Ən gözəl yalanı deyən qadın – Oğuz Ayvazdan ŞEİRLƏR

Ən gözəl yalanı deyən qadın – Oğuz Ayvazdan ŞEİRLƏR
1 iyun 2016
# 21:00

Kulis.Az gənc yazar Oğuz Ayvazın yeni şeirlərini təqdim edir.

Anama bənzəyən qadınlar

səndən sonra bütün qadınlar tərk etdi məni, ana
hamısı səni xatırlatdı onda
güclü idilər, işıq saçırdılar, tez-tez zəng edirdilər bir də
yəni sənin kimi...

sən tərk edəndən bizi,
bütün qadınlara yalan danışmaq yoluxdu,
"səni sevirəm"lər, "yanındayam"lar, əllərimdən tutmalar bulaşdı.

ölmədən bir gün əvvəl bizi tək buraxmayacağını dedin, ana
ilk dəfə qadın yalanı eşitdim onda
onlar da sənin kimi deyirdilər,
eyni ağızdan tökülürdü kəlmələr,
isti idi, işıqlı idi, göy üzü kimi təmiz idi onların kəlmələri,

onlar mənə ana oldular, başımın üstündə əsdilər,
sənin gözlərinlə baxdılar mənə, ana
hissə-hissə tapırdım sənin qalıqlarını
çətin olurdu səni birləşdirmək ana.

yuxularda da bütöv deyildin,
özünü asdığın şalın,
saçların,
gözlərin...
xilas olmağa çalışan əllərin,
yuxularımdakı qadını gəzirdim həyatda ana
saçlarını metroda tapırdım,
gözlərini avtobusda,
əllərini küçədə.

ad günün də yadıma düşmür ana
nə vaxt doğuldun,
yadıma düşmür qarşı-qarşıya tort yediyimiz ,
xatırlaya bilmirəm, hədiyyələrə sevindiyini,
bütün qadınlar doğum günün kimi gəlirdi mənə
tanış olduğumuz tarixdə sən doğulurdun
neçə vaxtdı ad gününü keçirtmirik,
sənə bənzəyib tort yemək istəmir bütün qadınlar

mən səni boş qalmış yelləncək kimi xatırlayıram ana
ən gözəl yalanı deyən qadın kimi,
sənin kimi
tərk edəndə belə mutlu, həyata mismar kimi bağlayan
sonra taqqataraq keçən qatar kimi
mən səni ayaqqabıları qucaqlayıb yatan uşaqların
sevinci kimi xatırlayıram...

Atam və futbol

atamla futbol izləyəndə pivə içərdik yalnız,
özü də dünya çempionatlarında
ucuz, ancaq dadlı gələrdi pivələr bizə.

atam, məncə, bircə futbola baxanda həyəcanlanardı,
siqareti siqaretə calayardı
anam bəlkə buna görə futbolu
qadağan eləmişdi bizə...

bəlkə atama sevgisindən Hasan Şaşı da,
Taffareli də, sonra Qalatasarayı da sevmişdi,
adlarını səhv deyərdi futbolçuların,
atamın həyəcanına qarışardı gülüşümüz...

mən həmişə atamın gözündən baxardım futbola
deyirdi ki, Kamerun udsa ev alacağıq,
televizorda qaçışan afrikalı futbolçuları
yeni alacağımız evimizin içində görərdim.
mən də özümü inandırmışdım ki,
kasıb komanda qalib gəlsə sevdiyim qız məni sevəcək,
böyüyəndə anladım ki, məğlub olmuş adamlar
məğlubları sevərlər...
atam kasıb ölkənin futbolçularına elə hüznlə baxardı ki,
nə yalan deyim, onlar uduzanda gözlərim yaşarardı...

mən bir də Türkiyəyə ağladım,
2002-ci ildə Braziliyaya uduzanda...
o an qorxdum ki, nəsə faciəli xəbər alacağıq.

indi futbola atamsız baxıram, bir də pivəsiz,
indi pivəni kefimə düşəndə içirəm,
indi səni düşünürəm, sevgilim,
bir də yazdığım kuponu
indi kasıb ölkələrə qələbə yazmıram,
uduzmaqdan qorxuram.
kasıb ölkələrin uduzmağına sevindiyim də olub,
nə yalan söyləyim.

futbolu evdəkilər tərk etdi:
atam öldü, anam da elə,
zatən yaşasaydılar biri həyəcanlanardı,
o birisi səhv deyərdi futbolçuların adını
qardaşımla, bacımı heç soruşmayın,
onlara qalsa 22 adamın bir topun dalınca qaçmağı boş şeydir.
bircə mən futboldan bərk yapışdım,
o da sağ olsun tək qoymur məni.

yəni sevgilim futbolu sevmək də tanımadığın
adamı sevmək kimidir,
minlərlə, milyonlarla insanın gözündən baxmaqdı sənə
mən sənin səsini o qədər ürək
döyüntüləri içində eşitdim...
yəni deməyim o ki, bir komandanın məğlubiyyətinə üzülən
milyonlarla insan kimi üzüldüm sənə uduzmağıma...
sənin qələbən 1-0 hesabı ilə bitdi,
təkrar oyun oynanılmadan...

Səni Sevməyin resepti

səni sevmək güllələnən uşaqların qabağına keçmək,
səni sevmək bütün insanlara gül paylamaq,
qarşından keçənlərə gülümsəmək,
limon satan qadına salam vermək,
süpürgəçilərə kömək etmək, zibil yığanlarla bərabər zibil toplamaq,

səni sevmək böyük şəhərlərin kiçik insanlarını bağrına basmaq,
səni sevmək qocaları baxışınla cavanlaşdırmaq,
bütün insanları uşaqlaşdırmaq,
rəngli şarlarla böyük bir meydançaya toplamaq bütün insanları,
və səni sevmək təkcə dənizi, günəşi, dağları, ağacları,
quşları, buludları deyil
bataqlıqları, xarabalıqları, üfunət iyi gələn
gölməçələri sevməkdir
uşaq simasına çevirmək onları gözlərinlə.

səni sevmək səndə ilişib qalmaq deyil,
səni sevmək bu qos-qoca dünyaya, bu altı milyardlıq insanlara
bu getmədiyimiz, görmədiyimiz milyonlarla şəhərlərin küçələrinə evinizin eyvanından baxmaq kimi...
səni sevmək Tanrıya əlini toxundurmaq kimi,
yəni sevgilim, səni sevmək
bütün savaşlara,
bütün güllələrə yox əmridir!

Mən də şəhərəm

üç milyonluq ayağın tapdaladığı, Bakı
mən siqaret kötüklərinin küləyə qoşulub,
pişiklərə sığal çəkdiyi, zibil qutularının aşıb-daşdığı
qadınların addımları ilə qışqır-bağıra düşən sükut bombasının
alçaq binaların yanında duran bahalı maşınların,
uşaq çığırtılarının köhnə bir mahnıya qoşulub
əl-ələ tutduğu küçələrdən keçirəm...

Bakı, sənin düz üzünə deyirəm, qulaqlarını dörd aç,
şəhərlərdə deyil, uşaqların gülüşündə,
qadınların paltar asdığı zivələrdə,
sərxoşların gecəyə bəstələdiyi mahnılarda gəzişirəm,
məni küləklərin, göydələnlərin, Xəzər dənizinin deyil,
üç milyonluq tənha adamların incidir...

məni eşidirsən, sənə səslənirəm,
atamın, anamın uyuduğu torpağın üstünü aç,
mən belə nəfəs ala bilmirəmsə, onlar torpaqda nə çəkir görən?!
niyə səni sevmirlər Bakı?
sən ki çoxlarının sığınacağı, arzularının limanı
kasıb adamlarının cibinə pul basdığın şəhərsən...

mən səni söymürəm, əsəbiləşmirəm də sənə,
şəhər xatirələrin əli cibində veyil-veyil dolaşmağıdır axı,
sənin günahın yoxdur, heç vaxt hüzurun paytaxtı olmadın,
üç milyonluq övladların gəmi fırtınasından sonra sağ qalanlar,
sənin evində dava saldılar onlar,
ocağımıza kül üfürənlər,
ona görə bu qədər kirlidir hava,
tüstülər adamlar tək gəzişir küçələrində...

bağışla, deməyə məcburam sən ev ola bilmədin, nə də şəhər
neftinin qoxusu, buruqlar, bulvar bizi daha da tənalaşdırdı.
məsələn, mənə elə gəlir, gülməli çıxsa da deyəcəm:
sevdiyim qızla aramıza sən girdin,
üç milyonluq şəhərdə onun üzünü itirdim.
sənə qalsa boş şeydir, elə mənə görə də.

mən sənin qədər adam itirməsəm də,
səni tərk edənlər kimi tərk edildim...
mən də şəhərəm, Bakı...
küçələrin adları yazılmayan şəhər,
bilet satılmayan, gediş-gəlişi olmayan,
sakinlərin durmadan gəzişdiyi şəhər...

Yağışa bulanmış şeir

yağış yağanda türk filmi oldu aramızda,
sən mesaj yazdın: hardasan?
mən yazdım, parkda, bizim parkda...
zəng elədin, dedin, yağış yağan kimi sən yadıma düşdün
dedim onda gəl parka, bizim parka...

yağış bir az da artdı, gölməçələr yarandı, çox islandım
səni gözləməkdən cücəyə döndüm.
saçım eynəyimə yapışdı.
eynəyim yağışa bulandığından görə bilmədim səni
səsimi eşitdin, deyəsən, söymüşdüm
dedin ki, nə bağırırsan,
dedim ki, gəlib çıxa bilmirsən parka, bizim parka...

yağış bir az da gücləndi, ələ-ələ tutuşub qaçdıq,
bir daldalanacaq tapdıq,
sən dedin üşüyürəm,
mən dedim üşüyürəm,
şəhər dedi üşüyürəm,
mən dedim, öpüm səni,
sən dedin, qucaqla məni,
şəhər dedi, sevin bir-birinizi,
sən dedin biz ayrılmışıq,
mənim nə dediyim yadımda deyil, yağış yumuşdu sözlərimi
hələ bir də külək əsmişdi,

yağışın yuduğu bir film kimi
günəşli bir şəhəri arzuladım,
sənsə yağışı...
təkrar görüşməmək şərtilə,
o gündən yağışa nifrət elədim
şəhərə də, elə sənə də...

# 1898 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #