“Sona + Əli = Ürək”

“Sona + Əli = Ürək”
1 aprel 2014
# 14:29

Kulis.Az “Əşyalar və sözlər” layihəsindən Sona Yaqubovanın “Daş” hekayətini təqdim edir.

Təyyarəyə xeyli gecikmişdik. Demək olar ki, bütün sərnişinlər uçmaq üçün bizi gözləyirdi. Ana-bala təngnəfəs özümüzü içəri saldıq. Bayaqdan bəri gözlətdiyimiz sərnişinlərin hamısının nəzəri bir anda bizə dikildi. Artıq burda özümü səbəbkar yox, əməlli-başlı günahkar kimi hiss etdim. Bu qədər baxışın altında bir az da özümü itirdim. Baxışlarımı hər kəsdən qaçırıb birtəhər yerimizi tapdım. Bir sırada oturacağımız çox xoş simalı, kifayət qədər də yaraşıqlı ortayaşlı kişi qalxdı və keçib oturmağımıza imkan yaratdı. Oğlum keçib oturdu. Mənsə çantalarımı yuxarıdakı dolaba yerləşdirməyə cəhd etsəm də, çətinlik çəkirdim. Bunu görən xarizmatik yol yoldaşımız tez köməyimə yetişdi. “Hmm, həm də centlmenmiş!” - deyə düşündüm.

Çantaları əlimdən alıb dolaba qaldırım deyəndə birdən ağzı açılan çantaların birindən bir daş diyirlənib salonun ortasına düşməzmi?! İçi yol yoldaşımız qarışıq bütün sərnişinlər eyni vaxtda, təəccüblə salonun ortasındakı çay daşına, ardınca isə dönüb mənim üzümə baxdılar. Pərt olsam da, özümü o yerə qoymadım, gedib daşı götürdüm. Bütün bu şanssızlığın yükünü bölüşmək üçün yaraşıqlı yol yoldaşım əla namizəddir! Hirslə çantanı adamın əlindən alıb daşı yerinə qoydum. Bir an öncə yerimdə əyləşib, bu göstəriyə son qoymaq istəyirdim. Birdən daş barəsində soruşmaq fikrinə düşüb-eləyər deyə, keçib yerimdə oturanda hər ehtimala qarşı adama son dəfə tərs-tərs baxdım. Çox keçmədi ki, daşın salonun ortasına necə dığırlandığını gözümün qarşısına gətirib altdan-altdan xeyli güldüm.

Artıq rahatlamışdım deyə, oturacaqda yerimi də düzəldəndən sonra dönüb yanımdakı bəy əfəndiyə yardım etdiyi üçün təşəkkür etdim. Adam gülümsəyərək qarşılıq verdi. Əslində ürəyimin dərinliyində daş barədə soruşmasını, yəni bu özəl xatirəmi onunla bölüşmək istəyirdim. Amma allahsaxlamış arzumu gözümdə qoymağa niyyətli çıxdı. Canımız sağ olsun! Allah versin özümüzə. Siz burda, mən burda. Bir nəfərə danışacağım hekayəni minlərlə oxucuma yazaram.

Hə, harda qalmışdıq, heç nədə, nə başınızı ağrıdım, dirsəklənib oturacağın qoltuğuna realda Bakıdan Naxçıvana, xəyalən isə 15 il əvvələ uçdum. “Söz vaxtına çəkər” - deyiblər. Biz həm də yazın gəlişinə ona görə sevinirdik ki, yarpız bu mövsümdə çıxırdı. Düzdü, yarpızlı kükünun, təndir lavaşı ilə pendir, yeni çıxmış körpə, qaragöz yarpız dürməyinin ləzzətini anlatmaq çətindi. Zənnimcə, kənd estetikasını, kənd həyatının ləzzətini kənddə doğulub yaşamayan kiməsə sözlə izah etmək mümkünsüzdür. Həmişə, bütün mənalarda, kəndliləri 1:0 hesabla şəhərlilərdən irəlidə görmüşəm. Bütün bunlar bir yana, biz, məhəllə uşaqları (yeniyetmələri də demək olar) yığışıb yarpız yığmağa getmək üçün ölürdük. Amma yarpızın çıxması yetməz, nənəm deyərdi ki, gərək göy guruldaya, şimşək çaxa, onda yarpız yeməli olar…

13-14 yaşlarındaydıq. Məktəbdən gəlib yeməyimizi yeyib, bir az da istirahət eləyəndən sonra, hərəmiz əlimizə bir aşsüzən alıb düzəlirdik yola... Evimizdən bir az aşağıda Əlincə çayı axırdı. Çayın yaxınlığında meşə, meşənin də içində 4-5 gözlü bulaq vardı. O bulaqların ətrafı dolu olardı yarpızla. Kəndin ayrı-ayrı məhəllələrindən də qızlar gələrdi yarpıza. Ona görə də oralar axşamçağı əməlli-başlı qızlar bulağına dönərdi. Bir azdan məhəlləmizin oğlanları da gələrdi. Qızlar üçün kəndin başqa məhəllələrindən gələn oğlanlar bizə yaxınlaşmasın deyə... Axı kənddə oğlanlar öz məhəllələrinin qızlarına söz dedirtməzdilər. Yeri gəlsə, buna görə davaya-filan da gedirdilər. O biri qızlar beşcə dəqiqəyə qablarını yarpızla doldurardılar. Aralarında ən az yığanı mən olardım. Əllərim üşüdüyü, həm də daha yaxşılarını seçib yığmağa çalışdığım üçün... Təbii ki, bu səbəblər anamı heç vaxt maraqlandırmırdı. Həmişə mənim, sonra da rəfiqələrimin qabına baxıb məni əfəl adlandırardı. ”Bax gör, xalxın qızları oddu-alovdu”, - deyərdi. Bir gün yenə adətimiz üzrə yarpıza getmişdik. Qızlar qablarını doldurub qaçdılar oynamağa. Artıq məhəllənin qəhrəmanları da gəlmişdi. Mən də tələsik qabımı doldurub onlara qoşulmaq istəyirdim. Divar qonşumuz Əli yaxınlaşıb niyə oynamağa getmədiyimi soruşdu. Qabımı doldurduqdan sonra gedəcəyimi dedim. “Gəl, kömək edim, tez yığıb gedək”, - dedi.

Baş-başa verib yarpız yığmağa başladıq. Bu arada söhbətə necə daldıqsa yarpız yığa-yığa artıq çayın kənarına yaxınlaşmışdıq. Budur, artıq qabı doldurmuşduq. Amma biz hələ oturub söhbətləşirdik. Bir azdan uşaqlar da yanımıza gəldi. Bir bizə, bir də bir-birlərinə sözlü-sözlü baxıb qımışmağa başladılar. Nə məsələ olduğunu soruşanda mərəkə qopdu. Hərə bir söz dedi. ”Əli Sonanı sevir”, ”Bunu özü demişdi bizə”, ”Bura da sizin arxanızca, onun təkidiylə gəlmişik” və s.

Əvvəlcə Əli deyilənləri inkar etsə də, dözəmməyib uşaqların üstünə qışqırdı: “Əcəb edib sevirəm, sizə nə?” Ara qarışdı, yarpız itdi! Məşhur məhəllə davası çıxdı. Mən də Əliyə qarşı komandanın tərəfinə keçdim. Niyəsi bəsitdi. Kəndin yazılmamış qanunları vardı. Yaxşı və tərbiyəli qız belə etməliydi. Söyüş, təpik-şillə... Hamımız əldən düşmüşdük. Yığdığım yarpızlarda Əlinin əməyi də vardı deyə, dava başlayan kimi qabı əndərmişdim yerə. Onsuz da davada hamının yarpızı tökülmüşdü.

Artıq qaş qaralırdı. Boş qablarımızı da götürüb evə qayıdanda Əli arxamızdan qışqırdı: “Ozünü elə aparırsan ki, guya sən məni sevmirsən?! Qorxaq!!!”

Etibarsız uşaqlar - hamısı səs-səsə verib gülüşdülər.

Əslində Əlinin mənə olan hisslərindən o vaxta qədər xəbərsiz olduğum üçün onun barəsində düşünmək ağlıma gəlmirdi. Etiraf edim ki, uşaqlardan bunu eşidəndə, xüsusən də Əlinin özü “Əcəb edib sevirəm, sizə nə” deyəndə ürəyimin dərinliklərində xoşhal olmamışdım desəm, yalan olar. Amma bu yerdə necə hərəkət etməli olduğumu əzbərə bildiyim üçün çox tərəddüd etmədən yerdən əlimə keçən daşı götürüb Əliyə tərəf tolazladım. Kənd qızlarının daş atmaq kimi bir adəti var axı. Bir balaca irilənən kimi evdən öyrədirdilər ki, bir oğlan uşağı sizə bir söz deyən kimi daşı götürüb vurun təpəsinə. Guya beləliklə tərbiyəli (yaxşı) qız olurmuşuq.

Bir məqamı da mütləq vurğulamalıyam. Deməli, oğlanları daşlayanda ən son istədiyimiz şeydi daşın onların başına, üz-gözünə dəyməsi. Həmişə elə hesablayırdıq ki, ayağına, uzaqbaşı çiyinlərinə dəysin. Daşı atıb dalınca da bir yerinə xətər yetirməsin deyə, ürəyimizdə dua edirdik. Yenə o çətin məqamlardandı. Neyləmək olar, daş əldən çıxmışdı artıq. Əməlli-başlı hissə qapılmışdım deyə, əlimə keçən daşı var gücümlə Əlinin kəlləsinə sıxdım. Budur, Əlinin alnı partlayıb, üz-gözündən qan şırıldayır. Həyəcandan ürəyim yerindən çıxacaqdı. Atdığım daşın ardınca özümü atdım Əlinin üstünə. Uşaqlar da tökülüşüb gəldi. Əlimlə Əlinin alnından axan qanı saxlamağa çalışıram. Ürəyimdə bir şey olmasın deyə, allaha dua edir, kəndin məşhur seyidi Mir Damət Ağaya nəzir-filan deyirəm. Başını bərk-bərk əllərimin arasına sıxıb: “Əli, sən allah, bağışla, and olsun ki, başına atmamışdım, ayağına vurmaq istəyirdim. Allah məni öldürsün, sən Həsənin canı ölmə!” Həsən kiçik qardaşıydı. Əli isə qanın qorxusundan rəngi qaçsa da, “kişilənirdi”. “Ay qız, qorxma, heçzad yoxdu. Qandı da, indi keçər”. Hələ araya salıb zarafatından da qalmadı: “Babat gücün varmış haa…”

Böyük ürəyi qarşısında yaman təsirlənmişdim. Adamı al-qanına qəltan etmişdim, amma məni bağışlamışdı. Birdən qeyri-ixtiyari əlimi çəkib Əlinin alnının qan qanayan yerindən ehmalca öpdüm. Elə bil ətrafdakı uşaqlar səhərdən mənə kömək elədiyi üçün Əlini huylayanlar deyilmiş. Hamısı peşmançılıq içində başlarını aşağı salmışdılar. Artıq Əlinin alnının qanı da kəsmişdi.

Günəşin son işartıları altında ortaya çökən bu ecazkar sükutu ancaq yaxınlıqdakı bataqlıqlardan gələn qurbağa səsi pozurdu. Köməkləşib Əlini uzandığı yerdən qaldırdıq və yavaş-yavaş evlərimizə dağılışdıq. Əliylə məhəbbət macəramız elə ordan başlamışdı.

Bu olaydan bir az sonra, hələ Əlinin yarası sağalmamış, ilk dəfə hər kəsdən xəlvət, artıq məhəllə uşağı, dost kimi yox, sevgili kimi görüşdük. Əli sevgimizə vəsilə olan, ona atdığım daşı cib dəsmalına büküb mənə bağışladı və sevgimizin simvolu kimi həmişə saxlamağımı xahiş etdi. O vaxta qədər onsuz da hər dəfə çaya çimməyə, pal-paltar yumağa gedəndə daban sürtmək üçün yeni çay daşları götürürdük. Əli mənə o daşı bağışlayandan sonra bir də heç vaxt çaydan daş götürmədim. O gündən nəinki dabanım üçün, yuyunanda ümumiyyətlə kisədən yox, o daşdan istifadə edirəm. Zamanla sevgidən doğan bu hərəkətim alışqanlıq halına gəldi. Beləcə, 16 ilə yaxındı bu çay daşı mənim ömür və yol yoldaşımdı.

...Budur, Naxçıvan hava limanina çatmışıq. Bir azdan ən xoş xatirələrimin yuvası olan kəndimizə gedəcəm. Və yenə həmişəki kimi oğlum çıxacaq, məhəllədə Əlinin uşaqlarına qoşulub oynayacaq. Evə gələndə isə adəti üzrə soruşacaq: “Ana, səhərdən Ayxanla (Əlinin oğlu) məhəlləmizin bütün divarlarında, ağacların kökündə cızılmış “Sona + Əli = Ürək” şəkillərinə baxırdıq. Əli əmini sevirdin sən?”

“...”

# 3703 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #