Ora erməni kəndidir... – Mübariz Örəndən YENİ HEKAYƏ

Ora erməni kəndidir... – <span style="color:red;">Mübariz Örəndən YENİ HEKAYƏ
14 yanvar 2018
# 16:49

Kulis yazıçı Mübariz Örənin “Ağ yel” hekayəsini təqdim edir

Elə bilirdi, ad günü ərəfəsində atası onu aparmağa gəlib.

Cəmi ikicə həftəydi uşaq evinə qoyulduğu, di gəl elə darıxırdı. Burnunun ucu göynəyirdi evlərindən ötəri. Anası onları tərk edəndən sonra, tərs kimi, nənəsi də ölmüşdü. Hə, tərs kimi! Özü də atasının bu sağalmaz mərəzə düçar vaxtı. Bütün bu çətinliklərin əsl baiskarı da elə nənəsi oldu; öldü!

- Özünə fikir ver, - niyəsə üzünü yana tutub quru, soyuq tərzdə sağollaşanda elə bildi əbədi vidalaşır atasıyla, - bir-iki illik çətinlikdi...

Atasının sifətindəki “biganəlik” gizlində onu üzən ağrıları gizlətmək cəhdidi, bilir. Əlini əlindən açıb maşına doğru gedəndə arxadan onun inamsız yerişinə, belinə getdikcə gen oturan ütüsüz şalvarına fikir verdi. İki həftənin içində o çox arıqlamışdı. Bir az da sınıxmışdı.

İbrahim əmi başını maşının şüşəsindən çıxarıb:

- Darıxıb eləmə ha, - dedi, - arada gəlib dəyəcəm.

Bitdi! İnternatın qarşısındakı kələ-kötür yolda sürət götürüb çalxalana-çalxalana uzaqlaşan maşın ürəyini qoparıb apardı özüylə. Əlləri sıxılıb dəmir darvazanın barmaqlığına yapışdı. Vulkan tək püskürən hönkürtüsünü saxlaya bilmədi...

- Ağlama, - Vaqif idi. Arxadan bir əlini onun çiyninə qoymuşdu. - Gəl gedək.

Çiynini onun əlindən çıxarıb qaçdı. Heç kimi görmək, eşitmək istəmirdi! Qaçıb, qaçıb üzüqoylu yerə sərildi. Ağız-burnunun suyu torpağa qarışdı.

- Ağlama, dur, - özünü yetirib böyründə çöməlmişdi Vaqif.

- O öləcək! Bilirəm! Öləcək! Görüşməyə gəlmişdi mənnən... Bilirəm...

- Dur... Dur.. - Onu ovundurmaq istəsə də, söz tapmırdı Vaqif. - İstəsən sabah sizin rayona gedərik. Bir günlük icazə alarıq Qəhrəman məllimnən. Qoymasa, lap qaçarıq. İnanmırsan? Qaçarıq...

***

Avtobus gözlənilmədən torpaq yola burulub dayandı. Şüşələri bağlamağa macal tapmamış təkərdən qopan qatı toz dumanı içəri doldu. Özüqatlanan qabaq qapılar şaqqıltıyla açıldı. Avtobusun alın şüşəsinə bərkidilmiş müxtəlif ölçülü-biçimli güzgülərin hər birindən şahmatı köynək sürücü onlara baxırdı. Bayaqdan qayğılı, yorğun görünən sərnişinlər də - bu hansısa kənd avtobusuymuş sən demə - laübalı tərzdə başlarını arxaya çevirdilər. Düşməli idilər. Oturacaqların arasınacan təpili-tıxalı zənbillərin, bağlamaların üzərindən birtəhər adlayıb tanımadıqları yad bir yerə düşdülər. Bura hansısa dördyol idi...

- Ora erməni kəndidi, - böyürtkənli, qarelləli bağların arasıyla dik qalxıb, üzərinə tənəklər şəllənmiş iri qoz, dağdağan, vən ağaclarının qalınlığında it-bat olan avtobusun arxasınca xeyli baxdı Vaqif.

- Bilirəm, - o dedi.

- İndi ora buz kimidi.

- Bilirəm, - yenə dedi. - O kənddə olmuşam. İbrahim əmiylə getmişdik. Üzüm aparmışdıq. Bizdə üzüm dəyəndə orda qora olur. Göyəmnən, cır armudnan doludu o bağlar. Suları da bum-buz! Soyuğu barmaq kəsir.

- Ən cənnət yerlərimizi onlar tutublar, - Vaqıf mızıldandı.

Sentyabrın axır-uxurudu, di gəl havada bir isti var. Od ələnir göydən. İsti qarsır adamı. Təndir ağzından çıxırmış kimi görünən tülyan asfaltboyu yırğalanan sakit dənizi xatırladır. Bu gedişlə qəsəbəyə çatmağın müşküllüyünü dərk etsə də, qayıtmaq barədə fikirləşmək belə istəmir. Üstəlik internatdan da qaçıblar. “Nə var bu isdidə o aranın aranında, a bala? - heç vəchlə buraxmadı onları Qəhrəman müəllim. - Yol-iriz də işdəmir düz-əməlli!”.

Düşdükləri vəziyyət həm gülməli, həm ağlamalıydı. Neçə saatdı yolda qalıblar, bir yönlü maşın keçməyib yanlarından. Tək-tük keçənlər də saxlamayıb; ciddi-cəhdlə əl eləsələr də, əlləri havada qalıb. Əgər dördə kimi rayon mərkəzinə çata bilməsələr, ordan oyana - onların aran rayonuna çıxan sonuncu avtobus da əldən çıxacaq...

“Nə bir olardı, İbrahim əmi qəfil çıxaydı böyürdən...”

Qəribə adamdı İbrahim əmi. Özü sürücü olsa da, nə vaxt baxsan keflidi. Kefliliyi də çox gülməli! Çopur, yumşaq sifətindən xoşbəxtlik damır içəndə, dodaqları altında boğuq, xırıltılı səslə pəsdən oxuyur nəsə. Dişlərini kilidləyib tünd tut arağını dümürdükcə girdə, çopur burnu təzə yetişməyə başlayan əncir içinə dönür. Bütöv qırmızı pomidor turşusunu elə ləzzətlə sümürür və bu zaman dodaqları büzülüb elə uzanır, pomidor onun dodaqlarını sorur deyərsən...

“...arada gəlib dəyəcəm.” - dedi İbrahim əmi. Hə, belə dedi: “Dəyəcəm”. Bəs atası? O dəyməyəcək? Gəlməyəcək? Atasının uşaq əli kimi zəif, nəm əllərini hiss etdi ovcunda.

Qəsəbədən çıxdığı ikicə həftədi, amma elə darıxır. Görən necə qarşılayacaq onu qəsəbə? Qonşuları Cü mama - bu adı ona özü qoyub, əsl adı Gülüs xaladı - bir qolunu boynuna salıb cod, kəlbətin barmaqlarıyla qulağını buracaq. Bu onun “xoş gəldin”idi. Nazlı nənə isə ”hardasan, a səni iyid öləsən, niyə bizi mətəl qoyub gedibsən” deyəcək.

Üzdə büruzə verməsə də, atası da sevinəcək, hə.

Qəribə oğlandı Vaqif. Elə hey gülür. Yolun bütün məsuliyyətini onun üzərinə atıb deyəsən. Yaxşı ki, Vaqif var, hə, yoxsa neylərdi? Dəli olardı. İkicə həftənin içində elə isinişiblər! “Elə bil qardaşımı tapmışam!” - o da buna deyir. Yazığın dünyada heç kəsi yoxdu e, heç kəsi!

Ərzurumun gədiyinə varanda, - vəssalam! - Onda gördüm, bürəm-bürəm qar gəlir... Lələ dedi: gəl bu yoldan qayıdaq. Dedim, Lələ, qeyrətimə ar gəlir.” - Vaqifin bir az da ironik pafosla dediyi bu misralarda düşdükləri situasiyadan çıxış yoluna incə bir eyham var.

Uzaqdan yayğın toz dumanı sürünməyə başlamışdı. Yalın arxasından çıxan qoyun-quzu sapdan dağılan mirvari tək yamaca səpələndi, dalıyca qızılı rəng atın belində saçı günəşdən yanmış qayış bədənli oğlan. Onları görcək o, atın yüyənini buraxıb yalın ayaqlarıyla atı dəhmərlədi. “Kəhər atlı kürən” çatan kimi salamlaşıb onlardan siqaret istədi. Heyrətlə bir-birinin üzünə baxdılar; axşamdan məxsusi bu gün üçün alıb saxladıqları yumşaq qutulu siqaret tamam yaddan çıxmışdı. Vaqif əyilib corabının boğazında gizlətdiyi siqareti çıxardı. Qutu tərdən islansa da, içi qup-quruydu. “Kəhər atlı kürən” paçkanın bir küncünü boşaldıb, torpaq yolla körpüyə getmələrini məsləhət gördü. Əgər onun dediyi düz idisə, burdan cəmi üç-dörd kilometr aralıda yerləşən körpüdə, doğrudan da, qəsəbədən çoxlu sayda maşın olmalıydı. Amma bir iş vardı: asfalt yolu qoyub, kəsə-çölləmə getməli idilər.

Torpaq yol... Onları qoynuna alan bu yol ümid, eyni zamanda qeyri-müəyyənliklə dolu idi. Dərəli, təpəli bu torpaq “rels” hara gedirdi? Göz işlədikcə uzanan bu “riyazi bərabərlik” nəyi nəyə bərabər edirdi?

Qutudan iki gilə siqaret çıxarıb birini Vaqifə uzatdı. Maraq və ehtiyat dolu qarışıq bir hisslə bir-birlərinə baxdılar; ilk dəfə bir-birlərinin siqaret çəkməklərini görəcəkdilər. Siqaretin ucu közərən an vücudundan keçən qəribə gizilti ilk dəfə siqaret yandırdığı həmin günü xatırlatdı.

...Nazimlə o, pambığı “avlama” yığa-yığa uşaqlardan xeyli aralı düşmüşdülər. Ha əlləşsələr də ortalarına bağladıqları önlük dolmurdu ki, dolmurdu. Sıx, hündür kollu pambıq sahəsində Qaratellə onun ağnaşıb eşənəyini çıxardıqları yer kimi balaca bir talaya rast gəldilər. Burada ağzınacan pambıqla təpili ağappaq bir kisə “uzanmışdı”. O elə basma yığılmışdı, səthi elə hamardı, un tayıydı elə bil. Kisənin üzərində göy pambıq qozası ilə lüt qadın şəkli çəkilmişdi. O, hansısa jurnalda gördüyü “Yatmış Venera” idi. Sağ əlini başı altına qoymuş, sol dizini azcaca dikəltmiş bu həyasız elə təbii, canlı alınmışdı, onun cazibəsi, təsiri altında idilər... Bu vaxt dəhşətli bir hadisə baş verdi. Nazim cibindən qatlama bıçağını çıxarıb açdı, sərt hərəkətlə onu “qadının” mükəmməl göbəyinə sancıb üzü aşağıya - “üçyola” sarı çəkdi. ”Qadın”ın yortulmuş bətnindən ağappaq pambıq pırtlayıb tökülən an içində baş qaldıran istəkdən özü də qorxdu; bayaqkı ehtiras başqa bir ehtirasla əvəzlənmişdi. O, Nazimə qoşulub özgə pambığını öz kisəsinə təpişdirməkdən özünü saxlaya bilmirdi. O “sənət əsəri”nə tam təcavüzdən sonra kisənin altından çıxan qənimət əvvəlkindən daha dəyərli oldu, - naməlum rəssamın gizlətdiyi bir qutu “Əfsanə”!

...Qaratel ondan bir sinif aşağıda oxuyurdu. O, günortalar Qaratelin sahədə tək olduğunu bilirdi. Bir gün guya təsadüfən yanından keçəndə gendən ona salam verdi, - səsi titrəyə-titrəyə. Cavabında qaqqanaq çəkib güldü qız. Və... ona elə gəldi ki, əliylə çağırdı onu. Hə, əlinin ucuyla “gəl” dedi... Çünki başqa cürə heç vaxt utandığından cürət edib bir addımlığına gələ bilməzdi qızın, onunla qabaq-qabağa oturmazdı... Hündür kollu pambıqlıqda yalnız göy üzü görünürdü. Başqa heç nə. Bir də ikisi! Əlini oturduğu tirənin döşünə qoyub “gə burda otu” dedi. Öz səsinə özü diksindi; onun ağzıyla yad bir adam danışırdı sanki. Yaxşı ki, Qaratel utancaq deyildi. “Ta sənsən da” - deyib, gəlib düz böyründə oturdu... Gözlərinə toran çökdü, qolunu Qaratelin boynuna salmamış arxası üstə yerə əyildi qız. Onun yüngül köynəyini tələsik yuxarı çəkib... ona qadağan dünyanın qapılarını taybatay açdı. Hər şey elə sürətlə, gözlənilməz oldu ki, baş verənləri çatdırıb dərk edə bilmirdi. Qaratelin hələ “papaq” görməmiş məmələrini əmişdirməyə bir ağız bəs eləmirdi, - birini buraxıb o birinə cumurdu...

...Anasının balıqsatana qoşulub qaçmasının, “qadağan dünyanın taybatay açıq qapıları”ndan keçib “toranlıq”da gözdən itməsinin səbəblərini bilir, hə, uşaq deyil. Amma... Ən azı ona qarşı haqsızlıq elədi anası.

“Ərzurumun gədiyinə varanda...” - nə haqda fikirləşsə də, bu misralar rabitəsiz şəkildə beynində fırlanır. - “... onda gördüm... bürəm-bürəm... Lələ dedi... nə dedi Lələ?.. dedi gəl qayıdaq ... Dedim... Qələt elədin dedin... Düz deyirdi Qəhrəman müəllim. Gərək çıxmayaydılar yola...”

Vaqif daha gülmür, - içindəki nigarançılığı gizlətməyə ha çalışsa da sifətində səhərki romantikadan əsər-əlamət yox. Neçə yal aşıblar, neçəsi hələ qabaqdadı... Dırmandıqları hər növbəti yalın təpəsindən yeni “səhifələr” acılır. Onları əhatə edən hər şey indi onlara yaddı. Ayaqlarının altından qəfil sıçrayıb uzaqlaşan əyriqıç çəyirtkə də, gözlərini onlara zilləyib, sonra qaçıb girməyə dəmək axtaran buqələmun kərtənkələ də, üzünü mürdəşir yumuş göytikanı, adamayovuşmaz boz yelqovan, laqeyd, soyuq yovşan da... Hər şey, hər şey! İndi onların yeganə təsəllisi günəşdi, tərslikdən o da sürətlə qüruba gedir. Üfüqdə onu getdikcə böyüyən nəhəng qızılı gəmi gözləyir...

Yadına Əlqəmə dayı düşdü. Cü Mamanın əri. Soyuq, küləkli bir qış günü idi. Birdən hay düşdü. Aləm bir-birinə dəydi. Qara kepkalı, qara pencəkli kənd kişiləri bir anda qara bulud kimi doldu qonşu həyətə. Əsasən ayaq üstə hönkürüb, gözlərindən qarayarpaq yaşlar tökən kişilərdən fərqli, qara kəlağayılı, qara donlu arvadlar əlləri başında, topa-topa qara buluda dönüb içəri axırdı. Onlar orda ”tökəcəkdi”... Bir azdan şiddətli “şaxsey, vaxsey” qopdu. Əlqəmə dayı ölmüşdü.

- Oxxay! - Vaqif köynəyinin yaxasını açdı. Yüngül meh əsməyə başlamışdı.

Ağ yel! Bu hardan düşdü yadına? Axı əsməyə başlayan bu xəfif yelin ağ, məhz ağ olması hardan ağlına gəlmişdi? Sanki əsən yelin şəffaflığından görünən hər şey bir anda dəyişmişdi; dibsiz, nəhayətsiz göy səma altında bərqərar, beli şum görməmiş yararsız, boz, qoynu göytikanlı, yelqovanlı, yovşanlı yallar, yamaclar indi qəhqəhə çəkib adama gülürdü, “Nahaq bizə belə baxırsan, ey ölümlü, zavallı İnsan! Biz varıq, yaşayırıq! Rahatıq! Əbədiyik!” deyirdi. Sanki, özündən daha çox inandığın bir insanın gözlərindən ani keçən ögeyliyi... tutursan və o, oğurluq etmiş kimi, baxışlarını qaçırmağa çalışır, amma... Sanki dünya dediyin bu varlıq sənə qarşı durur, yoğun, yad səslə ”Mənə çox da bel bağlama, mən faniyəm!” deyir. Bu hiss çox dəhşətli, tükürpədicidir; ən ağır anlarında özünə məhrəm saydığın adamın sənə boz üz göstərməsi. Üzünə ağ olması... Ağ!

Ağ yel çöllərdən gətirdiyi yovşan qoxusuna ölüm qoxusu - ölüm qorxusu da qatmışdı.

Görən Əlqəmə dayı öləndə yel əsmişdimi. İndi ona elə gəldi ki, bütün pis xəbərləri, ölümləri Ağ yel gətirib...

- Körpü! - Vaqif az qala qışqırdı. Sanki yuxudan oyandı. Pis yuxudan. Körpüyə çatmışdılar. Amma, Vaqifin uzaqdan körpüyə oxşatdığı bu şey daşdan tikilmiş iri bir lövhə idi. Əvvəldən nə məqsədlə tikildiyi bilinməsə də, üzərindəki iri hərflərlə yazılmış yazı - keçmiş ölkə rəhbərinin bir vaxtlar şüara çevrilmiş sözləri hələ də qalırdı.

Asfalt yola ayaq basanda sanki genişliyə çıxdılar. İkisi də sinədolusu nəfəs aldı. Çevrilib piyada keçdikləri dərə-təpələrə baxmaq istədilər - qaranlıqda heç nə görünmürdü.

Vaqifdən siqaret istədi. “Bircə kibrit çöpü qalıb” - dedi və son dərəcə ehtiyyatla siqareti yandırmağa çalışdı. Alov çöpün ucunda çırpınaraq keçindi. Əlindəki siqareti lazımsız şey kimi yerə atdı. Vaqifsə əlindəki kibrit qutusuna baxıb qəribə bir söz işlətdi: “Lazımsız şeylərin taleyi məni çox düşündürür”. Və qalxıb boş qutunu daş lövhənin üzərinə qoydu - keçmiş ölkə rəhbərinin nə vaxtsa müdrik sözləri yazılmış daş lövhənin üzərinə.

- Maşın! - bu dəfə o qışqırdı.

Qəlbi kuzalı yük maşını üç-dörd metr aralıda dayanmışdı.

Səhərisi gün qayıdırdılar. İbrahim əmi öz maşınıyla qaytarırdı onları. Həmişə kefi kök, deyib-gülən İbrahim əmi nəsə qayğılı görünürdü: “Özüm aparıb xəstəxanaya qoydum, - deyirdi, - həkim dedi qorxulu heç nə yoxdu, bir-iki gün yatmalıdı...”.

Körpüyə çatanda gizli bir maraqla boylanıb gözlərilə daş lövhənin üzərini gəzdi. Boş kibrit qutusu orada yox idi. Ağ yel aparmışdı.

2015

# 1117 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #