Səninlə aramızdakı sevgi deyildi – Rəbiqədən MƏKTUB

Səninlə aramızdakı sevgi deyildi – <span style="color:red;">Rəbiqədən MƏKTUB
30 noyabr 2017
# 13:20

Kulis.az yeni açdığı “Qadın məktubları” rubrikasında hər dəfə şair-esseist Rəbiqə Nazimqızının məktublarını təqdim edəcək.

Birinci məktub

Bilirəm, vida məktubunu sevgiliyə yazarlar. Səninlə aramızdakı sevgi deyildi. Bunu ikimiz də bilirik. Bilirdik də. Bu, iki bədbəxt adamın bir yerdə xoşbəxt olmaq cəhdiydi. Zaman-zaman alınırdı. Bəzən iki fərqli adamın tənhalığı birləşir, sənin sözlərini anlamadığın bir mahnıdakı kimi...


Sözlər. Bəlkə də, bizi ən çox ayıran elə sözlər idi. Onlara münasibət. Düzgün adam seçməmişdin. “'Sözlərdən özünə yuva tikən” adama dəyib dağılmışdı varlığın və parçalarını bu adamın yanında toplamaq şansın itirilmişdi. Səni yenidən yaratmaq üçün cürbəcür təsəlli-yalanlar lazım idi. Mənim lüğətimdə olmayan yalanlar...


Bizim lüğət tərkibimiz fərqliydi. Sənin sözlərini götürüb yeni cümlələr qururdum bəzən. Postmodern şeir alınırdı.


Şeir. Sən mənim şeirim ola bilərdin. Bunun üçün vaxtında dayanmağı bacarmaq lazım idi. Vaxtında getmək. Bəlkə də, atıb getmək. Heç bir açıqlama vermədən, bəraət axtarmadan, arxanca baxmadan getmək. Sən getməyi bacarmırdın. Mənim qovmağa ürəyim gəlmirdi.


Ürəyim. O ürəkdə sən nəsə yaratmaq istəmişdin. İşıqlı nəsə. Bu işıq indi də hərdən öləziyə-öləziyə “mən də vardım” deyir. Əlbəttə, vardı... Amma sənin içərindəki qaranlığın qarşısında uzun müddət duruş gətirə bilmədi.


Keçmiş zamanda danışmaq istəməzdim. Amma keçmiş zamandan danışmaq lazım olur bəzən. Başını arxayın-arxayın qaldırıb güzgüdə özünə baxa bilmək üçün. Hər dəfə güzgüyə gülümsəyirəm. Özümdən xoşum gəlir, yox, daha artığı, özümlə qürur duyuram. Səbəblər çoxdur. Biri də sənsən.


Sən əslində həyatımın ən gözəl xatirəsi olacaqdın. Vaxtında getsən, oturub arxanca ağrılı şeirlər, gözəl-gözəl məktublar yazacaqdım. Hardasa uzaqlarda oxuyub ləzzətlə gülümsəyəcəkdin. Amma indi sənin əlində bircə məktub var. Yiyəsiz, uzun-uzun hər şeydən danışıb, heç nəyə də işıq ucu qoymayan məktub.


Sən ən gözəl süfrəyə gələn bir badə dadlı şərab kimiydin. Amma masaya dağılmaqdan başqa bir işə yaramadın. Səni həmişə ağappaq süfrəyə dağılmış qırmızı şərab ləkəsi kimi xatırlayacağam. Onu yumaq, kimyəvi təmizləməyə vermək olardı. Amma mən də bir cür manyakam. Atdım getdi. Bircə xatirəsi qaldı ləkə kimi. Bunu şeirə çevirmək istərdim, amma istəmədim. Şeir ləkəni sevmir.


Yadındadı, mənə bir şeir yazmışdın, sarmaşıq, ağac və su barədə. Su axıb gedir, ya da torpağa hopur - bunu unutmuşdun. Mən su kimi getdim, axıb duruldum, çuxurumu tapdım, su cəm şəklinə uymaz, çünki özü çoxluğu, küllü ifadə edir, amma ağaclar və sarmaşıqlar...


Özünlə barış... Mənim üçün yazdığın o su qədər təmiz, işıqlı, səmimi şeirə çevrilə bilməməyinlə...
Vidalaşmıram, çünki sən hələ mənimlə çox qarşılaşacaqsan. Hər yerdə. Çox zaman ən uyğunsuz zamanlarda. Sənə səbir arzulayıram, çətindir, ağırdır, amma bunu da yaşamalısan. Yaşamaq üçün...

# 2171 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #