Yazıçı Varisin Ekzüperi diplomu alan hekayəsi - MƏTN

Yazıçı Varisin Ekzüperi diplomu alan hekayəsi - <span style="color:red;">MƏTN
17 may 2017
# 20:00

Kulis.az yazıçı Varisin Ekzüperi diplomuna layiq görülən və Fransanın «L`Autograpbe» («Avtoqraf») ədəbi almanaxına daxil edilmiş «İyirmi bir» adlı hekayəsini təqdim edir.

Absorbsiya – mayenin, qazın, işığın, səsin və qoxunun keçdiyi cismə hopması, onun tərəfindən udulmasıdır.

Hərdən yerin altından qışqır-bağırtı, haray, fəryad səsləri eşidirdim, göyün üzündən də şaqraq qəhqəhələr. Bilmirəm, ya ortada zaman söhbəti var idi, ayın iyirmi birimi idi, yoxsa neçə min neçə yüz iyirmi birinci ilmi idi, ya da məkan söhbəti vardı, qət edəcəyim məsafə iyirmi bir metrdənmi, kilometrdənmi ibarət idi, bu gün o səsləri daha aydın, daha gur eşitdim.

***

Bir qoca, bir uşaq, bir də mən üzü gündoğana gedirdik. Şəhərin ən son məhəlləsinin ən son binasının ən sondakı alaqapısının qarşısından başımızın üstünə kölgə salmış qara qarğaların müşayiəti ilə birlikdə çıxmışdıq. Mən rənginə təəccübləndiyim həmin ala-bula alaqapının ağzına çatanda qoca artıq orada dayanmışdı. Baş işarəmlə ona salam vermişdim, o gülümsəmişdi. Ardınca uşaq gəlmişdi, baş işarəsiylə bizə salam vermişdi, biz gülümsəmişdik. Sonra da qoca öndə, mən ortada, uşaqsa arxada yola düzəlmişdik.

Qocanın üz qırışlarının sayı mənim üst-üstə qalaqlanmış suallarımın, eləcə də uşağın arzularının sayına bərabər olardı. Yalın təpəcikli bomboz bir çöldəydik, ara-sıra dəmir qırıntıları qalaqları, xırda-para tikililər gözə dəyirdi, toz-torpaq oyadıcısı külək başımızın üstündəki qarğaları, onların da başlarının üstündəki qısır buludları səylə harasa qovmağa cəhd edirdi.

Nə iş idisə oftalmoloq məsləhət görəndən bəri, yəni yeddi ildə ilk dəfəydi ki, taxdığım eynəyim gicgahlarımı sıxırdı, mağazadan aldığımdan bəri, yəni on iki ildə ilk dəfəydi ki, saatım da dayanmışdı. Daha doğrusu, saniyəölçən hərəkətdə olsa da, əqrəblər donub qalmışdılar. Saniyələr dəqiqə ola bilmirdi.

Suallar lap canlanmışdı, addımlarımla, sanki, çalxalanır, nəfəsalmamla, elə bil, qalxıb-enirdi. Səbrimlə onların başlarından basıb yerlərində oturtmağa da ara-sıra cəhd edirdim.

Niyə?

Nə üçün?

Nə səbəbə?

Və s.

Bir kitabdan oxumuşdum ki, əslində, sual əvəzlikləri cavab almaq məqsədi ilə işlədilməlidir. Amma onu da bilirdim ki, bəzi sualların cavabı yoxdur, onlar özlüyündə həm də cavab əvəzlikləridir.

Ani bir həmlə ilə bir sual zənciri özünü önə soxa bildi. Hansı əsaslarla həyatın sayı-hesabı bilinməyən al-əlvan rəngləri ilə yanaşı zülmət qarasının da yaranması, onun bütün digər rənglərin üst-üstə hamısından bir baş güclü yaradılması səbəbləri, bir də cəmi bir həmləyə istənilən rəng çalarının üstünə yaxılıb özünün rənginə çevirə bilmək yenilməzliyinin niyə məhz ona – pisin, şərin, bədbəxtliklərin daşıyıcısına verilməsi soruşulurdu. Hardasa beş-altı ay idi, bu sual doğulmuşdu. Çəkisi ağır idi, tez-tez digərlərini altında qoyurdu.

Bu səhər mən nahar edəndə televiziyada səhər proqramı gedirdi. Studiyanın rənglərini dekorasiyaçı rəssam, insafən, yaxşı seçmişdi, soyuq və isti rənglərin harmoniyasını tapa bilmişdi, onlar bir-birini tamamlayırdı. Di gəl, aparıcının zil qara rəngli, özü də parıltısıyla göz dələn kostyumu ekran hegemonluğunu ələ almışdı...

Yol hamar olduğu qədər də kələ-kötür, əslində, kələ-kötür olduğu qədər də hamar idi. Sürətimiz artıb-azalmırdı, eyni ahənglə, sinxron irəliləməkdəydik.

Susuz idik. Yorğun deyildik amma. Mənzil başı bizi inadla özünə çəkirdi.

Olsun ki, qoca atam, uşaq övladım idi. Cizgilərimiz çox uyğun gəlirdi. Olsun, ən azı eyni bölgədən, bu da olmasa, eyni millətdən idik, yaxud da, ən azı, dini inancımız eyniydi. Amma bir-birimizə yad da ola bilərdik, deyəsən, fərqlərimiz də kifayət qədər idi.

Heç birimiz danışmırdıq, bəlkə də, danışmaq istəyirdik, danışa bilmirdik.

Qoca tez-tez səmaya boylanırdı, düşünərdin ki, dua edir. Uşaqsa gözünü yerə dikmişdi, bəlkə də, nəsə axtarırdı.

Yox, axı doğrudan, başımdan basan suallar dillənməyə inadla can atırdı və yalın təpəcikli bomboz çöldə, qısır buludlarla vəhşi küləyin bələdçiliyində öz cavablarına qovuşmaq ümidiylə qol-boyun idilər.

Bu gələn əski sual idi. Tələbəlik illərimdən mənə yoldaşlıq edirdi. Niyə həyat ən yaxşıları tapdalayıb əzir, sındırır, sonra da nə əzik ələ gəlir, nə də çilik? Niyə? Nə üçün? Nə səbəbə?

Hər kəsin öz suallarına cavab almaq möhləti var. Mənimçün bu möhlətin məhz bu gün bitəcəyinə əmin idim. Bu yolçuluq boşuna olası deyildi ki?!

Bilmirəm, qocayla uşağın da özləriylə daşıdıqları cavabsız sualları var idimi. Var idisə, bu sualların çəkisi nə qədər idi, həcmi necəydi? Bilmirəm, yol yoldaşlarım da mənim kimi mənasızlığın mənasını axtarmağamı çalışırdılar? Yoxsa onlar ayrı vağzalın, ayrı dayanacağın, ayrı limanın adamlarıydı? Çalışdıqları da mənanın mənasızlığından qurtulmaq idi?

Tanıdım buranı. Uşaqlığımda tay-tuşlarımla yay vaxtları tez-tez bura gələrdik. Onda buralar ucu-bucağı görünməyən iydəlik idi. Gələrdik, acgözlüklə yetişmiş iydələri dərib yeyər, ciblərimizə doldurardıq. İstifadəsiz bir köşk vardı, şiferinin üstündə iydə düzüb qurutmağımız da var idi.

Bizimçün bura təkcə doyunca iydə yeyib mədəmizi şənləndirdiyimiz üçün yox, həm də iydələr yetişməzdən öncə sarımtıl iydə çiçəklərinin təkrarsız qoxusu ilə ruh divarımızı şirələdiyimiz üçün də cənnət idi. Şəhərdən bura xüsusi olaraq çiçək qoxulamağa gələrdik, burnumuzu, ciyərlərimizi xoşbəxt edərdik.

Hər bir uşağın gündəlik müxtəlif şirniyyat və oyuncaq istəkləri ilə yüklənmiş şüurunun arzu qatı, demək olar, identikdir: uşaqların ilk arzuları mütləq bitkilərlə, quşlarla, heyvanlarla bağlı olur. Heç unutmaram, bir kürən dostum vardı, bir qohumlarıgilin arxa eyvanında qaranquş yuva salmışdı. Evlərində it, pişik, tutuquşu, balıq saxlamağa valideyn icazəsi arzulayan dostlarımdan fərqli olaraq o kürən dostum arzulayırdı ki, kaş qaranquş onların da eyvanında yuva salsın. Bir ayağı eyvanda, bir gözü səmada bitmişdi. Günlər, aylar ötdükcə və insafsız qaranquş arzusunu yerinə yetirmədikcə kürən dostum fikir eləyirdi, saralıb-solurdu... Elə arzusu gözündəcə də qaldı yazığın.

Mənimsə uşaqlıq arzum şah iydə tapmaq idi. İydə yetişən mövsümdə ağaclarda təkdən-təkə qaramtıl rəngli, dadlı və sulu, yarpaqların arasında bacarıqla gizlənmiş şah iydələr olurdu. Bəzi uşaqların rastına çıxmışdı şah iydə, mənsə, sadəcə, onu arzulaya-arzulaya, virtual dada-dada qalmışdım... Çox ümidli idim, hər mövsüm şah iydəni tapmamaq ümidsizliyimi növbəti mövsüm onunla mütləq rastlaşacağım əminliyi ilə ovudurdum.

Bir ili bura gələndə iydə ağaclarını doğrayan traktorla sahəni düzləyən qaramtıl, zəhrimar yağan sifətli əmiləri görəndə başa düşdüm ki, arzuma daha heç vaxt çata bilməyəcəyəm. Böyüklərdən fərqli olaraq uşaqlar arzularını pilləkən eləyib pillə-pillə onunla gələcəklərinə doğru dırmaşırlar. Pilləkənimi qırıb-tökən bu zalım əmilərə o vaxt, yaxşı yadımdadır, yumruqlarımı düyünləyib, dodaqlarımı dişləyib qanadaraq, boğazımın şişmiş damarlarının şahidliyi ilə «niyə?», «nə üçün?», «nə səbəbə?» suallarını yağdırmışdım, amma sarı rəngli dev-traktorun gurultusu səsimi eşidilməz etmişdi...

Bir qədər də irəlilədik. Qarşımda ləngərləyə-ləngərləyə irəliləyən qocanın belində, sən demə, donqar var imiş. Get-gedə, sanki, bükülürdü, yumaqlaşırdı kişi.

Arxaya boylandım, görüm, uşaq geriyə qalmayıb ki. Gəlirdi, özü də, hiss etdim, çox həvəsliydi, addımları rəqs edirdi...

Eynək nə pis sıxır gicgahlarımı...

Uzaqdan bozluğun böyük qara ləkəsi kimi görünən baxımsız qəbiristanlığa çatanda – diqqət etdim ki, qarğalar bizi həmin məkana təhvil verib geri döndülər – məhz həmin anda ilk dəfə yeraltı qışqırtı və bağırtıları daha gur eşitməyə başladım, üzümü səmaya tutduqda şaqraq qəhqəhələr də gurlaşdı.

Ala-bula rəngli darvazanın (belə bir rəngə bu gün artıq ikinci dəfə təəccübləndim) qarşısına pərçimlənmiş, ətrafında taxta kətillər düzülü iri taxta masanın yanından ehtiyatla keçdik (taxtaların ucu çox sivri idi), qəbiristanlığa daxil olduq. Artıq mən qocanın ləngliyindən fürsətlənib önə keçmişdim, onlar ardımca gəlirdilər. Qəbiristanlıq ensiz idi, ancaq uzandıqca uzanırdı. Torpağı susuzluqdan cadar-cadardı. İnsan o yana, nə bir quş, nə bir həşərat gözə dəyirdi. Yox, dəqiq deyirəm, bir müddət bir qarışqayla rastlaşmaq inadıyla zənlə yerə, bir hörümçək sezməkçün daşa-divara, bir milçək görmək ümidiylə də havaya göz gəzdirdim. Yox idilər.

Bütün başdaşları aşmış, sinə daşları ovulmuşdu, qəbirlər tikan-qanqala bürünmüşdü. Xeyli getdik. Lap girəcəkdə rastımıza çıxan yeni qazılmış boş bir qəbir fərqlilik təşkil etdiyindən beynimə nəsə şifrə diktə edirdi, sanki. Geri qayıdası oldum, həmin qəbrin qarşısında ayaq saxlayıb təəccüb içində, donmuş halda ölçülərinə tamaşa etdim. Onu kim qazmışdı, kiminçün qazmışdı? Lap təzə idi, torpağın təzə-tər qoxusu gəlirdi.

Yolumu davam edib qocayla uşağa çatanda yeraltı və yerüstü səslər bir qədər də gurlaşmışdı, hətta zəif iniltilər, xışıltılar, ahlar-oflar qamması bu azman gurultu oktavasının içində özünü büruzə verə bilirdi. Yol yoldaşlarıma barmağımla «sus» işarəsi verdim ki, səsləri daha aydın eşidim. Onlar onsuz da susqun idilər, amma işarəmdən sonra tam səssizlik yaratdılar. Deməzsənmiş, öz içləri ilə nəsə qarmaqarışıq şeylər danışırlarmış...

Qəbirlərin arasıyla uzanan ensiz yolla bir xeyli irəlilədik. Təbii ki, bura müsəlman qəbiristanlığı idi. Məzarların bahalı qara və ağ mərmərdən olan aşmış başdaşları sıralanmışdı. Amma yox. Dəmir xaçlara bir bax. Xristian qəbiristanlığıydı, yəqin. Başı oval başdaşları... Aman Tanrım... Bu ki yəhudi qəbiristanlığıymış... Lənət şeytana. Qülləliymiş başdaşları... Bütpərəst qəbiristanlığıymış...

Baş və sinə daşlarındakı yazıları oxumağa cəhd etdim, oxuya bilmədim. Hərflər bir-birinə sarmaşmışdılar, mənə tanış gəlmədilər. Heç, bir-birinə pərçimlənmiş rəqəmləri də tanımadığımı duydum. Deyəsən, yol yoldaşlarım da yazıları oxuya bilməyib məyus oldular.

Başdaşları yazılarını yazanların hamısı birinci həyatlarında doğum şəhadətnamələri yazanlar olublar. Bəlkə, neon işığının altında, kostyum-şalvarda, qısa saç düzümündə, əllərində diyircəkli qələm yazıblar yazıları... Bəlkə də, şam işığında, uzun və qıvrım saçlarla, ipək qaftanda, əli lələkli...

Özümlə ora daşıdığım suallardan biri – lap nimdaşı, gəncliyimdən, əsgərlik illərimdən qalanı daha ağır idi: Qüssə və kədər gətirəcək nəsnələr, həll olunmayan sorunlar, aldanış və xəyanətlər, bir də yaşanan faciələr toplusunun – dörd hərfdə dörd milyard ağırlıq daşıyan «dərd» adlı bir kabusun yaranışına nə ehtiyac varmış, görəsən? Olmazmı idi, yaranışında ancaq müsbətlər, yaxşılar, xeyirlilər yaranaydı, bunca sevinci axtalanmışlar, bunca cəza damğalıları olmayaydı?

Susuzluğu get-gedə daha şiddətlə hiss edirdim. Dodaqlarım çatlayacaq həddə qurumuşdu. Ayaqlarım taqətdən düşməkdə, ardımca sürünməkdəydi...

Uşaq yerdən nəsə tapıb götürdü, onu qocaya göstərdi, gözləri bərəlmiş qoca başını tutdu. Sonra uşaq mənə yaxınlaşdı, göstərdiyi nəsnə nə idisə, ovcuna, barmaqlarına qarışdı, bir anda ovcu parçalandı, sallanan barmaqlarından yerə qan damcıladı. Əski bir cəngavər dəbilqəsi və sınıq mobil telefon korpusu atılıb qalmış həmin qan damcılanmış yer, nədənsə, şüuruma həkk olundu.

Hətta bir sual var idi ki, o, ağırdan da ağır idi. Niyə xoşbəxtlik hamı üçün eyni, əlçatan məsafədə gizlədilməyib? Niyə ali millət, böyük dövlət, hegemon din adlı dışarı, hakimiyyət, ierarxiya, klan, region adlı içəri imtiyazlılar və bunlardan məhrum olan zavallılar mövcuddur axı? Niyə hədəf var, amma hədəfi vurmaq üçün hamıya eyni sayda patron paylanmır? Bəs tam patronsuz qalan biçarələr neynəməlidirlər axı?

Dodağım qaçdı. Bu sual sonbeşiyimdir. Onu sevə-sevə əzizləməkdən doymuram.

Qəbirlərin aşmış başdaşılarını hıqqana-hıqqana qaldırmağa cəhdlər etdim. Çox ağır idilər, qaldırmaq bir yana, tərpətməyə belə gücüm yetmədi. Qocayla uşağınsa mənə kömək etmək fikirləri yox idi. Qoca səmaya dua tuşlayırdı, uşaqsa yenə baxışıyla yereşənlik edirdi.

Başdaşılarından mənə boylanan şəkillərin hamısının baxışlarında sonsuz təəccüb və heyrət duyurdum. Bu təəccüb, bu heyrət burda uyuyan insanların, sanki, hamısını bacı-qardaş, valideyin-övlad qədər yaxınlaşdırıb doğmalaşdırmışdı.

Diqqət etdikdə onların yaş fərqinin, lap diqqət etdikdə heç cins fərqinin də olmadığını duymağa başladım. Onlar uşaqmı, gəncmi, yaşlımı idilər, kişimi, qadınmı idilər, bilinmirdi.

Birdən haradansa burnuma iydə çiçəyi qoxusu gəldi. Vallah, billah, iydə çiçəyi qoxusu idi. Gözümü qıyıb tam ətrafa boylandım, tikanlıqdan savayı bircə kol belə görünmürdü. Qoxu get-gedə yaxınlaşır, iç-içə açılan köpükcüklərsayağı hər dəfəsində daha fərqli, məstedici, bihuşedici olurdu.

Anidən bu qoxunun haradansa yüksəkliklərdən, ənginliklərdən gəldiyini duydum. Buludlardan daha dərin, günəşə yaxın...

Və qəfildən mənə əyan oldu ki, bu qoxu Tanrıdan gəlir. Tanrı iydə çiçəyi qoxulu ətir vururmuş.

...Sonra qəbiristanlığın qurtaracağına yetişdik. Burada torpaqda cızılaraq bir qəbir yeri manşırlanmışdı, yanına iki kürək sancılmış, biri də yerə atılmışdı...

***

...Geri qayıdırıq, fikir burulğanında çabalamaqdayam. Bircə anda, sanki, məni dəyişiblər, beynimin yaddaş guşəsinə əl gəzdiriblər. Bura niyə gəlmişik? Niyə məhz üçlükdə gəlmişik? Bu qəbiristanlıqla, bu şəxslərlə məni nə bağlaya bilər axı?

Yox, dəqiq bilirəm, bura gəlməzdən öncə cavabını axtardığım illərlə yığılıb qalmış, fikrimə və hisslərimə yük olan nəsə suallar vardı, bu sualların mövcudluğu xatirimdədir, ancaq hansı suallar idi, xatırlaya bilmirəm. Birində nəsə rənglərdən söhbət gedirdi, deyəsən. Nə rənglər idi elə? Bəlkə, qızımın məktəbli akvarelinin rəngləri? Birində də nəsə sınma, çiliklənmə mövzusu var idi. Həyat yoldaşım o gün tozunu silərkən büllur vazı salıb sındırmışdı, bəlkə, oydu?

Elə bil, bayaq saatım dayanmışdı axı. Amma indi işləyir. Eynək də yerində bir az narahat idi elə bil. İndi o da rahatdır.

Nəsə məndə hissiyyat yaranıb ki, qocayla uşaq da dəyişilib, ölçüləri, sanki, bir qədər böyüyüb. Qocanın qırışları, uşağın da arzuları artmışdı, məcrasından çıxmaq istəyirdi.

Ah bircə su tapa bilsəydik... Bircə parç, lap elə bircə udum...

Necə olmuşdusa, önə uşaq keçmişdi, biz – qocayla mən onu müşayiət eləyirdik. Uşaq məndən nə qədər sürətlə aralanırdısa, qoca da bir o qədər sürətlə geri qalırdı. Addımlar bir an qədər gödək və bir ömür qədər uzun da ola bilərmiş bəzən.

Dayan. Axı burada arasına uşaq qanı damcılamış cəngavər dəbilqəsiylə sınıq mobil telefon korpusu olmalı idi. Amma yoxdur. Bəlkə, məni qara basır? Özü də, niyə məhz min illərdən qalmış cəngavər dəbilqəsi və indinin mobil telefonu?

Qəbiristanlığın girəcəyinə çathaçatda – onda ki, külək bir qədər də şiddətlənib qısır buludları daha səylə qovmağa başlamışdı, möcüzənin şahidi olduq. Taxta masanın üstündə üç dəmir parç peyda olmuşdu, içlərinin su ilə doluluğu əminliyi də şüurumuza yeridilmişdi. Nə yaxşı! Hansı xeyirxah imiş, məhz üç parç qoyubmuş, hərəmizə birini. Dodaqlarımızın ləzzətli marçıltısı gözlərimizə gələn işıqla birgə bizi masaya tərəf sürüklədi. Quş olub uçduq, sanki. Öncə uşaq masaya çatıb sivri taxtalara məhəl belə qoymadan (az qaldı budunu yaralasın) parçın birincisini ovcu çapıqlı əliylə götürüb başına çəkdi. Mən masaya çathaçatda və uzaqdan-uzağa sığal çəkib əzizlədiyim ortadakı parça əlimi uzathauzatda uşaq həmin o parçı da qamarlayıb qurthaqurtla içməyə başladı. Və mən yetişəndə arxamdakı tıncıxan nəfəsli qocanın uzaqdan uzağa sığal çəkib əzizlədiyi üçüncü parçı çarəsiz halda götürüb başıma çəkəsi oldum. Qurumuş cismimə və ruhuma sərinliklə birgə nəsə bir rahatlıq, dinclik, sakitçilik gəldi, tarıma çəkilmiş əsəblərim, gərilmiş əzələlərim boşaldı, əllərimin yanıma düşdüyünü duydum.

Hər kəsin bir getmək, bir də qayıtmaq zamanı varmış. Ümumi zaman məfhumunun üçdə ikisi və üçdə biri qədər.

Sonra hər şey anidən baş verdi. Uşaqla mənim qəbiristanlığın darvazasından ikilikdə çıxmağımız anı qocanın lap girəcəkdə yeni qazılmış həmin boş qəbrin içinə enməsi anı ilə üst-üstə düşdü. Sanki, haradansa qeybdən «qocanın suyu tükənmişdi» sözləri qulaqlarımı yaladı.

Geri dönüb o yazığı qəbirdən çıxarmaq istəyi – bununçün özümə nifrət edirəm – gəlmədi ki, gəlmədi. Uşaq da baxışlarıyla mənə «sənin işinə qalmayıb, gedək», - deyirdi.

***

İndi biz ikilikdə qalmışdıq. Amma yalın təpəcikli bomboz çöl də, buludlar da, külək də həminki idi. Qara qarğalar da gələrək bizi yenidən müşayiət etməkdə, kölgələrini üzərimizdə gəzdirməkdə idilər.

Beynimi nəsə taqqıldadırdı. Taqqıltıları saydım. İyirmi bir taqqıltı. İyirmi bir rəqəmi...

Bu gün ayın iyirmi birimiydi? Neçə min neçə yüz iyirmi birinci il idimi? Yoxsa şəhərdən burayacan məsafə iyirmi bir kilometrmiydi? Bəlkə, iyirmi bir sual vermişdim bu gün özümə?

Əvəzliklər barədə oxuduğum kitabdanmı, ya bir başqasındanmı numerologiya barədə də oxumuşdum, bilirdim ki, iyirmi bir rəqəmi əzəlilik, həm də liderlik bildirir, üstəlik uğur gətirir. Hərəkət, qəbul edilmiş qərarlar, energetik güc bildirir. Ekzoterik aksioma görə isə iyirmi bir kişiliyin ifadəsi, kişilik rəqəmidir.

İndi yadıma düşdü, bu səhər nahar edərkən televiziyadan təqribən belə bir şey eşitmişdim: «İnsan ömrü, embrionluqdan ahıllığadək uzanan iyirmi bir aktmış. Alimlər indi iyirmi ikincini yaratmağa cəhd edirlərmiş...»

Mənasız sayıb şirin çayımı qarışdırdığım qaşığın səsini kəsməmişdim ki, dəqiqliklə dinləyim söylənənləri. Amma gərək, diqqət edəydim, mütləq diqqət edəydim!

Xeyli getmişdik ki, birdən üşürgələndim, tüklərim biz-biz oldu. Qəbiristanlığın qurtaracağında yanına iki kürək sancılmış, bir kürək də yerə atılmış qəbirçün manşırlanmış yer gözlərim önünə gəldi. İki və bir. İyirmi bir...

Bədənimi soyuq tər basdı.

Haçan qazmağa başlayacaqlar, görəsən? Torpaq bərkmi idi, kürəklərin ucları itiydimi? Yerqazanlar çoxmu zirək olacaqlar?

***

Qabaqlar şəhərdə sərçələr, göyərçinlər çox olardı. Amma indi nədənsə qarğalar çoxalıblar. Onların səsində sərçələrin, göyərçinlərin səsindəki sevincə, nəşəyə rast gəlməzsən. Əksinə, nəsə bir fanilik, bir ümidsizlik var bu uzundimdik qapqaralığın səsində...

Neynəsən də, nə çabalasan da əbəsmiş. İyirmi birdə say tükənirmiş demək...

***

Uşaq öndə, mən ardınca şəhərin ən son məhəlləsinin ən son binasının ən sondakı ala-bula alaqapısına doğru qarğa müşayiətiylə getməkdəyik.

Külək azacıq səngiyib, buludlar tərpənməzdirlər. Daha yerin altı da, üstü də susur. Nə o qışqırtı-bağırtılardan, nə də o qəhqəhələrdən əsər-əlamət qalmayıb.

Qalan təkcə qoxudur.

İydə çiçəyi qoxusu.

# 2601 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #