"Öz ümidsizliyim doğmadır mənə..." - Füruğ Ferruhzaddan Şeirlər

"Öz ümidsizliyim doğmadır mənə..." - Füruğ Ferruhzaddan Şeirlər
13 iyul 2019
# 16:15

Kulis.az əfsanəvi İran şairəsi Füruğ Fərruhzadın şeirlərini təqdim edir.

Nağıl

yuxuya getməliyəm,
mənə nağıllar danışsmalısan,
kim bilir,
bir də baxarsan inanmışam…

***

Quş

Quş dedi: günəşə bax!
Nə gözəl qoxu var!

Bahardı, bahar!
Öz tayımı axtarmağa uçarsam…

..Quş eyvanın sahilindən

Bir göndəriş kimi uçdu..

Quş kiçik idi

Quş düşünmürdü

Quş qəzet oxumurdu

Quşun borcu yoxudu

Insanları tanımırdı quş

Quş havada,

qırmızı təhlükə işıqlarının fövqündə,

xəbərsizlik ucalıqlarında qanad çalırdı,

mavi anları

dəlicə sınayırdı

Quş… Sadəcə quşdu…

Qurma kukla

Çox, daha çox susa bilər insan

saatlarla

ölü baxışları kimi baxışlarla

bir papiros tüstüsünə dala bilər insane

bir bir tabağın ağzına, rəngsiz çiəyə

divara, xəyali cizgiyə..

yalın əllə pərdəni çəkə

küçədəki yağışı görə bilər,

əli çərpələngli uşağın eyvanda durmasını

atın qəfil fınxırıb qaçmasını

Olduğu yerində dura bilər insan

Pərdənin yanında məsələn

Lal kar bir hayqırtı qopa bilər ondan

“Sevirəm” deyən.

Birinin güclü qolları arasında

Sağlam və gözəl dişi ola bilər

Ya da dəridən süfrətək bədənini sərə

Bir cüt məməsiylə

Bir sərsərinin yatağında

Kirlədə bilər eşq məsumiyyətini.

Lovğalıqla aşağılaya bilər

Bir ömür boyu düşündürəcək sualı.

Yalnız bir tapmacayla əlləşə bilər

Boş bir cavabla ovuna bilər

Beş altı hərflik bir cavab…

Bir ömür diz çökə bilər insan

Soyuq bir türbənin qarşısında

Önə doğru əyilən başla

Naməlum məzarda tanrını görə,

Bir-iki sikkəylə imana gələ,

Bir məscid hücrəsində çürüyə bilər,

Məzar duaları oxuyan qoca kimi.

Vuranda, çıxanda, böləndə

heç nəyi dəyişməyən sıfır kimi
su kimi öz quyusunda quruya bilər insan,

qəhr omuş qabığından sənin gözlərini

köhnə ayaqqabının düşmüş düyməsi sana bilər,

gözəl bir anı gülməli şəkil kimi

sandığın dibində saxlaya bilər,

bir günün boş qalmış çərçivəsinə

hökmlü, məğlub, ya da

çarmıxa çəkilmiş birinin şəklini qoya bilər

bir divarın dəlmə deşiklərini

xəyali surətlərlə tuta bilər

anlamsız şəkillər uydura bilər..

qurma gəlinciklər kimi ola bilər insan

şüşə gözlərindən ancaq öz dünyasını görən,

samanla dolu bədənlə tül və muncuqlkar arasında

hədiyyə qutusu içində

illərlə yata bilər

avara əllər hər toxunanda

heç bir səbəbi yoxkən

“Xoşbəxtəm” deyə səslənə bilər..

Puç

Gözlərin qəm qutusunda

yatmışdılar

soyuq və səssiz.

Baxışın diliylə demişdi onlar

deyilməmişləri səndən daha tez.

Məndən və məndə gizlənən hər şeydən

qaçırdın,

qurtulurdun.

Yadımdadır, bu yolda bir gün

məni səbirsizcə öz arxanca

çəkirdin,

çəkirdin.

Sonuncu dəfə,

sonuncu dəfə,

Görüşün sonuncu o acı anı

gözümə mənasız göründü dünya.

Külək nalə çəkdi, mən qulaq asdım

payız yarpağının xışıltısına.

Yenə də çağırıb qovdun məni sən,

qovdun və sonra da fil sümüyündən

bir taxtda oturtdun yenidən məni,

dalğanın içinə çəkdin sən məni.

Paltarım olsa da qəm qumaşından,

illərlə qəlbimdə ömür sürmüsən.

Eşq tutub gözümü, mən bilməmişəm,

nəsən sən,

kimsən sən.

***

Külək bizi aparacaq

Heyf ki,

bu bir göz qırpımlıq gecəm

küləyin yarpaqlarla görüşüdü.

bu qısa gecədə məni

qopub yıxılmaq qorxusu üşüdür.

dinlə,

kölgələrin hənirini,

qaranlığın xəfifliyini..

bu xoşbəxtliyə yadam nədənsə,

öz ümidsizliyim doğmadır mənə.

Dinlə,

Kölgələrin hənirini...

eşidirsənmi,

Bir şey keçir gecənin içindən...

Hər an çökəcək damdan asılıb

Təlaşlı, qızılı Ay..

Yasa yığılan qadınlar kimi

yağmağa hazır buludlar

Toplanıb lay-lay...

Bir an...

Sonrasa heç nə...

Pəncərədən o tayda titrəyir gecə

Yer bir an dayanır, dönməyir

Bu pəncərə arxasında bilinməz biri

Səni və məni gözləyir.

Ey,

Başdan ayağa yamyaşıl olan,

Yandırıb yaxan xatirələrlə dolu əllərini

Eşqdən tutuşan əllərimə uzat.

İstiliyini duyduran dodaqlarını

aşiq dodaqlarıma burax

Külək bizi aparacaq

Külək bizi aparacaq….

# 3598 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #