Ləman Ələşrəfqızı: Sevgilisi çox olduğu üçün məndən gizlədilər

Ləman Ələşrəfqızı: <span style="color:red;">Sevgilisi çox olduğu üçün məndən gizlədilər
30 noyabr 2015
# 14:11

Kulisin kitabla bağlı suallarını tanınmış telejurnalist Ləman Ələşrəfqızı cavablandırır

- Nə oxumusunuz və indi vəziyyət necədir?

- Uşaqlıqdan bədii ədəbiyyatı sevirəm. Yadımdadır, hələ heç orta məktəbə getmirdim, amma kənd kitabxanasının üzvüydüm. Özümdən böyük bacımla getmişdim və “Qoğal nağılı”nı sərbəst oxuduğum üçün kitabxanaçı Şərafət mənə kitabı evə götürməyə icazə vermişdi. Mən Drayzerin “Cenni Herhard”ını, “Dahi”sini oxuyanda balaca qız idim. Yəni, 13-14 yaşım vardı. Məndən cidd- cəhdlə gizlətməyə çalışırdılar “Dahi”ni. Orada Yucinin sevgililəri çox idi axı, görünür bu səbəbdən (gülür). Amma xəlvəti o qalınlıqda kitabı qısa müddətə oxudum. O dövr üçün populyar olan Əlibala Hacızadəni, Salam Qədirzadəni də sevə-sevə oxuyurdum. Hətta bir ara gözümdə ciddi problem də yaranmışdı və mənə kitab oxumağı qadağan etmişdilər. Hər halda düşünürəm ki, bədii ədəbiyyata sərf etdiyim vaxtı ciddi fənlərə sərf etsəydim, indi vəziyyət başqa cür olardı.

- Sizcə aparıcı ədəbiyyat sahəsində nə qədər savadlı olmalıdır?

- Mütaliə hər kəsə lazımdır. Tək aparıcılara yox. Amma düşünürəm ki, aparıcılar xüsusilə hərtərəfli olmalıdırlar. Çünki onlar çağırılmamış qonaqdır və hər evdə olurlar. Bir dəfə hələ “İç xəbər”də işləyəndə aparıcılarımızdan biri üçün anons yazdım. Təxmini yadımda qalan budur ki, fransızlar burda - Bakıda kanalizasiya sistemini yeniləşdirəcəkdilər və mən də anonsda Paris klaokaları və Jan Valjandan nəsə yazmışdım. Aparıcı mənə dedi ki, bu nədir? Jan Valjan nə deməkdir? Dedim, “Səfillər”i oxumamısan? “Yox” dedi. Onu o ki var danladım və bir şeyə sevinirəm ki, bir adamın bədii ədəbiyyata marağını artıra bildim. Bu gün həmin aparıcı bəlkə də məndən də çox kitab oxuyub.

- Məşhurların bir çoxu mütaliə etmir. Xanəndələr, aktyorlar... Eyni zamanda aparıcılar... Sözü, vurğunu düz demirlər, bəhs etdiyi mövzuya yaxından bələd deyillər...

- Biz kitab sevən millət deyilik. Kim nə deyir desin, kitab oxumaqla aramız heç vaxt olmayıb. Ona görə də müğənnilərimiz qəzəli səhv oxuyur və yaxud aparıcı vurğunu vurğun vurmuş kimi deyir (gülür). Əlbəttə, mütaliə şərtdir, üstəgəl üzdə olan adam üçün ikiqat şərtdir. Adam tanıyıram ki, əlinə ömründə bircə kitab da almayıb, amma sənə dərs keçmək istəyir. Türklərdə isə əlbəttə tamam başqa cürdür. Onların mütaliəsi var, onların nitqi mükəmməldir. Onların orta məktəb təhsili alan adamı bizim ali təhsillidən yaxşı danışır, fikrini daha yaxşı əsaslandırır. Ona görə də onların hətta müğənniləri, şou adamları bizim elmlər namizədindən yaxşı danışır. Yəqin, zamanla yoluna qoyular. 5-10 il əvvəl kitab oxumaqla bağlı vəziyyət daha pis idi.

- Sizcə, kitab mədəniyyəti nə vaxt formalaşacaq bizdə? Hansı ki, sovet vaxtı bu normal idi. Bəlkə elə birinci sənət adamlarından başlamaq lazımdır. Örnək olaraq...

- Kitab mədəniyyətinin formalaşması üçün inanmıram ki, hansısa işlər görülməli, aksiyalar həyata keçirilməlidir. Bu hər bir adamın öz istəyinə bağlı məsələdir. Mən uşaqlıqda o qədər kitab oxuyurdum ki, atam mənə bir müddət mütaliəni qadağan etdi, gözlərimi qorumaq üçün. Bu gün oğluma kitab oxutdurmaq üçün yüz cür metoda əl atıram. Gah bunu oxusan sənə filan şey alacam, gah "bu kitabı oxu filan yerə gedəcəyik" və s . Yəni, dediyim o ki, məcburən heç nə etmək olmaz. Görünür, kitab mədəniyyəti hər xalqda, hər millətdə bir cürdür. Biz görünür hələ Sabirin dövründə ilişib qalmışıq. "Nə bilirdik nə zəhrimardı kitab / Biz olan evdə haçan vardı kitab?!”

- Yazırsınızmı nəsə? Həvəs üçün də olsa... Məktub, şeir, həkayə, nağıl, ən azı status-esemes...

- Status yazıram (gülür). Gündə bir neçəsini. Kalan da like gəlir. Bu məntiqlə roman yazsam yaxşı satışa ümid edə bilərəm (yenə gülür). Şer yazırdım orta məktəbdə. Dedilər, zəifdi bədii cəhətdən. Onda daşını atdım və nə yaxşı ki, atdım. Amma fikrim var, gələcəkdə nəsə yazım. Bu memuar da ola bilər, hekayə də, roman da.

- Şeir əzbərləyirsiniz heç?

- Şer əzbərləmək kimi bir vərdişim yoxdur. Ta uşaqlıqdan, şeri bir-iki dəfə oxuyanda yadımda qalırdı. İndi də sirlər xəzinəsiyəm (gülür). Hansı şairdən desəniz, azından bir misra deyəcəm

- Azərbaycandan sevdiyiniz şeir və nəsr nümunələri haqda da danışın mümkünsə.

- Salamın, Qismətin şerlərini sevirəm. Şərif Ağayarın hekayələri maraqlıdır. Bir dəfə onun bir hekayəsindən status da yazmışdım. Qan Turalının kitabını oxumuşam. Çox maraqlı idi, yormadı qətiyyən məni. Əli Əkbərdən oxumuşam bir neçə hekayə. Düzdür, indi əlimdə oxuduğum bir kitab var, türk yazardı. Aşkım Kapışmak. Onun 'Terzi" əsəridir. Elə bil Əli Əkbər yazıb. Yəni söyüş çoxdu, amma əsər mənə maraqlı gəlir. Öz-özümə deyirəm ki, biz beləyik dəə, başqası yazanda olar, ədəbiyyatdı, özümüzünkünə olmaz.

- Dünya ədəbiyyatından sevdiyiniz əsərlər hansılardır?

- Dünya ədəbiyyatından daha çox klassikləri xoşlayıram. Hüqo, Balzak, Mopassan həmişə oxumaq istədiklərimdir. Son vaxtlar Azərbaycanda tərcümə olunan bir çox əsərləri də oxumuşam. Markesdən tutmuş Koelyoya qədər...

- Yeni dövr Azərbaycan yazarlarından daha kimləri tanıyırsınız?

- Şərif Ağayar, Azad Qaradərəli, Qan Turalı, Seymur Baycan... Saya bilərəm nə qədər desəniz.

- Sizcə, niyə ciddi bir kitaba 5 manat verməyən azərbaycanlı saiti samitdən ayıra bilməyən toy müğənnisinə və tamadalara minlərlə manat sayır?

- Toy müğənniləri onları əyləndirir, kitab oxumayan adam üçün ən yaxşı istirahətdir bu! Kitab oxumaq isə hər adamın hünəri deyil. Ona vaxt sərf etməlisən, düşünməlisən, qavramalısan, görünür əziyyət bilirlər bunu. Hər işin asanına qaçmaq insanın xislətindədir. Yəni insan özü oxunmamış kitabdır. Hərə bir cür xarakterdə, hərə bir cür tərbiyədə.

- Səmavi kitablardan hansıları oxumusunuz?

- Quranı zamanım olanda vərəqləyirəm. Evdə iki Quran kitabım var.

- Son olaraq həmkarlarınıza və tamaşaçılarınıza ədəbiyyatla, kitabla bağlı nə dəmək istəyirsiniz?

- Uşaqlıqdan əzbər bildiyim və heç vaxt yadımdan çıxmayan bir fikir var. Məşhur deyimdir: "Kitab zamanın dalğaları üzərində gəzən və öz qiymətli yükünü ehtiyatla nəsillərdən nəsillərə yetirən fikir gəmisidir". Nə deyə bilərəm? Gəlin bu gəminin sərnişini olaq.

# 1041 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #