Allah sevdiyini cavan öldürər, Bunu biləndə də qocalmaq olmur...

Allah sevdiyini cavan öldürər,  Bunu biləndə də qocalmaq olmur...
13 mart 2013
# 11:27

Mənəm, yelin əssə, bir nanə olan

Vətən, qəfəsinə düşmüşəm əsir,

qəfəsə salmağa quşun yoxdumu?

Başıma düşməyə daşın müntəzir,

evimə hörməyə daşın yoxdumu?

Oturub səhərdən içirəm elə,

qəm süzən qəhərdən içirəm elə.

Verdiyin zəhərdən içirəm elə-

verdiyin zəhərə nuşun yoxdumu?!

Mənəm yelin əssə bir nanə olan...

Sönmüş şamına da pərvanə olan!

...Bu mənəm, dərdindən divanə olan-

məni tanımadın, huşun yoxdumu?!

O, özünü bir gün vurdu qələmnən

Gəl öyrənək Göy üzünün sirrini,

Yer üzünün tapmacası yoxdusa.

Dünya boyda imarəti neynirəm,

sənə baxan bir bacası yoxdusa?!

Günah məndən gəlsin, cəza özgədən,

öz evində al icazə özgədən...

Bu vətənin bir hecası özgədə-

və-tən olmur bir hecası yoxdusa...

Söz dağında söz gəzirdik Lələmnən,

söz də bizi qarşıladı ələmnən...

...O, özünü bir gün vurdu qələmnən,-

neynəyəydi, tapançası yoxdusa?!

Mən adam külüyəm, ya kağız külü?..

Bu ömrü kağıza köçürmüşəm mən,-

mən adam külüyəm, ya kağız külü?

Yandım, ürəyimdə o qız da yandı,-

bir az öz külüməm, bir az qız külü...

Gecə var, bir uzun ömürdən uzun,

ölümnən oynayıb ömür uduzur...

Hər axşam yandırır ayı-ulduzu,-

Tanrı səhər yığır ay-ulduz külü...

Qəm çaxmaq daşıdı, daşdan yanmışam,

ayaqdan od alıb, başdan yanmışam!

İlahi, nə yaxşı eşqdən yanmışam,-

baha eləmişəm bu ucuz külü...

Özünü asmağa ip tapa bilməz...

Uduzar-oyundan çıxar astaca,

baş açmaz dünyanın qumarından o.

Tanıyar qəmləri ilk təmasdaca,

tanıyar hər qəmi tumarından o.

Dili kəsilsə də dillənib gedər,

tək göyə əl açar, “dilənib” gedər...

Yolun yoxuşuna dirənib gedər,-

yıxılar bu yolun hamarından o.

Dostu Əzrayıldı, özü kimdi bəs,-

quru bir budaqda solğun bir nəfəs...

...Özünü asmağa ip tapa bilməz, -

asar ürəyinin damarından o...

Sentimental şeir...

Ölüb bu dünyadan qisas alasan,

lap atıb gedəsən bu Yer üzünü.

Sonuncu nəğmənlə qatıb başını,

aldadıb gedəsən bu Yer üzünü.

Bu boyda dünyada ömür nə qısa,

bu qısa dünyada həsrət nə uzun.

Gedib bir vəfalı ölüm tapasan,

qaçasan əlindən bu vəfasızın...

...Gəlir kölgə kimi, qaraltı kimi,-

elə kölgə kimi sovuşur adam.

Durub ömrü boyu gözlədiyinə,

bir anın içində qovuşur adam...

...Nə qədər vəfasız olsa da dünya,

sevəsən-sevəsən yenə sən onu.

Çıxıb gedəndə də bu Yer üzündən,

Allaha tapşırıb gedəsən onu...

Düşür...

Yoxsa pərişandı göylərin halı,-

bu yağan yağışlar niyə lil düşür?

O qədər baxdım ki, düşdü bir ulduz,-

görən mən zalıma neçə il düşür?!

Çoxdan çalınmayan bu sim saraldı,

gələnim olmadı, - izim saraldı...

Göylərə baxmaqdan gözüm saraldı,-

göydən də qəm dolu bir zənbil düşür.

Bax bu qorxaq külək, - titrəyən, əsən,

görürsən bizi də qorxudur bəzən...

...İlahi, sən hər gün ürəyimdəsən,

sənin də yadına bu tifil düşür?!

Hərə bir ölümə qoşulub qaçır...

Çiçəklər yalvarıb “dayan” desə də

əzib çiçəkləri qoşunum qaçır.

Dil-dil ötən dostum quşürək imiş,

güllə qabağında quş olub qaçır...

Üz var ki?-silləm də üzə dəyməyir,

hər qələm qanadlı sözə dəyməyir...

İndi milçəklər də bizə dəyməyir,-

bizə dəyən kimi qaşınıb qaçır...

Bu ömür əynimdə cırılıb gedir,

bu yollar bir yola burulub, gedir...

Hərə bir ölümə vurulub gedir,-

hərə bir ölümə qoşulub qaçır...

Dağ çayı yıxılıb dağdan ölərdi...

Hər gün Göy üzünə məktub yazıram,

ancaq ki, atmağa bir qutu yoxdu...

Mənim bu dərdimə ad qoyulmayıb,

mən olan dünyanın Qorqudu yoxdu.

Ah göyə çıxanda, yerə can düşüb,

ayaqlar altına Yer haçan düşüb?

Yer günah eyləyib Allahdan düşüb,

geri qayıtmağa umudu yoxdu!

Haqsız da dünyada haqdan ölərdi,

dağ çayı yıxılıb dağdan ölərdi...

Dünya istəsəydi çoxdan ölərdi,-

ancaq özü boyda tabutu yoxdu...

Dağlar ölkəsidi sinəmiz bizim...

Bəlkə, qandı axır yeraltı çaylar,-

bəlkə, yerin altı damar kimidi?

Göy üzü-Allahın ovuclarıdı,

ulduzlar ovcunda qabar kimidi...

Göydən qırılıbdı nənnimiz bizim,

həsrətin yaşıdı sinnimiz bizim...

Dağlar ölkəsidi sinəmiz bizim,

nə olsun, baxanda hamar kimidi?!

Güllə tuşlamağa nə tirdi quşlar,

qoy girim altına, çətirdi quşlar...

Vətəndən bir məktub gətirdi quşlar-

elə bu quşlar da çapar kimidi...

Yaxşı bu tüfəngin tək lüləsi var...

Deyirlər Allahdan gözəli yoxdu,-

onun da boyunu görə bilmədim.

Yüz sevgi böyütdüm içimdə, ancaq

birinin toyunu görə bilmədim.

Yaxşı ki, qanadı bir cütdü quşun,-

yaxşı bu tüfəngin tək lüləsi var.

Kibrit çöplərindən ev tikənlərin,

evinin alışmaq təhlükəsi var!

Dağlar...

Dağları ucadan çağırdım bu gün,-

bu səsə bir az da ucaldı dağlar...

Bir qartal qanadın sərdi dağlara,-

qartal qanadından güc aldı dağlar!

...O yanda görünən qəfil kim idi?-

bu çoban ya fildi, ya fil kimidi.

Göy üzü bağlı bir qıfıl kimidi,-

bəlkə, Göy üzünə açardı dağlar?

Sən bu çobanınsan, bu,- sənin qarı,

nədir haqqı bircə busənin, qarı?

Bir anda əritdi, bu sərin qarı,-

çoban tütəyindən nə çaldı, dağlar?!

Bu günü dağlara nəzir etmişəm,

deyəsən çox baxıb nəzər etmişəm...

...Dağları sevgimə əsir etmişəm-

sevgimin əlində naçardı dağlar...

Dərdi gicgahına sıxıb qalırsan...

Hər gün öz-özünə uduzur adam,

hər gün də özündən bac almaq olmur.

Dərdi gicgahına sıxıb qalırsan...

İlahi, bunu da bacarmaq olmur!

Hava isindikcə soyuyuruq biz,

həya libasını soyunuruq biz...

Kiçilib, sonra da “böyüyürük”biz,-

yoxsa ki, başqa cür ucalmaq olmur?!

Bir tütək havası çoban öldürər,

məni ümid saxlar, güman öldürər.

Allah sevdiyini cavan öldürər,-

bunu biləndə də qocalmaq olmur...

# 2815 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #