Qaçqın uşağın babasına məktubu: “Cavan arvadını da gətir Amerikaya”

Qaçqın uşağın babasına məktubu: “Cavan arvadını da gətir Amerikaya”
27 iyul 2015
# 14:11

Kulis Azad Qaradərəlinin “Missisipidən elektron məktub” hekayəsini təqdim edir.

(“Müharibə uşaqları” silsiləsindən)

Salam, baba.

Sənə Amerikadan, Missisipi ştatından, Yazoo sitiydən yazıram. Eşitmişəm, oralar da burdakı kimidir – Razində qaldığınız yataqxananın yanında Aygün sity açılıb. Mübarəkdir.

Bu il mən liseyi bitirirəm. Smokinim də var, buraxılış günü oğlanlar smokndə olacaq, ondan. Qızım da var, adı Luizadır. Bilirsən necə gözəldir? Həm də ağıllı. Yox e, sənin başa düşdüyün kitab oxuyan mənasında ağıllı yox... Belə puldan başı çıxan, diribaş. Ağzımı açan kimi “ok” hazırdır.

Baba, mənim kefim yaxşıdır. Bircə bu papa zəhləmi tökməsə. Sən ona de, qoy məndən əl çəksin. Ayağını dirəyib ki, gərək universitetə girəsən. Deyirəm, ay pa, bax sən universiteti qurtarmısın, nə etmisən? Diplomun bir qəpiyə də dəymədi. Ode, gəlib təzədən mama da, sən də diş texniki kursuna girdiniz, o sertifikatla da beş-altı min dollar qazana bilirsiniz. Bax, mən də girəcəyəm dənizçilik məktəbinə, dənizçi olacam e! Super! Pulu pul, gəzməyi gəzmək, qızlar da öləcək formada görəndə məni. Həyat çox qısadır e, baba. Onun da beş ilini universitetə, beş ilini magistraturaya xərcləsən, daha nə qaldı ki? Bacardıqcan kef çəkmək lazımdır. Bax, səndən xoşum gəlir. Zor kişisən. Nənə xəstələndi, sonra da öldü. Heç bircə il keçmədi evləndin. Müəllimliyi atmısan. İndi biznesə girişmisən cavan arvadınla! Bax, buna deyərəm iş. Yoxsa, papa kimi... Oturub burnunu sallayır, arvadına qoşulub ağlaşırlar. Ay vətən belə, torpaq belə... Düzdü e, baba, o torpaqlar sizə əzizdir, orada doğulmusunuz, ata-babalarınızın qəbri var orda... Amma ay baba, bax, mama demiş, gəl əyri oturaq, düz danışaq, siz niyə orada döyüşüb ölmədiniz? Ona görə ki, o torpaqlar sizə məxsus deyildi! Mama deyir ki, papagil dörd qardaş iki otaqlı evdə yaşayırmışlar. Hələ sən, arvadın da vardınız. Heç kimə ev tikməyə icazə vermirmişlər. Deyir elə daşı daş üstə qoyan kimi sovet sədri Eyyub müəllim gəlib uçururdu, ayağını dirəyəndə polislər tutub səni türməyə salırdı. Hətta sizin qonşunuz Məmmədalı kişi rayon işğal olunan günü oğluna ev tikmək istəyirmiş, gəlib polislər uçurublar, oradan da camaata qoşulub rayondan çıxıblar...

Baba, bizim sinifdə bir oğlan var, adı Edikdir. Onlar da bizim kimi Qarabağ müharibəsundən sonra Amerikaya gəliblər. Müəllimlərimiz ona daha çox hörmət edir, qayğı göstərirlər. Səbəbini soruşanda, deyirlər ki, sizinkilər bunların haqlarını pozub, Sumqayıtda genosid edib, Bakıda evlərindən qovub... Edikə deyirəm, ə adam kişi olar! Biz sizə çox zülm eləmişik, siz bizə? Gülüb deyir ki, ay Aleks, (adım Əli olsa da, burda mənə Aleks deyirlər) nəyinə lazım erməni-müsəlman? Biz amerikalıyıq, cəhənnəm olsun hamısı! İndi ay baba, bu it oğlunun ağzını-burnunu əzim, əzməyim? Amma belə baxanda düz deyir də, ay baba.

Baba, fevralın 25-26-sı özümdən asılı olmayaraq mitinqə çıxmağım gəlir. Burada bizim yüzəcən azərbaycanlımız var. Bir də türklər var. Bizə kömək edirlər. Diasporaya oxşar bir şey qurmuşuq. Hər fevral ayının 25-i bir yerə yığışırıq, plakat-zad yazırıq. Xocalıya dəstək kampaniyası qurub Mississippinin ən böyük şəhəri Jaksona gedib orada mitinqlər təşkil edirik.

Amma baba, ermənilər burada bizdən azdılar. Az olsalar da, onların sözünü daha tez eşidirlər. Bizim ştatın qubernatoru onlara söz verib ki, erməni soyqırımını tanıyacaq. Baba, yüz il əvvəl olmuşmu, olmamışmı soyqırımı ermənilər tanıda bilirlər, amma biz 22 il əvvəl olmuş Xocalı faciəsini niyə tanıda bilmirik? Baba, bu sualların cavabını heç fikirləşmisən? Papaya deyirəm, mənə köhnəlmiş faktlar gətirir, müsəlman-xristiyan məsələsini səbəb kimi dürtür ora... Düzdür e, bu var. Amma o qədər də deyil. Məncə, məsələnin kökündə bizim millət kimi hansısa naqisliklərimiz dayanır. Baba, xahiş edirəm, bu barədə mənim emailimə yaz. Mən atamın, babalarımın buraxdığı səhvləri buraxmaq istəmirəm. Burada, ABŞ-da, Mississippidə, Yazo sitydə elə yaşamaq istəyirəm ki, ingilisə, fransıza, ispana, yəhudiyə, erməniyə qoyulan hörmət mənə və mənim balalarıma da qoyulsun. Mənə və mənim gələcək övladlarıma 3-cü, 4-cü sort millət kimi baxılmasın...

Baba, biznesiniz necə gedir? Gəliriniz yaxşıdırmı? Əgər məsləhət lazım olsa, hazıram. Papanın əli bir az aşağıdır, bu il də gələ bilməyəcəyik. Əgər imkanınız varsa, siz gəlin. Cavan arvadını da gətir, gəzsin Amerikanı.

Baba, papa deyir ki, bizə Qədirin ifasında “Sona bülbülləri”n elektron variantını göndər. “Qarabağ şikəstəsi”, “Şuşanın dağları”, belə şeylər göndərmə, mama onsuz da pozacaq. Papa qulaq asıb ağlayır, ürəyi ağrıyır. Bir də baba, deyirlər, orada bir müğənni çıxıb təzəlikcən, Üzeyirdi, ya nədi adı, dəqiq bilmirəm. Oradakı dostların statuslarından oxudum ki, bütün şəhərin avtobuslarında onu oxudurlar. Deyirlər super bir şeydir. Onu da tapa bilsən, göndərərsən.

Baba, bu il gəlsən, məni görəcəksən, gəlməsən, mən gələn il dənizçilik məktəbinə gedirəm. Oradan da donanmaya. Özümü tutandan sonra indi birlikdə olduğum qızımla – Luiza ilə Alabamaya köçəcəyik. Papagildən aralıda yaşamaq istəyirik. Onsuz da Amerikanın hər yeri bizimçün vətəndir.

Yaxşı, baba. Luizadan mesaj gəldi, görüm nə deyir. Sən də öz cavan xanımına bizdən salam de.

Məktubu və elektron musiqiləri bu ünvana göndərərsən: [email protected]

Bye-bye, baba.

24 iyul 2014

# 1564 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #