O kitabı oğurladığıma görə anam məni döydü - LAYİHƏ

O kitabı oğurladığıma görə anam məni döydü - <span style="color:red;">LAYİHƏ
11 noyabr 2015
# 08:30

Kulis “Unuda bilmirəm” layihəsindən yazıçı Kənan Hacının yazısını təqdim edir

Bu hadisənin üstündən az qala, 30 il keçib. Uşaqlığımla bağlı ən diri xatirədir deyə o hadisəni heç unuda bilmirəm. Anam dil-ədəbiyyat müəlliməsi idi, mən hələ birinci sinfə getməzdən bütün hərfləri mənə öyrətmişdi, ikinci sinfə gedəndə isə məni kənd kitabxanasına üzv yazdırdı. O vaxtdan məndə kitaba qarşı sonsuz bir sevgi yarandı və bu sevgi bütün sevgiləri üstələdi.

Təxminən 11-12 yaşım olardı. Bizim həyətimiz balaca, darısqal olduğundan çox vaxt futbol oynamağa çəpər qonşumuz Ağaşərif kişigilin həyətinə gedirdim. Ağaşərif kişinin oğlanları məndən yaşca çox böyük idilər, mənimlə də uşaq kimi davranırdılar, xətrimə də dəymək istəmirdilər. Ağaşərif kişi başqa sahədə çalışsa da ədəbiyyata bağlı adam idi, evində zəngin kitabxanası vardı. Qabillə, Hüseyn Ariflə, Salam Qədirzadə ilə şəxsi dostluq münasibətləri vardı. Yay aylarında Qabil tez-tez Buzovnaya dostuna baş çəkməyə gəlirdi və bu gəliş də əməlli-başlı bayrama çevrilirdi. Ağaşərif kişi dostunun şərəfinə gözəl bir süfrə açırdı, ortaya “ceyran südü” gəlirdi, sağlıqlar deyilirdi, hər ikisinin kefi durulurdu, deyib-gülür, şux zarafatlar edirdilər. Qabil mənim canlı gördüyüm ilk şair olub. Sonralar şairin oğlu Mahir Qabiloğlu ilə ünsiyyətimiz yarandı və mən uşaqlığımın Qabillə bağlı xatirəsini ona danışdım.

Amma sözümün canı başqadır. Bir gün necə oldusa, mən Ağaşərif kişinin kitabxanasından bir kitab çırpışdırdım. Kitabın adını da xatırlayıram – Bəxtiyar Vahabzadənin “Sadəlikdə böyüklük” kitabı. Anam Bəxtiyar Vahabzadə poeziyasının vurğunu idi, bəlkə elə bilmişdim ki, şeir kitabıdır, ona görə məhz bu kitabı götürmüşdüm, deyə bilmərəm. Kitabı evə gətirəndə məlum oldu ki, kitabda şairin şeirləri yox, məqalələri toplanıb. Anam qonşunun evindən kitab çırpışdırdığımı biləndə üzümə karlı bir şillə çəkdi. Anamın ilk və sonuncu şilləsi idi bu. Ondan sonra bir daha heç vaxt mənə əl qaldırmadı. Üzüm od tutub yanırdı, valideynlərimin gözündən düşmək mənim üçün ölümdən betər idi. Anam utanmırsan, indidən oğurluq edirsən, dedi və əlavə etdi ki, kitabı tez aparıb yerinə qoyursan və Ağaşərif dayıdan üzr istəyirsən, tez!

Atam həyətin içindən Ağaşərif kişigilin həyətinə qapı açmışdı, bir-birimizin evinə ordan gəlib-gedirdik. Kitabı götürüb dizlərim əsə-əsə qonşunun həyətinə keçdim. Ağaşərif kişi gözə dəymirdi, oğlu Fuad məni görüb yaxınlaşdı. – Nolub, niyə sir-sifətin pörtüb? – deyə soruşdu. Dilim dolaşa-dolaşa dedim ki, bu kitabı sizin kitabxanadan götürmüşdüm, bilmədim, gətirdim, yerinə qoyum. Fuad gülüb kitabı məndən aldı və başımı sığalladı. Bu kitab heç sənin yaşına uyğun deyil axı, dedi. Sonra dedi ki, gedək sənə yaxşı nağıl kitabları verim. Korney Çukovskinin “Doktor Aybolit” kitabını mənə göstərdi və dedi ki, bunu oxumaq istəyirsən? Başımı təsdiq mənasında tərpətdim. Kitabı mənə verdi və dedi ki, bunu sənə bağışlayıram. Evə gəlib anama olanları danışdım, bir də belə şey eləmə, axırıncı dəfə olsun, dedi.

“Doktor Aybolit” uşaqlığımın ən sevimli kitablarından oldu. Timsahın zalım Barmaleyi udmasını hələ də unutmamışam. Həmin kitab indi də qiymətli yadigar kimi kitabxanamda qalır, hər dəfə o kitabı əlimə götürəndə anamın şilləsi üzümü göynədir və qeyri-ixtiyari əlimi üzümə çəkirəm.

# 1042 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #