Yay tətilindən altı məqam - Şərif Ağayar yazır...

Yay tətilindən altı məqam - <span style="color:red;">Şərif Ağayar yazır...
21 avqust 2017
# 13:03

Ağcabədiyə getdim

İraq olsun, şəhər elə bil bombardman olunub. Hər tərəf dağılıb, sökülüb. Bir toz boğanağı var ki, Bakıya şükür edirsən. Anlamadığım; eyni vaxtda şəhərin bütün küçələrini qazıblar! Mübaliğə eləmirəm. Həqiqətən... Bütün küçələri... Deyilənə görə, başçı kanalizasiya xətlərini əsaslı təmir elətdirir. Bu basabasda diqqətimi o məqam çəkdi ki, Ağcabədidə kanalizasiya xətləri və su boruları çox dərindəymiş. Elə bil arxeoloji qazıntı aparırlar. Bir-iki quyuya boylanmaq imkanım oldu, yerin altında başqa bir şəhərin qalıqları varmış kimi gəldi mənə.

Həmişəki kimi kitabdan min kilometr uzaq bir cəmiyyət var Qarabağın bu strateji əhəmiyyətli bölgəsində. İnsanlar tamam ayrı havada, tamam ayrı əhvaldadır. Elə bil başqa ölkəyə gedirsən. Demişəm, bir də deyim: biz beş-on minlik elektron dünyadan cəmiyyətin bu hissəsinə nüfuz edə bilmirik. Bir yas məclisində oldum, bəlkə beş yüz maşın vardı. O adamların mütləq əksəriyyəti Xoşqədəmi tanıyır, ancaq internet sözünün mənasını bilmirlər. Qiymət artımı olsa da camaatın güzəranına şəhərdəki qədər təsir eləməyib. Kəndlərdə yenə zavod çörəyi və mağaza toyuğu yeyirlər. Şəhərləşmə kəndlərimizdə sözün mənfi mənasında gedir. Toyları həyətlərdən şadlıq evlərinə daşıyıblar. Samovar çayı unudulmaq üzrədir.

Çoxlu maşın sürdüm

Hardasa min kilometr... Çoxuna qəribə gəlir, maşın sürmək mənə nəhayətsiz dinclik gətirir. Özümü pis hiss edəndə maşın sürmək istəyirəm. Son kitabımda var: qəhrəman bütün sirlərdən agah olmaq üçün atını çapa-çapa üfüqün o üzünə keçmək istəyir. Atı getdikcə göy üzü qübbəsini qaldırır, sirlərini açmaq istəmir. Qəhrəman anlayır ki, üfüqün o üzünə keçmək mümkün deyil. Mən də normalda bunu anlayıram. Ən azı yerin coğrafi quruluşu haqqında oxumuşam. Amma yenə də üfüqün o üzünün xəyalı məni tərk eləmir. Oralarda nəsə var. Bizə lazım olan yerlər, bizə lazım olan adamlar... Oralarda nəsə olmasa belə onu uydurmaq lazımdır. Həyat ORALARA can atma prosesidir. Həyatın mənası budur. Elə yazmağın da! Bütün sərhədlərin, bütün biliklərin ötəsidir yaradıcılıq. Maşın sürmək bu baxımdan yaradıcılığa yaxındır. Hətta qarşıda səni nəyin və kimin gözlədiyini biləndə də sürürsən, gedirsən, dayanmırsan... İllah da yağış yağa və gözəl bir mahnı qoyasan üstünə...

Aşıq Ədalətlə görüşdüm

Bu böyük sənətkarla heç vaxt üz-üzə gəlmək istəməmişəm. Rastlaşanda yolumu dəyişmişəm. Ədalətə sevgimi travmalarla yaşamışam. Laçının alınması, yaxın adamlarımın (hamısı Ədalətin fanatıdır) üzləşdiyi fəlakətlər Ədalətin ifasına başqa bir çalar da qatıb. Onu görəndə bədənimdən yüksək gərginlikli cərəyan keçir. Hətta bir neçə dəfə qəsdən yaxınlaşıb görüşmək istəmişəm, bacarmamışam. Ona sevgim qeyri-standartdır. Qarışıq duyğuludur.

Keçən şənbə Ədalətə böyük sevgimi bilən teleaparıcı Çiçək Mahmudqızı nəcib bir jest edərək məni ustadın ziyarətinə apardı. Çox zəifləyib. Qızdırmadan titrəyirdi. Yerinin içində otura bilmirdi. Əlini sıxdım, üzündən öpdüm. Heç nə hiss eləmirdim. Nə kədərlənmək, nə ağrımaq, nə sevinmək!

Aşıq Ədalət yaşayan yeganə dahidir Azərbaycanda. Bunu çox az adam bilir. Bir əhvalatını danışdılar mənə. Deyirmiş, başımın üstündə həmişə işıq yanırdı, AzTV-yə getdim, bu sirri Esmira Çərkəzqızına açdım, ondan sonra o işıq söndü və xəstələndim. Buna kimsə inanmaya bilər, mən inanıram. İnanmaq nədir, buna əminəm. Ədalətin bir əlinin sazda, bir əlinin o sirli dünyada olduğunu lap uşaqlıqdan hiss eləmişəm. Buna görə xəstələnib yatağa düşməsini çox soyuq qarşıladım. Mənim üçün Ədalətin ölümü əlinin heç vaxt üzülmədiyi o sirli dünyaya adlamasıdır. Orda ona saz da, biz də lazım olmayacağıq. Çünki ömür boyu ifaları ilə can atdığı, mənasız dünyamızda anonsunu verib gözəlliyini hiss elətdirdiyi o ilahi harmoniyanın içində olacaq. Və rahatlayacaq. O, ömür boyu Allaha axtardı, hətta ətəyindən tutub yerə yendirmək istədi. Bacarmayacağını dərk edincə sirrini açdı və yorğan-döşəyə düşdü. Özü də harda? AzTV-də! Adamı gic gülmək tutur.

“Molholland çıxılmazlığı” filminə baxdım

Heyran qaldım. Dünyanın 177 kino tənqidçisinin səsverməsi ilə 21-ci əsrin ən yaxşı yüz filminin birincisi seçilib. Amerikalı rejissor Devid Linç çəkib. Əvvəl serial kimi nəzərdə tutulsa da prodakşnlar tərəfindən rədd edilib və rejissor materialı uzun film kimi işləyib. 2 saat 26 dəqiqədir. Paralel süjetlər gedir, axırda hamısı birləşir. Birləşməyən süjetlər arasında isə tamaşaçı özü assosiasiya yaradır. Əsas xətt iki aktrisanın başına gələnlərdir. Birincisi qəzaya düşüb yaddaşını itirir, ikincisi Hollivuda filmə çəkilməyə gedir. Onlar filmə çəkilməyə gedən aktrisanın qohumunun evində təsadüfən rastlaşırlar və...

Kventin Tarantionun, Alexandro İnyaruttinin filmlərindəki orijinal montaj burda da var. Amma daha sirli, sürreal biçimdə. Çoxyozumlu... Saatlarla mübahisə etmək olar filmin ideya və mesajı haqqında. Güzgü effekti var filmdə. Baxdıqca reallığın çoxlu inikası görünür. Əşyalar (açar, qutu, yol lövhələri, ofisiantın sinəsindəki bəc və s.) dil açıb danışır, filmi anlamağa həm kömək edir, həm də insanın qafasını qarışdırır. Filmin ana fikrini tutmağa çalışmaq ləzzətli bir əyləncəyə çevrilir.

Pol Osteri oxudum

Amerika mədəniyyətini bilərəkdən seçmirəm. Vəziyyət belə alınır. Ürəyim istəyən kitabxanam və ev şəraitim olmadığı üçün bəzən mütaliə və film izləməyimi reallığa uyğunlaşdırmalı oluram. Pol Oster də əsərlərini Devid Linç kimi mürəkkəb qurur. Ancaq sadə və obrazlı dili onu ləzzətlə oxudur.

Qəribə tryuklar edir. Misal üçün “Şüşə şəhərlər”də qəhrəman Pol Oster adlı yazarın yanına gedir, başına gələnləri yazmaq üçün onunla məsləhətləşir. Tanış gəldi? Haqlısınız. Bu fənddən dünya ədəbiyyatında da, bizdə də geniş istifadə olunub.

“Nyu-York üçləməsi”nə daxil olan “Şüşə şəhərlər” əsəri 1987-ci ildə dərc edilib. İşlətdiyi fəndlər çağdaş nəsrin əsas istiqamətlərindəndir. O, dünyanın sağ olan ən böyük yazıçılarındandır.

Pol Osteri bütünlüklə oxumaq istəyirəm. Ən azı bütün məşhur əsərlərini. O, müasirimiz olduğu üçün bizə yazmağı da öyrədə bilər. Artıq çeynə-tüpür səviyyəsinə endirilmiş Pamuk imitasiyalarından yaxa qurtarmaq üçün Oster maraqlı seçimdir. Siz də seçin.

Dənizə getdim

Mərdəkana. Xalqın içinə. Həmişə getdiyim yerə. Səliqə-sahman xoşuma gəldi. Adamlar xeyli mədəniləşib. Hardasa 15 il əvvəl şair dostum Rövşən Naziroğlu ilə gedəndə inanılmaz səliqəsizlik, hətta vəhşilik vardı. Qarpız qabıqları ilə bərabər üzürdük.

O vaxt dənizin sahilində heç bir tikili yox idi. Amma indi... Şükür ki, hələ kasıb-kusubun ayağını dənizdən kəsməyiblər. İlan boğazından keçsək də əlimiz dənizə çatır. Bir sözlə harda yaşadığımı nəzərə alaraq narazı qalmadım. Bircə sahildə quma sancılmış köhnə taxta lövhə gülməli idi. Üstündə bu sözlər yazılmışdı: “Çimmək qəti qadağandır” Lövhənin beş addımlığında isə uşaqlı-böyüklü insanlar qarışqa kimi qaynaşırdı. Heç kim bu yalançı lövhəyə fikir vermirdi.

Ah, gözəl vətən...

# 2515 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #