Yer üzünə qonaq gəldiyim gün - Fadil Paşayev

Yer üzünə qonaq gəldiyim gün - Fadil Paşayev
28 fevral 2018
# 10:08

Və ya Kahin Maaya niyə yazığım gəlir?

Fadil Paşayev

Heç vaxt 28 fevralımı ürəyimcə qeyd edə bilməmişəm. Hətta doğma kəndim Dondarlıda da. Arzumdu axı. Hələ ki, gözümdə qalır. Elə ilk doğum ilindən 40 yaşa qədər bu rəqəm daha çox xoşagəlməz anlarla yaddaşımda iz buraxıb. Azərbaycan tarixinə Sumqayıt hadisələri kimi düşən 28 fevralda ermənilər görünməmiş hiyləgərliklə gənclik şəhərində qətl və qarətlər törədib, bizim üstümüzə atdılar. Sonralar isə doğum günüm ərəfəsi Xocalı qətliamı baş vermişdi.

Nə başınızı ağrıdım, bu günü keçirməkdən həmişə qorxmuşam və yenə də o həyəcanı yaşayıram ki, nə isə olacaq. Ona görə bu qənaətə gəlmişəm ki, qədim el adətlərinə riayət edim. Çünki qədim dövrlərin bir çox mədəniyyətlərində uşağın yalnız bir yaşını qeyd edirmişlər. Bu isə doğum günü sayılmırmış. Ad günlərini yalnız fironlar, tanrılar, padşahlar və sonralar isə tanrıların xidmətçiləri olan ən nüfuzlu kahinlər təmtəraqla yad edirmişlər. Məsələn, Kahin Maa doğum günündə Amona sitayişə gələn misirlilərin hədiyyələrini məbədə verməzmiş, özü üçün nəzərdə tutulan yeraltı zirzəmidə saxlatdırarmış. Şişman qarnı və bədheybət sifəti ilə var-dövlətinin quluna çevrilmiş imiş. O hədiyyələr və ərzaqlar isə sonda Osirisə “qismət” olmuşdu. Yazıq və zavallı Maa!!! Onun gününə heç düşmək istəməzdim.

Ümumiyyətlə, doğum günlərinin kütləvi olaraq bayram kimi qeyd edilməsi eramızın I minilliyində yayılmağa başlamışdı. Bax, elə o zamandan ad günlərinin zayını çıxartdılar. İndi də ayrı-ayrı xalqlarda doğum günləri müxtəlif şəkillərdə qeyd edilir. Təsəvvür edin ki, mən Allah eləməmiş, meksikalıyam və kiçik yaşlarımda ad günündə mənim üçün içi konfetlərlə dolu olan kukla düzəldirlər. Pinyata adlı kuklanı elə günə salmalıydım ki, içindəki konfetlər yerə dağılsın və bu konfetlərlə başımı aldatsınlar.

Vyetnamlı olmadığıma da şükür edirəm. Səhv başa düşməyin, xalqı aşağılamaq kimi fikrim yoxdur. Amma bu xalqın ənənəsində ad gününü bayram kimi qeyd etmək vərdişləri yoxdur. Bəndəniz vyetnamlı olsaydı, mamamdan olduğum günü heç veclərinə də almazdılar. Ancaq Tet adlandırdıqları yeni il bayramlarında yaşımın üstünə yaş gələcəyini biləcəkdim.

Texnoloji sahədə inqilab etdiklərinə görə yaponlara rəğbətim böyükdür. Amma və lakin… Qədim Va xalqı (yaponları əvvəlcə belə adlandırırmışlar) doğum günlərini 60 yaşa qədər qeyd etmirlər. Yapon olsaydım, ad günlərimdə quruca olsa da, atamla anamı təbrik edəcəkdilər. Çünki yaponlar hesab edirlər ki, uşaqların dünyaya gəlməsində daha çox əziyyəti olan valideynlərdir. Şəkk-şübhəsiz, yaponlarla qohumluğum olmasa da, həmişə bacılarımın doğum günündə paralel olaraq anamı da təbrik etmişəm.

Almanlara baxmış yaponlara min şükür! Necə deyərlər, das ist fantastic. Das Kind (uşaq) olsaydım, yenə birtəhər dözərdim. Almaniyada 30 yaşını qeyd etmək əsl işgəncədir. Bu ölkədə subay oğlanlar 30 yaşını hansısa meydanı və ya küçəni süpürməklə qeyd edirlər. Dostları isə onun qarşısına müxtəlif zibillər atırlar ki, yubilyarın işi qurtarmasın. Subay alman kişisi doğum günündə əməlli-başlı zibilə düşür. Əgər hansısa əri olmayan qız oğlana öpüş hədiyyə etməsə, vay onun halına. Bir öpücük hər şeyi dəyişir.

Çinli kimi isə hər 28 fevralda metrlərlə ölçülən əriştə yeməli idim. Qarşıma uzun, doğranmamış əriştə dolu qab qoyacaqdılar ki, ilk götürdüyüm uzun əriştə ilə ömrümün müddətini müəyyən edim.

Gəlin, ruslardan çox danışmayım. Bircə onu deyim ki, ruslar doğum günlərini adam kimi 17-ci əsrdən sonra qeyd etməyə başlayıb. O dövrə qədər isə rus kimi doğum günümdə piroqdan yeyib pivədən “şiləməliydim”.

Hə, Tanrıya sonsuz şükürlər olsun ki, nə meksikalıyam, nə alman, nə vyetnamlıyam, nə çinli, nə də rus. Bir azərbaycanlı kimi doğum günümü Dondarlıda keçirmək istəyirəm. Qoyun-quzunun mələşdiyi Qarabaşlının, ya da Sarıyamacın ətəyində. İstəmirəm kahin Maa kimi ad günümdə gözüm Misir Tanrısı Amona, ya da Geb və Nutun oğlu, yeraltı dünyanın hakimi Osirisə dikilsin. İSTƏMİRƏM!!!

# 1627 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #