Dodaqların şirinliyindən pardaqlanmış nar - ŞEİR

Dodaqların şirinliyindən pardaqlanmış nar - <span style="color:red;">ŞEİR
13 iyul 2015
# 10:37

Kulis Səxavət Sahilin yeni şeirlərini təqdim edir

İsanın əllərini xatırlayıram

Yarpaqları tökülən

nar budağında

yetim qalıb quş yuvası –

İsanın başındakı

tikanları xatırlayıram.

Sərçənin dimdiklədiyi yerdən

damcı-damcı axır nar şirəsi –

İsanın əllərini xatırlayıram.

Yarpaqlarını qızıla çevirib

təzminat verən nar ağacı

baharı gözləyir –

İsanın göylərə dikilən

gözlərini xatırlayıram.

Nardan çəkilən şərabı

ləzzətlə gillədir cavan hökmdar,

şərab mənim qanımdır –

İsanın sözlərini xatırlayıram.

Nar ağacının Tantal əzabı

Payız yelinin notları üstə

saralmış nar yarpaqları

toxunduqca bir-birinə

nəğmə oxuyur.

Titrəyir yarpaqlar

nar bağına qorxu düşür –

İsrafilin suru kimi

yayılır ölüm havası.

Yaşıl-yaşıl yarpaqlara

ayrılığın rəngi çökür

budaqları çılpaq qalır

gövdəsi bomboz bozarır.

Döşənir ayağına

narın öz yarpaqları

yalvarır, haray çəkir

xəzəl-xəzəl yellənir.

Nar ağacı əzab çəkir -

əlləri çatmır yerə

zalım külək aman vermir

qaytara yarpaqlarını.

Nar ağacının ölüm rəqsi

Çiçəkləmiş nar ağacı

rəqs eləyir

qara yelin mahnısı üstə,

oynatdıqca budağını küləklər

şabaşı kimi

səpələnir çiçəklər.

Pərvazlanır yel qanadında

yuvadan düşən

bala sərçəsayaq

uça bilmir uzağa

dağılır, yığılır

qəlpələnir çiçəklər.

Əsir, əsir qara yel

xərcləyir sola-sağa,

havayı pullar kimi

uçur-uçur çiçəklər

mənim ömrüm sayağı

qismət olur torpağa.

Ave Maria

Tumurcuqlu nar zoğunda

bala sərçə nəğmə deyir:

Müjdə verim qabaqcadan

sevin, sevin nar ağacı.

Tanrı sənə övlad verir

sevin, sevin nar ağacı.

Budaqların gül açacaq

böyüyəcək nar olacaq.

Yaşıl-yaşıl yarpaqların

arasında bar olacaq.

Yerikləyib qızaracaq

yetişəcək mənim payım,

darıxıram tez gələydi

tez gələydi avqust ayı.

Qara nar

Dərilməmiş nar qalıb

çılpaq budaqda

qızarmayıb,

alışmayıb kömür kimi.

Vaxtsız açan nar gülü -

qarğa dimdiyinə də gəlmir indi.

Dərilməmiş nar qalıb

çılpaq budaqda

büzüşüb yetim kimi

möhtac olub bir cüt ələ.

Çiçəyi burnunda

qalıb bu narın -

görəsən hansı dərd

öldürüb onu.

Bir qanmaz uşaq gələ

daş ata, salıb bu narı

qurtara qaralmış tənhalığından.

Dərilməmiş nar qalıb

çılpaq budaqda

mənim ömrüm kimi

qaralıb elə.

Qadın kimi

Payız səhəri

dolmuş buludlar bəhanə gəzir.

Yetim tək boylanır nar ağacı

sovurur külək tökülmüş yarpaqlarını

qadın kimi döşündə qızarır bir cüt nar.

Ürkək bir sərçə qonur

çılpaq budağa.

Südəmər körpəsayaq

əmir narı bu ətcəbala

qızarır qan kimi sarı dimdiyi...

Nar qız

Dodaqların

şirinliyindən pardaqlanmış

nar kimi qızarır –

elə bilirəm məni çağırır.

Qolların

nar şivi kimi

uzun, nərmənazik

boynuma dolanaydı kaş.

Saçların

nar pöhrəsi kimi

sallaq, sallaq –

uşaqlığımda

hamıdan qaçıb gizlənərdim

nar pöhrəliyində.

Sözlərin

nar budağının tikanıdır

ürəyim deşik-deşik.

Çoxillik nar şərabı kimi

məni məst eləyən nar qız,

gör nə vaxtdır sərxoşam

ayılmadan, ölürəm artıq

məni torpaq gözləyir.

“Aydın yol”

# 2104 dəfə oxunub

Oxşar xəbərlər

Hüseynbala Mirələmov bədii nəsrini insan və zaman kontekstində dəyərləndirən monoqrafiya - Elman Quliyev

Hüseynbala Mirələmov bədii nəsrini insan və zaman kontekstində dəyərləndirən monoqrafiya - Elman Quliyev

17:20 6 mart 2026
"Dedi, başla, kişi ol! İndi vaxtıdı…" - O, sevdiyi qıza qarşı necə belə qəddar ola bilərdi?!

"Dedi, başla, kişi ol! İndi vaxtıdı…" - O, sevdiyi qıza qarşı necə belə qəddar ola bilərdi?!

12:00 6 mart 2026
"Balaca bir hekayədə bu qədər “hoqqa çıxarmaq” lazım deyil..."  - Hekayə müzakirəsi

"Balaca bir hekayədə bu qədər “hoqqa çıxarmaq” lazım deyil..." - Hekayə müzakirəsi

12:00 4 mart 2026
"Yorğan-döşəyi yanmış yük yerindəmi?" - Soyqırım və ağacdan asılmış boş beşik

"Yorğan-döşəyi yanmış yük yerindəmi?" - Soyqırım və ağacdan asılmış boş beşik

14:09 3 mart 2026
Maddi və ruhani dəyərlər arasındakı ziddiyyət - "Taxma kirpiklər" haqqında

Maddi və ruhani dəyərlər arasındakı ziddiyyət - "Taxma kirpiklər" haqqında

16:00 2 mart 2026
"Bütün tələbələrin söyüş söyməsi ağlabatan görünmür..." - Siz niyə susursunuz?

"Bütün tələbələrin söyüş söyməsi ağlabatan görünmür..." - Siz niyə susursunuz?

15:00 22 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər