Umberto Eko kim idi? – SORĞU

Umberto Eko kim idi? – <span style="color:red;">SORĞU
22 fevral 2016
# 16:16

Məşhur yazıçı, filosof, semiotik-alim Umberto Eko vəfat edib. Romanları, elmi əsərləri ona dünya şöhrəti gətirən Eko sadə bir adam üçün kim idi? Bir alim və yazıçı kimi onu necə xarakterizə etmək, ondan xəbərsiz bir adama Ekonu necə tanıtmaq olar?

Kulis bu barədə sorğu keçirib. Cavabları təqdim edirik.

Əsəd Cahangir: “Qızılgülün adı" romanına qədər Eko semiotikaya, strukturalizmə, orta əsr monastır ədəbiyyatına, Coysun yaradıcılığına və s. məsələlərə dair neçə-neçə kitab yazmışdı. "Qızılgülün adı"ndan sonra onun 6 romanı və daha neçə elmi kitabı dərc olundu. Amma onun missiyası "Qızılgül"ün adını yazmaq idi. Dantenin missiyası "İlahi komediya"nı, Rablenin missiyası "Qarqantüa və Pantaqruel"i, Füzulinin missiyası "Leyli və Məcnun"u, Servantesin missiyası "Don Kixot"u, Hötenin missiyası "Faust"u yazmaq olduğu kimi. Elə yazıçı var ki, ilin, eləsi var ki on ilin, eləsi var ki əsrin, eləsi də var min ilin yükünü çəkir. "Qızılgülün adı"nın müəllifi sonunculardandır. Amma istənilən halda o əbədiyyətin yazarı deyil. Bizim bəzi yazarların özlərini ona bənzətməsi isə sadəcə gülməlidir. Ona gör yox, Eko çox böyük, onlar kiçikdir. Ona görə ki, həqiqi istedadı olan şəxs ümumən özünü heç kəsə bənzətmir. Yeri gəlmişkən, Eko da orijinal yox, "vtoriçnı" yazıçıdır. Amma o bunu etiraf etməkdən utanmırdı. Ümumən o sadə idi, çünki özünə arxayın idi. İsa köməyi olsun! Amin!

Rüstəm Kamal: Ekonun adını ilk dəfə Y.Lotmandan eşitmişəm. O, "Qızılgülün adı" romanına ön söz yazmışdı. Eko semiotik olsa da, ruhu və mədəniyyəti etibarilə klassik filoloji fikir ənənəsinə bağlı böyük alim idi. Eko yaradlcılığı ilə göstərdi: 1) böyük alim peşəkar və maraqlı yazıçı ola bilər; 2) orta əsrlər ədəbiyyatı və mədəniyyətini öyrənmək nə qədər gərəkli, perspektivli və əyləncəli işdir. Eko Avropa humanitar elminə nüfuz və şöhrət gətirmiş filosofdur, ədəbiyyatşünaslığı populyar sənətə çevirmiş Avropanın sonuncu ulduzlarından biridir.

Qismət: Umberto Eko fikirləri ilə çağdaş dünyaya istiqamət verən ən böyük fikir adamlarından biriydi. O, bədii ədəbiyyata akademik dərinlik, elmi fəaliyyətə bədii estetik mahiyyət qazandırdı. Dünyadakı ən qəliz məsələlər haqqında maqazin jurnalı sadəliyində yazdı. Eko bütün yazılarında həmişə ona yoldaşlıq edən ironiyanı inanılmaz bir yazı manerasına çevirdi, aristokratlaşdırdı. Elmi əsərlərinin hamısını oxumasam da, romanlarının az qala hamısını acgözlüklə oxumuşam, ona böyük şöhrət gətirən "Qızılgülün adı"ndan tutmuş sonuncu romanı "Sıfır sayına" qədər. Ən sevdiyim romanı "Kraliça Loanın sehirli alovu"dur. Dünyada "Norton dərsləri" adı ilə məşhur olan mühazirələrini topladığı "Ədəbiyyat meşəsində altı gəzinti" kitabı bütün ədəbiyyatçıların oxumalı olduğu şedevrdir. Fizika üçün Enşteyn kimdirsə, ədəbiyyat üçün də Eko odur.

Yalçın İslamzadə: Bioqrafiyasına görə, Eko dünyaca məşhur romançı, esseist, əbədi tənqidçi, filosof və semiotikdir. Ancaq Eko rəsmi bioqrafiyaların normalda istifadə etmədiyi ifadələrlə daha yaxşı tanıdıla bilər. Eko qədim yunan filosofları kimi, son böyük universal maraq və bilgi sahibi bir insan idi və düşüncələrini bizə Platonun ədəbi qabiliyyəti ilə müqayisə edilə biləcək bir ədəbi bacarıqla çatdırmağı bacarırdı. Eko, orta əsrləri müasir dövrdən daha yaxşı bildiyini iddia etsə də insanı və dünyanı bütün yönləri ilə ələ ala bilən son universal filosof idi. Antik fəlsəfədən rahatlıqla yaza biləcəyi kimi, orta əsrləri də ixtisası tarix olan professional tarixçi qədər yaxşı bilirdi, müasir incəsənət muzeyinin eksponatlarını analiz edib dövrümüz haqqında uzağa gedən nəticələr çıxara bildiyi kimi Akvinalı Fomanın teologiyasını da özü yazmış kimi təqdim etməyi bacarırdı. Eko, universal mirası özündə daşıyan son böyük humanist idi. İnsanın və dünyanın necə inkişaf edəcəyini bildiyi qədər ona gələcək təhlükələri də görürdü. Əsərləri, dünyanın anlaşılır olduğunu göstərən, həmişə haqqında yazdığı kitabları özündə cəmləşdirmiş universal kitabxana idi.

# 1603 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
#
#
# # #