Ümid saman çöpüdür, doktor – Aqşin Yeniseyin şeiri

Ümid saman çöpüdür, doktor – <span style="color:red;">Aqşin Yeniseyin şeiri
23 noyabr 2016
# 12:47

Bu gün mərhum yazıçımız Rafiq Tağının anım günüdür. Kulis.Az bu münasibətlə Aqşin Yeniseyin “Xəstə Şərqin ölümqabağı Rafiq Tağıya dedikləri” şeirini təqdim edir.

Doktor,

Bizimlə bir gündə doğulan canlılar,

Bu gün həyatda yoxdular

Çoxdan ölüb yaşıdımız köpəklər,

Tay-tuşumuz atlar... həşəratlar

Biz

hələ də ayaqqabılarımızın təzəliyiylə

Gizləmək istəyirik ayaqlarımızın köhnəliyini

Dabanlarımızın çat atmış saxsısını

Özünüzü yormayın, doktor

Onsuz da biz

Qan sözündə gizlənmiş qırmızılıqdan qorxuruq

Axıdılan qanlar göz yaşına

Tökülən göz yaşları qana çevriləndə

Başlanır tarix.

Ən çətin günlərində özündən başqa

Yanında heç kim olmur insanın

Biz bunu bilirik

Ümid saman çöpüdür, doktor

Boğulanın əzabını uzadır.

Bu gün küləkli gündür

Qar yağır ağacların açıq yaxasına

Qara adamlar girir küçələrin ağ yuxusuna

Bu gün

Özünü xilaskar bilir hər nəğmə!

Bu gün küləkli gündür

Ağaclar meyvəsindən, tanrılar bəndəsindən

Arvadlar ərindən bərk-bərk yapışıb

Çıxıb getməli gündür.

Bu gün səhər

Evimizi yığışdıran iflic olmuş xəstə anam

Çocuqluqda geyindiyim köynəyi göstərdi mənə

Çocuq olaraq qalmışdı köynək.

Yaxasına tikilmiş üçkünc qorxu duasını açıb

oxudum

İyirmi səkkiz il sonra:

“Mənim balam, üzünü nəyə tutdunsa, gələcəyindir

Arxanı nəyə çevirdinsə keçmişindir

Alnını nəyə söykədinsə, müqəddəsdir”.

Atanın məzarı da atadır!

Ağlamaq deyirsiniz,

Ağlamaq irsidir bizdə

Göz yaşı mənə atamdan keçib

Özünüzü yormayın, doktor

Onsuz da

Həmişə qurbanından yaşca böyük olacaq qatil!

Balıqdan yaşca böyük olacaq balıqçı

Tale insandan,

Ölüm həyatdan yaşca böyük olacaq həmişə

Həmişə

Yaşca sevginin atası yerində olacaq nifrət

Ölkədən yaşca böyük olacaq hökmdar.

Yaşca hamıdan, hər şeydən kiçikdir

həyatın son beşiyidir insan

Buna görə də hər şey hamı

Məni belə amansızlıqla öldürür

Soyuq bir qarışqa giziltisi var sümüklərimdə

Gecəniz xeyrə qalsın, doktor,

Mən ölmürəm

itkin düşürəm!

# 4457 dəfə oxunub

Oxşar xəbərlər

Ədəbiyyat üzrə Nobel mükafatı alan ilk qadın yazıçı - O, özü haqqında nəyi etiraf etmişdi?

Ədəbiyyat üzrə Nobel mükafatı alan ilk qadın yazıçı - O, özü haqqında nəyi etiraf etmişdi?

10:00 16 mart 2026
Vegetarian olmaq faciədirmi?

Vegetarian olmaq faciədirmi?

16:00 13 mart 2026
Tənqidi realizmin ən yaxşı romanlarından biri - Nəşri niyə qadağan edilmişdi?

Tənqidi realizmin ən yaxşı romanlarından biri - Nəşri niyə qadağan edilmişdi?

18:33 11 mart 2026
Ədəbiyyatın teatra çevrildiyi mənəvi ərazidə - Elnarə Akimova

Ədəbiyyatın teatra çevrildiyi mənəvi ərazidə - Elnarə Akimova

17:00 10 mart 2026
Döyüb-söyən valideynlər, yoxsa onlarsız əziyyətlərə dözmək.. - Hansı daha pisdir?

Döyüb-söyən valideynlər, yoxsa onlarsız əziyyətlərə dözmək.. - Hansı daha pisdir?

16:30 10 mart 2026
"Bilirsən nəyin məni bəxtiyar etdiyini..."  - Hədiyyə Şəfaqətin Şumer mətnləri ilə hansı əlaqəsi var?

"Bilirsən nəyin məni bəxtiyar etdiyini..." - Hədiyyə Şəfaqətin Şumer mətnləri ilə hansı əlaqəsi var?

12:00 10 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər