Yorğun qadınlar – Sevda Sultanovnın hekayəsi

Yorğun qadınlar – <span style="color:red;">Sevda Sultanovnın hekayəsi
1 aprel 2018
# 16:30

Kulis.az bu Sevda Sultanovanın “Yorğun qadınlar” adlı hekayəsini təqdim edir.

“Odur görəsən?” – Afətin gözləri alacalandı, bədəninin hərarəti sürətlə artıb-azaldı, göbəyi çox pis qaşınmağa başladı. Həmişə əsəbiləşəndə, ya həyəcanlananda niyəsə göbəyi qaşınırdı. İstər-istəməz bənövşəyi donunun üstündən göbəyinə əl atıb onu didişdirdi. Sonra çantasını götürdü, yeyin hərəkətlərlə xeyli orda qurdalandı.

- Hara qoymuşam, zəhrimarı?

Nəhayət, mobil telefonunu tapdı. Əlləri titrəyə-titrəyə düymələri basdı. Fotolardan birini böyütdü, diqqətlə baxdı, sonra qonşu masada oturan mütənasib vücudlu, xurmayı saçlı, donu döşlərinədək açıq qadına nəzər saldı. “Bilirdim, bilirdim ki, nə vaxtsa rast gələcək mənə. Əlbəttə, odur” - Afət onu gözlərindən tanımışdı. Badamı, ala gözlərindən.

Afət ilk dəfə o qadının şəklini görəndə onun badamı, ala gözlərinin cazibəsini necə qısqanmışdısa, necə paxıllıqdan içi yanmışdısa səhərədək yata bilməmişdi. Əsəbdən boynunun damarı da şişmişdi həmin gün. Gecə dörddə axşamdan qalan buz kimi bir qab yarpaq dolmasını yeməyindən xəbəri belə olmamışdı. Səhəri mədəsinin ağrısından məcbur olub həkimə getmişdi, bir neçə gün xəstə yatmışdı.

O qadına baxdıqca Afətin bədəninin hərarəti artırdı. Hərarət matkasından dolaşa-dolaşa gəlib boğazına, ordan da gözlərinə çıxanda sürətlə qalxıb qonşu masaya, badamı gözlü qadına cumdu. Əvvəlcə onun gözlərini uzun dırnaqları ilə oymaq istədi, amma boyu çatmadı, döşlərinə kimi açıq donunun yaxasından yapışdı:

- Ləçərin biri ləçər, həyasız, üzün də var qabağıma çıxmağa.

Afətin bağırmaqdan üzünün dərisi qıpqırmızı olmuşdu, gözləri qan çanağına dönmüşdü, səsi gah batıb, gah yüksəlirdi. Yüksələndə səsi əcaib çıxırdı, tələyə düşəndə inildəyən heyvan səsinə oxşayırdı.

Badamı gözlü qadınsa çox soyuqqanlı idi, o, nə baş verdiyini anlamışdı, Afəti elə salona girəndə görmüşdü. Amma ağlına gəlməzdi ki, Afət onu tanıyar, mərəkə qopardar.

Afətin dili söz tutmurdu. Barmaqları qadının yaxasına elə bərk pərçimlənmişdi ki, ətrafına yığışanlar onu aça bilmirdi.

Badamı gözlü qadın bayaqkı soyuqqanlılıqla Afətin gözlərinə baxırdı.

Nəhayət o, dilləndi, səsi azacıq titrəyirdi:

- Sakit olun, xahiş edirəm.

Onun təmkini Afəti lap cinləndirdi, yaxasını daha möhkəm silkələdi:

- Aaaz, Nə sakit, nə sakit...

Qadın yüngülcə onun qollarından tutmuşdu ki, müvazinətini itirməsin, kübarca davranmağa çalışırdı, içində isə tamam başqa şeylər düşünürdü: “Bədbəxt qadın, necə gülüncsən, Zirə qarpızına oxşayırsan, düşük”.

- Sizi anlayıram, amma inanın, bura uyğun yer deyil, camaatın toyuna qanqaraçılıq salmayaq.

Afət onu eşitmirdi. O qadını yırğalayır, bağıra-bağıra danışdığından sözləri də anlaşılmırdı. Birdən qıyya qopardı, qolları süstləşdi, tirtap yerə sərələnəndə qadının donundan qopan parça da əlində qaldı. Məclisdəkilər bilmədilər kimə baxsınlar, döşü bayırda qalmış badamı gözlü qadına, yoxsa huşsuz halda döşəməyə sərələnmiş Afətə.

***

Palata boğanaq idi, Xumar pəncərəni açmaq istədi, amma nə illah elədisə aça bilmədi. Pəncərənin çirkli dəstəyindən əlləri yapışqan oldu “Buralar da mikrob mənbəyidir” - çantasından nəm salfeti çıxarıb əllərini bir neçə dəfə sildi.

Əlacsızlıqdan çarpayının yanındakı stulda oturub, yenə gözlərini yuxuya getmiş qadına zillədi. “Sənin kimi qadına xəyanət eləməsin neyləsin, gözlərin boş, üzün hikkəli, daim narazısan, boyun da balaca, balaca da var balaca, bu lap cırtdandır” dediyi sözlərdən özü də diksindi: “Allah keç günahımdan, lap səviyyəsiz olmuşam, bu, onun seçimi deyil axı... Hikkəsindən gözlərinin altı da qaralıb. Xaricdə oxumaqla deyil ki... alim olmusan, karyera qazanmısan, hər şey olmusan, bircə qadın ola bilməmisən. Ər də neyləsin, könlü qadın istəyib. Əsl qadın, mənim kimi. Yaxşı, Xumar gicləmə... Ərin də bir şey deyildi vallah. Düzdü, çox yaraşıqlıydı, boy-buxun da yerində. Amma yataqda əzikiydi, elə zəif, iradəsiz... Hələ səsi....” Anlaya bilmirdi, bariton səsli kişidən yataqda niyə siçan ciyiltisinə oxşayan səs çıxırdı. Əri ilə sevişməyini yadına salanda Xumarı öyümə tutdu. Heç cürə onunla sevişməyini anlaya bilmirdi. Ağlı hardaydı? Axı, heç sevməmişdi də onu.

Afət ayılmışdı. Xumar mehribanlıqla yanında oturdu.

- Necəsiz?

Afət avazımış, heysiz üzünü ikrahla yana çevirdi, sanki qarşısındakı qadın yox, nəsə murdar bir şey idi. Xumar pərt olsa da, özünü tox tutmağa çalışdı.

- Hər halda məni dinləməyinizi istərdim. Heç olmasa bir neçə dəqiqə. Olan olub, keçmişi də dəyişə bilmərik, o da yoxdu həyatda. Vallah, inanın mənə, yataqda bir şey deyildi, porno filmlərə baxmasa qurtara bilmirdi, sevişəndə də menstruasiya iyi gəlirdi... Amma yenə də Allah rəhmət eləsin!

Afət doluxsunan kimi oldu, dodaqlarını sıxdı, uzun sükutdan sonra üzünü ona çevirdi:

- Sən də hiss eləmişdin o iyi?

Xumar kövrəldi, qadına izah edə bilmədiyi bir doğmalıq duydu, səmimiyyətlə onun saçlarını oxşamaq istəyirdi ki, həkim gəldi.

- Necəsiz?

Afət sadəcə gözlərini qırpdı.

- Çox gəncsiz, bu yaşda menopauza erkəndir, hamısı nevrozdandır, sizə dincəlmək lazımdır. Çox dərman yazmıram, ikisi hələ ki, yetər. Spontan davranışlarınız da menopauzdandır. Dərmanlar özünənəzarətə də kömək edəcək.

Həkim resepti ona uzatdı. Xumar cəld resepti həkimdən aldı, qayğıkeşliklə dilləndi:

- Mən alaram - amma özü də anlaya bilmədi, qayğıkeşliyi içdəndir ya yox.

“Bu yaşda menopauza?” ürəyində sevindi ki, onun başına hələ gəlməyib. Tfu, tfu, göz dəyməsin, menstruasiyam da yaxşıdır”. Amma sevinci tez də ruhsuzluqla əvəz olundu. “Guya menstruasiya qaydasında olsa nə olasıdır, uşaq da doğası deyiləm. Monika Beluççi də menopauzadır, boğazı da qırışlanır, amma vecinə də deyil, əsas qadının gözlərindəki parıltıdır”. Yadına düşdü ki, neçə gündü boynuna qulluq eləmir: ”Əşşi cəhənnəm olsun, əsas parıltıdı, görəsən, gözlərimdə parıltı var?”

Xumar fikirlər içində Afətə geyinməkdə kömək edirdi, arada onun gözlərinə də baxırdı ki, görsün parıltı var, ya yox. Onunsa gözləri ifadəsiz və solğunuydu.

Xumar onun saçlarını daraya-daraya:

- Yaxşı fikrim var, bizdə qalarsan, özünə gələnədək. Evim də dənizə baxır, axşam bulvarda gəzərik, Kukla Teatrına da gedərik, yaxşı tamaşaları olur, darıxmarıq - dedi.

“Kukla Teatrı nəydi, başım xarab olur. Heç olmasa de Yuğ. Yox, bu bədbəxt Yuğa baxsa olan qalan-ağlını da itirər, elə Kukla yaxşıdır.”

***

Afət Xumarın geniş mənzilində özünü rahat hiss eləyirdi. O, iki gündə evin hər küncünü eşələyib, ərindən qalan nəsə axtarmışdı. O “nəsə”nin nə olduğunu özü də bilmirdi. Xumar evdə olmayanda şkafın alt gözündə krujevalı alt paltarları tapmışdı, eynilə ərinin ona xaricdən aldıqlarına oxşayırdı, yox, amma bu bənövşəyi idi, əri ancaq qara sevərdi, dəqiq yadındaydı. Şkafları, çamadanları ələk-vələk eləməkdən yoruldu, sonra da bu fikri başından atdı.

Afət Xumara nifrət edirdi, amma həm də niyəsə dərin bağlılıq duyurdu.

Xumarın yanında qalandan, ərinə qısqanclığını da yavaş-yavaş unudurdu, ümumiyyətlə ərini unudurdu. Əslində Afət ərini sevdiyindən yox, hikkəsindən qısqanmışdı. İndi ona elə gəlirdi ki, ərinə heç vaxt dərin hissləri də olmayıb.

- Bəlkə çiməsən?

- Yaxşı olar. - Afətin səsi hələ də zəifiydi, üzündə laqeydlik vardı.

- Hamamı hazırlayım, çağırarsan belini də kisəliyərəm.

***

Afətin belindən çıxan iri-iri kirlər mavi kafelə qar kimi səpələnirdi.

- Sağ ol, bəsdi. - Afət çönəndə Xumar onun azca sallanan döşlərini görüb qəfildən doluxsundu. Afətin döşləri niyə ona doğma gəldi özü də bilmədi, elə Afətin qucağındaca hönkürdü, döşlərini sığalladı, acgözlüklə əmməyə başladı... Afətin bədəninə xoş, həyəcanlı istilik yayıldı, onu bərk qucaqlayıb xurmayı saçlarını öpdü.

***

Xumar bayaqdan kresloda hərəkətsiz oturmuşdu, bədəni, beyni, ruhu süstləşmişdi. Nəsə duyğusal olmuşdu, hər şeydən kövrəlirdi. Yadına düşdü ki, payızdan bəri menstruasiya olmur. “Deyəsən, menopauza başlayıb axı”. Menopauza olması fikrindən yüngüllük duydu, yorğun təbəssümlə ona çay gətirən Afətə baxdı.

# 2946 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #