Mən bir termos şüşəsiyəm – Günel Natiq yazır

Mən bir termos şüşəsiyəm – <span style="color:red;">Günel Natiq yazır
27 yanvar 2016
# 08:30

Təsadüfən köhnə kitabların birində rast gəldiyim avtoqraf məni yaman tutdu: “Ömrü boyu sözün qabağından qaçmışam... Amma sənə layiq söz tapa bilmirəm...”

Bu sözlər İsa İsmayılzadənin idi.

Bu sözlər də eləcə:

“Hərdən sözün-şeirin sıxıntısından, qələmə gəlməyən sözün, əlimə gəlməyən sözün ağrısından ürəyim sızıldayır; dünyada hər şeyin məndən ötrü qurtardığı belə anlarda harasa baş götürüb qaçmaq, uzaqlarda, əl çatmayan, ün yetməyən bir yerdə yolumu gözləyən itkin sözlərin dalınca düşmək, doğma, əziz adam kimi sözə sığınmaq, o sözün boyunu oxşamaq istəyirəm”.

Bu sözləri də o demişdi:

“Hər şeir ömrümü uzadır bir gün, amma... ikicə gün alır ömrümdən...”

Söz diri idi, canlı idi. Hər şey sözdə gizliydi. Hər şeyin açması sözə bağlıydı. Hər kəs fərqində olduğu və olmadığı qədər sözlərdən asılı idi. Sözün taleyi şairin taleyi idi.

İsa İsmayılzadə belə bir şair idi. Özü-öz içində gizli. Yozumu ancaq özünə və sözə bəlli. Onun fikrincə, əsl yazıçı heç nədən asılı olmamalıdır, çünki şair olmurlar, şair doğulurlar...

Ən böyük şeirləri vətən və yurd haqqındaydı, çünki ona görə, əsl yazıçının içində gözəgörünməz bir hüceyrə vardır ki, o torpaq ağrısını tez duyur...

Qatar gedər Arazboyu

Qaldım qıvrıla-qıvrıla

Qarşı dağlar görünəndə

Qaldım qovrula-qovrula

Ömründən bir qatar keçərdi həmişə. Bakı- Tbilisi, Tbilisi-Bakı.

Ömrümdən bir qatar keçər həmişə -

Bakı-Tbilisi, Tbilisi-Bakı...

Yağışı, küləyi biçər həmişə,

Yuxumu, duyğumu biçər həmişə,

Gecədən, gündüzdən keçər həmişə,

İllərlə yolları ölçər həmişə.

İsa İsmayılzadə şeiri sanki qatar səsinə bənddi. Bütün gedənlər bu səslə geri gələcək sanki.

Onca ildə,

Vaqon pəncərəsindən

Boz çöllərə baxa-baxa

Gözləri yol çəkəcəkdi,

Duman kimi, yuxu kimi

Anam gəlib gedəcəkdi,

Onca ildə

Nəticə görəcəkdi, ana itirəcəkdi...

Sonra mənim toyumda

Əlləri ağır-ağır qalxacaqdı çiyninə

Ənzəli havasına...

Söz nə idisə elastik idi, onu istənilən yerə əymək, plastilin kimi istədiyin şəkli almaq olardı. Amma bu hamıya müyəssər deyildi.

“Mən bir termos şüşəsiyəm” - deyirdi şair – “Çilik-çilik olub içinə tökülmüş termos şüşəsi...” İçinin qırıqlarını, sınıqlarını ifadə etmək üçün daha uğurlu bir ifadə tapmaq olmazdı. Bu itirilən zamanın qorxusunu ifadə edirdi həm də...

Sözün ölçülərini bilirdi, ona görə sözlə davranmaq onun üçün asan idi. Ona görə özü ola bilirdi. Ona görə şeirin üstündə əziyyət çəkmirdi, sözün qabağından qaçmırdı... (Yenə avtoqraf kimi yazdığı sözləri xatırlayıram).

Təpədən-dırnağa şair idi. İlhamına isə ancaq həsəd aparmaq olardı.

O dərə
o təpə,
o qar, o yağış,
O vaqon bürküsü,
təyyarə səsi,
İçimdən duyğutək şütüyən illər,
Mənim gözlərimdə uyuyan çöllər
Dolardı otağa…

Bir gecə, bir mən
Uçardım ilhamın qanadlarında.
Duyğu yağışında islanmağımdan,
Fikir yoxuşunda usanmağımdan
Xəbərim olmazdı, olmazdı onda.

İsa İsmayılzadənin həsrət şeirlərində həsrətin sehri var. Həsrət ayrıca bir obrazdır. Həsrət nəfəs alır, danışır. Hər şeyi öz arxasınca aparır. Canlı-cansız nə varsa bu həsrətə uyğunlaşmağa və onun taleyini yaşamağa məhkumdur. Amma ən böyük həsrəti “Söz həsrəti”idir.

İllərlə qəlbimdə söz böyüdərdim,
Misralar dönərdi yol yoldaşıma,
Könül sirdaşıma,
qan qardaşıma.


İllərlə qəlbimdə söz böyüdərdim,
Qoşulub köçəri duyğularıma
Gecəli-gündüzlü hey yol gedərdim.

Şeirlərinin birində “ürəyim yağışlı günlərdən asılı qaldı”, - deyir. Yağış ötüb-keçən vaxtdır. Yağış zamanın bir başqa adıdır.

Qalıb saçlarımda yağışın ətri,

Qalıb dodağımda yağışın dadı.

Yanağımda sərin nəfəsi qalıb

Gözümdə qurumuş sevinci qalıb.

Qulağımda səsi qalıb.

Yağışlı günlərimiz niyə azaldı? Bunu ancaq şair deyə bilərdi.

Yağışlı günlərdən asılı qalan

Ürəyim cadar-cadar

Səsim-sözüm cadar-cadar...

Yenə İsa İsmayılzadənin “Bir ömürlük gecə” kitabına yazdığı avtoqrafı xatırlayıram. Bu sözlər də bir anın əbədiyyəti kimidir: “Ömrü boyu sözün qabağından qaçmışam, indi də eləcə. Amma yenə sənə layiq söz tapmaqda çətinlik çəkirəm”.

Atam, tərcüməçi Natiq Səfərova yazılmış bir avtoqraf... Saralmış vərəqdə tarix 89-cu ili göstərir. Əslində bu tarix üçün bu qədər saralmamalıydı bu vərəqlər. Görünür bu da bir taledir.

Söz hər zaman təzədir. Amma yenə də sizə layiq söz tapa bilmədim, İsa müəllim...

# 2818 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #