Cır əzgil bağı - Ramilə Qurbanlıdan hekayə

Cır əzgil bağı - Ramilə Qurbanlıdan hekayə
16 aprel 2019
# 18:20

Qonşuluqda bir ailə yaşayırdı. Kasıb bir ailə. Ata hardasa fəhlə işləyirdi, ana heç işləmirdi. Kasıbın uşağı çox olar, deyirlər; dünyaya uşaq gətirməkdən işləməyə vaxtı da yoxdu. Balaca bir komaları vardı, kərpicdən palçıqla hörülmüşdü, döşəməsi torpaqdandı. Yerə həsir döşəmişdilər. Gündüzlər o uşaqlar həyət-bacada qaçır, oynayır, yalnız gecə yatanda qaranlıq daxmaya doluşurdular. Həyətləri geniş və yaşıllıq idi, hər tərəf çəmənlik və ağaclar, yəni necə vardısa elə, insan əli dəyməmiş kimi kortəbii. Yaxşı meyvə ağacları vardı bağlarında, xüsusilə cır əzgil ağacı elə bil kənddə ancaq onların bağında qalmışdı, hamı çoxdan köhnə, cır ağacları kökündən kəsib yerinə yeni, peyvənd olunmuş meyvə ağacları əkmişdilər. Onlarda hər şey bir az qədimi, fərqli muzeysayağı idi. Oğlan istədiyi qızla evlənmək üçün atasının icazəsini ala bilmədiyi üçün onu götürüb qoca nənəsindən miras qalan komaya gətirmişdi. Gəlin komanı süsləyib oturmuşdu içində, axşam evə çörək gətirəcək ərinə yemək hazırlayıb onu gözləməklə keçirdi günü. Lap əri ova getmiş ibtidai insan sayağı...

Hə, deyirəm, əvvəlcə nənədən danışım. Biz ona Səmər bibi deyərdik. Məhəllədə hamı elə deyərdi, heç bilmirəm kimin bibisi idi, bəlkə də heç kimin bibisi olmadığı üçün hamı ona elə deyirdi. Əri müharibədən qayıtmamışdı, o kasıb damın altında üç atasız qız böyüdüb köçürmüşdü. Qızlardan biri fiziki qüsurlu oğlanla ailə qurmuşdu, çoxuşaqlı ailənin bütün yükü onun çiyinlərinə düşmüşdü. Biri kolxoz idarəsində hesabdar işləyən kişiyə ərə getmişdi. Xalis sovet hesabdarı... Kağız-kuğuzdan başı qalxmazdı. Üçüncü qız, qəhrəmanımızın anası kəndin ən əzazil, qadına qan udduran kişisi ilə evlənmişdi. Kişi qadını dindirib ağzından vururdu, yazıq qadının gözünün altının qarası çəkilməmiş yenisi ilə əvəzlənərdi. Elə bir gün olmazdı ki, döyülməsin. Uşaqları gözlərini açıb həyatı belə görmüşdülər. Qəhrəman həmin ailənin böyük oğludur. Atasına oxşamış. Necə oxşamasın e, ona elə gəlir ki, bütün kişilər öz qadınlarını döyür, həyat bu cürdür. Bir fərqi var ki, onun anası döyüləndə cınqırını çıxartmırdı, yalnız səhər el arasında çıxanda üz-gözündəki izlərdən ailədəki davanın “səsi çıxardı”. Amma Qəhrəman arvadını döyəndə hər ikisinin səsi yeddi evli qonşuya gedirdi, çünki şərh verə-verə dalaşır, döyüşürdülər.

Hə, Səmər bibi ilə qurtarım, yazıq Səmər bibi ipək kələfi kimi qadındı. Gözümü açandan onu qara paltarda görmüşdüm, başqa rəng tanımazdı, deyirdilər qara kağız alandan qara paltara bürünəndi, çıxartmır əynindən. Ərinin heç ölüm xəbəri də gəlməyib e, qara kağızda itkin düşməsi yazılıbmış. Həmişə çəpər başından cır əzgildən, boranıdan bizə pay verərdi. Boranıları çəpəri keçib bizim bağda tağ atardı, birini də üzməzdik, atam elə tapşırmışdı, ta ki, Səmər bibi özü birimizi çağırıb o boranıları üzdürməyincə, üzüb verərdik özünə, o, da bizə pay ayırardı. Kaş, atamız cır əzgil oğurluğunu da beləcə qadağan etmiş olaydı. Bir dəfə bizdən o tərəfdəki qonşunun uşaqlarının felinə düşüb Səmər bibinin bağına əzgil oğurluğuna girmişdik, qadın da bizi görüb atamıza demişdi. Yaxşı ki, sonra da özü onun arxasınca bizə tərəf adlamışdı, başqa heç kim qardaşımla məni atamdan xilas edə bilməzdi. Heç yeməlisi də yox idi o cır əzgillərin, uşaqlıqdı də...

Səmər bibi nədənsə, bizə doğma gəlirdi, dükana da bizi göndərirdi, başqa uşaqlarla işi olmazdı. Boynundan iplə asdığı torbanı çıxarıb, onun işindən də bir kisə çıxarırdı, sonra həmin kisənin içindən dəsmal çıxardı, onu açıb başqa bir cındaya bükülmüş xırda pulları nəhayət ki, açıb verərdi, get mənə filan şey al gətir – deyərdi. Niyə məhz xırda pulları o qədər bürüb-büküb yaxasında gizlədərdi ki, bilmirəm Elə bil Səmər bibi mağazaya da getməzdi, orda onun istifadə edə biləcəyi bir nəsnə yoxdu sanki.

Bir dəfə Səmər bibi hay-harayla atamı çağırdı ki, tüfəngini də götür tez gəl bura. Atam onun dediyi kimi də elədi. Biz də atamızın arxasınca qaçdıq, uşaq marağı üstün gəldi. Gəlib, gördük, Səmər bibinin üstü cəyənlə örtülmüş komasının düz ortasından üzü aşağı iri bir gürzə sallanır. İlanı başqa cür ordan salmağa çalışmaq, yaxud sağ buraxmaq təhlükəli idi. Səmər bibi atama əmr formasında vur dedi, deyən kimi qoşalülə açıldı, biz çölə atıldıq.

Atam gəlib qonşuları yığdı ki, arvadın koması ilan yuvasıdır, onun özünə də, bizim uşaqlar üçün də təhlükəlidir, bir tədbir tökmək lazımdır. Qadın komasının uçurulmasına razı deyildi, ərimin yadigarıdır, yuvasıdır, uçura bilməzsiniz - deyə sızıldayırdı. Onu birtəhər yola gətirdilər, əri ilə bəlkə də ömrünün bal illərini bu komada keçirmiş qadın əslində yola gəlmədi, qonşuların inadını duyub əlacsız halda sakitcə ağladı. Camaat da bunu razılıq kimi qəbul edib komanı, Səmər bibinin ərindən qalan ocağı verdilər buldozerin qabağına. Yerində yenə kərpicdən palçıqdan hörülmüş birotaqlı koma tikdilər ki, Səmər bibi komasının xiffətini çəkməsin. Amma həqiqətən də buldozerin tırtılları altında onlarla ilan qalmışdı, qaçmağa çalışanları da yaba-lapatka ilə vurub öldürürdülər. Komanın içindən yerin altına doğru lağım varmış, o da balaca bir yeraltı otağa açılırmış. Səmər bibi ora balon bağlamalarını yığırmış, deyirdilər ilanlar da elə oranı yuva eləyibmişlər. Maraqdan öldük, vaxtında bilsəydik hökmən Səmər bibinin saqqızını oğurlayıb girərdik ora. Nə isə, məhəllə ilan təhlükəsindən qurtardı, amma Səmər bibi çəkdiyini çəkdi, təzə komasında çox yaşamadı, o komanı, cır əzgil bağını Qəhrəmana vəsiyyət edib dünyasını dəyişdi.

Qəhrəman qızı o komaya qaçırdıb gətirəndə əvvəl elə mehriban idilər ki, hamı sevinirdi. Onların evliliyinin bir çox müsbət tərəfləri vardı, əvvəla iki sevgili qovuşmuşdu, ikincisi anadan yetim qalıb, ögey ana yanında əziyyət çəkən bir qıza öz ailəsini qurmaq şansı verilmişdi Tanrı tərəfindən, üçüncüsü, yazıq Qəhrəman da ata-anasının qovğasından qurtulmuşdu, yəqin atasının ailə müsibətindən dərs almış olar və yaxşı ailə başçısı olar. Olmadı.

Qəhrəman arvadını döydükcə o çığırırdı, Qəhrəman da zərbənin növbətisini onun artıq döyülməkdən körüyə dönmüş bədəninə yendirib - qışqırma, qonşular bezdi sənin səsindən - deyə qonşulara canıyananlıq göstərirdi.

Həyət doluydu körpə, bir-birindən bir yaş fərqli colma-cocuqla.

Bu olaylar artıq mənim uşaqlığıma deyil, yeniyetməliyimə təsadüf edirdi. Mən də Səmər bibi kimi çəpərin başından o colma-cocuğu çağırıb bağımızda əlimə keçəni verərdim onlara. Uşaqlar yedikcə baxıb zövq alırdım, Allahın işiydi qonşuluqda onlardan şirin uşaq yox idi, elə yaraşıqlı idilər ki, sevib-oxşamadan yanlarından keçmək olmurdu. Xüsusən də ən balacası Məhəmməd. Çəlimsiz uşaq idi, amma şipşirin idi. Çağırıb ona xiyar verirdim hər gün, may ayında xiyarın nübar vaxtı, uşaq da xoşlayırdı, elə yanımdaca dövşan kimi xırdaca dişləri ilə xırtaxırt yeyirdi.

Deyəsən, mən ona alışdığım kimi Məhəmməd də mənə alışmışdı, hər gün onu çəpər başından – Məhəmməd, ay, Məhəmməd, pəncəyi ver (məşhur filmdəki kimi) – deyə zarafatla çağırmasaydım, Məhəmməd özü məni çağırardı, səsi də çıxmırdı balacalığından, çəpər arxasından nə isə bir cığıltı eşidəndə bilirdim ki, Məhəmməddir məni çağırır. Bəzən də anam zarafatla mənə - dostun çağırır - deyirdi.

Bir gün Qəhrəman yenə arvadını döyürdü, qadın qışqırırdı, o, da qadın səsini kəssin deyə birini də vururdu. Qadının səsi tamamilə kəsilməyincə onu döyərdi həmişə. Mən filankəsin oğluyam ha...- deyib lapatka ilə onun kürəyindən zərbəni endirdikcə, qadın da öz atasının adını çəkib – mən də filankəsin qızıyam – deyə ona cavab verirdi. Dava da elə o cavab qaytarmağa son verilməsi üçün düşürdü zatən. Faciə onda idi ki, qadın zərbələrdən müdafiə üçün körpə Məhəmmədi qalxan edirmiş. Bu dəfə də elə olub, lapatka qadının kürəyi üçün göyə qalxanda təsadüfən Məhəmmədin başına enib.

Yas mərasimi başa çatandan sonra Məhəmmədin anası çəpərin başından məni çağırdı, yaxınlaşanda gördüm ki, əlində uşağın pencəyini tutub – al, Məhəmmədin pencəyini çox istəyirdin, qaldı sənə - dedi. Anam arxadan qolumdan yapışıb qulağıma yavaşca, - gəl bəri, dərddən bilmir nə danışır -deməsəydi yerimdəcə donub qalmışdım.

# 4207 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #