Anamın evlilik monoloqu – Amildən Yeni Şeirlər

Anamın evlilik monoloqu – <span style="color:red;">Amildən Yeni Şeirlər
14 mart 2018
# 17:30

Kulis.az gənc şair Amil Amalın (Məmiyev) yeni şeirlərini təqdim edir.

***

Əlinin içi ilə qulaqlarımı isidər,

çölü ilə istimi ölçərdi, anam.

Soyuq evimizdə

isitmək üçün yatağımı

Birinci anam yatardı

yorğan-döşəyimdə mənim.

Gündə ev işləri...

Yır-yığış, sil-süpür, biş-düş.

O qədər beləcə işlər görərdi ki,

Bizi çimizdirəndə

Qabar, sərt əlləri

hamar dərimizi incidərdi

və qayıdıb deyəndə ki,

“Əllərin ağrıdır ana”

Yadımdadır,

anamın gizlində ağlaya-ağlaya

krem alıb əllərinə sürtməyi.

Mən heç vaxt görməzdim

anamın xəstələndiyini.

Mən heç vaxt görməzdim

anamın süfrə arxasında

bizimlə oturub yemək yediyini.

Xörəyi bizə çəngəllə

yeməyi öyrədən anamı mən

Xəlvətdə,

barmaqlarının ucu ilə

qazanın dibini sivirən görmüşdüm.

Özü də həmişə toxam deyən anamı.

Nə qanırdım, uşaqdım

Bişirərdi başımı.

İndi, naz-nemətlə dolu

ağ kətanlı süfrələrin,

kübar məclislərin birində

yeməyi gövşəyən, marçıldadan

və bunları gördükdə

nəzakət və etiket qaydaları

yadlarına düşən adamların içində

Bir əlimdə çəngəl bir əlimdə bıçaq

oturub anamı fikirləşirəm.

Yaddan çıxmasın deyə

çıxardıb yaxamdan ağ salfeti

bu sətirləri yazıram üstünə.

Evimizin təbibi,

qulluqçusu,

paltaryuyan maşını,

ofisiantı, aşpazı,

“budilniki”, tozsoranı,

ütüsü, ətçəkəni,

dərzisi, xidmətçisi

Bir sözlə, hər şeyi idi anam.

Gözəl anam, gəşəng anam.

Nazim Hikmətin Pirayəyə yazdığı şeirlərə ithaf

Dönməyəcəyini və gəlməyəcəyini bilərək

Gedən qatarlara, uçan təyyarəyə

Qaçıb əl yelləyən uşaqlar kimi

Mən də səni görəndə

Qaçıb əl sallayıb

"Samalyot", "Samolyoot!" çağıran təki

Ürəkdən bağırmaq,

çağırmaq istəyirəm adını.

Anamın evlilik monoloqu

Qabağında ölərəm,

qurban olar anan sənə.

Evlən oğlum, nolar evlən.

Bir tay-tuşuna bax da.

Hamısı evlənib,

səni boyda uşağı var hamısının.

Yaşın keçir. Qartımısan.

Otuz yaşın gəlir,

de görüm sənə kim gələcək axı?

Bu gün-sabah başmı yerə qoysam

kim baxacaq sənə?

Yeməyini kim bişirəcək?

Paltarlarını kim yuyacaq?

Səhərlər kim oyadacaq?

Kim yola salacaq səni?

Atanın da yaşı keçir, qocalır.

Barı heç olmasa nəvə görüb ölək.

Elə bir toy eliyək ki, sənə, gəl görəsən.

Mən demirəm ki indi.

Yavaş-yavaş. Hələ bir tərpən sən sonra.

Öz evin, öz eşiyin olsun.

Heç olmasa bir qız tap hələ

Elçi gedək, görək kimlərdəndi?

Əsli nəcabəti. Atası, anası. Bibisi dayısı.

Bəlkə heç onlar bəyənmədi səni?

Gülmə eey! Sənnənəm.

Bu qədər qız göstərdim

birini bəyənmədin.

Noldu bu dünyada

bir qız tapılmadı sənə?

Guya elə hamı dərdindən ölür bunun.

Paaah atonan.

Yaxşı nə deyirəm.

Sən gülməyində ol.

Öz işindi.

Öz övladın olanda

başa düşərsən məni.

Image result for amil məmiyev

# 2236 dəfə oxunub

Oxşar xəbərlər

Azər Turan:  "Azərbaycan ədəbiyyatının Əlisəmid Kür müxalifliyinə ehtiyacı var..."

Azər Turan: "Azərbaycan ədəbiyyatının Əlisəmid Kür müxalifliyinə ehtiyacı var..."

16:30 24 oktyabr 2025
Ulucay Akif:  "Aygün Kazımova ilə evlənmək fikrim yoxdur..."

Ulucay Akif: "Aygün Kazımova ilə evlənmək fikrim yoxdur..."

12:28 24 oktyabr 2025
"Heç bir “izm” istedadsız müəllifin köməyinə çata bilməz..." - Zamanına oxşayan "səksənincilər"

"Heç bir “izm” istedadsız müəllifin köməyinə çata bilməz..." - Zamanına oxşayan "səksənincilər"

10:00 24 oktyabr 2025
Mental dəyərlərin "Açılmayan çətir"i - Elnarə Qaragözova

Mental dəyərlərin "Açılmayan çətir"i - Elnarə Qaragözova

14:00 23 oktyabr 2025
"Biz itib-eləməmişik..." - Mirmehdi Ağaoğluna CAVAB

"Biz itib-eləməmişik..." - Mirmehdi Ağaoğluna CAVAB

10:00 22 oktyabr 2025
"Yaxşı yazıçı olmaq üçün nə etməli?" - Doris Lessinqdən gənc yazıçılara məsləhətlər

"Yaxşı yazıçı olmaq üçün nə etməli?" - Doris Lessinqdən gənc yazıçılara məsləhətlər

17:00 17 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər