“Master və Marqarita”nın müəllifi narkoman idi - ARAŞDIRMA

“Master və Marqarita”nın müəllifi narkoman idi - ARAŞDIRMA
16 may 2014
# 11:00

Ksera Proskurnayanın rus mətbuatında geniş rezonans doğuran bu yazısı sizlər üçün də maraqlı olacaq.

Kulis.az-ın təqdim etdiyi dünya ədəbiyyatına “Usta və Marqarita” kimi möhtəşəm bir əsər bəxş etmiş Mixail Bulqakovun görünməyən tərəflərindən danışılır. O, kim idi? Yazıçı, həkim, cadugər, peyğəmbər, yoxsa... narkoman?..

Bu yazını oxuyun və Bulqakovun kim olduğunu özünüz müəyyənləşdirin.



Mixail Bulqakov Stalinə ünvanladığı məktubda belə yazırdı:
“Mən ilahi qüvvəyə inanan yazıçıyam. Dünyanın insanlar tərəfindən deyil, görünməz qüvvələr tərəfindən idarə olunduğuna əminəm. Yəqin ki, mənimlə razılaşarsınız ki, dünya yalnız insanın ümidinə qalsaydı, bizə qədər gəlib sağ çıxmaz, lap çoxdan məhv edilmiş olardı. ”

İ. Stalin bu cümlələrin altından qırmızı qələmlə xətt çəkərək dərkənarda yazır:
“Keşiş ruhunu abırlı yazıçı geyimi altında gizlədən yoldaş M. Bulqakovla dərindən və ciddi şəkildə maraqlanmalı.”

Bu dərkənardan sonra Bulqakovun sağ qalma şansı sıfıra bərabər idi. Görəsən bolşeviklərin qırğınlarından onu saxlayan elə inandığı ilahi qüvvəydimi?

Söhbətə başlamazdan əvvəl onu deməliyəm ki, doğrudan –doğruya bu yazıçının əsərlərində baş açılmaz sehrlə örtülüb və əlbəttə ki, sonadək gilzi qalası sirlər, tapmacavari məqamlar yetərincədir.

Bu sirli-sehrli olaylar onun şəxsi həyatında da vaxt-bivaxt özünü büruzə verirdi. Onu əhatə edən insanların isə bu olayları qorxu ilə izləməkdən başqa əllərindən bir iş gəlmirdi. Onları qınamaq da düz deyil. Axı bu izaholunmaz təzahürləri nəyə əsaslanaraq hara yoza bilərdilər ki?!


Mistik peşə

1916-cı ildə M. Bulqakov Kiyev Universitetinin tibb fakultəsini bitirir və Smolensk quberniyasına həkim kimi təyinat alır. Vyazmada dövlət xəstəxanasında, eləcə də müstəqil həkim kimi Moskvada, sonra isə Kiyevdə öz peşəsini davam etdirir. 1925-1926-cı illərdə “Gənc həkimin qeydləri” adı altında çap etdirdiyi bu kitabda Bulqakov məhz 1916-cı ildən üzü bəri həkimlik praktikasında rastlaşdığı hadisələrdən söz açır. Təzəcə qələmə əl atan gənc “mistik yazıçı”nın bu hekayələr toplusundakı əsərlərdə artıq Bulqakov mistikasının nişanələri, əlamətləri özünü göstərməyə başlayır.

Bütün peşə sahiblərindən daha çox həkimlər bu dünya ilə o dünya arasındakı səddin nə qədər dözümsüz olduğunu daha yaxşı bilir, baş verən bu qaçılmaz gerçəkliyin səbəblərini axtarıb-tapmağa cəhd edirlər.

Onlar yaxşı bilirlər ki, iynələr, dərmanlar insanı qorumaq məsələsində çox vaxt bir işə yaramır, insanı qoruyan başqa bir qüvvə var deyəsən...


Bulqakov da narkoman imiş

Bulqakov əyalət həkimi işləyəndə o, morfi aludəçisinə çevrilir. Ara-sıra bu bəladan uzaqlaşsa da, az keçməmiş əli yenə morfi ampulasına uzanır. Onun “Morfi” hekayəsini xatırlayırsınızmı? Hekayənin qəhrəmanı elə Bulqakovun özüdür. O, nəhayət morfidən canını qurtara bilir, damarlarını dəlmə-deşik etmir, ancaq uzun müddət kokain iyləməklə kifayətlənir.

Müasirləri kimi Bulqakov da elə sanırdı ki, narkotikanın qəbulundan sonra qarabasmalar şüurun sərhədlərinin genişlənməsi nəticəsində baş verir.

Amma ömrünün ikinci yarısında bütün zərərli vərdişlərdən əl çəkmişdi və bütün varlığıyla Tanrıya iman gətirmişdi. Elə bu inamı onun qəlbindən heç kəs silmək iqtidarında deyildi.

Sözarası deyim ki, Bulqakov cəmi 49 il yaşayıb və onun ömrünün birinci yarısı sən demə, 25 yaşında artıq tamamlanıbmış.

O, gündəliyində həmin ərəfədə yazırdı:
“Bəlkə də güclü və özünə hədsiz inamı olan adamlara Allah lazım deyil. Ancaq şəxsən mən böyük yaradana inamsız qətiyyən keçinə bilmərəm.”


“Mən nə cadugər, nə də peyğəmbər deyiləm”

Bulqakovun adamları heyrətə gətirən yaradıcılıq istedadını onun qeyri-adi şəkildə təzahür edən duyma, hissetmə, görmə qabiliyyətindən ayırmaq mümkünsüzdür. Xeyr, o cadugər-zad deyildi, amma başqaları kimi əlini əlinin üstünə qoyub oturmurdu, inadla göy üzünün sirli-sehrli qapılarını döyməyi davam edirdi.

Ona peyğəmbərlik iddiasına düşmüş dəli kimi baxanlar da olmuşdu. Amma olacaqları qabaqcadan duyub xəbər verməsini də sükutla qarşılamaq olmur. Bəzən elə olurdu ki, gələcəkdə başlarına nə gələcəklərini bilmək üçün ona üz tutanlara əsəbi şəkildə “mən nə cadugər, nə də peyğəmbər deyiləm” deməklə qapını göstərirdi.

Bulqakov görünməyən dünyayla təmaslarında daha çox özüylə, öz gələcəyilə maraqlanırdı, nəsə eşələyib çıxarmağa çalışırdı.

O, dəfələrlə “Usta və Marqarita” əsərinin əlyazmasını yandırmaq istəsə də roman hər dəfə dirilən ölü kimi həyata qayıdır. Volandın Ustaya dediyi “əlyazmalar yanmır” məşhur ifadəsini xatırlayırsınızmı?

Bulqakov “Teatrvari” romanını da yandırmışdı, amma bu roman da möcüzəli şəkildə sanki sonralar yoxdan var olur, tapılır.

Yelena Sergeyevna gündəliklərində yazır:


“O, çarpayıya uzanaraq “Usta və Marqarita” romanındakı Berlozun evində baş verən yanğın hadisəsini diktə edirdi. Mixail diktəsini bitirəndə gecə saat 2 idi. Nəsə yemək istəyirdik. Bax, elə bundan sonra baş verənlər Mixailin diktə etdiyi hadisələrin canlı şəkildə təkrarına çevrildi. Əhvalı nədənsə pozulmuş qulluqçu qadın kerosinlə yanan peçin üstündəki tası hirslə tulladı. Tas qapağı örtülməmiş qalan kerosin bidonunu aşıran kimi alov bir anda hər yeri bürüdü.

Bulqakov ayaqyalın, bir köynəkdə içəri qaçır. Birtəhər yanğın söndürülür. Bu hadisədən sonra xeyli müddət Bulqakov özünə gələ bilmirdi. “Bu, böyük bir xəbərdarlıqdır” deyirdi.


Ölümünü olduğu kimi təsvir edən yazıçı

Ölümündən bir neçə ay əvvəl yazıçı Valentin Katayev onu yoluxmağa gəlir. Bulqakovun ona dediklərini Katayev sonralar belə xatırlayır:

“O mənə “tezliklə öləcəyəm” dedi. Sonra dedi ki, ölümümdən sonra nələrin baş verəcəyini də deyə bilərəm. Mən tabutda uzanacağam. Evdən mənim tabutumu çıxaranda tabut əllərdən sürüşüb az qala yerə düşəcək, amma buna imkan verməyəcəksiniz. Altda yaşayan qonşum Romaşovun qapısına tabutumun sağ küncü dəyəcək və orada onun izi uzun müddət qalacaq.

O, bunları söyləyəndə mən cavabında “sən Allah, qoy oturmuşuq görək, ölüm hardan sənin beyninə girib?” dedim.

O, tezliklə öldü və hər şey onun dediyi kimi düz çıxdı:- tabutu sürüşdü, Romaşovun qapısında isə onun tabutunun izi hələ də qalır.”

P.S. Məqalə Bulqakovun doğum günü ərəfəsində yenidən təqdim edilir.

Çevirdi: Kənan HACI

# 3954 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
#
#
# # #