anasından eşitmişdi. Anasına da yerli camaat danışmışdı. İndi isə o dağlara getmək müşgüldü, lap istəyir bütün kənd xəstə düşə və hamı da qar istəyə. Çünki o dağlar artıq bizdə deyil. Bir də axı, indi zaman dəyişib. Lap ucqar kəndlərdə də qar istəyən xəstəyə soyuducudan buz verirlər, buz da ki, ya o yanlıq eləyir, ya da bu yanlıq. Bir də axı qarın nə dəxli var…

Qızın fikirlərinin tarım çəkildiyi, ovqatının zəhrimar daddığı bir məqamıydı və özünü darısqal bir yerdə, hava çatışmayan bir məkanda hiss eləyirdi. Onu beş on adam qovurmuş kimi nəfəsi tıncıxmışdı. Başında dəhşətli bir ağrı vardı. Göz qapaqlarının ağırlığından bədəni süstləşmişdi. Eyvan dirəyindən asılan güzgü gözünün qabağındaydı elə bil. Güzgüdən də ona sarı sanki üzündə qırışlar olan qarı baxırdı. Qarının saçları ağarıb tökülmüşdü. Ağzında da bir dənə belə dişi də yoxuydu.

- Lənət şeytana! – qız öz-özünə danışır, kimi isə çağırırdı.

Ancaq çağırdığı anası deyildi. Kimi isə başqa bir adamı çağırırdı. Çağırdığı da ona səs vermirdi. Qız çağırdıqca səsi dərin quyunun dibindən əks səda verib qayıdır, qulaqlarındakı uğultu evin tavanına dəyib döşəməyə səpələnirdi elə bil.

Bir az sonra müxtəlif səslər bir-birinə qarışdı. Anasının, atasının, qardaşının səsləri və bir də bu kənddə tanımadığı başqa adamların səsləri. Deyəsən qonşularından da kiminsə səsi varıydı. Ancaq bu səsləri biri-birindən ayırd eləmək çox çətin idi. Bir azdansa, qız bu səslərin daha çoxaldığını, çığırtılarla əvəz olunduğunu hiss elədi. Elə bil bütün kənd onun başına yığılmışdı, hamı qışqırırdı. Deyəsən bir qadın ağlayırdı. Anasının səsinə oxşadı o qadının səsi. Qız bu evdən o yanları da görürdü. Bir az aralıda isə kəndin qənşərindən keçən dəmir yoluydu... Özü də hər gün güzgüdən gördüyü dəmir yolu...

Bütün qonşular onlarda idi. Qız huşunu itirib yıxılmışdı. Kəndin həkimi onu müayinə edib, nevrozdu, qorxulu bir şey yoxdu deyib getmişdi. Artıq qız da özünə gəlmişdi. Yanaqlarına qan gəlmiş, özünün rəngi də qayıtmışdı. Dodaqlarında şirin bir təbəssüm vardı. Ancaq bu şirin təbəssümün içində daha çox kədər çalarları hiss olunurdu.

Axşama az qalırdı. Artıq hamı dağılıb getmişdi, qız anası ilə qalmış, əməlli–başlı da özünə gəlmişdi. Hərdən onda belə hallar olurdu. Hələ köçkün düşməmişdən əvvəl ermənilərin atdığı mərmidən qorxmuşdu. Durub həyətə çıxdı. Havanın isti olmasına baxmayaraq, nazik gödəkcəsini də əyninə aldı. Soyuducudan bir az soyuq su götürüb içdi. Ürəyinə sərinlik yayıldı.

Uzaqdan qatarın taqqıltısı gəlirdi. Bu vaxtlar dəmir yolundan qatar keçmirdi. Qeyri-ixtiyari dirəkdən asılan güzgüyə yaxınlaşdı. Onların yaşadığı ev bir az yüksəklikdə olduğu üçün stansiyanın bir tərəfi ovuc içi kimi görünürdü. Qız dəmiryolu stansiyasına həmişə güzgüdə baxırdı. Və deyəsən indi kəndin girəcəyindəki yolda nə isə olub. Elə bil hamı oraya sarı qaçırdı. Qatar dayanmışdı. Bir neçə adam qatarın güzgüdə görünən qapılarının birindən nəsə düşürdü. Qız diksinən kimi oldu. Düşürdülən şey

cənazəyə oxşayırdı. Kimdi görəsən, o bədbəxt? Barmağını dişləməyə macal tapmamış anasının çığırtısını eşitdi.

- Qorxmaz!!!

Qız özünü itirdi. Çaşmış kimi əlləri ilə dirəkdən asılan güzgünü döyəclədi, güzgü çilik–çilik olub yerə töküldü.

Qız saçları dağılmış halda ayaqyalın həyətdən çıxdı. Dəmir yoluna sarı qaçırdı. Ayaqları tutulmuşdu, elə bil, heç yerə də dəymirdi. Uçurdu deyəsən. Bəs hara gedir, bu nədi, elə bil o uçur? Hə, bu da bulud layları. O, buludların arasıyla hara uçurdu görəsən? Dəmiryolu isə hələ uzaqdaydı. Lap uzaqda. Ancaq ona elə gəlirdi ki, bax indicə çatacaq. Çata da bilmirdi. Nəfəsi tıncıxmış, saçları da üzüaşağı sallanıb dartılırdı. Yanaqlarından üzü aşağı qan axırdı elə bil...

Hə, bax çatır deyəsən. Heç qatar da yoxdu. Qatar gedib deyəsən. Hara getdi bu qatar? Bəs cənazəni kim apardı?

Qonşular qızın qolundan tutub gətirəndə anası həyətin bir küncündə büzüşüb ağlayırdı. Birtəhər anasının yanına gəlib onu qucaqladı. Yanaqlarından yuvarlanıb axan isti göz yaşları bir az əvvəl dodaqlarına qonan təbəssümü əridib yox eləmişdi. Güzgü qırıntıları isə ətrafa səpələnmişdi. Günəşin yandırıcı şüaları isə güzgü qırıntılarına dəyib müxtəlif istiqamətlərə əks olunurdu.

# 2240 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
#
#
# # #