Kulis.az İradə Musayevanın “Dünya ədəbiyyatı və bizim “şair” hekayəçilərimiz...” məqaləsini təqdim edir.
Bizə bizim dərddə olan ədəbi qəhrəmanlar gərəkdir...
Hekayələrimizin qəhrəmanı hansı insandır? O insanı kim tanıyır və necə, hansı tərəflərindən özünə, zamanına yaxın sayır? Axı bizim o insana ehtiyacımız var... Özü də nağıllarda, mif və filosofanə deklomasiyalarda yox, birbaşa real həyatla ədəbi-bədii, obrazlı təfəkkürün görüşdüyü yerdə (aktual mövzulu bədii mətndə!) görmək istərdik onu... Həyatımızın axarı, gələcək haqqındakı təsəvvür və ümidlərimiz çox kəskin döngələr, aşılmaz dağlar, keçilməz uçurumlar kulminasiyasına dirənirsə, bizə sərt və çılpaq, bəlkə də naturalistcəsinə təsvir olunan hadisələr əsasında bədiiləşən mətnlər daha çox lazımdır. Bizə özümüz dərddə olan ədəbi qəhrəmanlar gərəkdir. Elə qəhrəmanlar ki, yaraları haqqında oxuyanda ağrını bədənimizdə hiss edək, sevincinin, kədərinin səbəblərini şəxsi yaşantımız kimi izah etmək istəyəndə çaşıb qalmayaq. Müasir nəsrimizdə, xüsusən də hekayələrimizdə mütaliə zamanı yazıçılara qoşulub onların xəyal yolçuluğunda gözlərimizi və beynimizi yorduğumuz hallar çox olur. Onlar dünya hekayəçilərindən fərqli olaraq bizə həyatı və yaşadığımız cəmiyyəti, daxilimizdəki gizli “mən”ləri yox, elə hey öz xəyallarının şəklini göstərirlər... Onların süjetlərinin qəhrəmanı çox hallarda özləri olur və biz müşahidəçi, onların özləri ilə etdiyi söhbətlərin alqışçısı oluruq əksər hallarda... Azərbaycan oxucusu niyə öz yazıçısına səslənib deyə bilmir ki, “Mənə məndən danış!”...
Günümüzün şeir dilli hekayələrində cəmiyyətin obrazı, ictimai düşüncənin bədii şəkli, zamanın adi, ya qeyri-adi qəhrəmanlarının, insanlarının portreti arxa planlı olur, daha çox şəxsi, subyektiv psixoloji durum əks edilir. Elə bir subyektiv durum ki, biz orda yoxuq! Elə bir subyektiv durum ki, zamanımız da orda yoxdur, səs çox uzaqdan gəlir və bizə toxunmadan çox uzaqlara yönəlir...
Bizim müasir ədəbiyyatda az qala nəzmlə nəsr arasında prinsipial fərq aradan götürülüb. Ona görə yox ki, inteqrasiya, assimilyasiya hadisəsi baş verib, qaynayıb -qarışma nəticəsində nəsə modern bir forma, şəkil yaranıb. Ona görə ki, avazlı, poetik təhkiyələrin cazibəsi hekayəçilərimizi şirin dillə ovsunlayıb onları həyatdan, toxuna biləcəkləri, əslində toxunmalı olduqları qaynar hadisələrdən, səsi, nəfəsi hiss olunan insanların yaşantılarından, bir sözlə, ən vacib problemlərdən uzaqlaşdırıb... Klassik ədəbiyyatımızın nəzm ahəngi ilə əhvalat danışmaq ənənəsini hələ də unutmamışıq. Fərq ondadır ki, ahəng qalıb, məna-məzmun fundamentallığı isə itib.
Zamanın sözü, həm də sözün zamanı var! Mən, şəxsən bir oxucu kimi zamanımın ədəbi-bədii inikasında çoxlu problemlər görürəm. Zaman onsuz da öz sözünü deyir (müharibəsi, münaqişələrlə dolu siyasi problemləri, deqradasiyaları, sosial-iqtisadi inkişafı və ya geriləmələri, böhranı, dünyaya inteqrasiya olunan insanlarının dəyişilən xarakteri və s. ilə), amma deyilən sözlər - yazılan əsərlərin böyük əksəriyyəti zamanın sözü, ədəbiyyatı ola bilmir. Ola bilsin, maraqlı süjetlər, diqqətçəkən hekayətlər, əhvalatlar var, lap deyək ki, elə sənətkarlıq baxımından da müsbət qiymətləndirilə bilər, amma ədəbiyyatın ana tezisi - “Zamanın Sözü” ola bilmək hünərinə sahiblənmək missiyasıdır. Hüqonun “Səfillər”ini, Qoqolun “Müfəttiş”ini, Hemenqueyin “Əlvida silah”ını, Kafkanın “Çevrilmə”sini, Remarkın “Zəfər tağı”nı, C.Oruelin “1984”ünü, H.Cavidin “İblis”ini, C.Məmmədquluzadənin “Anamın kitabı”, “Ölülər”ini və başqa bu kimi zamanın “yaxasından tutan” onlarla əsərləri düşünün...
Həmin əsərlərdə zaman sanki yaralı quş kimi yazıçı əlində çırpınır, yazıçılar dünyanı qlobus kimi əllərinin altında hiss edir, zamana hakim olurlar. Zamanın ritmi, ahəngi, süjeti, su kimi axıb getməsi həmin əsərlərin mətnində ustalıqla əks olunurdu. Yazıçı tam gücü ilə zamanın sürət cilovunu, bütün sahələrdə (sosial, siyasi, iqtisadi, mədəni və s.) real mənzərəni rəsm edə bilən sənətkar fırçasını, qələmini əlində möhkəm saxlamağı bacarırsa, arzuladığımız ədəbi-bədii sözün sahibi ola bilir...
Hekayələrdə isə romanlardan və dramlardan fərqli olaraq o böyük həyatın fraqmentləri bədiiləşə bilir. Nəsrimizin hekayə ustası C.Məmmədquluzadənin təhkiyəsində də lirizm, nəzm intonasiyası güclü idi. Amma bu ahəng nağıl, illüziya, ilğım mücərrədliyində itib-batmırdı. Onun nəsr dilinin həzin, poetik ahəngi mətnin məzmunundan doğurdu. C.Məmmədquluzadə zamanla göz-gözə dayanıb yazırdı. Məsələn, Novruzəli avam, Usta Zeynal isə cahil və ətalətli idi, onların davranışları, fikirləri, söhbətləri adamı güldürür, taleləri isə ürəyimizi, qəlbimizi kədərləndirirdi. Və bu insanların mühiti o dərəcədə zülmət, o dərəcədə qaranlıq idi ki, adama elə gəlir başqaları onları görməzdi, C.Məmmədquluzadə sanki onları sırf hissiyatla, əlhavasına tapıb çıxarıb ortaya... C.Məmmədquluzadə bu balaca hekayələri ilə ustanı və ya kəndlini deyil, bir milli psixologiya, bir gözübağlı cəmiyyət modelini təqdim edirdi bizə... Zamanın qaranlıq künc-bucağına əl uzadıb qələminin ucunda əsrinin sifətini özündə cəmləyən ədəbi portretlər çıxara bilirdi. C.Məmmədquluzadə realist idi. Bu adi həqiqətdir, amma ən əsası, C.Məmmədquluzadə sözə, ədəbiyyata cəmiyyətin, millətin təkamülündə əsas rol oynaya biləcək praktik kömək kimi baxırdı. Onun təsəvvüründə ədəbiyyat yalnız estetik həzz deyildi. Həm də cəmiyyətin inkişaf dinamikasında, ictimai şüurun formalaşmasında funksiyası olan tənzimləyici, istiqamətverici bir mexanizm idi...
Onun üçün əsas şərt məzmun, məna, məğz idi. Forma, geyim, tərz öz-özündən qiyafələnirdi. C.Məmmədquluzadə yaradıcılığı, o cümlədən hekayələri sübut etdi ki, ədəbiyyat ekzotik, illüstirativ, xəyali bir məhfum deyil, daha çox praktik, insana, bütövlükdə cəmiyyətə özünütanıma, özünüyaratma prosesi kimi çətin işdə yardımçı ola bilən real güc, köməkdir...
Məqaləmin əvvəlində “Lotereya” hekayəsinə diqqət yönəltmişdim. Bizdən çox uzaq (əslində çox yaxın) bir məkanda, bizə çox yad (əslində doğma) olan bir yazarın (Ş.Cekson) İnsana, onun xislətinə səyahət süjetini izləmişdik. Sonunda kədərlənmişdik, “Nə ağır hekayə oldu bu!” - təəssüfü, əslində, üzümüzə, daxilimizə tutulan rentgen şüasının ortaya çıxardığı dioqnozun sarsıdıcı olması ilə əlaqədar idi. Zaman, məkan və milli mənsubluq baxımından məndən çox uzaq olan bir yazarın yad dilində özümü və ətrafımdakı insanları o qədər asanlıqla, rahatlıqla görmüş, anlaya bilmişdim ki...
Qayıdaq bizə... Bizim çağdaş hekayə müəlliflərinin çoxunda mətnin məzmunu 10-12 cümləyə yerləşə bilir (yəni, 10-12 cümlə ilə məzmunu anlada bilərik), qalanlar isə (məsələn, təxminən 300 cümləlik hekayədə 290 cümlə) havada vurnuxma, təxəyyülün sağa-sola uçuşu, qanadlanıb xəyalat aləminə səyahət etməsi işinə “xidmət edir”. Klassik dünya və Azərbaycan hekayəçilərinin əsərində boşuna, ortada mənasız-mənasız gəzişən cümlə tapa bilərsinizmi? Hər sözü, hər cümləni, hər detalı tərpətdikcə altından fikir seli aşıb-daşır. Çağdaş Azərbaycan hekayələrinin böyük əksəriyyətində isə mütaliəyə başladığımız andan sözlər sel kimi üstümüzə gəlir, yüksüz sözlər...
Öz müəllif subyektivizmindən xilas ola bilməyən hekayəçilər qəhrəmanlarını küncə sıxışdırıb onların da taleyinin, iradəsinin əsil ağası kimi meydanı alır ələ və başlayır hekayənin yeganə qəhrəmanıtək ancaq özü danışmağa. (Problem yaxşı ya pis danışmaqda deyil, təkcə, problem mononitqlərin usandırıcı yekrəngliyindədir həm də...) Bizi, oxucularını isə elə hey gah dağa, gah bağa, gah da sehrli daş, yaralı quş dalınca göndərir. Sonda isə çox zaman hekayədən ya əli boş, ya da tanışdan tanış, təkrarlanan təəssüratlarla çıxmış oluruq...
Bu məqaləmdə ən yaxşı hekayələrimizdən birinə diqqəti yönəltmək istəyirəm. Fəxri Uğurlunun “Dərviş” hekayəsinə... Amma bu ən yaxşı hekayəmizə bir narahat azərbaycanlı və tələbkar oxucu kimi çoxlu suallarım var...
Fəxri Uğurlu istedadlı qələm sahiblərindəndir. “Onun (F.Uğurlunun-İ.M.) bir qəribə hekayələr silsiləsi olub... Mahiyyət etibarilə postmodern hekayələrdir: Leyli və Məcnun, Xosrov və Şirin mövzularında. Bu mövzuda əsərlərə yeni, müasir baxış var onun hekayələrində. Yəni sizə elementar bir detalı deyə bilərəm və siz müasir yanaşmanı qiymətləndirə bilərsiz: Fərhad nəhayət ki dağı çapır. O dağı ki, həyat suyu gətirəcək və Fərhad Şirinə qovuşacaq. O dağı çapır və sel gəlib Fərhadı da aparır, Şirini də, Xosrovu da. Həmin həyat suyu hamısını aparır. Belə baxanda çox sarkastik yanaşmadır. Amma o qədər istedadlı, o qədər dərindən və o qədər sevgiylə yazılıb ki, sən həm klassikaya, həm də qəhrəmanlara sevgini hiss edirsən”. (R.Rövşən)
F.Uğurlunun hekayələri içərisindən ilk oxuduğum “Dərviş”dir.
“Uzunayaq, uzundimdik ağ quş yenə payız şumunun ortasında, boz-qara buludun altında qonduğu yerə qonmuşdu. Yenə gözü göydəki boşluqla yerdəki boşluğun arasında get-gəldəydi. Qatarından azıb qalana, yol tanımayana, ya da heç yolu olmayana oxşayırdı. Çiskində tozu da, hay-küyü də yatan kəndin qırağında, barı köçmüş çöllərdə özünə bir bələdçi, yol yoldaşı, ya da sığınmağa yer axtarırdı. Həyəti dolanıb qapıdan çıxmağa dərvişin hövsələsi çatmadı, quşun gəldiyini görən kimi təndirin böyrünə qoyduğu gödək əl ağacını çalıb götürüb çəpərdən aşdı, yolu keçib arxı adladı, ağacı kürəyinin dalında gizlədə-gizlədə, ayağını qorxuda-qorxuda islanmış şumun içiylə ağ quşa sarı yeridi. Ovuna beş-altı addım qala-qalmaya ovçu ağacını gizlindən çıxarıb quşu nişan aldı. Ağac uzundimdik ağ quşun uzun ayaqlarının bir qarışlığına düşüb qaldı”.
Hekayənin baş qəhrəmanı dərvişdi. Haqqında söhbət gedəndə də adı “dərviş” kimi qeyd edilir. Dərviş bütün ümidini ağ quşa bağlayıb. Əvvəllər uçmaq istəyib, əl-ayağına lələk bağlayıb ağacdan özünü atıb ki, uçsun, alınmayıb. İndi də bu quşa həsrətlə ona görə baxır ki, “Nə ətinə, nə tükünə, nə lələyinə gözü düşmüşdü; dərviş o quşu minib uçmaq istəyirdi”. Hekayət artıq başlanıb. Quş da, balaca oğlan – dərviş də mətnin məzmunu haqqında müəyyən təsəvvürə gəlməyimizə kömək etdi. Oğlan bu quşun belinə minib kəndi, sevdiyi qızgilin evlərinin ətrafını yuxarıdan seyr etmək istəyir. Fəqət quş əldən çıxır. Evə qayıdanda isə deyingən nənəsi deyir:” - Qancığın küçüyü, ta bezdim sənin altını kürüməkdən! Qarnı yanmış anan gələn kimi verəcəm səni qoltuğuna, aparsın…” Hekayənin birinci parçası tamamlanır, biz isə xəyalımızda artıq adını özümüz qoyduğumuz “Ağ quş və balaca oğlan” nağılının davamı haqqında düşünürük. Lirik intonasiya, hətta səcli nəsr dililə, poetik təsvirlər şeir kimi təsir edir bizə: “Buranın havası dərman qoxuyurdu, ağacları zəhərli bar verirdi, gilli torpağı da azarlı günəşi kimi xəstə-xəstə saralırdı, asfaltının boyağı adamının üzünə, soyuğu sözünə çıxmışdı”...
Hekayənin davamı haqqında da məlumat verəcəm, amma bura qədər məni narahat edən məsələ budur: istedadlı bir adam öz hekayəsindəki həyatı nədən zamanın qaynar qazanından deyil, elə hey nağıl, macəra, mif xurcunundan çıxarır? Əlbəttə, mətn içində mətn, sətiraltı fikirlər, klassikanın müasir mətn kontekstində modernistcəsinə improvizəsi, hürufilik, sufilik, rəqəm simvolikası, hərf semantikası və s. bu kimi yozumlarla da təhlil edə bilərik bu hekayələri. Lakin bu gün bu qədər kontrastlı, dramatik, susqun (əslində isə çox gərgin və çoxlu deyəcək sözü olan), ictimai-siyasi həyatı təbəddülatlarla dolu, psixoloji durumu potologiya dioqnozlu bir cəmiyyətin, insanın, fərdin əli qələm tutanı, yazıçısı nədən hələ də bizi nağıl içində nağıl sandıqlarının qapağını açmağa, kilidini qırmağa səsləyir? F.Uğurlunun mətnləri qüsurlu deyil və orada maraqlı tərəflər, yanaşmalar çoxdur. Fəqət, o qələmlə zamanın ədəbiyyatını yaratmaq olmazmı?
“Qara-qara buludları türmə qapısına oxşayırdı, hikkəsindən ağacların yaxasını cıran, yaş paltarı sərgidən alıb aparan zəhərli küləyi quşu vurub göydən salır, zir-zibili göylərə sovururdu. Dərviş qonşunun qara qızıyla həyətdə evcik qururdu. Qurduğunu kənddəki evlərinə oxşatmaq istəyirdi”.
İ.S.Turgenyevin “Ovçunun qeydləri” adlı hekayələr kitabını xatırlayıram... Həzin, sakit intonasiyalı bir dillə nəql edilən və ən əsası əyani şəkildə göstərilən, hərəkətli, canlı, çoxadamlı, çoxtaleli həyat lövhələri... Sevgi də var, mif də, lirik üslublu təsvirlər, təbiət də. Lakin ədəbiyyatın baş qəhrəmanı həmişə insan olur, özü də müasir insan! Tarixə, klassikaya, folklora, mifologiyaya, romantikaya, fantastikaya müraciət də həmin MÜASİR İNSAN naminə olur... O kitabda ki sənin oxucun ancaq səni dinləyir, ancaq sənin şəxsi hisslərinin ifadəsini oxuyur, deməli, sən maraqsız yazıçısan. Həm də mən-oxucu orda yoxamsa, deməli sən yenə də maraqsız yazıçısan...
Turgenev hekayələrini həm də və daha çox sosioloq, ictimai-siyasi düşüncə sahibi, ziyalı, cəmiyyətinin vəkili kimi yazırdı. Ovçu (Turgenyev) hekayələrini otaqda, kabinetdə xəyala dalıb yazmır, kənd-kənd, şəhər-şəhər gəzib əsrinin, dövrünün çeşid-çeşid insanları ilə onları müşahidə edərək təmasda olur. Onların dilini, mimikalarını, düşüncə maneralarını, qarşılaşdıqları anlaşılmaz situasiyaları, tapdanan haqlarını, itirilmiş səadətlərini, sevgi və nifrətlərini, xoşbəxt anlarını - hər şeyi diqqətlə izləyir. Təhlkmçiləri, təhkimliləri, dvoryan-məmur silkini, əsrinin ziyalı obrazını, müflisləşmiş, çox zaman əyyaşlaşmış, simasını itirmiş zadəganları, saxta, pafoslu nitqləri ilə ictimai auditoriyanı alldadıb onların etimadından yararlanan məmurları, rus ailələrində ( eləcə də məişətdə, ictimai səhnəlrdə) dəyişən situasiyaların xarakteri kimi formalaşan qadınları və bütün bu tiplərin bir-biri ilə sosal ünsiyyətini ustalıqla qələmə alır. “Ovçunun qeydləri” kitabnı oxumaq yetər ki, XIX əsrin ortalarında və ikinci yarısındakı rus həyatının cəmiyyət obrazına və ictimai mənzərəsinə bələd olasan. Təsadüfi deyil ki, müəllifin sosial-siyasi həyata, cəmiyyətə bu qədər yaxınlığı, onun real məkandan repartaj aparan şərhçilər, müxbirlər kimi emosional və canlı dili, insanların halına, ümumi vəziyyətinə canıyananlıqla yanaşması onu müxtəlifzamanlı oxucuları ilə doğmalaşdırır. Hətta bir sıra ədəbiyyatşünaslar Turgenyevin hekayələrini sənədli, tarixi, naturalistcəsinə yazılmış hekayələr, bəzən də oçerklər adlandırırlar. “Pyotr Pyotroviç Karatayev”, “ Xor və Kaliniç” və s...
“Dərviş qonşunun qara qızıyla həyətdə evcik qururdu. Qurduğunu kənddəki evlərinə oxşatmaq istəyirdi. Qışdan birtəhər çıxsa da, yaz gələndən dura bilmirdi, elə hey yuxu görür, ayılanda burnuna kəndin iyi dəyirdi; sonra şəhərin soyuq, solğun qoxuları beyninə axıb dolub özgə havaları başından çıxarırdı. İndi bu gilli torpağın üstündə özünə çəpərli-darvazalı balaca bir kənd evi qurmaqdan ötrü əlləşirdi. Bu ev o havanı da gətirəcəkdi.
Bu evin çəpər qonşusu, o qonşunun da bir sarıtel qızı olacaqdı, o qız hər axşam günbatan çağı anasına qoşulub suya gedəcəkdi. Bu evin bir gözü də uzandıqca uzanan, ortasında boynuburuq bir söyüd ağacı göyərən çöllüyə baxacaqdı, o çölə bir ağ quş qonacaqdı…”
Hekayənin dərviş qəhrəmanı qara qızla əl-ələ tutub kəndə qaçmaq istəyir, evdəkilər hay-haray qoparıb polislə onları geri qaytarır. Daha sonra dərvişin məktəb həyatı ilə bağlı nazimanə yazılmış cümlələri oxuyub ötürürük: “Dərvişi məktəbə qoymuşdular. Demişdilər yaxşı oxusan, yayda kəndə gedəcəksən, ona görə də bir dərsin, bir tapşırığın üstündən adlamırdı, hamıdan yaxşı oxuyurdu. Müəllimlər onu barmaqla göstərirdilər, pis oxuyan uşaqlar böyründə yaltaq-yaltaq hərlənirdilər, qızlar başına dolanırdılar. Öz yerini dəyişməzdi, qızların gözəlini yanında oturdardı, bir gözəldən küsəndə onu yanından durğuzub ayrısını çağırardı. Onun yanında oturan qızı oğlanlar incitməzdi, onun yanında oturmayan qız özünü gözəl saya bilməzdi. Dərviş yenə darıxırdı. Dərs öyrənmək ürəyincə deyildisə də, getdikcə daha boynuna düşən birinciliyi əldən verməmək üçün gecə-gündüz oxuyurdu”.
Dərviş böyüyür, amma onun belinə minib uçmaq istədiyi, özü kimi qatarından azıb qalan, yol tanımayan, ya da heç yolu olmayan ağ quş böyümür, bəlkə də ölüb və yəqin ki, o vaxt onun üçün nəhəng görünən quş sağ qalsa da indi onun qurşağınacan olardı. Ümumiyyətlə, dərviş böyüdükcə sanki əvvəllər ona uca, böyük, nəhəng görünən hər şey kiçilirdi. Məsələn, kəndə dönəndə ona elə gəlir ki, evlər yerə yatıb, ağaclar, dirəklər gödəlib, qapılar alçalıb, nənəsi yumaq kimi yığılıb bapbalaca bir qarıya dönüb və s.
Və dərviş o quşdan sinif yoldaşlarına danışır, onların hamısını o quşa doğru səyahətə çağırır, hamısı bir səslə razı olsa da Kərbəla müsibətinin meydanda qalan 72 şəhidi kimi, axırda meydanda təkcə dərvişin özü qalır. Hərəsi bir bəhanə ilə aradan çıxır... “Birinin yadına bazarlıq eləməli olduğu düşdü; o birinin anası evdə yataq xəstəsiymiş; bir ayrısı da axşam atasıyla toya gedəsiydi. Gün batanda şəhərin qurtaracağındakı təpənin başına dərvişdən başqa bircə nəfər çıxmışdı, o da üşüdü, qalın geyinməkdən ötrü evə gedəsi oldu. Dərviş təpənin dikində oturub gözlədi. Gedənin gəlməyəcəyini bilə-bilə axşamın toranında şəhərdən çıxan yollara baxdıqca baxdı. Sonra qaranlıq düşdü, şəhər özü boyda bir işıq dənizinə döndü. Dərviş şalvarının dalını çırpıb özünü bu dənizə atdı”.
Hekayədə çox az dialoq var. Obrazların səciyyəsi əsasən dialoq prosesində aydınlaşır. Amma bu hekayədə müəllifin mononitq pafosundan qurtula bilməməsi onun obrazlarının hamısını sanki eyni dildə danışdırır. Avtobusda yol gedərkən tanış olduğu qızla söhbətinə diqqət edək:
“- Yoxsa öz yolunu seçmisən artıq? Gələcəkdə nə olmaq istəyirsən?
- Allah olmaq istəyirəm.
Qız diksindi, dodagını büzüb qaşını qaldırdı:
- Allah olub özünü kimə tanıtmaq istəyirsən? Yoxsa adamlara üstdən-aşağı baxmaqdı qəsdin?
- Yox, eləcə hamını, hər şeyi bir baxışla, bir yerdə görmək istəyirəm… Bir də bir ağ quş var, o quşu tutmaq istəyirəm”.
Daha sonra başqa bir qızla-sarıtel qonşu qızıyla dialoquna diqqət edək:
“- Nə istəyirsən?- dedi.
Dərviş ayıldı, ayılan kimi özünü itirib dolaşdı, siftə-siftə nəsə uydurub, istədiyini danmaq istədi, ancaq yalan danışmaq ona çətin gəldiyindən düzünü deyəsi oldu:
- İstəyirəm sən dünya durduqca beləcə bulaq üstə gedib-gələsən, mən də dünya durduqca beləcə sənə baxım. İstəyirəm hər döngəni burulanda qarşıma sən çıxasan, hansı qapını döysəm, o qapını üzümə sən açasan.
Sözlər qızın könlünə nuş oldusa da, qızlığının pəncərəsi daş dəymiş kimi çilikləndi, çiliklənib dərvişin əlini-ayağını doğradı.
- Məni ələ salırsan? – qız dedi. – Bir də səni bu yollarda görməyim!..”
“Lotereya” hekayəsinə qayıdaq. Orada yazıçı səsi çıxan, hətta bircə cümləlik replikası olan hər adamın obrazını cızır. Və bu obrazlar mütləq bir-birindən seçilir-həyatdakı insanların özü kimi... F.Uğurlunun hekayəsində isə ədəbiyyatımızdakı bütün nənələrə oxşayan nənədən başqa hamı eyni lirik ahəngə köklənib, danışan hər kəsdən eyni “səs” çıxır...
Dərviş maraqsız obraz deyil. Dərvişin unutmadığı və dərvişi unutmayan qızlar olur. Taleyi elə gətirir ki, xoşbaxt olmaq üçün yox, intiqam almaq üçün mübarizə aparır. Bir yolunu, əqidəsini, arzularının mahiyyətini (Dərviş qisas almağın ən ağrısız yolunu tapmaqdan ötrü xəyalında min bir fənd işlədirdi. Onu döyənləri heç cür bağışlaya bilmirdi. ) dəyişməyə məcbur olan insandır. Ağ quş nağılı hər kəsin içində olur və ölür, doğulur, bitir-tükənir... Həmin sevdalılar öləndə o quş yenidən peyda olur-uzun və əbədi yolda yenidən yoldaş olur insana. Dərviş də dünyayla ilk təmasda, ağlı kəsməyə başlayanda ağ quş sevdasına tutulur. Amma sevgisi müqabilində təpik altına salınanda (qonşu qız ərə gedən gün yolu kəsib gəlinin onunla vağzalı oynamasını tələb edir və möhkəm döyülür), çoxlu yalanlar, saxtakarlıqlarla rastlaşanda içindəki ağ quş ortadan yoxa çıxır və bu oğlan iki hərbi məktəb bitirib həmin şəhərin komendantı olur... Arzusu isə diri qalır:”Ömrünə bir gün də qalsa, uzundimdik ağ quşun qonduğu yerdə özünə dünya quracaqdı, orda bir qala tikdirib bağçasında ağ-ağ quşlar saxlayacaqdı, o quşlar hara uçsa da, qayıdıb ona sarı gələcəkdi”.
Dərviş ölən gün həmin quş yenidən peyda olur. Bu dəfə ağ quş ona dil tökür. “O üzündə gün işaran boz-qara buludun içiylə yanınca bir quş uçurdu:
- Tanıdın məni, - quş deyirdi, - tanıdın?.. Mən də uçmaq istəyirəm, - deyirdi, - məni də apar özünlə, məni də apar…”
Fəxri Uğurlu “Şeyx Sənan”, “Leylinin məcnunluğu”, “İsgəndərin qanunu”, “Peyğəmbər” və s. bu kimi hekayələrində də keçmişdə, klassik mövzu və üslub uzaqlığındadır... Bəlkə bu üslub və yanaşma da bir özəllik kimi nəsrimizə rəng qatır? Amma əgər müəllifin qəhrəmanı və bu qəhrəmanın düşüncələri, sualları, həyat fəlsəfəsi dəyişmirsə necə? Bütün hekayələrdə qəhrəman, tribun nağılçı müəllifin özüdürsə necə? Bütün hekayələrində yazıçıdan başqa publisist, esseist, şair, fəlsəfi düşüncələrini obrazlarına müəllim kimi dedizdirən, təkrarladan “biri” də ona daima yoldaşlıq edirsə və bu “biri” ona (nasirə) çox hallarda mane olursa necə? Çox rəvan, axıcı, az leksik büdcə hesabına rəngarəng dil nümunəsi nümayiş etdirə bilir, fəqət bütün hekayələr eyni ahəngli təhkiyə və bütün qəhrəmanlar eyni emosiyalı dillə danışırsa necə? Şair dili nəsr ərazisini işğal edib hadisə, situasiya, nəsr təsvirləri, təhlilləri, konfliktləri spesifikasını öldürüb monoton ünsiyyət dili sferasında hətta qafiyəpərdazlıq edirsə necə?..
Qəhrəmanlarını qiyafə və sosial status, ad, yaş baxımından dəyişirsə də, hamısının içindən, beynindən, xəyal və arzularından, küskünlüyündən, sevgisindən sanki eyni adam-Fəxri Uğurlu çıxır... Bu qəhrəman dəyişməyəcəkmi?
E.Munronun çox ibrətamiz fikrini xatırladıram: “Yazmağa başlayanda gənc şahzadələrdən yazırsan, sonra evdar qadınlardan və uşaqlardan, sonra isə yaşlı qadınlardan. Heç adam özü də bilmədən bu dəyişiklik baş verir, çünki təxəyyülü dəyişir”. Dünyanın ən gözəl hekayə ustası, nobelçi, Çexova bərabər tutulan yazıçı xanımın hekayə yaradıcılığındakı inkişaf dinamikasını bu qədər sadə şəkildə anlatması bizə çox şey deyir.
Fəxri Uğurlunun qəhrəmanının düşüncələrində, xəyallarında bu günlə səsləşən çox mətləblər çıxarmaq olar ortaya. Lakin onun hekayələrinə bu günə ayaq basacaq, ya da bu gündən onun mətninə daxil ola biləcək qəhrəman, canlı- təkcə gen, ruh qohumları yox, zaman və məkan qohumları ola biləcək –canlı, tanış, müasir insanlar arzuladıq...
Dil problemi olmayan müəllifin mətnində istisna anlaşılmazlıqlar da var. Məsələn, “kürəyin dalı” ifadəsi qeyri-dəqiqdir. “...ağacı kürəyinin dalında gizlədə-gizlədə, ayağını qorxuda-qorxuda islanmış şumun içiylə ağ quşa sarı yeridi”. Və ya, ölü dəfn edilən gün adamların üzünü tük basmır ki... “Dərvişin xatirəsi üzü yas tükü gətirmiş qəmli kişilərin çiynindəki taxta beşikdə bəxtəvər-bəxtəvər yırğalanırdı” və s. /”Ədəbiyyat qəzeti”/