Gənclər sovet dövrünü haradan oxumalı? – YAZIÇILAR DANIŞIR

Gənclər sovet dövrünü haradan oxumalı? – <span style="color:red;">YAZIÇILAR DANIŞIR
17 aprel 2017
# 09:00

Oktyabr inqilabından 100 il keçib. Azərbaycan artıq müstəqil ölkədir. Nəhəng sovet hökuməti 70 illik hökmranlıqdan sonra süquta uğradı. İndi müasir gəncliyin bu imperiya haqqında təəssüratı yoxdur.

Bəs gəncliyə sovet dövrünü əks etdirən hansı əsərləri məsləhət görmək olar?

Kulis.Az bu barədə ədəbiyyat adamlarından münasibət öyrənib. Cavabları təqdim edirik.

Image result for əkrəm əylisli

Əkrəm Əylisli

- Dilimizdə belə bir deyim var: “Bu hava sümüyümə düşdü”, “Bu hava sümüyümə düşmədi”. Mən heç bir gəncə hansısa əsəri oxumağı məsləhət görmək istəmirəm. Çünki bunun heç bir faktik faydası yoxdur. Məsləhətim yalnız bundan ibarətdir ki, hər kəs öz sümüyünə düşən əsəri oxusun. Və hər hansı bir əsəri oxumağa başlayanda bu əsərin müəllifinin kim olduğunu, hansı ölkədə yazıb-yaratdığını, hansı mükafatlar aldığını fikrinə gətirməsin. Sualınızı cavabsız qoymamaq üçün mən şəxsən özümün sümüyümə düşən əsərlərdən bir neçəsinin adını çəkə bilərəm. Cavanlığımda məsələn, İsa Hüseynovun “Yanar ürək” romanı bərk sümüyümə düşmüşdü. Ancaq indiki gənclər inanmıram ki, “Yanar ürəy”i məndəki o vaxtkı həvəslə oxuya bilsin. İndiki gənclər Azərbaycan sovet ədəbiyyatı klassiklərinin əsərlərini oxumayacaq. Onları zora salmağa dəyməz. Ancaq ədəbiyyatımızın köhnə sandığının içində nələr olduğunu bilməyin də gənclər üçün faydası var. Heç olmasa köhnəni təzə adına sırıyanları tanımaq üçün.

Image result for çingiz hüseynov

Çingiz Hüseynov

- Tərənnüm baxımdan: "Dünya qopur" (Əbülhəsən), “Komsomol poeması” və şeirlər (Səməd Vurğun), “Bolşevik baharı (yazı), “Lenin” (Rəsul Rza).

Tənqidi baxımdan: “Rənglər” (Rəsul Rza), İsa Hüseynov, Vaqif Səmədoğlu.

Image result for tehran əlişanoğlu

Tehran Əlişanoğlu

- Bu dövrü tədris edəndə tələbələrə mütləq Corc Oruelin “Heyvanıstan” və “1984” əsərlərini tövsiyə edirəm. Şükür Allaha dilimizdə, Vilayət Quliyevin tərcüməsində var.

Image result for qan Turalı

Qan Turalı

- Sovet dövrünə baxanda daim ziddiyyətli hisslər keçirdirəm. Mənə elə gəlir ki, bütün bu olanlar tarixin böyük bir yuxusu idi, yüz illərdir insanlarda toplanan enerji özünü bir vulkan kimi büruzə verdi. Çoxlu səhvlər buraxıldı və yepyeni də bir həyat quruldu. Bu tarixi yaşayan insanların məncə bu tarixi təcrübəni ötürmək borcları da var. Çünki bu hekayələr gözəl hekayələrdir və bu hekayələrin unudulmağa haqqı yoxdur. Mən gözəl sözünü xalis estetik mənada işlədirəm.

Misal üçün, “Yanar ürək” romanı. Bu romanla biz kiçik bir Azərbaycan rayonunda baş verən məşəqqətləri, ağır ailə dramalarını görürük və bu drama elə əslində Moskvanın yaratdığı dramadır. Əkrəm Əylislinin povestləri hər nə qədər şəxsi faciələr kimi görünsə və sosial məkanın zərbələri uzaq planla göstərilsə belə bu povestlər sovet dövrünün, səmimi, saf, sadəlövh sovet insanını xarakterizə edir. Elçinin “Ölüm hökmü” paralel zamanlar nəzəriyyəsi ilə bəhs edən romanı repressiya və durğunluq illərindən, bir az da sənədli-publisistik pafosu olan qiymətli bir romandır. Sosial məzmun baxımından o qədər güclü olmasa belə ayrı-ayrı fərdlərin daxili dünyasına Çexov zərifliyi ilə işıq salan İsi Məlikzadəni da bu siyahıda yeri görünür.

Sovet insanını sosioloqlar Homo Sovetus adlandırırdılar. Çünki sovet insanı mahiyyətcə tamamilə başqa bir insan tipi idi. Mənə elə gəlir ki, bütün müsbət nümunələr, nailiyyətlərlə bərabər Azərbaycan nəsri Homo Sovetus portretini bütün ştrixləri ilə tamamlaya bilmədi. Buna həm sovet senzurası, ardınca 90-cı illərdə ölkədə baş verən xaosun da təsiri oldu. Bu illərdə cəmiyyətdə ən son yada düşən şey elə ədəbiyyat idi. Bu xaotik vəziyyətdə senzura mövcud olmasa belə yazıçılar sovet dövrünü yazmaq üçün gərəkli ruhi müvazinəti tapa bilmədilər. Hələ deməyə sözümüz qalır. Hələ qalır. Sabah yəqin bu imkan da mövcud olmayacaq.

Image result for elnarə akimova

Elnarə Akimova

- Süleyman Rəhimovun “Şamo” epopeyası və Elçinin “Ölüm hökmü” romanı. Zənnimcə, bu iki roman zamanın ideoloji ab-havasını duymağa, sosial-ictimai problemlər sırası ilə tanışlığa yaxşı material verir. Birincisi sistemin psevdo təntənəsini özündə daşıyır, ikincisi fəci yaşantı və sonuclarını.

Image result for ülvi babasoy

Ülvi Babasoy

- Sovet dövrü ədəbiyyatında Süleyman Rəhimov, Əli Vəliyev, Əbülhəsən kimi sosializm realizmi prinsipləri ilə yazan yazıçıların əsərlərini də oxumaq olar. Bu, daha çox dövr, yaşam və ədəbiyyatın vəziyyəti haqqında məlumat almaq üçündür. Süleyman Rəhimovun “Saçlı” romanı və “Şamo” epopeyasının birinci kitabı sosrealizmlə tanış edir. Daha sonra nisbətən yeni keyfiyyətdə yazılan “Böyük dayaq” (Mirzə İbrahimov) və “Ayrılan yollar” (İsmayıl Şıxlı) romanları dövr barədə ciddi təəssürat yaradır. Ancaq İsa Hüseynovla başlayan keyfiyyət dəyişimi daha vacibdir. İsa Hüseynovun “Yanar ürək” povesti və digər hekayələri, Əkrəm Əylislinin “Adamlar və ağaclar” trilogiyası və Anarın “Ağ liman” əsərləri sovet dövründə keyfiyyət dəyişiminə səbəb olan mətnlərdir. Ardınca Çingiz Hüseynov, Maqsud İbrahimbəyov, İsi Məlikzadə, Elçin və Yusif Səmədoğlunun hekayələri dövrü ifadə baxımdan unikal bədii əsərlərdir. 80-ci illər ədəbiyyatından Vaqif Nəsib və Saday Budaqlının hekayələri xüsusilə seçilir. İki bənzərsiz yazıçı Səfər Alışarlı və Eyvaz Əlləzoğlunun sovet dövrünün sonuna düşən şedevr hekayələri. Səfər Alışarlının “Zəng”, Eyvaz Əlləzoğlunun “Ölü yay” hekayələr toplusu. Alışarlı və Əlləzoğlu artıq dünyaya inteqrasiya edən yeni formatda hekayələr yazırlar. Məhz sovet dövründə fərqli əsərlər oxumaq baxımından bu iki yazıçını mütaliə zövq verər.

Dövrü xarakterizə edən müəllif və əsərlər çoxdur. Ancaq İsa Hüseynovun “Saz”, “Tütək səsi”, “Quru budaq”, “Şəppəli”, “Kollu Koxa”, Əkrəm Əylislinin “Gilənar çiçəyinə dediklərim”, “Güllü paltar mövsümü”, “Bir misranın yuxusu” əsərləri sovet dövrünü həyatdan etüdlər şəklində göstərir. Qalıcıdırlar. Sənət tarixindən kənarda qalmırlar.

# 1900 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #