Bədheybət-Ayxan Ayvazın uşaqlıq fotosu

Bədheybət-<span style="color:red;">Ayxan Ayvazın uşaqlıq fotosu
17 avqust 2016
# 13:28

Şəkillərdə yaxşı düşür uşaqlıq – LAYİHƏ

Kulis.az “Şəkillərdə yaxşı düşür uşaqlıq” layihəsində məşhurların uşaqlıq şəkilləri və bununla bağlı xatirələrini təqdim edir.

Ayxan Ayvazın uşaqlıq fotosu

На изображении может находиться: 5 человек, люди стоят

Bu şəkildə ya dörd, ya da beş yaşım olar.

O zamanlar Tiflisdə yaşayırdıq. Atam Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyində ikinci katib kimi işləyirdi. Gözəl günlər idi həqiqətən. Atam yaxşı qazanırdı. Sizə deyim ki, yarı aristokrat bir həyat keçirirdik. Hər gün Tolstoyun təsvir etdiyi “bal maskarad”lar kimi evimizdə yüksək səviyyəli qonaqlıqlar olurdu.

Yəqin ki bayram gəzintisinə çıxmışdıq. Heç ağlımıza da gətirməzdik ki, gəzintinin sonunda bizi belə bir bədheybət gözləyəcək. Şəkildən də hiss olunur ki, ən çox qorxan mənlə bacımdır. Atamın yanında obyektivə qorxu ilə baxan mənəm, bizim aşağımızda duran qardaşımdır, anamın yanında hər an qaçmağa fürsət gəzən və gözləri naməlum istiqamətə zillənən bacımdır.

Bu şəklə illər sonra, böyüdükdən sonra baxanda gözlərim doldu, tüklərim biz-biz oldu. Bədheybətlə çəkdirdiyimiz şəklin sonrakı günləri bizi bədbəxt hadisələr gözləyirmiş. Atam səfirlə savaşıb işdən çıxacaq, axşam gəlib hazırlaşmağımızı, Bakıya getməyimizi deyəcək, anam buna etiraz edəcək, ağlayıb-sıtqayacaq, sonra onların davası başlayacaq, anamın üstündə stul qırılacaq... Bakıya gələcəyik, atam işsiz bir neçə ay kədərlə bizə baxacaq, heç cür Bakıya alışa bilməyəcəyik...

Şəkildəki bədheybətin yanındakı qorxumuz böyüyəcək, böyüyəcək və qəfil gecələrin birində atamın beyninə qan sızacaq. Atam onda şəkildəki kimi gülərüz və şux deyil, soyuq və tərpənməzdir. Şəkildə uzaqlara baxan o kişinin gözləri qapanacaq və bir daha açılmayacaq. Üstündən bir həftə keçəcək və şəkildə qorxusuz dayanmış o qadın özünü asacaq. Bu dəfə bacım fotodakı kimi onun əlindən bərk-bərk tuta bilməyəcək. Mismara keçirdiyi şalı ilə özünü asan anamla bədheybətin qarşısında bu cür təbəssümlə dayanan anam eyni adamdır: qorxusuz, zirək.

Bu şəkildə ata və anamı çıxanda bədheybətlə bir yerdə qalmağımız çox çətin görünür mənə. Bacımı sakitləşdirmək olmayacaq, qardaşım guya burda özünü cəsarətli göstərsə də üzünə qorxu çökəcək, mən isə həmin saniyə başımı itirəcəm.

İndi bu şəklə nə vaxt baxsam ordakı adamların hərəkət etdiyini görürəm: atam məni qucağına alır, öpüb-oxşayır, qorxmamağımı, obyektivə baxmağı deyir, anam bacımın əlindən bərk-bərk tutur ki, qaçmasın...

Qorxumuz təkcə bədheybətə görə deyilmiş, gələcəkdə yaşayacağımız faciələrə erkən münasibətimiz imiş. Bu yanımızda dayanan divə böyüdükdən sonra da qalib gələ bilməyəcəkdik, çünki biz o yaşlarda nağıllarda yaşadığımızı düşünürdük. Amma o nağılda da qorxu varmış. Və nə vaxtsa o nağıl qorxulu, faciəli bir film kimi davam edəcəkmiş...

# 2848 dəfə oxunub

Oxşar xəbərlər

Günahı başqalarında axtarmaq ehtiyacı...  - Mətanət Vahid

Günahı başqalarında axtarmaq ehtiyacı... - Mətanət Vahid

14:15 30 yanvar 2026
"Onun yaradıcılıq nümunələri sanki mətnin ortasında qurtarır..." - “Səksənincilər" layihəsindən Kamran İmranoğlunun essesi

"Onun yaradıcılıq nümunələri sanki mətnin ortasında qurtarır..." - “Səksənincilər" layihəsindən Kamran İmranoğlunun essesi

10:00 30 yanvar 2026
Uçuq ev, xatirəni danışacaq kimsənin olmaması, sandıq... - Nadir Yalçının hekayələri oxucuya necə təsir edir?

Uçuq ev, xatirəni danışacaq kimsənin olmaması, sandıq... - Nadir Yalçının hekayələri oxucuya necə təsir edir?

10:00 29 yanvar 2026
"Heç kim bizim qədər xoşbəxt ola bilməzdi" -  Virciniya Vulf  niyə intiharı seçmişdi?

"Heç kim bizim qədər xoşbəxt ola bilməzdi" - Virciniya Vulf niyə intiharı seçmişdi?

15:00 25 yanvar 2026
Cətin oxunan, eyni zamanda unudulmaz poeziyanın yaradıcısı - Boleslav Lesmian

Cətin oxunan, eyni zamanda unudulmaz poeziyanın yaradıcısı - Boleslav Lesmian

16:45 22 yanvar 2026
SSRİ-nin Cavid qorxusu - İblis əslində, kim idi?

SSRİ-nin Cavid qorxusu - İblis əslində, kim idi?

18:21 21 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər