Dostoyevski, yoxsa Tolstoy? – YAZARLARIMIZIN SEÇİMİ

Dostoyevski, yoxsa Tolstoy? – <span style="color:red;">YAZARLARIMIZIN SEÇİMİ
15 avqust 2016
# 12:06

XIX əsrin iki dahisi: Dostoyevski və Tolstoy. Onlar təkcə bir əsrə deyil, bütün dövrlərə sığmayan nəhəng yazıçıdırlar. Məşhur bir sual var: Dostoyevski, yoxsa Tolstoy? Neçə illərdir bu suala müxtəlif cavablar səslənir və hər kəs öz tərəfini müəyyənləşdirir. Bəs bizim yazarlar hansı tərəfdədir: Dostoyevski, yoxsa Tolstoy? Kulis.Az bu barədə yazarların münasibətini öyrənib. Cavabları təqdim edirik.

Səfər Alışarlı: “Mən bu haqda çox fikirləşdim. Tolstoy öz epikliyi ilə, insana yaxınlığı ilə daha çox əhatəlidir. Onun əsərlərində tərəddüd yaşamırsan, hər şey yetərincə açıqdır. Dostoyevski isə yaradıcılığında xristianlığın mənəvi əsaslarına söykənir. İnsan olaraq tərəddüd yeri qoyur bütün düşüncələrə. Tutaq ki, deyir, insan əclafdır. Yəni insan nə eləsə, müəyyən qədər ona haqqı var. Bu fikri üzə buraxmaqla xristianlığın 10 qadağasını alt qatda qeyd edir: öldürmə, yaxınına xəyanət etmə, zinakarlıq eləmə və s. Bu düşüncəni alt qata qoyur Dostoyevski. Beləliklə, oxucu alt qatla üst qat arasında əlaqə qura bilmir, düzgün analiz edə bilmir. Yalnız müəyyən oxucu səriştəsi olan onu duya və bu ekskurslara baş vura bilər. Ona görə də mənə ruhən Tolstoy daha yaxındır, nəinki Dostoyevski”.

Cavanşir Yusifli: “Hər ikisinin. Həm də heç birinin. Onlar bir-birlərini məlum məqamlarda tamamlayırlar, vacib olan budur. Hərəsi bir iqlimdir. Onların ikisi də dünya ədəbiyyatının inkişafında, insan xarakterinin dərinliklərinin kəşfində misilsiz işlər gördülər. Tolstoy həzz verir, öyrədir, sevdirir və sair. Dostoyevski dərinliklərdən çölə elə şeyləri çıxarır qorxursan, dəhşətə gəlirsən. İndi bunları necə müqayisə eləyək? Yeridirmi? Tolstoy müdrikdir. Dostoyevski normal insan hissiyyatından o tərəfdəkiləri təsvir edir. Təsvir sözü burda heç yerinə düşmür. Məncə bundan da nəsə alınmaz müqayisə üçün. Elə yazıçılar var, müəyyən yaş həddində xoşuna gəlir, sonra maraq sönür, artıq ömrünün, yaşantının bir hissəsinə çevrilir. Elə yazıçılar var ki, dəfələrlə oxumalısan. Öz hislərini anlamaq üçün. Tolstoy və Dostoyevski bu mənada əvəzsizdirlər. Mən bu yazıçıların ikisindən birinə üstünlük verənləri anlamıram. Bir-birini inkar edən şeylər əslində bir-biri üçün darıxan şeylər olmalıdır”.

Azad Yaşar: “Əslində bu seçim XIX əsr rus nəsrinin 3 aparıcı təmsilçisi üzrə aparılmalıydı, nədənsə hər dəfə Anton Pavloviç Çexov unudulur, halbuki onun yaradıcılığı həm dünya nəsrinin, həm də dünya dramaturgiyasının yeniləşməsində danılmaz önəmə malikdir. Əgər sual elə qoyulsaydı, heç şübhəsiz dərin humanizminə görə mən Çexovu seçərdim. Qalan iki nasir arasında tərcih etmək isə nisbətən çətin olsa da, mən yenə Tolstoya üstünlük verərdim. Tolstoy dünyəvi, dinçi, humanist olduğu qədər, Dostoyevski millətçidir, şeytançıdır, mistikdir. Təsadüfi deyil ki, Fridrix Niçşe “Tanrı ölübsə, deməli, hər şeyə (hər cür insafsızlığa, harama!) izn var” şüarını məhz Dostoyevskinin “Əcinnələr” (“Besı”) romanından əxz eləyib. Son yüz ildə meydana çıxan inqilabi hərəkat da, faşizm də, genosidlər də, ksenofobiya da, insanın insanın qanına susaması da, Tanrının götürməyəcəyi hər cür haqsızlıq da, dünya müharibələri və sair də məhz bu şüarın “bəhrəsidir”. Proletar inqilabının lideri Vladimir İliç Lenin isə nədənsə “Tolstoy rus inqilabının güzgüsü kimi” adlı məqalə yazıbmış. Halbuki Tolstoyun bütün əsərləri ilk növbədə haqsızlığın əleyhinə yazılıb, Lenin bəlkə də Dostoyevskini inqilabın güzgüsü kimi təqdim etsəydi, daha doğru olardı, sadəcə onun mürtəce ruhundan ehtiyatlanıb, Tolstoyun nüfuzu hesabına inqilab(lar)a haqq qazandırıb. Bu arada onu da nəzərə almayıb ki, hər inqilab əslində əvvəlkilərdən daha betərlərin hakimiyyətinə rəvac verir. Eyni sorğu Rusiyada və digər ölkələrdə də keçirilir, bir qayda olaraq Dostoyevski bu “dueldən” qalib çıxır, çünki onun yazdığı “Karamazov qardaşları” ən çox oxunan roman kimi dünya reytinqlərində “Don Kixot”dan sonra ikincidir, Tolstoyun “Anna Karenina”sı isə... ancaq ilk onluğa girə bilir”.

Aqşin Yenisey: “Səhv eləmirəmsə, Tolstoy Dostoyevski haqqında danışarkən bir dəfə belə deyib: "Hara baxırsan, İsa Məsih, İsa Məsih!" Mən də düşünürəm ki, Dostoyevskinin yaradıcılığından cinayətkar rus təbiətini və pravoslav mövhumatını çıxsan yerdə adi serial ssenarisindən başqa heç nə qalmaz. Bu mənada Dostoyevski həyatda çarın kölgəsində yatdığı kimi, yaradıcılıqda da İsa Məsih ah-naləsinin arxasında gizlənirdi. Tolstoy üçün isə İsa bir ideoloq idi, mistik tərəfləri yox idi. Tolstoy həqiqəti dindən üstün tuturdu. Mənə daha çox Tolstoyun düşüncə tərzi doğmadır”.

Qismət: “Tələbəlik illərində Dostoyevski pərəstişkarı idim, səbəb də bu idi ki, Tolstoyu çox az oxumuşdum və həmin yaş dövründə, məsələn, Raskolnikovun təlatümləri ilə öz düşüncələrim arasında məcburi əlaqələr axtarıb tapırdım. Amma zamanla Dostoyevskiyə yenidən qayıtdım, daha diqqətlə oxudum və gördüm ki, əslində, azsaylı əsərlərini çıxmaq şərtilə, onun dünyagörüşü mənlik deyil. Hətta deyirdim ki, mənim rakursumdan bir xeyli dərəcədə, qüsurlu və ziyanlıdır. Amma həmişə ehtiyatla yanaşdığım, bəlkə də oxumaqda gecikdiyim Tolstoyun dünyasına girişəndə, anladım ki, bu başqa səviyyədir, başqa mərtəbədir. Tolstoy Homerlə, Nizamiylə bir yüksəklikdədir. Dostoyevski haqqında isə Nabokovun dedikləri ilə şərikəm”.

Elnarə Akimova: “Bəlkə də müqayisə aparmaq prinsipial olaraq düzgün deyil. Çünki onların hər ikisində insanın mənəvi dünyasının psixoloji ziddiyyətləri və çırpıntıları şəkillənib. Amma kimin yazıçı ədası, həyata baxış tərzi ruhuma daha yaxındır deyə soruşursunuzsa, mən daha çox Tolstoy deyərdim. Ədəbiyyat qaranlıqdan işığa, şərdən xeyrə keçiddirsə, bu işıq və xeyir simvolikası Tolstoyda daha gur saçılır. Onun insana inamında bir bütövlük var. Mənəviyyat doluluğu var. Ədəbiyyatın bəşərilik missiyasının sonadək realizəsi var”.

Əsəd Qaraqaplan: “Təbii ki, Dostoyevski. Dostoyevski mənim üçün təkcə nasir deyil, həm şair, həm ruh həkimi, həm psixoanalitik, həm böyüklə böyük, həm uşaqla uşaq, didaktikasız, sadəcə öz sözün deyən, həm də vəhşi bir varlıqdır. Bəzən onun insan belə olduğuna şübhə edirəm”.

# 2286 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #