“Qızlar qocaldığımı biləndə uzaqlaşırlar” – REPORTAJ

“Qızlar qocaldığımı biləndə uzaqlaşırlar” – <span style="color:red;">REPORTAJ
18 avqust 2015
# 08:00

Ayxan Ayvaz

Bəzən şəhərdə gəzəndə qarşımıza elə adamlar çıxır ki, onun çöhrəsi, hərəkətləri, əyin-başı yadımızdan çıxmır. Adını bilmirik, heç bir dəfə söhbət etmək şansımız olmayıb. Özümüzdən ona hekayə uydururuq: çox kasıbdır, Allah bilir harda qalır, günə beş-üç qəpiklə dolanır və s.

Kepkalı rus

Bəlkə də çoxunuz onu görmüsünüz: boz köynək-şalvarda, arıq-sısqa, bir əlində əsa, o bir əlində sellofan, kepkalı bir rus. Şəhərin mərkəzində qarşımıza çıxır, kiməsə öz satdığı nağıl kitabçalarını göstərir, kiminləsə ayaqüstü danışıb uzaqlaşır. Dostlarınla gəzintiyə davam edirsən, deyib gülürsən, birdən yenə o rus gəlib çıxır, qarışqa kimi hardansa peyda olur. Başına əyri taxdığı kepkasını düzəldə-düzəldə, əsasına dayaq verib taytıya-taytıya adamların arasından çay kimi qıvrıla-qıvrıla keçib gedir, gözdən itir.

Onunla söhbət etmək, hekayəsini öyrənmək elə də çətin başa gəlmir. Təcrübəmdən bilirəm ki, ruslar ünsiyyətə, danışığa açıq bir xalqdır. Əsas odur, sən sual ver, o saat başlarına gələn hadisədən nağıl edəcəklər. Maksim Qorkinin hekayələrini yadınıza salın: bir qəhrəmanın danışdığı əhvalat bütün bir əsəri əhatə edir.

Qadınlar nağıllara aldanırlar

“McDonalds”ın arxasındakı küçədə rastlaşırıq, onunla danışmaq istədiyimi söyləyirəm, məmnuniyyətlə razılaşır, üzü gülür. Hiss edirəm ki, çoxdandır kiminləsə nələrsə paylaşmaq ehtiyacı duyur.

- Rusiyada doğulmusuz...

- Xeyr... Burda, Bakıda...

- Amma əsliniz rusdur.

- Bəli...

- Adınız bəs?

- German.

- Alman əsilli addır?

- Elədir. Ulu babalarımdan biri alman olub. – gülür.

- Rusiyada yaşamaq istəməzdiniz? Hər halda ora sizin əsl vətəninizdir.

- Mən vətən anlayışının nə olduğunu bilmirəm. Vətən mənim evim, qapı-pəncərəmdir, o da burdadır.

Atası, anası çoxdan Rusiyadan köçüblər. Uşaqlığı Bakıda keçib. Məktəbi bitirdikdən sonra universitetə qəbul ola bilməyib və işləməyə başlayıb. Müxtəlif işlərdə çalışandan sonra gürcü limonadı fabrikində çörəkpulu qazanıb.

- Limonadları kafelərə, restoranlara paylayırdıq. Yaxşı iş idi. Yaxşı pulu olurdu.

- Sonra nə oldu?

- Məni çıxartdılar.

- ...

- Sonra da nağıl kitabçaları satmağa başladım.

- Özünüzündür bu kitabçalar, yoxsa kimdənsə pulla alırsınız?

- Yox, özümdə olan da var, başqasından da alıram. Xahiş edirəm, onlar da verirlər.

- Neçəyə satırsınız?

- Bir ya da iki manata...

- Günə nə qədər qazanc olur?

- Uşaqlı qadınlar görəndə onlara yaxınlaşıram. Qadınlar alırlar, nağıllara aldanırlar yəqin – gülür. - Kişilər bir az uzaqdır. Günə iki manat, üç manat olur. Bu da mənə bəsdir.

- Qazandığın pulları neyləyirsiz?

- Yığıram... Bir dəfə televizor aldım, indi oturub Rusiya kanallarından filmlərə baxa bilirəm. İndi isə yığıram ki, özümə şalvar alım. Əynimdəki köhnəlib.

Kədərli adam deyiləm

Ona uzaqdan baxan adamlar Germanın hekayəsini öz-özlərinə belə uydururlar: bu adam çox kasıb, kədərli və acından ölənin biridir. Kitabça satan qəhrəmanımız bu münasibətdən razı deyil. Deyir ki, mən qəmli və bədbəxt adam deyiləm. Şəhərdə dörd otaqlı evim var, əmioğullarım, bacım, qardaşım, anam bizdə qalır.

- Biz böyük ailəyik. Hamı işləyir, bircə anamdan başqa. Onun da bir az xəstəliyi var. Mən də bu işdə işləyirəm. Qətiyyən, kədərli adam deyiləm, çox şən və zarafatcılam.

- Araq içirsiniz?

- Əvvəl içirdim, indi o qədər yox.

- Qəribədir. Rus deyəndə araq yada düşür.

- Bəlkə Rusiyada olsam arağın küpünə girmişdim. – gülür.

- Neçənci ilsiniz?

- 1961...

- Maşallah. Yəqin Sovet vaxtını tez-tez xatırlayırsız...

- Sovet vaxtı çox gözəl idi...

Yolu keçəndə maşına dəydim

Cavanlıqdakı gözəl günlərindən danışır, qızlarla görüşündən, onlarla bağlı xatirələrdən.

- Qadınlarla münasibətim yaxşıdır. Ancaq evlənmədim. Bunu bədbəxtliyə yozmayaq. Sadəcə istəmədim, vəssalam. Bunu dərd eləmək gülməlidir.

German gənc vaxtlarında cüdo ilə məşğul olub, düz beş il kimlərinsə kürəyini döşəyə yıxıb, kimlərsə onu beli üstə döşəyə sərib... Bütün bu olub-bitənləri həyatının ən xoşbəxt günləri kimi danışır, nağıl etdikcə gözləri gülür.

- Bəs heç medal almısınız?

- Hə, üçüncü yer. Azərbaycan Çempionatında...

- Niyə cüdonu buraxdınız bəs?

- Bilmirəm, nəsə məni özündən itələdi. Xoşuma gəlmədi. Nəyisə hiss edə bilməyəndə ondan ayrılıram.

- Ayağınız... Əsada gəzirsiz. Cüdo ilə məşğul olanda olub?

- Yox... Qəti... Yolu keçəndə bir maşına dəydim. Elə də böyüdüləcək bir şey deyil. Yeriyə bilməyənlər var ee...

Qızlar qocaldığımı biləndə uzaqlaşırlar

İndi özü mənə suallar verir:

- Odnoklassnikdə varsan?

- Yox. Facebookda.

- Nə qədər dostun var?

- Çoxdu... – əlimi yelləyirəm.

- Mənim 80 dostum var.

- Qızlarla danışırsınız?

- Hə. Amma qoca olduğumu biləndə uzaqlaşırlar.

- Amma hələ də yaraşıqlısınız...

- Doğrudan? Gərək əyin-başımı düzəldim. Bəlkə evləndim. – güləndə gözlərindəki uzun yolu görürəm.

- Kitab oxuyursunuz?

- İndi yox. Əvvəl çox oxumuşam.

- Ən çox sevdiyiniz yazıçı?

- Ən çox Puşkini sevirəm. Dostoyevski mənim yazıçım deyil.

- Niyə?

- Çox kədərlidir.

Əlimi sıxır, bir az şəhərdə gəzib kitabçaları satmaq ümidi ilə ayağa qalxıb yola düzəlir. İrəlidəki tünlük onu udub yoxa çıxardır.

# 2279 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #