Fikrət Qoca: “Zülm odur ki, danışmağa, deməyə sözün olmaya” MÜSAHİBƏ

Fikrət Qoca: “Zülm odur ki, danışmağa, deməyə sözün olmaya” MÜSAHİBƏ
14 oktyabr 2013
# 11:55

– Fikrət müəllim, yaradıcı axtarışlar davam edir?

– Bugünkü axtarışlar da elə dünənkilərdir. Çünki axtarış elə bir şeydir ki, adam öz içində axtarır, kənarda axtarmır. Şairə lazım olanların hamısı onun qəlbindədir. Dünənki gənc Fikrət Qoca ilə bugünkü 79 yaşlı Fikrət Qoca bir can qəlibindədir, eyni yerdə yaşayırlar, ona görə onların axtarışları da eynidir, axtardıqları da. Bircə dəfə ürək döyünməsə yüz ilin ölüsüsən. Ürək dayanan kimi, artıq sən keçdin dünyanın o biri üzünə, sənlə bağlı nə vardısa dondu, dayandı. Fikir də belədir, bircə gün əgər təzə nəsə düşünmürsənsə, yazmırsansa, heç olmasa yeni nəsə yazmaq haqqında fikirləşmirsənsə, deməli, artıq ölüsən, axar su deyilsən. Diri olmaq üçün yeniliyə can atmaq lazımdır, həmişə yeniliyə can atmışam. Yenilik dünən gördüyümlə bu gün gördüyüm arasındakı dəyişiklikdir. Yenilik hər dəfə baxanda diqqət elədiyin mənzərəni yeni görməkdir. Çernişevski deyirdi ki, “Poeziya tam həyat deyil, həyata yaxındır, həyatdan da çox uzaq deyil, torpaqla əlaqəsi var”. Torpaqla ədəbiyyatın arası ancaq və ancaq hissiyyatla ölçülür. Bu sərhəddən yuxarı olsan həyatdan əlini üzərsən, yaxın olsan da təbiəti naturalistcəsinə təkrar edərsən. Qızıl ortanı qorumaq və ifadə etmək lazımdır.

– Heca vəznində yazdığınız şeirlərdə də sərbəst şeir formasındakı azadlığınızı qorumağa çalışırsınız. Bu məqam nəylə əlaqədardır?

– Fikrimi sərbəst deməyin tərəfdarıyam. Hansısa ölçüyə görə şeiri kəsməyin, heca sayına görə fikri yarımçıq qoymağın tərəfdarı deyiləm. Çünki yazanda nə qafiyə, nə də hansısa vəzn və ya forma haqqında düşünürəm. Fikir candır, forma köynəkdir. Köynəyə görə adamı seçməzlər, adama görə köynəyi seçərlər. Fikir formanın içində buxovlanmamalıdır, elə yazmalısan ki, heç oxuyan forma barədə düşünməsin.

– Şeirləriniz və poemalarınızla yanaşı, nəsr əsərləriniz də mütəmadi çap olunur. Özünüzü daha çox şair hesab edirsiniz, yoxsa yazıçı?

– Özümü nə şair hesab edirəm, nə də yazıçı. Öz işimlə məşğulam və mənim işim ancaq yazmaqdan ibarətdir. Əgər fikir şeirə sığmırsa, nəsrlə ifadə edirəm, yaxud məni düşündürən məsələnin şeir mövzusu olduğunu hiss edəndə şeir şəklində yazıram.

– Yazarlardan müsahibə alanda bu fikirlə tez-tez qarşılaşıram: “Fikir şeirə sığmayanda nəsr yazıram”. Bu məntiqlə belə çıxır ki, şeirin mövzuları daha dar mövzulardır. Məncə, bu səhv məntiqi nəticədir.

– Əlbəttə, elə şeir var ki, onun bircə bəndindəki fikir cild-cild romanlarda yoxdur. Oxucu da müxtəlifdir. Elə oxucu var ki, ancaq detektiv əsərlər oxuyur. Halbuki detektivdə bir fabula var, ya nəsə oğurlanır, ya nəsə itir, ya da ki, kimsə öldürülür, sonra da hadisə açıqlanır. Əvvəldən məlum olan ideyaya görə cild-cild kitab oxumaqda məna görmürəm. Ədəbiyyat xarakterlərin, mahiyyətlərin açılmasıdır, hadisələrin yox. Gün ərzində nə qədər hadisələr olur, onların hamısı ədəbi material ola bilərmi? Xeyr. Elə şeirlər var ki, bir misrası yüz romana dəyər. Yəni, bu cür nüanslar şərtidir.

– Cavanlıq illərinizdə yazdığınız şeirlərinizi oxudum, sonra da son dövrlərdə yazdıqlarınızı. Mənə elə gəldi ki, gənclik illərinizdə, indiki şeirlərinizi sizə göstərsəydilər bəyənməzdiniz.

– Ola bilər, çünki gənclik illərində insan etiraza və yeniliyə açıq, eləcə də çılğın təbiətli olur. Ancaq nəticə budur ki, onların hamısını mən yazmışam və heç vaxt bircə misramı da dəyişməyə can atmamışam. Ona görə ki, şeiri yazan vaxtda nə düşünmüşəmsə odur, sonradan fikrimi cilalamaq adı ilə dəyişməyin tərəfdarı deyiləm.

– Sovet dövründə yazdığınız şeirləri çap etdirə bilmirdiniz, müəyyən qadağalar var idi. Belə məqamlar sizi çoxmu narahat edirdi?

– Əlbəttə, narahat olurdum. Bir dəfə özüm-özümə məktub yazdım, gətirdim “Ulduz” jurnalına. Jurnalın redaktoru Yusif Əzimzadə idi. Məktubu verdim ona. Bir müddət sonra məni çağırıb dedi ki, bu yazını seyfə qoymuşdum ki, ələ düşməsin. Ələ düşər başqa yerə apararlar, götür apar bunu, özünə hər şeyi də dərd eləmə. Bu günlərdə o məktubu tapıb oxumuşam, görürəm ki, orda heç bir pis fikir yoxdur, nə də qeyri-adi, sadəcə o dövrdə təhlükəli idi. Yazmışdım ki, şeirlərimin ən güclü tənqidçisi özüməm. Əgər şeirlərimi tənqid, şərh etməyi özümə tapşırsalar, bütün tənqidçilərdən daha dəqiq təhlil edərəm. Ona görə ki, şeirlərimin məziyyətini özüm qədər bilən ikinci kəs yoxdur. Çünki özümü hamıdan yaxşı tanıyıram. Tənqidçilər dırnaq kəsmək əvəzinə şeirin əlini kəsir, saçın düzəltmək əvəzinə başın kəsirlər. Yəni ölçü hissləri dəqiq deyil. Bu fikirləri demək indi təhlükəli deyil, ancaq o vaxt Yusif Əzimzadə üçün təhlükəli idi, belə bir yeni fikrə meydan verə bilməzdi. Çünki onlar repressiya görmüşdülər, əlləri bir dəfə yanmışdı.

– Siyasi, ictimai məsələlərlə bağlı bir mərhələ sonra yazılmış əsərlər var. Məsələn, Sovet dövrünün gerçəkliyinin müstəqillik dönəmində yazılması faktı kimi. Bu dövrün həqiqətləri də olsun ki, gələcəkdə üzə çıxacaq. Ümumiyyətlə həqiqətin, reallığın təsvirinin öz zamanında yox, qeyri-aktual dövrdə üzə çıxması ədəbiyyatı nələrdən edir?

– Sənə bir söz deyim, 1957-ci ildə “Həqiqət” adlı bir şeir yazmışdım, üç il əvvəl çap etdirdim. Deyə bilərsən ki, həqiqəti indi tapmışıq? Hər kəsin öz həqiqəti var, yüz il sonra da elə adamlar tapılacaq ki, həqiqətin olmadığını deyəcək. Tam həqiqət heç vaxt olmayacaq. Çünki haqq-ədalət birdir, ancaq dörd tərəfində yalan var. Haqqa-ədalətə çatanacan insan heç olmasa bir dəfə səhv etmiş olur. Hamı haqqa çatmaq üçün onu dörd tərəfdən əhatələmiş yalandan keçir, ona görə də nə qədər yazırsan yaz, yenə də əsl gerçəkliklər tam üzə çıxmayacaq. Zəiflə güclü vuruşanda heç bir araşdırma aparmadan elə istəyirik ki, zəif udsun. Ürəyimiz zəifin tərəfində olur, bəyəm bu həqiqətdir? Əsl həqiqət olmasa cəmiyyət məhvə gedər.

– Əli Kərimin dostu olmusunuz, həm yaradıcı, həm də şəxsi müstəvidə sıx münasibətləriniz olub. Bir məqamı diqqətinizə çatdırmaq istəyirəm, deməli, son dövrlərə qədər Əli Kərimi Rəsul Rzanın davamçısı kimi təqdim edirdilər. Ancaq axır illərdə dövrü mətbuatda Əli Kərim yaradıcılığını müstəqil mərhələ kimi təqdim edilər, bu məsələyə münasibətiniz necədir?

– Bu sözləri ancaq Rəsul Rzanı ürəyində xəlvətcə dananlar deyə bilər. Davamçı olmaq eyni fikri davam etdirmək demək deyil. Rəsul Rza istəyirdi ki, Əli Kərim onun kimi yazmasın, yeni düşüncədə yazsın. Elə Əli Kərimi yeni fikrin daşıyıcısı olduğuna görə də təqdir edirdi. Əli yeni, sərbəst düşünmək baxımından Rəsulun davamçısı sayıla bilər, onun kimi yazmaq baxımından yox. Rəsul Rza Azərbaycan şeirinə sərbəst düşüncəni gətirdi. Rus ədəbiyyatında kiminsə davamçısı olan, yaradıcılıq orijinallığı olmayanları şair saymırlar. Amma bizdə davamçı adı ilə eyni havada yazanları ədəbiyyata sırıyırlar, hələ bir-birinə də qahmar çıxırlar.

– Sovet dövründə belə bir dəb vardı ki, bir şair digəri barədə “uğurlu yol” yazırdı. Ancaq Rəsul Rza uğurlu yol yazdığı o dövrün gənc şairlərinin bir çoxu ədəbi mühitdə qaldı. Niyə məhz onun haqqında yazdıqları daha çox ədəbi mühitdə qala bildilər?

– Sabir kitabxanasında dərnək vardı, onlar “Tər çiçəklər” adlı almanax çap etdirmişdilər. Mən o kitabda sırada 111-ci idim. Yaxın günlərdə həmin almanax əlimə düşdü baxdım, o kitabdakı adamların çoxusunun adı yadıma gəlmir. Ədəbiyyata gələndə sel axını ilə gəlirlər, sonra tab gətirə bilmirlər. Şairlik 100 metrə qaçış deyil, nəfəs lazımdır. Rəsul Rza daha çox nəfəsi olan şairlər haqqında yazırdı, ona görə ki, o şeirləri oxuyanda hiss edirdi ki, kim şairdir kim həvəskar. Ədəbi aləmdə dözüb qalmaq çox çətindir. Orasını da deyim ki, mən şairliyi bədbəxtlik sayıram. Şeir indi az adama lazımdır. Hər bir şairi Məhəmməd Hadinin aqibəti gözləyə bilər. Hər vaxt hər birimizi aparıb güllələyə bilərlər. 1937-də neylədik ki, indi neyləyək. Bu isə hansısa bir ağılsızın, şair və şeirin düşməninin hakimiyyətə gəlməsi ilə baş verə bilər. İnsan ac da olanda şeir istəmir, tox da olanda. Şeir ancaq ağıllı adamlar üçündür, ağıllılar da bütün dövrlərdə axmaqlardan az olub.

– Sizcə, indi yazılan sərbəst şeirin təsir qaynağı hardandır?

– İndi bir çox gənc yazıçılar xarici dil bilirlər, oxuyurlar və başlayırlar təsirləndiklərinin gücü ilə yazmağa. Əksər fikirləri oxuyanda Volter demiş şlyapamı çıxarıb salamlaşıram, çünki tanış fikirlərdir. Belə şeylər olur, ancaq bu cür təsirlərdən uzaq olmaq, öz içini yazmaq gözəldir. Yazarkən şair qarşısına məqsəd qoymamalıdır, könlünün səsinə qulaq asmalıdır. Kim ki öz ürəyindən uzaq düşüb, o, şair dəyərli əsər yaza bilməz. Azad düşünsən heç adamın fikirlərini heç həbsdə də buxovlaya bilməz. Zülm də qənimətdir. Zülm odur ki, danışmağa, deməyə sözün olmaya. Bugünkü faciə on il sonra komediya da ola bilər. Yəni heç nəyi dəqiq bilmək, nə isə haqqında hökm vermək olmur. Yadındadırsa, İran həbsxanasından gələndən sonra söhbət əsnasında sənə demişdim ki, Fərid, ta səni türməylə də qorxutmaq olmayacaq, çünki görmüsən. Hələ vaxt gələcək o günlər üçün darıxacaqsan. İnsanın yaşantıları onu yetkinləşdirir, böyüdür. Şair gərək gəzə, görə və öz dünyasını ifadə edə.

# 2410 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #