Boynumda üşüyən öpüş yerləri

Boynumda üşüyən öpüş yerləri
1 dekabr 2014
# 16:53

Kulis.az gənc şairə Fəridənin yeni şeirlərini təqdim edir.

1.

İşıqları söndürüb, qapıları bağlamağa qarışmışdı başımız

ən dəhşətli yanğınlar ani qığılcımlardan törədi

divarların çat düşən yerindən sızdı soyuqlar...

Sən də nə gözlədiyim, nə gözləmədiyim

- unutduğum yerdən vurdun zərbəni.

And olsun nənəmin əllərinin

torpaqdan seçilməyən qırışlarına,

körpəsini itirən ana döşlərinin yuxusuzluğuna

bu payız gecəsi boynumda üşüyən öpüş yerlərinə and olsun!

Mən geri çəkilirəm ...saat kimi...

hara getdiyimi kimsə bilməyəcək

xəbərin olsun...

Dolacam iki damla yaş kimi atamın gözlərinə – enməyəcəm

anamın dodaqlarında yaşayacam lal sükut kimi – dinməyəcəm.

Aldanıb düşən deyiləm yolların uzağına

sənə çatırsa bütün yollar qısadı...

inan mənə...

2.

Müharibədə ata-anasını itirmiş uşaqlar

günəşə baxıb gülümsəyəcəklər bir gün

bütün mərmilərə inad...

Əri çıxıb getmiş o qadın da

yığacaq gözünü yollardan

gətirib güzgülərdəki boşluqlara atacaq...

Bilirəm, çıxacaq divardakı bu fotodan

darıxqan qağayılar haçansa

dənizə tərəf uçacaqlar...

Onda evim olacaq mənim də və

mətbəxdən başlayacam unutmağa səni

ən əvvəl yağı unudacam ocaqda

sonra dəmi...

bu otağa nəyə gəlməyimi...

Ya da çörək almamış qalxacam evə...

Nə qədər ki, atamı ayaq səslərindən,

Anamı nəfəsindən tanıyıram – hələ vaxt var

İncit məni bir az daha

Noolar, bircə tez unudulma...

# 4610 dəfə oxunub

Oxşar xəbərlər

"Xatirə və gerçəklik arasında incə  sərhəd..."  - "Torpağın ruhu" oxucuya nə deyir?

"Xatirə və gerçəklik arasında incə sərhəd..." - "Torpağın ruhu" oxucuya nə deyir?

18:45 23 iyun 2026
Gürcü ədəbiyyatının faciəvi taleli şairi - Lado Asatiani kim idi?

Gürcü ədəbiyyatının faciəvi taleli şairi - Lado Asatiani kim idi?

15:45 23 iyun 2026
Hamının bildiyi dastanda heç kimin görmədiyi sirrlər - Dədə Qorqud əslində, kimdir?

Hamının bildiyi dastanda heç kimin görmədiyi sirrlər - Dədə Qorqud əslində, kimdir?

15:00 23 iyun 2026
"Unutmaq istədiyimiz həqiqətlər..." - “Qəvvas”la bu hekayənin nə əlaqəsi?

"Unutmaq istədiyimiz həqiqətlər..." - “Qəvvas”la bu hekayənin nə əlaqəsi?

10:00 23 iyun 2026
"Ədəbiyyat həm də vicdan deməkdir!" - Rəşad Səfəri bu qədər sönük roman ortaya qoymağa nə vadar edib?!

"Ədəbiyyat həm də vicdan deməkdir!" - Rəşad Səfəri bu qədər sönük roman ortaya qoymağa nə vadar edib?!

15:00 22 iyun 2026
"Kiçik" insana sonsuz məhəbbət... - Ziddiyyətli Remarkı niyə sevirlər?

"Kiçik" insana sonsuz məhəbbət... - Ziddiyyətli Remarkı niyə sevirlər?

13:00 22 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər