“Qarabağ bülbülləri”nin rəhbəri: “Haqqımı Tacirə halal eləmirəm!”

“Qarabağ bülbülləri”nin rəhbəri: <span style="color:red;">“Haqqımı Tacirə halal eləmirəm!”
9 iyun 2017
# 14:48

Kulis.az məşhur “Qarabağ bülbülləri” ansamblının yaradıcısı və rəhbəri bəstəkar Murad Rzayevlə müsahibəni təqdim edir.

- Əvvəlcə, qısaca tanış olaq...

- Murad Rzayev. 1971-ci ildən “Qarabağ bülbülləri” ansamblının yaradıcısı və bədii rəhbəriyəm. Beynəlxalq festivallar laureatıyıq. 12 filmə çəkilmişik. Xalq artistləri yetişdirmişəm. Əməkdar artistlər yetişdirmişəm. Çoxlu tələbələrim var.

- O vaxtlar bölgələrdə çoxlu ansambllar yaradılırdı. Necə oldu ki, “Qarabağ bülbülləri” bu qədər məşhurlaşdı?

- Çünki bu işə ürəyimi qoydum. Qarabağa olan sevgimi qoydum. Ağdamda Uşaq Yaradıcılıq Mərkəzinin rəhbəri idim. Şagirdlərimi öz balalarım kimi sevdim. İstedadlı uşaqları seçirdik. Hər adamı götürmürdük. Ancaq mənə münasibət layiqincə olmadı. 2016-cı il aprel ayının 14-də, 68 yaşımda Təhsil Nazirliyinin müvafiq şöbəsi məni işdən azad edib başqa bir adam götürdü. İşimiz məhkəməyə qədər getdi. Axırda bütün qalan əmək haqqımı aldım. Vermək istəmirdilər. Mən fasiləsiz ansambl yaratmışam. Burda iş başa çatmır. Elə sənətkarlar, müəllimlər yetişdirmişəm ki...

- O məşhurlardan bir neçəsinin adını çəkin, mümkünsə...

- Nəzakət Teymurova, Aygün Bayramova, Firuz Səxavət, Sabir Abdullayev, İlhamiz Paşayev, Teymur Əmrah... Teymur Əmrahı Gəncədə uşaq evindən götürüb mən saxlamışam. Öz övladım kimi. Bizim evdə böyüyüb. Mənə ata, yoldaşıma ana deyir. İndi də əlaqəmiz var. Tələbələrimdən məni unutmayan bircə odur.

- Tacir Şahmalıoğlu da sizin tələbənizdir də.

- Bəli. Onu məşhurlaşdıran da mənim “Bayatı Şiraz” muğamında etdiyim improvizə oldu. Tarixə də mənim adımla düşüb. Bu ifa təkcə Taciri yox, “Qarabağ bülbülləri”ni də məşhurlaşdı.

- Özünüz peşəkar musiqiçisiniz, mən bilən.

- Xor dirijorluğunu bitirmişəm. Bütün musiqi alətlərində ifa edə bilirəm. Bəstəkarlığım da var.

- İndi kollektiviniz harda fəaliyyət göstərir?

- “Çapayev”də (Təbriz küçəsi – red.) balıqçılıq institutunun binasındayıq. Ansamblın hardasa 30-40 üzvü var. Vaxt var idi Ağdamda 3-4 min üzvümüz vardı. Həm də sənətin müxtəlif sahələri ilə məşğul olurdular.

- Yenə qarabağlılardır?

- Yox, indi hər rayondan var.

- O gözəl səslər itməyib ki?

- Əlbəttə ki, Qarabağ yoxdursa o səslər də olmayacaq. Amma yenə də istedadlı uşaqlar var. İstedad belədir ki, üstündən asfalt çəksən də deşib üzə çıxacaq. Yaxşı uşaqlar var. Mənim 65 illiyimdə çox gözəl çıxış elədilər. Təntənəli tədbir oldu.

- Maliyyəni hardan tapırsınız?

- Heç bir maliyyəmiz yoxdur. Üzvlük haqqı da yoxdur. Yerimiz var, kirayə ödəmirik, mən də təmənnasız fəaliyyət göstərirəm. Bu iş məni yaşadır. Bir dəfə mənim şagirdlərimdən birindən soruşdular ki, harda yaşayırsan? Dedi, Sumqayıtda. Dedilər, Sumqayıtda musiqi məktəbi yoxdur ki, ordan bura gəlirsən? Anası o yandan qayıtdı ki, Sumqayıtda musiqi məktəbi var, amma Murad müəllim yoxdur. Bax bu sevgidir məni yaşadan. Uşaq Yaradıcılıq Mərkəzinin direktoru vəzifəsindən çıxarılanda da “Qarabağ bülbülləri”ni dağılmağa qoymadım. Baxmayaraq ki, maddi vəziyyətim ağırdır. Heç evim də yoxdur. Bir dənə 84-cü ilin maşını var. Bütün tələbələrimin evi də var, villası da, mənim heç nəyim yoxdur (gülür).

- İndi o villası və hər cür imkanı olan müğənnilər sizi bir dəfə də olsun axtarmırlar?

- Axtarmırlar. Heç telefonlarıma cavab vermirlər. Halbuki eləsi olub, yeməyini, əyin-başını o vaxt mən alırdım.

- Məsələn, indi Tacir Şahmalıoğluna zəng etsəniz, telefonunuzu açmayacaq?

- Açmayacaq, yəqin ki. Açmağı cəhənnəm, haqqımı da danır. Bir dəfə demişdi ki, “Bayatı şiraz”ı özüm belə oxumuşam. Axırı çıxdıq televiziyaya, sübut elədik ki, improvizasiya kimindir. Fonda da mənim adımla düşüb. Bütün dünya bilir bunu.

- Sizə elə gəlmir ki, toy insanları doğru yoldan çıxarır?

- Çox düzgün qənaətdir. Həm sənət yolundan, həm insanlıq yolundan çıxır çoxu.

- Toy demiş, Aygün Bayramova toyuna çağırdı sizi?

- Xeyir. Çağırmadı. Çox adama qəribə gəldi, hətta zəng edənlər oldu ki, səni niyə çağırmayıb.

- Yəqin bilib ki, pulunuz yoxdur... Toya yaxşı yazıla bilməyəcəksiniz...

- Yəqin. Tək Aygün deyil, tələbələrimin çoxundan narazıyam. Əməyimi itirdilər. Yerə vurdular. Ən çox da Tacir Şahmalıoğlu. Ona görə efirdən dedim ki, haqqımı Tacirə halal eləmirəm.

- Bir az ağır söhbətdir...

- Ağırdır əlbəttə. Ona əziyyətim çox olub, hamısını yerə vurdu. O vaxt filmlər çəkiləndə, atası buraxmırdı Bakıya. Onu həkim adıyla gətirmişəm, Leyla Bədirbəylinin qucağında Qubaya gedib, filmə çəkilib. Təsəvvürünüzə edirsiniz?

- Axı necə ola bilər ki, bu qədər şagirdin heç biri sizi axtarmasın, hörmətinizi saxlamasın. Bəlkə, sizdə də günah var?

- Belə görüşəndə hamısı hörmət edir. Başqa bir dənə problemimlə maraqlanmırlar, axtarmırlar. Yalnız, dediyim kimi, Teymur Əmrah gəlir, baş çəkir, əhvalımızı soruşur. 9-cu mikrorayonda kirayədə qalıram. Teymur indi də ailəmizin bir üzvü kimidir. Nəsə... O qədər əziyyətlərim olub. axırı da belə. Qalmışam Mədəniyyət Nazirliyi ilə Təhsil Nazirliyinin arasında. Onlar bura göndərir, bunlar ora. Bax bu qovluq (əliylə göstərir – Ş.A.) doludur sənədlər, fotolar və afişalarla. İstəsəniz açıb göstərərəm. Kremldə çıxış eləmişik, Brejnyevin qabağında... Balşoy Teatrda olmuşuq. Polşada, Almaniyada səfərlərdə olmuşuq... Hamısı var bu qovluqda... Bakıda konsertlər olanda rəhmətlik Heydər Əliyev ovaxtkı Lenin sarayının direktoru Kərim Kərimovdan soruşurdu ki, bu gün “Qarabağ bülbülləri” ifa edəcəkmi? O da deyirdi, edəcək. Zəhmətlərin çox olub. Amma adi bir Əməkdar incəsənət xadimi adına təqdimat ala bilmirəm.

- Çoxlu mahnılarınız da var?

- Mirzə Babayev, Flora Kərimova, Qədir Rüstəmov, Oqtay Ağayev, Lalə Dadaşova, Lalə Məmmədova, Teymur Əmrah və başqa tanınmış müğənnilər mahnılarımı oxuyublar.

- Bu gün də Muğam Müsabiqəsində yaxşı tələbələriniz var...

- Əlbəttə. Hardasa on nəfərdirlər. Yaxşı da oxuyurlar. Qaran-pri alanı da var.

- İndi ən böyük arzunuz nədir?

- Mənim zəngin arxivim var. Bu arxivi yığmağa bir yerim olsun. 55 illik zəhmətimi nəzər alıb bunu etsələr hər kəsə minnətdar olaram.

# 2084 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #