Sərdar Əsəd intihar edəndə Məmməd Araz özünə gələ bilmirdi

Sərdar Əsəd intihar edəndə Məmməd Araz özünə gələ bilmirdi
15 iyul 2013
# 09:58

Ötən əsrin 60-70-ci illərində ədəbi ictimaiyyətin və oxucuların diqqətini cəlb edən istedadlı bir şair yaşayıb yaradırdı. Bu, poetik düşüncələri və düyğuları ilə seçilən Sərdar Əsəd idi. Təəssüf ki, o, həyatda çox az yaşadı. Amma elə bir yolun yolçusu idi ki, ondan sonra könüllərdə izi və sözü qaldı. Sərdar Əsəd, sözün həqiqi mənasında, ləyaqətli ömür sahibi və əsl şair idi.

Onun şeirlərinin çoxu təbiət haqqında kövrək nəğməyə, coşqun şərqiyə bənzəyirdi. Şeirlərinin mövzusu doğma Azərbaycanımız, onun təbii nemətləri, gözü, könlü oxşayan mənzərələri, əzəmətli dağları, sərin yaylaqları, yalçın qayaları, dərin dərələri, ucsuz-bucaqsız düzləri və s. bağlıdır.

Mən Sərdar Əsəd haqqında ilk dəfə böyük şairimiz Məmməd Arazdan eşitmişdim. Onlar çox yaxın dost idilər. Heç yadımdan çıxmaz. Sərdar Əsəd intihar etdikdən sonra uzun müddət Məmməd əmi özünə gələ bilmirdi. Ona təsəlli verməyə, «möhkəm ol» deməyə söz tapa bilmirdim. Sərdar Əsədin adı gələndə həmişə gözləri dolardı: «Biz 20 ilin dostu idik. Bir tikəmizi yarı bölmüşdük. Qoruya bilmədik onu, saxlaya bilmədik onu». Əslində onun ölümü sirli və müəmmalı oldu. Çünki ailəsinə, uşaqlarına çox bağlı insan idi. Necə özünə qəsd edə bildi, heç kəs anlamadı. Həyat yoldaşı Tükəzban xanım Əsədova da o vaxt tanınmış jurnalistlərimizdən biri idi. Tale elə gətirdi ki, sonralar mən bu xanımla uzun müddət bir redaksiyada –«Azərbaycan müəllimi» qəzetində çalışdıq. Demək olar ki, bütün xatirələrinin, düşüncələrinin sarı simi Sərdar Əsəd idi. Dolu gözlərində, qəhərli səsində və bir də qəlbinin dərinliyində Sərdar Əsəd yaşayırdı.

Cəbrayıl rayonunun Soltanlı kəndində dünyaya gəlmiş Sərdar Əsəd 1952-ci ildən mətbuatda çap edilirdi. Az ömründə bir neçə kitabın çap sevincini yaşayan Sərdar Əsəd öz oxucularına bu töhfələri bəxş etmişdi: «Gənclik illəri», «Səni axtarıram», «Yanan memar», «Cərrah ürəyi», «Gözəl», «Meşədə qonaqlıq», «Simlərin tufanı», «Yer ulduzu». Qəfil qada təəssüf ki, hər şeyi yarımçıq qoydu. Kim bilir, bu illər ərzində Sərdar Əsədin neçə kitabı da yazılacaqdı. Arxivində də işıq üzü görməmiş şeirləri qalmaqdadır. O, həm də tərcümə ilə müntəzəm məşğul olurdu. Müxtəlif xarici ölkə yazıçı və şairlərinin Azərbaycan oxucusuna çatdırılmasında Sərdar Əsədin özünəməxsus xidmətləri olmuşdur.

Təbiətin həssas və səmimi olan Sərdar Əsəd şeirlərində də bu saflığı əks etdirə bilmişdir. Onun hər bir şeiri poetik düşüncənin əks-sədasıdır. «Gəncə çinarı» adlı bir şeirində gəldiyi poetik nəticə görün necə uğurlu və təsirlidir.

Bitdiyi torpağa sədaqətinin

Ömürlük eşqidir, əməlidir o.

Nizami Gəncəvi təbiətinin

Gəncədə yüksələn heykəlidir o.

Sərdar Əsədin poeziyasının əsas canı və ruhu xeyirxah çağırışlar idi.

Duyğusuz dolanma bağı, bağçanı,

Hər çiçək çəmənin bir nişanıdır.

Bütün nemətlərin beşiyi anamız torpaq şair üçün dünyada hər şeydən qiymətli və əziz idi. Əlbəttə, bu adicə istək deyildi. Qərinələrin sınağından çıxmış el hikmətidir ki, «özgə qızılından kimsə səadət tapmayıb». Bir ovuc vətən torpağı isə insanın bütün varlığını ehtiraza gətirər, hissinə, duyğusuna hakim kəsilər, qəlbi daha da nazildər, kövrəldər. Beləliklə də haradasa ölgünləşmiş ümidin yenidən dirçələr:

Gözlərimdə açan gülsən,

Əgər məni solan bilsən,

O torpaqdan üstümə at –

Göyərim.

Bu günlərdə şairin poeziyası ilə yaxından tanış olmaq üçün onun bir neçə kitabını təzədən oxudum. Doğma kəndi Soltanlının axar-baxarlı oymaqlarını gördüm. Göygölün səfalı sahilini, Balakənin ağ örpəkli dağlarını seyr etdim. Katex şəlaləsinin səsini eşitdim. Bütün bunlarla yanaşı, daha dərin bir həsrət duydum. Sərdar Əsəd Araz dərdli bir şair idi. O bu nisgili «Bağlı qapı» adlı şeirində belə dilə gətirmişdi: «Baxıram o taya gözlərim dolur, sanki ürəyimə boşalmış Araz». Bax, bu dolu ürəyin, qəlbin sahibi olduğundan çox ədalətsizlikləri, amansızlıqları daha həzm edə bilmirdi Sərdar Əsəd. Bəlkə də bütün bunların acığına ölümün üstünə özü yeridi. Onun şeirlərində elə qəribə bir nikbinlik var ki, adam ağlına gətirə bilmir bu cür yüksək bədii tutumlu şeirlərin müəllifi nə vaxtsa əzablar önündə acizlik göstərə bilib. Özü könüllü surətdə ölümlə qol-boyun olub.

Sərdar Əsəd nədən və hansı mövzudan yazmağından asılı olmayaraq, bütün poeziyasında həyat eşqi, şaqraqlıq duyulmaqdadır. Heç nəyin unudulmadığını, heç nəyin yaddan çıxmayacağını o, hamıdan çox yazırdı. Şair ulu dağlarımızın ucalığı ilə öyünər, dağ yaddaşının möhkəmliyinə sözlər qoşardı:

At oynadan babaların qışqırıq səsi,

Bu günədək qayaların qulağındadır.

Şairin ömür-gün dostu, təcrübəli mətbuat işçisi Tükəzban xanım Əsədova danışır ki, Sərdar Əsədin dünyada çox sevdiyi iki varlıq olub. Biri rəhmətlik anası, digəri də doğulduğu Soltanlı kəndi idi. Hər il hər ikisinin adı ilə bağlı müəyyən mərasimlər qeyd edilsə də, təəssüf ki, doğma kəndin erməni işğalında qalması Sərdar Əsədin övladlarının ana yurdla görüşü mümkün olmur.

Təbiətin bütün möcüzələrini nağıla bənzədən Sərdar Əsəd həmişə itirdiyi duyğularını onun əfsununda tapardı. Sanki təbiət bu şair üçün əbədi yaradan və bütün itkilərinin gümanı idi.

Uyudum bir çayın zümzüməsində,

Yerimdən bir daşın səsinə qalxdım,

Maral dırnağında, turac səsində,

Çoxdan itirdiyim şeirimi tapdım.

Sərdar Əsədin poeziyası dünyamız kimi ağlı-qaralı, isti-soyuqlu, Güney və Quzeylidir. Hər sətrində, hər kəlməsində fəsillərin qayğısı yaşayır, anamız təbiətə sonsuz məhəbbət, istək duyulur. Onun şeirinin güneyində bənövşələr baş qaldırır, quzeyində isə «kölgə yatar, qar durar». Axı o, özü də deyərdi: «Bir üzü yaz, bir üzü qışdır dağların». Nə vaxtsa Cəbrayıla yürüş başlasa, o dilbər güşənin hər qarışında yenə də əvvəlki illərdə olduğu kimi. Sərdar Əsəd poeziyasının əbədi ətrinə çevrilən güllər, çiçəklər göyərəcək, qızlar dəstə bağlayacaq, oğlanlar qurşaq tutacaq. Nəvə Sərdarın da qırışığı açılacaq. Baba yurdun havası könüllərə sevinc gətirəcək. Hələ ki, bunlar arzudur. Yollar uzanıb gedir. Təki yollarımıza duman çökməsin. Yolda yolçu varsa, izi də qalacaq…

Flora XƏLİLZADƏ,

əməkdar jurnalist

kaspi.az

# 3240 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #