Heydər Əliyev Tofiq Abdinə nə demişdi? MÜSAHİBƏ

Heydər Əliyev Tofiq Abdinə nə demişdi? <span style="color:red;">MÜSAHİBƏ
7 aprel 2014
# 13:47

Kulis.Az mərhum şair Tofiq Abdinin Adil Qaçayoğlu və Müsəllim Həsənovla söhbətini təqdim edir.

Bu lent yazısı dostum və həmkarım Tofiq Abdinin vəfatından bir neçə gün sonra üzə çıxdı. Təsadüfən... İllər öncə evin hansısa küncünə atdığım və qəfildən gərəyim olan diktofonu götürüb üstündəki lentin yaddaşını saf-çürük edərkən...

İndi heç cür xatırlaya bilmirəm ki, azı 7-8 il əvvəl Tofiq Abdinin “8-ci kilometr”də, doqquzmərtəbəli binanın doqquzuncu mərtəbəsindəki mənzilində təşkil etdiyi üçnəfərlik xudmani məclisdə bu diktofon hansı səbəbdən işə düşmüşdü?.. Undulmaz jurnalist, mərhum dostum Adil Qaçayoğlu ilə birlikdə mənzil sahibini sorğu-suala tutmaqda məqsədimiz nəymiş?.. Ən maraqlısı odur ki, dərc olunmamış və ya dərc olunması heç nəzərdə belə tutulmayan bu söhbətin əsas mövzusu Tofiq Abdinin şimallı-cənublu Bütöv Azərbaycan qurmaq uğrunda gəncliyində apardığı uğursuz mübarizə, qısa vaxtda “ifşa edilən” antisovet fəaliyyətidir. O, ömrünün bu dövrü barədə uzun illər susmuşdu... Bu məclisdə də çətinliklə danışdıra bilmişdik onu... Necə deyərlər, “yüz qram” – “yüz qram”...

İndi Tofiq Abdin də haqq dünyasındadır, Adil Qaçayoğlu da...

Mənə isə diktafon lentinin yaddaşında yaşayan doğma səsləri dinləmək və o söhbəti yazıya köçürmək qalır...

“Qaranquş” təşkilatı necə yaranmışdı?

– Tofiq, gəl sizin 60-cı illərdəki siyasi fəaliyyətinizdən danışaq. Necə oldu ki, Salyandan gələn cavan uşaq belə böyük bir problemin – Azərbaycanın birləşdirilməsi probleminin “həllinə” girişdi?

– Canım, nə birləşdirmə, nə problem? Cavan idik də... Ağlımız o qədər işləyirdi... Vallah, bu barədə mən durub nə danışım? Yüz qram süzün içək, boş-boş işlərdir...

– Yox ey boş-boş işlər deyil axı...Mən özüm Milli Təhlükəsizlik Nazirliyinin arxivində sənin siyasi fəaliyyətin barədə sənədlər saxlandığını öz gözümlə görmüşəm...

– Tamam, qardaşım, o sənədi götür, yaz də... Niyə yazmırsan? Mən o sənədləri görməmişəm, orda nə demişəm, necə ifadə vermişəm, yadımda deyil...

– O sənədləri mənə də vermədilər, amma qısa bir arayış verdilər ki, bir qrup tələbə, o cümlədən sən “Qaranquş” adlı təşkilat yaradıbsınız...

– Olub... Amma bu barədə mənim özümün danışmağım bir az yaxşı çıxmaz. Təvazökarlıq deyilən bir şeylər var axı.... Yüz qram içək...

Adil Qaçayoğlu: Tofiq, ağ eləmə də... Biz bunu, sadəcə, maraq üçün yazırıq. İstəməsən, heç mətbuata da çıxmaz. Axı nə olmuşdu o illərdə? Səni DTK-ya nəyə görə aparmışdılar?

– Tamam... Vallah, indi dəqiq yadımda deyil, 1962-ci il idi, bəlkə də 63 idi... Tələbə idim, İncəsənət İnstitutunda oxuyurdum. Bakıda bir erməninin evində “kvartirant” qalırdım. Tanqo deyilən bir oğlan var idi, Tanrıquqlu. O da Varkuta deyilən bir yerdən gəlmişdi. Onda mən heç bilmirdim bu Varkuta hardadır. Nə isə, bu uzun bir işdir ey, heç danışmağın yeri yoxdur... Gəlin, araq içək...

– İçərik, tələsmə, sən danış. Mən süzürəm...

– Qısa danışacam. Tanqo gəldi, o da dedi, ə, siz burda nə işlə məşğul olursunuz? İsa (İsa İsmayılzadə – M.H.) nəsə dedi, mən də mızıldandım ki, şeir yazıram. Dedi, əşi, şeir yazmaq balaca şeydi? Sonra da dedi ki, siz niyə bu erməninin evində “kvartirant” qalırsınız? Belə-belə söhbətlər... Mən də çox gec ayılmış uşaq kimi hiss edirdim özümü. Elə bilirdim, bunlar məndən çox qabaqdadır. İsa da, Tanqo da... Tanqo bir az yaşlı idi bizdən. Məlum oldu ki, Tanqo, doğrudan da, bizdən biliklidir. Nə isə, söhbət elədik, görüşlərimiz oldu, sonradan belə söhbət alındı ki, gəlin, bir təşkilat yaradaq. Heç dərinə getmədən, elə zarafat-zarafat dedik bir təşkilat yaradaq. Dedilər, elə Tofiqdə yazı makinası da var, onda çap edərik yazıları. Elə bu evdə toplaşmağı qərara aldıq. İndi yadımda deyil, hardasa 10-a yaxın iclasımız oldu. Getdik 5-6 adama müraciət elədik. Bəziləri rədd elədi, bəziləri bizi lağa qoydu.

– Sizə qoşulmaq üçün müraciət edirdiniz?

– Yox, kömək üçün. Yəni bizim təşkilata kömək eləsinlər...

Adil Qaçayoğlu: Kimlərə müraciət etdiniz?

– Əşi lazım deyil... İndi nə fərqi var ki... 50 qram araq süz, sən Allah...

– Hər halda maraqlıdır...

– Yox ey... İçək...

– Bəs sizin təşkilatda kimlər var idi?

– Mövlud (Mövlud Süleymanlı – M.H.) iştirak edib bir az. Dəqiq adları indi xatırlamıram. Orda, əsasən, kənardan adamlar gəlirdi. Tanqo var idi, Bağır var idi...

– Hansı Bağır?

– Ə, bilmirəm ey, onun haqqında sonra film də çəkiblər... Bağır Bağırov...

– Sonra nə oldu?

– Sonra nə olacaq? İclaslar-miclaslar...

– Məqsədiniz nə idi?

– Şimali Azərbaycanla Cənubi Azərbaycanı birləşdirmək...

– Nə təhər birləşdirirdiniz Azərbaycanı?

– Vallah, onu nə təhər birləşdirirdiz deyəndə... Öncə düşündük ki, rusları burdan çıxarmaq lazımdır... Yəni bir müstəqil Azərbaycan olmalı idi, bizim fikrimizcə. Mənim bir dayımoğlu vardı, bulvarda “Sadko”ya girəndə bağırırdı ki, bu ruslar nə gəzir burda? Əslində, mən özüm elə düşünmürdüm, hətta bir rus qızı ilə dostluq edirdim... Yəni rusları burdan çıxarmaqla bu ölkəni tam azad edəcəyik deyə bir düşüncə yox idi mənim ağlımda. Amma müstəqilliyin ilk elementi olaraq fikir var idi ki, ruslar burdan getməlidir... Ermənilər haqqında onda heç təfəkkür yox idi...

– Nə əcəb? Axı ermənilər tarixən...

– Yox... Biz erməninin evində “kvartirant” qalırdıq... Düşünürdük ki... Vallah, bilmirəm, bəlkə başqaları başqa cür düşünüb, amma mən belə düşünürdüm...

– O ev harda idi? Təşkilat yaranan erməni evi?

– Mirbəşir Qasımov küçəsi, 24-də, keçmiş 2-ci Sverdlovsk...

– Neçənci il idi?

– 62-ci il, mənim tutulmağım məncə 64 idi, yadımdan çıxıb, vallah. İncəsənət İnstitutunun 2-ci kursunda idim. Apardılar bizi KQB-də danışdıranda köntöy-köntöy suallar verdilər...

– Kim apardı, nə vaxt apardı?

– Məndən qabaq uşaqlardan bəzilərini çağırıb danışdırmışdılar. Mövludu aparmışdılar, Tanqonu aparmışdılar...

– Kim axı?

– Səfər adlı bir KQB işçisi idi... O danışdırırdı...

“KQB”də sorğu-suallar

– Nə sual verirdi?

– Məsələn, sual verirdi ki, öz şairlərimiz qala-qala Nazim Hikməti niyə oxuyursan? Deyirsən, kimlər var idi o təşkilatda. İndi yavaş-yavaş yadıma düşür: Bəhlul (Bəhlul Abdulla – M.H.) idi, Mövlud idi, sonra o Sovet Ministrdə bizdə bir oğlan işlədi ey sonralar... Əsgər..

– Əsgər Məmmədov?

– Hə-hə... O da var idi. O ətrafda olanları deyirəm. Ora toplaşanları... Biz neyləyirdik ki? Novruz bayramlarını qeyd eləmək, bu hadisələri müzakirə eləmək... Adamlar da dəyişirdi, daimi adam yox idi, gəlirdilər, gedirdilər...

Bu yaxınlarda o Bağırı görmüşəm, deyirəm, Bağır, sənin yadındadır də, o vaxt bizi iki nəfər satdı? Deyir hə, yadımdadır, biri mənim dayımoğlu idi, Xarici Dillər İnstitunda oxuyurdu. Vallah, əslində, mən orda aparıcı şəxs də deyildim. Sadəcə, uşaqlar mənim yaşadığım evdə toplanırdılar. Günün birində tutulma da ola bilər deyə düşünürdük...

– Yox, Tofiq, yəqin heç sənin ağlına da gəlməyib ki, sizi tutarlar...

– Yox-yox, ağlımıza gəlirdi... O vaxt KQB-nin Mikayıl Müşfiq haqqında, Hüseyn Cavid haqqında elədiklərini bizə elə anladırdılar ki...

– O vaxt bunları sizə kim anladırdı, ay Tofiq. 60-ci illər... Sovet hökuməti...

– Dərnəyə gedirdik, Kələntər deyirdi (Kələntər Kələntərli- M.H.), “Gənc qələmlər” dərnəyi vardı, orda deyirdilər. Məsələn, “Pillələr” romanı haqqında danışırdıq, hər şeyi deyə bilmirdik, onda deyirdilər bunları niyə deyə bilmirik... Nə isə, bizim uşaqları bir-bir aparırdılar. Aparıb danışdırırdılar. Sonra da yoxa çıxırdılar...

Adil Qaçayoğlu: Nə mənada yoxa çıxırdılar? Tuturdular?

– Yox, sadəcə, o uşaqlar bir də gəlmirdilər bizim yığıncaqlara... Hamı bir-birinə xəbər verirdi ki, filankəsi KQB-yə çağırdılar. Mən də düşünürdüm ki, bir gün də məni apara bilərlər...

– Qorxmurdun?

– Qorxmaq belə idi də... Düşünürəm ki, məni götürüb aparacaqlar, 37-ci ildə Müşfiqin başına gətirilənlər dururdu gözümün qabağında... Səhər-səhər key kimi durub gedirəm “Komvolnı” kombinata və düşünürəm ki, bu gün məni apara bilərlər... Balaca qardaşım da mənim yanımda idi. Evə gələn kimi qardaşımdan soruşurdum ki, bura adam gəlməmişdi? Məsələn, çayxanaya gedirik, deyirlər, filankəsi aparmışdılar, biri deyir, biri demir nə soruşdular orda. Belə bir zaman idi...

– Bəs səni necə tutdular?

– Bütün bunlar kimə maraqlıdır ey indi? Azərbaycan neçə illərdi müstəqildir. “Podumayeş”, bir Tofiq Abdin olub, təşkilat qurublar... Çörəyinizi yeyin, arada araq süzün...

– Maraqlıdır, səni KQB-yə necə apardılar?

– Mən dedim də, “Komvolnı” kombinatda işləyirdim... Orda erməni “otdel kadr” var idi – Dumanyan. Nəsə bir seçkilər var idi. O zaman mən həm də stadionda diktor işləyirdim. Dumanyan mənə dedi ki, Tofiq, bilirəm, sən institutda oxuyursan, savadlı olarsan, biz təbliğat üçün məntəqələrə adamlar göndəririk. Gəl, səni də göndərək, həm pul alarsan, həm də işdən bir az ayrılarsan. Mənim dalağım sancdı ki, bu məntəqə söhbətinə oxşamır. Növbəti gün işə gəldim, kombinata. Kombinatın girişində Dumanyanı gördüm. Özüm də həyəcan içindəyəm. Dumanyan kombinatın girəcəyində bir otaq var idi, orda oturdu. Mənə dedi buralarda ol. Həyəcan içində gəzirəm. Təxminən 10-15 dəqiqə sonra bir qara “QAZ-24” gəldi. Maşından 2 nəfər düşdü, Dumanyanın otağına girdilər. Ayrı söhbət olmadı, Dumanyan dedi budur... Mənə dedilər bizimlə gedəcəksən.

Mənim heç bir müqavimətim-zad olmadı. Hərəsi bir tərəfimdə oturdu, maşın tərpəndi. Maşın gəldi çıxdı KQB-nin binasına – indiki Sərhəd Qoşunları olan binaya...

– Və anladın ki, bura KQB-dir...

– Müsəllim, canın üçün, Mətinimin canıyçün, bir var adam şoka düşür, bir də var o şokun içərisində olursan. Anlayırsan ki, KQB-nin binasına girirsənsə, ya burda səni öldürə bilərlər, ya da tuta bilərlər. Amma məndən qabaq uşaqları danışdırıb buraxmışdılar deyə, bir inam var idi ki, bizi tutmaq niyyətləri yoxdur.

KQB işləyirdi ey, özü də qəribə işləyirdi. İki nəfərlə oturub çay içibsən dünən çayxanada, orda soruşurlar ki, sən çayxanada belə deyibsən...

– Yəni öz dostların, oturub-durduğun adamlar?

– Bəs nə? Gedin, Sabir Rüstəmxanlıdan soruşun. O gün mənə elə bir fakt dedi ki, dedim ay Allah mənim həyatımdan bu faktı Sabir hardan bilir? Deyəsən, bunu da o illərdə ora çağırıblar, mənim haqqımda da soruşublar...

“KQB-nin binası qəribə bir labirintdir...”

– Bəs sonra?

– Sonra nə olacaq? “Dopros” başlandı. O da uzun bir şey ya... Adamın canını üzən bir şey... Müstəntiq mənə axmaq-axmaq suallar verir. Yanımızda da bir yaraşıqlı ucaboy oğlan dayanıb. Ha düşünürəm ki, mən bu oğlanı harda görmüşəm? Sonradan yadıma düşdü. Bu oğlan boks üzrə idman ustası, bir tatar balası idi. Sonradan məlum oldu ki, bu, orda hamının başının üstündə durub. Yəni bir artıq-əskik söhbət olsa vursun, tapdalasın bizi...

– Bəs suallar nə idi?

– Neçənci ildə gəlmisən Bakıya? Harda işləyirsən, harda oxuyursan? Mən ölüm, Müsəllim, süz, 20 qram içək, yoruldum... Siz jurnalistikaya 80-lərdən gəlibsiniz. Amma məndən soruşsanız ki, jurnalistikanı kimdən öyrənmisən, mən deyərəm İlya Erenburqun “Qodı, lyudi, jizn” kitabından...

– Tofiq, Erenburqun kitabını o vaxt sən hardan almışdın? Salyandan?

– Onda burdaydım, Bakıdaydım artıq. 1960-dan burdayam. İnstituta girə bilmədim, “Komvolnı” kombinata işə düzəldim və burda qaldım.

– Qayıdaq KQB-yə...

– Hə... Suallar verirlər də... Allah eləyə mənim özümü indi KQB-yə buraxalar, o sənədlərlə tanış olam. Bəlkə mən özüm də orda kimisə satmışam? KQB-nin o vaxtkı binasına girirsən... Ora qəribə bir labirintdir... Dar bir labirintdir. Labirintlər arasında otaqlardr. O labirintdə səni bu qapıdan o qapıya təhvil verirlər. Əvvəl bir adam aparır, sonra təhvil verir o birinə... Suallar... Nazim Hikmət... Niyə sən rus qızı ilə dostluq edirsən, axı sən onunla evlənməyəcəksən...

– Ağ eləmə, Tofiq...

– Sənin canın üçün, elə belə də dedi... Hələ bunlar mənim ağlımda qalanlardır... Söhbət axşama qədər uzandı. Gözaltı saata baxdım. Gördüm 5-dir. Həmin axşam stadionda “Krılya Sovetov” “Neftçi” ilə oynamalı idi. Mən gedib komandaların siyahısını götürməliydim, elan etməliydim, gördüm, artıq bu oyuna çatmayacam... Arada günorta kolbasa idi-nəydi verdilər ki, bunu da ye. Yazdılar-pozdular və dedilər gedirik. Uzun bir koridor, bu ona təhvil verdi, o buna təhvil verdi, binanın dəniz tərəfdə bir otağına çatdıq. Gördüm, içəridə yaraşıqlı bir adam oturub, hərbi formada. Rütbəsini də anlaya bilmədim. Dedi, gətirin. Məni içəri saldılar. Başımı saldım aşağı. Kağızları qoydular onun qabağına... Bir azdan başını qaldırıb, – bu günkü kimi yadımdadır, dedi: Siz nə istəyirsiniz? Yavaşca dedim ki, vallah, heç nə istəmirik. Bir də qayıtdı ki, axı siz nə istəyirsiniz? Mən bu dəfə başımı bir az da aşağı sallayıb susdum... Bugünkü kimi yadımdadır. Dedi, 1937-ci il olsaydı, sizin hamınızı güllələyərdilər. Ata-ananızın da sizi tələb etməyə haqqı olmazdı. Bir də kağızlara baxıb dedi. Bala, get dərslərini oxu... Aparın...

Koridora çıxanda yenə də anlamadım ki, məni indi hara aparacaqlar. Bircə ağlımdan o keçdi ki, axı atamın nə günahı var, mənim bu işlərdə nə işim var idi? İndi məni aparacaqlar, sonra atamı tutacaqlar. 37-də belə olduğunu bilirdim... Qapıya çatanda dedilər ki, bu qapıdan çıx... Çölə çıxanda anladım ki, buraxılmışam. Saata baxdım ki, artıq futbol başlayıb, stadiona getməyin mənası yoxdur. 3-4 gün sonra məni sorğu-suala tutan adam çağırdı. Dedi ki, bizimlə işləyərsən? Dedim başa düşmədim, necə? Həqiqətən, heç nə anlamırdım. Kənddən gəlmiş uşaq necə ola bilərdi? Dedim, vallah, mən anlamıram sizinlə işləmək nə deməkdir? Məndən ağlı bir şey kəsmədi və dedi yeri çıx get, dərsini oxu...

1972-ci ildə turist kimi xaricə gedəndə anladım ki, mənim bioqrafiyamda qara bir şey tapmayıblar ki, məni xaricə buraxırlar...

– Hara gedirdin?

– Rumıniya, Bolqarıstan... Rahat gedib-gəldim... Amma o zaman dəqiq yadımdadır ki, komsomolun katibi var idi, Pavlov, onun məruzəsində bizim təşkilat haqqında qısa bir cümlə getmişdi: “Nekie studentı Azerbaydjanskoqo Qosudarstvennoqo Universiteta” – çünki bizə qoşulan tələbələrin çoxu universitetdən idi, – “sozdali krujki”... nə bilim nə... Müsəllim, qardaşım, bu işdə bilirsən ən maraqlısı nə idi?

“Bizi onda Heydər Əliyev xilas edib...”

– Nə idi?

– Deyirəm e, məni apardılar bir kabinetə, hərbi formalı bir adam oturmuşdu. Axırda da dedi, aparın bunu... Bilirsən, o adam kim idi?

– Kim idi?

– Allaha and olsun, aradan neçə illər keçəndən sonra televizorda görəndə anladım ki, həmin adam Heydər Əliyev imiş. Bilmirəm, onda idarə rəisi olub, müavin olub... Onda bizi tuta bilərmişlər. Ən azından institutdan çıxara bilərmişlər. Bunları mən sonradan anlamışam. Bizi onda Heydər Əliyev xilas edib. Ona görə mənə dedi ki, bala, get dərsini oxu. Bilirsən, baxıblar ki, bunlar uşaq-muşaqdır... Bunlardan hökumət dağıdan olmaz... Sadəcə, bizi bədbəxt də eləməyiblər, söhbət bundan gedir.

Adil Qaçayoğlu: Tofiq, sonradan Milli Təhlükəsizlik Nazirliyinə gedib o sənədlərlə tanış olmadın?

– O vaxt Rafaelə (Rafael Hüseynov – M.H.) dedim, mən nə təhər edim bu KQB-yə girim, ən azından öz dosyemə baxım ki, məndən nə soruşublar, mən nə cavab vermişəm. Məndən qabaq ora aparılan insanlar o qədər gözəl informasiya vermişdilər ki, yəni o dərnək nəydi, kimlər yığışırdı, siz nə istəyirdiniz...

Açığını deyim də, bizim uşaqlar adam göndərmişdi Bəxtiyar Vahabzadənin yanına, o da demişdi ki, sizin başınız xarabdır... Və eyni dəstə getmişdi Xalid Əlimirzəyevin yanına. Xalid Əlimirzəyev demişdi, mən sizə hər cür yardım edərəm. Bilmirəm, bunlardan hansı daha haqlı idi? Bəlkə Bəxtiyar Vahabzadə daha haqlı imiş? O vaxt Xalid Əlimirzəyevin cavabı bizə daha milli gəlirdi...

– Niyə Bəxtiyar Vahabzadə, niyə Xalid Əlimirzəyev?

– Biz düşündük ki, öz içimizdə qaynamaqla bir iş görə bilməyəcəyik. Nə qədər yığışıb Xəlil Rzanın şeirini müzakirə etmək olar? Nə qədər danışmaq olar ki, Cənubi Azərbaycanla birləşməliyik? Nə bilim, biz azərbaycanlıyıq, türk-zad söhbəti yox idi onda... Bizim yarımız o taydadır... Bunu nə qədər danışmaq olar? Dedik, bəlkə gedək bir yuxarılara müraciət edək. Yuxarılarda da seçilən iki adam var idi. Bəxtiyarın da o zaman çox milli şeirləri var idi... Mən getməmişəm onların yanına, onların yanına gedənlər gəldilər, dedilər söhbət belə oldu... Amma o yadımdadır ki, o vaxt bizim bəzi qələm dostlarımız bizi ələ salırdılar...

– Bəs sizi kim satdı?

– Mənim evimdən şeirlərimi aparıb KQB-yə verən adamı da tanıyıram. Həmən bu balkonda, 1984-də, ya 85-də, – Aydın Abdullayev var idi, yadınıza gələr, – Eldar Baxış rəhmətliklə gəlmişdilər... Mənim bunları deməyim axmaq bir şeydir. Mənə, məsələn, Nəriman Əbdülrəhmanlının bir abzası ləzzət eləyir, o yazır ki, bəs bütün o hadisələr Tofiq Abdinin evindən çıxıb. Yəni bu barədə mənim danışmağım qeyri-təvazökar çıxır ey, qurban olum, məni düz başa düş... Aydın Abdullayev, Eldar Baxış, deməli, möhkəm içmişik, bu balkonda mənə dedi ki, sənin şeirlərini filankəs gətirdi verdi KQB-yə, bax yediyimiz bu çörək haqqı... Bu həmin 60-cı illərin əvvəlinin söhbəti deyil ha... Çox sonralar olan söhbətdi...

– Tofiq sənin KQB-yə hansı şeirlərini aparmışdılar ki?

– 1966-67-ci illərdə, məsələn, mən Lenin haqqında şeirlər yazmışdım. Məsələn, orda mənim bir şeirim var idi – “Leninlə qohumluğum”. Məzmunu bundan ibarətdir ki, atama atası deyərmiş ki, Lenin sənin babandır. Mənə də atam dedi ki, Lenin sənin babandır. Mən də oğluma deyəcəm ki, Lenin sənin babandır. O da oğluna deyəndə artıq biz görəcəyik ki, Leninlə qohumluğumuz qalmayıb... İndi yazmağa nə var? O zaman belə şey yazmaq dəhşət idi. Yaxud Mirzə İbrahimovun “Gələcək gün” romanına bir şeir yazmışdım – “O gün nə vaxt gələcək?”. Bu şeir heç yerdə çap olunmamışdı, çap oluna da bilməzdi. Mən onu Tofiq Mütəllibovun dərnəyində oxumuşam. Bu şeir KQB-yə necə gedib çatmışdı, bilmirəm...

– Şair, məsələn, 40-cı illərdə İsmixan Rəhimov, Gülhüseyn Hüseynoğlu və başqalarının olduğu bir antisovet təşkilat da olub. Sizin ondan xəbəriniz var idimi?

– Yox, nə ondan xəbərimiz olub, nə də bizimlə paralel leytenant Şmidt zavodunda da bir təşkilat yaranıb, nə də ondan xəbərimiz olub... Mənim şeirlərimi apardılar, bir də makinam var idi, əski bir makina idi, onu da mənə kirvəm vermişdi, onda kirvə deyildik, o vermişdi ki, yazı-pozu ilə məşğul olum... Niyə apardılar o makinanı? Mən evdə olmayanda uşaqlar orda müraciətnamə yazmışdılar. KQB də müəyyən edib ki, o yazı mənim makinamda yazılıb...

Vahid Azərbaycan ideyasına aparan şeir...

– Sizdə Azərbaycanı birləşdirmək istəyi nədən yaranmışdı?

– Xəlil Rzanın şeirlərindən...

– Başa düşmürəm. Necə?

– Əşi o vaxt onun məşhur şeiri var idi:

Şəbu-hicran, yanar canım,

O sahildə, bu sahildə...

Tökər qan çeşmi-giryanım

Oyadar xəlqi əfğanım

O sahildə bu sahildə.

Qoy birləşsin bir can olsun,

Vahid Azərbaycan olsun...

Bilirsən, o vaxt bu şeir nə demək idi? Dəhşət idi!

Mən indi öz arxivimə baxıram. Ora “Üzü o taya” deyə bir poemam var. 64-65-ci illərin poemasıdır.

– Harda çap olunub?

– Heç yerdə! Ə, o zaman onu kim çap edərdi? Həmən poemanı dərnəkdə Tofiq Mütəllibov mənə oxudurdu, Kələntər oxudurdu, vəssalam. Nə çap? Bu yaxınlarda Kələntər mənə deyir, indi bilirəm, deyir onu çağırıb deyirlərmiş ki, niyə sən Tofiq Abdinə icazə verirsən dərnəkdə elə şeirlər oxuyur... Sən demə, mənə görə onu da incidirmişlər. Bilmirəm, bəlkə Anar müəllimi də çağırıb danlayıblar, “Qobustan”da işlədiyimiz illərə görə, nə bilim?..

– Maraqlıdır...

– İndiki kimi yadımdadır, o yediyin çörək haqqı... Mən Fərhad Bədəlbəyli haqqında bir yazı yazmışdım. Orda belə bir ifadə var idi ki, rus mətbuatında Fərhad Bədəlbəylini “sovetski pionist” kimi təqdim eləmişdilər. Mən də bir yazı yazmışdım ki, nədən sovetski pionist? Mən deyirdim ki, bunu yazın Azərbaycan pianoçusu, amma sovet musiqi məktəbinin yetişdirməsi... Bu, 70-ci illərin söhbətidir.

Mənim indiki kimi yadımdadır, o vaxtlar “Literaturnaya qazeta”da bir yazı çıxmışdı, Belyayev familiyalı bir şərqşünasın yazısı idi...

Adil Qaçayoğlu: İqor Belyayev? Biz sonralar onun yazılarını maraqla oxuyurduq...

– Hə-hə... “Litqazeta”da işlədi uzun illər. O bir dəfə yazmışdı ki, Heydər Əliyev 19 yaşı olanda Cənubi Azərbaycanla Şimali Azərbaycanın birləşməsi məsələsi barədə düşünüb. Bu yazını mən öz gözlərimlə oxumuşam. Yəni o vaxtlar belə söhbətlər gedirdi deyə biz də ruhlanmışdıq. Nə isə mətləbdən uzaqlaşdıq... Bir tikə yemək yeyin də..

– Tofiq, bir dəqiqə səbr elə... Sən bunu dedin mənim yadıma bir şey düşdü. 80-ci illərin ortaları idi, 83-84 olardı. Moskvada Nəbi Xəzrinin yubileyi keçirilirdi, ya yaradıcılıq gecəsiydi... Heydər Əliyev də onda Siyasi Büronun üzvü idi və gəlib o tədbirdə oturmuşdu. Orda Nəbi Xəzri Cənubi Azərbaycan mövzusunda şeirlər oxudu. Mən onda bir az üşürgələndim ki, Moskvada, Siyasi Büro üzvünün iştirak etdiyi məclisdə bu mövzuda danışmaq olar? Deməli, olarmış... Və bütün bunlar təsadüf deyilmiş. Bu mənim yadımdadır...

– Olub belə şeylər, qardaşım, gizlətməli deyil bunlar. Məsələn, mən bilmirəm əfsanədir, həqiqətdir, amma o vaxt belə bir söhbət də var idi ki, 60 neçənci illərdə... Mənim yadımdadır, Heydər Əliyev birinci katib olanda, ya ondan əvvəl, yenə də Dağlıq Qarabağ söhbəti qalxıbmış. O vaxt bunu lətifə kimi danışırdılar. Ordan zəng edib DQMV-nin katibi Heydər Əliyevə, deyib ki, bunlar ayağa qalxıblar, Ermənistana birləşmək istəyirlər. Heydər Əliyev deyib lap yaxşı. Orda nə qədər əhali var? Deyiblər, məsələn, 100 min. Heydər Əliyev deyib ki, o qədər adama neçə avtobus lazımdır? O da deyib, məsələn, 600 avtobus. Deyib 600 avtobus gətirin Stepanakertin mərkəzinə, mindirin onları getsinlər Ermənistana. Bununla da söz-söhbət kəsilib...

Adil Qaçayoğlu: Maraqlıdır...

Məhərrəmoğlu imzasına qadağa

– İnna Rudenkonun “Komsomolskaya pravda”da bir məqaləsini oxumuşdum. Ukraynadan bir qız haqqında, çox təsirli bir yazı yazmışdı. O qəhrəmanın ardınca mən Ukraynaya getdim. Ora gedəndə Abbas Abdulla mənə dedi ki, ora gedirsən, al bu adresi, qalmağa yerin olsun. O vaxt Ukraynada bizim dövrlərin bir dissidenti var idi – Marçenko. O sonralar Bakıya da gəlmişdi. İndi Abbas Abdulla deyir ki, o bura gəlibmiş ki, biz kömək edək burdan İrana keçsin, ordan da xaricə... Bu da alınmamışdı. Saxarov onun haqqında danışmışdı. Abbas mənə adres verdi, getdim orda Marçenkonun anası ilə görüşdüm. Özü tutulmuşdu. Ordan da başqa şəhərə Rudenkonun qəhrəmanının ünvanına getdim. Ən müsibəti nə? Ordan gəldim Moskvaya. Bolşoy teatrın qarşısında dayanmışam bilet almağa, bir də gördüm çiynimə bir əl toxundu, Mətinimin canıyçün, – çevrildim, gördüm bir rus. Dedi “Vı Tofik?” dedim, “da”. Dedi Ukraynada filan ünvanda olubsunuzmu – Marçenkonun ünvanını dedi. Abbas da burda mənə demir ki, ə, zalım oğlu, Marçenkonun evinə nəzarət edirlər, mən nə bilim?.. Sonra da əlavə elədi ki, “elə düşünməyin ki, biz sizi tanımırıq” deyib çıxıb getdi... Onda anladım ki, bu nə deməkdir. KQB belə işləyirdi...

Bu yaxınlarda Nazim Hikmətin gözəl bir ifadəsini oxumuşam, yazıb başımın üstünə vurmuşam: Moskvada uzun müddət yaşayandan sonra İlya Erenburqa deyib ki, “mən inanmağı yadırğadım, mən başa düşməyi öyrənirəm”. Dəhşətli bir şeydir ey...

Adil Qaçayoğlu: Yaxşı fikirdir ey, başa düşməyi öyrənirəm...

– 8 il mən Türkiyədə beləcə yaşadım... Bəsdir ey, 20 qram içək...

– O illərin qəribə qaydaları var idi. İndiki cavanlar çox şeydən xəbərsizdir. Elə bilirlər elə yaşamaq, yazmaq-yaratmaq həmişə indiki kimi sadə olub...

– 78-ci il olardı. Xeyrulla müəllim var idi, onda Mərkəzi Komitənin təbliğat şöbəsinin müdiri idi. Onda bir rus qadın götürüb Mərkəzi Komitəyə “donos” yazmışdı ki, Tofiq Abdin arvadını döyür, hardansa pul qazanıb maşın alıb. Xeyrulla müəllimin yanına getdim, dedi, birillik maaşın haqqında arayış gətir. Mən də getdim radiodan bir arayış aldım, orda veriliş aparır, yaxşı pul alırdım, “Qobustan”dan arayış aldım... Sonralar Xeyrulla müəllimdən soruşdum, nə məsələ idi? Dedi, bəs filankəs səndən şikayət yazmışdı... Fikir vermə...

Çox qəribədir, o vaxt Həsənoğlu imzası var idi, Məsud Əlioğlu var idi. Amma mənim Məhərrəmoğlu imzama Mərkəzi Komitədə irad tuturdular. “Mirza İbraqimov, Suleyman Raqimov. Çem ploxo zvuçit? A tut Maqerramoqlu?” ...

Mən kitabımı, heç olmasa, Tofiq Abdin imzası ilə buraxmaq istəyirdim. İcazə vermədilər. Kitabı Tofiq Abdinov imzası ilə buraxdılar, a kişinin oğlu!!!! Abdinov ey!!! Təsəvvür edirsən?

Adil Qaçayoğu: Tofiq, yeri gəlmişkən, o şeirin var ey, “Biz kəndə qayıdası deyilik” , o şeiri tap mənə ver də...

– Hə, tamam, taparam qardaşım...

Adil Qaçayoğlu: Mən bir yazı yazmaq istəyirəm o barədə...

– Tamam, qardaşım, yaxşı...Yazarsan... 20 qram içək...

Hakimiyyəti ələ keçirmək cəhdi və s. barədə...

Burda lent yazısı bitir. Söhbət də bitirmi? Xatırlamıram... Tofiq Abdin o şeiri tapıb Adil Qaçayoğluna verdimi? Bunu da bilmirəm...

Amma xatırlasam, bilsəm, nə dəyişəcək ki?.. Adil Qaçayoğlunun vaxtsız vəfatından altı il ötür. Bu gün isə Tofiq Abdinin vəfatının 40-cı günüdür. Allah hər ikisinə rəhmət eləsin.

İnsan ömründən də etibarlı olan bu adi, unudulmuş lent yazısı, sadəcə, tarixi bir gerçəkliyə növbəti dəfə şahidlik edir: Azərbaycanın müstəqilliyi və bütövlüyü ideyası sovet hakimiyyətinin ən güclü vaxtında belə milli düşüncəyə hakim kəsilib... Tələbəsindən ta xüsusi xidmət orqanındakı yüksək vəzifəlisinədək bu millətin vətənsevər övladları o ideyanı yaşadıblar... Kimisi gizli mübarizə aparmaqla, kimisi də bu mübarizəyə qoşulanları cəzalanmaqdan xilas etməklə...

Tofiq Abdin bu söhbətdə xəsisliklə danışdıqlarını sonralar daha təfərrüatlı, daha geniş bir yazıya çevirəcək, hətta kitab şəklində çap etdirəcək, ulu öndər Heydər Əliyevin onun və digər azadlıq mübarizlərinin həyatındakı rolunu minnətdarlıqla xatırlayacaqdı...

Amma söhbətimizin lentə alındığı vaxtlarda mətbuatda nə “Qaranquş” təşkilatından yazan vardı, nə də onun üzvlərinin sonrakı taleyindən söz açan... Bundan bir qədər əvvəl, 2002-ci ildə mən ayrı-ayrı sənədli filmlər üçün materiallar toplamaq məqsədilə Milli Təhlükəsizlik Nazirliyinin arxivinə gedib-gələrkən Tofiq Abdingilin gizli təşkilatı ilə də maraqlanmışdım. Demişdilər, belə bir şey olub, amma həmin sənədlərin saxlandığı qovluğa baxmağa icazə verməmişdilər. Sonradan bu işə xüsusi maraq göstərdiyimi nəzərə alaraq, o hadisələr haqqında mənə əlyazma şəklində, rus dilində, imzasız, möhürsüz, sadəcə, məlumat xarakterli arayışa oxşar bir kağız vermişdilər. O kağızda yazılmışdı:

“Abdinov Tofiq Məhərrəm oğul;1941-ci ildə doğulmuşdur. 1976-cı ildə “Qobustan” almanaxının şöbə müdiri vəzifəsində çalışmışdır. Onun keçmişində siyasi cəhətdən zərərli hallar olmuşdur. Belə ki, 1966-67-ci illərdə ali məktəbdə oxuyarkən qeyri-leqal anti-sovet millətçi təşkilatın üzvü olmuşdur. Sonralar bu təşkilatın 28 nəfər üzvü ilə birlikdə Abdinov DTK orqanları tərəfindən “profilaktirovan” (bu sözü tərcümə edə bilmədim. Yəni “profilaktika edilib” –M.H.). “Qobustan” almanaxının redaktoru Rzayev Anar Rəsul oğlu olmuşdur.

T.M.Abdinov Azərbaycan SSR Dövlət Təhlükəsizliyi orqanları tərəfindən ifşa olunmuş millətçi “Qaranquş” qrupunun keçmiş üzvlərindən biridir.

...Qrup qarşısına respublikada hakimiyyəti silahlı üsyan yolu ilə ələ keçirmək və Azərbaycan SSR-ni Cənubi Azərbaycanla vahid dövlətdə birləşdirmək məqsədi qoymuşdur. Qrupun üzvləri nizamnamə və proqram hazırlamışlar.

Qrupun rəhbərləri vaxtaşırı – şənbə və bazar günləri Bakının müxtəlif rayonlarında qeyri-leqal toplantılar keçirmiş, həmçinin millətçi xarakterli böhtanlar səsləndirmişlər...

Qrup müəyyən vaxtdan sonra SSRİ-nin kapitalist ölkələrindəki səfirlikləri qarşısında SSRİ-yə düşmən elementlərin köməyi ilə Azərbaycan SSR-ə müstəqillik verilməsi tələbi ilə kütləvi nümayişlərin təşkil olunmasını planlaşdırmışdır.

1966-cı ilin aprel-may aylarında bu qrupun bütün üzvləri DTK-da profilaktik təsirə məruz qalmışlar. Onlar öz hərəkətlərindən peşman olduqlarını bildirmiş və DTK orqanlarını əmin etmişlər ki, bir daha belə hərəkətlərə yol verməyəcəklər”.

Tofiq Abdin bir daha “belə hərəkətlər”ə yol vermədi... Amma gənclik arzusuna qovuşdu: müstəqil Azərbaycanı gördü, azad yaşadı, istədiklərini yazdı və... ömrünün müdrik çağında ruhunu bir qaranquş kimi o taylı – bu taylı Azərbaycanın səmasına əmanət etdi.

Yerin behişt olsun, şair!

525.az

# 2826 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #