Ulvira Qarayeva: “Səmavi kitabların heç birini oxumamışam”

Ulvira Qarayeva: “Səmavi kitabların heç birini oxumamışam”
17 noyabr 2015
# 11:56

Kulisin kitabla bağlı suallarını tanınmış aparıcı Ulvira Qarayeva cavablandırır

- Bədii ədəbiyyatla aranız necədir?

- Aşağı siniflərdən daimi oxuyuram. Özüm böyüdükcə, kitablarım da böyüdü. Gecə yorğanın altında fənərlə, gündüzlər dərslərdə - bədii kitabı dərsliyin altında gizlədərək, tənəffüslərdə... İnternetə sıx bağlanana və gündəlik efirlər başlanana qədər hər gün kitab oxuyurdum. Təəssüf ki, indi oxumağa yalnız bazar günləri vaxt ayıra bilirəm.

- Sizcə aparıcı ədəbiyyat sahəsində nə qədər savadlı olmalıdır?

- Aparıcının ədəbiyyatdan xəbəri olması şərtdir. Bu, humanitar sahədir, bu peşə sırf dillə bağlıdır. Nəinki oxumaq, hətta düşüncələrini aydın şəkildə yazılı sürətdə çatdırmaq, obrazlardan istifadə etməyi bacarmaq, nəqletməni lazımi xətlə aparmaq bacarığı önəmlidir. Bu isə ədəbi baqajsız mümkün deyil. Bank işçisi, həkim, riyaziyyatçı, mühəndis oxumasa da işini peşəkarcasına görə bilər, amma çörəyi danışmaqdan çıxan üçün bu, vacibdir.

- Aparıcılar çox zaman vurğunu düz demir, bəhs etdiyi mövzuya yaxından bələd olmur...

- Vurğuları düzgün demək ən çox mütaliə ilə deyil, eyni sözü eşitməklə bağlıdır. Təbii, lüğətdən də yoxlamaq yollardan biridir. Mövzuya hakim olmamaq isə ümumilikdə hazırlıqsızlıqdan irəli gəlir. Aparıcı sadəcə efirə hazırlaşmalıdır, vəssalam.

- Türk-rus tele və şou aparıcıları ciddi mütaliəlidirlər. Sizcə bizdə belələri varmı?

- Türkiyədəki şou aparıcılarını mütaliəli olması haqda birinci dəfədir eşidirəm. Ümumiyyətlə, hesab edirəm ki, Türkiyədə mütaliə çox aşağı səviyyədədir, amma bizdən üstündür. Əyləncə proqramı aparmaq üçün elə də mütaliəyə ehtiyac yoxdur. Rusiya fərqlidir. Ən azından öz dillərində savadlı yazırlar. Qaldı ki, digər şoulara - burda hər iki ölkədə ciddi fiqurlar var. Bizdə bir neçə aparıcı var ki, onların da kifayət qədər ciddi baqajı var, amma sayları çox azdı.

- Sizcə, kitab mədəniyyəti nə vaxt formalaşacaq bizdə? Hansı ki, sovet vaxtı bu normal idi. Bəlkə elə birinci sənət adamlarından başlamaq lazımdır. Örnək olaraq...

- Kitab mədəniyyəti sovet vaxtında normal idi? Qətiyyən razı deyiləm. Biz Rusiyada dünya klassikasında bir kitab almaq üçün aylarca növbəyə yazılırdıq, sonra günlərcə o növbələrdə dururduq. Çıxış yolumuz var idi, Azərbaycandan hər dəfə bir çamadan kitab alıb, aparırdıq - Hüqo, Balzak, Drayzer və s. məhz Azərbaycandan azsaylı səfərlərimizdən gətirirdik. Azərbaycanda kitab mədəniyyəti yüksək olsaydı, o kitabların üstündə burda da qovğa düşərdi. Azərbaycanlı özünü dünya mədəniyyətindən təcrid olunmuş hiss edir, Fransa, İngiltərə ədəbiyyatı və mədəniyyəti ona yaddır. Maarifçilik dövrü yazarlarımız bu sahədə kəskin inqilab edə bilmədi. Azərbaycanlı oxucu Fizuli, Nəsimi, Nizami şinelindən çıxa bilmir ki, dünyaya boylansın.

- Yazırsınızmı nəsə? Həvəs üçün də olsa...

- Yazıram. Göndərəcəm, dəyərləndirəsiz...

- Şeir əzbərləyirsiniz heç?

- Yox.

- Azərbaycandan sevdiyiniz şeirlər, hekayələr, romanlar haqda da danışın mümkünsə.

- Təəssüf ki, müasir Azərbaycan ədəbiyyatı ilə tanış deyiləm.

- Dünya ədəbiyyatından sevdiyiniz əsərlər hansılardır?

- Dostoyevski mənim şəksiz prioritetimdir. Markesin "Yüz ilin tənhalığı" CNN-in illik xəbər hesabatı kimi zəngindi, Haruki Murakaminin "Zənbərək quşunun tarixçəsi", ona boş ədəbiyyat desələr də, korun qaranlığa alışması qədər axtarışlıdır, Akutaqavanın hekayələri çıqqılı tablolardı...

- Yeni dövr yazarlarımızdan kimi tanıyırsınız?

Adları tanıyıram - Şərif Ağayar, Şəhriyar del Gerani, Aqşın Yenisey, Qan Turalı...

- Mo Yanı tanıyırsınız?

- Mo Yanı tanımıram. Amma yaxşı ki, dediniz, “quqllayıb” tapacam və oxuyacam.

- Sizcə niyə ciddi bir kitaba 5 manat verməyən azərbaycanlı saiti samitdən ayıra bilməyən toy müğənnisinə və tamadalara minlərlə manat sayır? Bu ciddi problemdir, yoxsa heç bir zərəri yoxdur?

- Müğənnilərə külli miqdarda pulun sayılması normaldır - insan daha çox düşünməyə yox, əylənməyə meyllidir və bu, azərbaycanlı olaraq yalnız bizə məxsus bir nöqsan deyil. Məsələ təkcə kitab almamaq deyil - kitabı internetdən də oxumaq olar, məsələ sadəcə mütaliə etməməkdir.

- Səmavi kitablardan hansıları oxumusunuz?

- Heç birini.

- Son olaraq həmkarlarınıza və tamaşaçılarınıza ədəbiyyatla, kitabla bağlı nə dəmək istəyirsiniz?

- Heç bir şey. Hər kəs özü öz maraqlarını seçir

# 1897 dəfə oxunub

Oxşar xəbərlər

Bu hekayəni niyə görməzdən gəlirlər? - Ulucay Akif

Bu hekayəni niyə görməzdən gəlirlər? - Ulucay Akif

12:23 18 sentyabr 2024
"Qarabağ haqqında son illərin ən yaxşı hekayəsidir..." - Hekayə müzakirəsi

"Qarabağ haqqında son illərin ən yaxşı hekayəsidir..." - Hekayə müzakirəsi

12:00 18 sentyabr 2024
"Oxucu öpüb alnına qoyur, şair üstünə tüpürüb yeyir..." - Aqşin Yenisey

"Oxucu öpüb alnına qoyur, şair üstünə tüpürüb yeyir..." - Aqşin Yenisey

10:10 18 sentyabr 2024
Saranın atasını zəhərləməklə kifayətlənməyən ögey ana... - Həcər Atakişiyeva

Saranın atasını zəhərləməklə kifayətlənməyən ögey ana... - Həcər Atakişiyeva

13:30 17 sentyabr 2024
İlk mifo-politik əsərimizi dəyərləndirmək zamanı - Azər Turan

İlk mifo-politik əsərimizi dəyərləndirmək zamanı - Azər Turan

16:15 16 sentyabr 2024
Ərinə xəyanət edən qadın - Onu liftdə kim öldürmüşdü?

Ərinə xəyanət edən qadın - Onu liftdə kim öldürmüşdü?

14:41 13 sentyabr 2024
#
#
# # #