Günel Mövlud: “Ermənistanda məni çox sevdilər” MÜSAHİBƏ

Günel Mövlud: “Ermənistanda məni çox sevdilər”  MÜSAHİBƏ
18 mart 2014
# 11:29

Kulis.Az şairə Günel Mövludla müsahibəni təqdim edir

- Dostunuz Əkrəm Əylislinin qəhrəmanı Saday Sadıqlının Eçmiədzin kilsəsində tövbə etmək istəyindən sonra, Siz erməni xalqından üzr istədiniz... Bunu eyni ssenarinin ardıcıllığı kimi dəyərləndirənlər oldu. Bu barədə nə deyərdiniz?

- Azərbaycanda hansı reaksiyanın olacağını, nələr deyiləcəyini onsuz da bilirdim. Bütün ssenarini əvvəlcədən bilirdim: psixi xəstədir, qanında erməni qanı var, xarici fondlardan mükafat almaq istəyir, ermənidir, kürddür və sair. Bu mənada bizimkilərin yaradıcılığı kifayət qədər boz və maraqsızdır. Məni daha çox müraciətin Ermənistanda doğuracağı reaksiya maraqlandırırdı. Bu mənada hesab edirəm ki, istəyimə nail oldum. Müraciət erməni və rus dillərində erməni mətbuatında yayıldı. Bu günə qədər demək olar ki, hər gün Ermənistandan məktublar, dostluq təklifləri alıram. Çox ciddi, müsbət reaksiyalar var. Mənə məktub yazanların böyük əksəriyyəti sülh, xalqlarımız arasında nifrətin və düşmənçiliyin bitməsinin tərəfdarıdır. O adamların arasında Azərbaycandan məcburən köçmüş insanlardan tutmuş, siyasi fəallara, jurnalistlərə, mədəniyyət xadimlərinə qədər hər təbəqədən adam var. Heyrətə gəlirəm, çünki Ermənistanda sülh tərəfdarı olan bu qədər insanın olduğundan xəbərsiz idim. Amma bu reaksiyalardan hiss elədim ki, onların da arasında məsələnin əsl mahiyyətini başa düşən, müharibənin və xalqlarımız arasındakı düşmənçiliyin hansı qüvvələrə xidmət elədiyini bilən insanlar çoxdur.

- Əkrəm və Nobel barədə nə deyərdiniz? Sizcə niyə ədəbiyyat yox, sülh? Alma ehtimalı nə qədərdir sizcə?

- Etiraf edək ki, bir-birinə nifrətə köklənmiş, düşmən kəsilməyə məcbur edilmiş, bir-birinin qanını axıtmış iki xalqı barışdırmağa cəhd edən, bu addımına görə ahıl çağında təhqirlərə, təqiblərə məruz qalan qələm adamının məhz sülhpərvər fəaliyyətinə görə Nobel mükafatı almağı daha realdır. Açığı, Əkrəm müəllimin bu mükafatı alıb-almayacağını bilmirəm. Amma almağını çox istəyirəm. Kitab oxumayan bu xalq yazıçının kitabını onun evi qarşısında yandırmağa, yazıçısını təhqir etməyə qadir oldu. Mən buna qadir olan xalqın o yazıçının qarşısında utanmağını görmək istəyirəm. Əkrəm Əylisliyə qarşı repressiyaları dəstəkləyənlərin, ya da ürəyində buna sevinənləri, məsələn, Anarın, Elçinin utanmağını görmək istəyirəm. Mənə maraqlıdır, Əkrəm müəllim Nobel alsa, bu adamlar nə edəcəklər? Amma Əylisli bu mükafatı almasa belə, onun mükafatını gələcək nəsillər, tarix verəcək. Nə vaxtsa xalqlarımız dostluq, əmin-amanlıq içində yaşayanda, qayıdıb nifrət, xəcalət dolu bu günlərə baxanda, Əkrəm Əylisli kimi adamlara apellyasiya edəcəklər. Onu misal göstərib, deyə biləcəklər ki: Axı bizim də ziyalılarımız arasında bu nifrətə, bu düşmənçiliyə qarşı səsini çıxaran insanlar olub. Bu gün bir-birinə nifrət edən bu iki xalqın arasında sülh yaratmaq istəyən insanların hamısını indi lənətləyir, təhqir edirlər. Amma tarix onların qiymətini verəcək.

- Sizin tarixi üzrünüzdən sonra ən çox dostlarınızın tənqidinə məruz qaldınız. Hətta sizi “gəlinbacı” adlandırıb soğan becərməyi öyrənməyə səsləyən də oldu... Cavab vermədiniz, məncə.

- Mən fərdlərə cavab vermirəm. Yarıdıcılığın, düşüncənin, mütaliənin elə bir mərhələsindəyəm ki, heç kimin atmacası, tənqidi, hətta təhqiri belə məni əsəbiləşdirə, cırnada bilməz. Başladığım yolun doğruluğuna əminəm, buna görə də arxayınam. Tez-tez görürəm ki, adımı müsahibələrində çəkirlər, adımı başlığa çıxarıb yazı yazırlar. Çünki indi mənim adım həm də bir brenddir, yazının oxunmağını təmin edən brend. Kim bundan oxunmaq üçün istifadə edirsə, yazısının da bu ada görə oxunduğunu özlüyündə bilib, aqressivləşirsə, mən buna sadəcə gülümsəyə bilirəm. Bir dəfə Həmid Herisçiyə sual verdik ki, nəşriyyatın qarşısında dolaşan, ağlını itirmiş şair İlyas Ərnəfəs barədə nə düşünürsən? O dedi ki, sadəcə təəssüf edirəm…Mən də bəzən sadəcə təəssüf edirəm və bundan artıq heç nə etmirəm.

- Çoxu düşünür ki, bu sizin bilərəkdən yaratdığınız ajiotaj idi. Yəni, nə qədər tənqid olundunuzsa, sözünüz o qədər hədəfə dəymiş sayıldı...

- Təkrar eləyirəm ki, Azərbaycanda necə reaksiya doğuracağını əvvəlcədən bilirdim və bu, məni maraqlandırmırdı. Bu sülhməramlı bir işdi, bu işdə mən oxunmaq, gündəm yaratmaq, bir sözlə öz xeyrimi güdmürəm. Məni maraqlandıran əsas məsələ budur ki, ermənilər də axır ki, öz Əkrəm Əylislilərini yetişdirsinlər. Düzdü, Robert Koptaş kimi adamlar var ki, onlar da Xocalıya görə üzr istəyiblər. Amma effekt üçün onların da Əkrəm Əylisli miqyasında ziyalıları üzr istəməlidir.

- Bildiyimiz kimi Avropaya mühacir kimi getməmisiz. Azərbaycana gəlməkdən qorxmursunuz ki?

- Avropaya mühacir kimi gəlmək üçün adam gərək ən çıxılmaz vəziyyətdə olsun. Şükür ki, mən o vəziyyətdə deyiləm. Hüquqi yolla burada qalmaq imkanım var. Hazırda məni bura Meydan.Tv layihəsi bağlayır. Amma təbii ki, bu layihəyə ömür boyu bağlı qala bilmərəm. Bir neçə ildən sonra özümün də, ailəmin də yaşamını çox sevdiyim və özümü rahat hiss elədiyim Gürcüstanda görürəm. Avropada qalıb, yaşamaq fikrim yoxdur, gələcəyimi də burada görmürəm. Avropanı coğrafi məkan olaraq heç vaxt sevməmişəm, insan dəyərlərindən, hüququn aliliyindən başqa burada xoşagələn heç nə görmürəm və ümumiyyətlə bir qafqazlı kimi, buraları sevmirəm. Mən Azərbaycanı, xalqı tənqid edəndə, oxucuların çoxu yazır ki, buna bax, Avropada oturub, Azərbaycanı tənqid edir. Onların istəklərini nəzərə alaraq, bu yaxınlarda Avropada oturub, Avropanı tənqid elədiyim silsilə yazılar başlayacaq.

- Təzə romandan nə xəbər? Deyəsən, yenilik yaradıcılığınızdan əvvəl ailənizdə olacaq...

- Roman demək olar ki, hazırdır. Sadəcə bəzi şəxslər var ki, roman çap olunmazdan əvvəl oxumalarını vacib sayıram. Nəsrdir, ilk romanıdır, istəmirəm ki, tələskənlik ucbatından uğursuz alınsın. Böyük ümidlərim var. Yəqin ki, yay aylarında artıq kitab halında görə biləcəyik. O ki qaldı, ailədəki yeniliyə, yenilik olanda hamı görəcək. Bu barədə danışmağın nə mənası var?

- Almaniyaya gedəndən sonra daha aqressivləşdiniz elə bil – doğrumu müşahidə etmişəm?

- İş elə gətirdi ki, Almaniyaya gəlişim evliliklə təxminən eyni vaxta düşdü. Ailə qurana qədər mənim sözüm subay, tək qadının sözü idi. İnsanlar barmaqarası baxa bilirdilər. Oxuyub, deyə bilirdilər ki, hə, nə olsun, belə yazır, belə yazan qadının axırı yoxdu, tək qalacaq. Amma ailəli qadının, arxasında bir kişi, özü də azərbaycanlı kişisi dayanan bir qadının sözünü ciddi qəbul etməyə məcbur olurlar. Mən ailə qurandan sonra nə qədər gənc xanım yazar var ki, mentalitet, din, seksual mövzulara ürəklə, cəsarətlə girişdilər. Elə mən də, ailə qurandan sonra daha ürəkli və cəsarətlə yazmağa başladım. Bir də, həyat yoldaşım siyasi mövzularda kompetentdir, bilgiləri çoxdur, özü də belə mövzularda fəaldır. Əgər subay vaxtı həftədə bir dəfə siyasi söhbətlərin içinə düşürdümsə, indi evdə bütün günü siyasi söhbətlərin ortasında oluram. Çox şey öyrənirəm, çox şeyi yazmaq istəyirəm və yazıram. Qeyri-siyasi yazılardakı aqressivliyi, açıqlığı nəzərdə tutursunuzsa, bu da həyat yoldaşımın təsiridir. Bəzən özü mənə mövzu verir. Bəzən tezisləri birlikdə düşünürük. Həm də bilirəm ki, belə yazılara görə mənə deyilən heç bir təhqir, söyüş, həqarət onun əsəblərini korlamayacaq. Mənə də buna görə heç bir irad tutmayacaq. Əksinə, hər təhqiri, həqarəti görəndən sonra o deyir ki, əgər belə reaksiya varsa, deməli sən hədəfə vurmusan. Buna görə, ona çox minnətdaram, məni nə qədər kənar təsirlərdən, söhbətlərdən, insanlardan qoruyur. Hərdən düşünərəm ki, ilahi, həyat yoldaşım mənimlə ana-bacı, namus-qeyrət söhbəti eləsəydi, qadağalar qoymaq istəsəydi, məni anlamasaydı, özü də bu qədər müasir, bəşəri insan olmasaydı, necə olacaqdı? Nə qədər çətinliklə yaşayacaqdım, nə qədər sarsıntılarım olacaqdı?! Amma indi bunların hamısından azadam. Yanımda bütün dəyərlərimi bölüşən bir insan var.

# 7124 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #