Tanınmış teleaparıcı: “Roman yazıram”

Tanınmış teleaparıcı: <span style="color:red;">“Roman yazıram”
18 iyul 2016
# 15:43

Kulis.Azın kitabla bağlı suallarına tanınmış teleaparıcı Tünzalə Məlikova cavab verir

- Uşaqlıqdan və indi oxuduğunuz kitablarda hansılardır? Nələr qalıb yadınızda?

- Uşaqlıq dövrü oxuduqlarım sualı hər zaman mənə yeniyetmə vaxtlarımı xatırladır. Hər halda 10-12 yaşım olardı “Oliver Tvistin macəraları”, Aleksandır Dümanın "Üç muşketyor", "20 il sonra", "10 il sonra" və beləcə macəralara daldım... Təbii ki, uşaqlıq dövrü nağıllara maraq hər bir uşaq kimi olub, amma kitabları mənə macəralar sevdirib. Oliver Tvist məni az qala sarsıtmışdı.

- Heç kitab oğurladınızmı?

- Deyirlər, kitab oğurluğu oğurluq sayılmır. Yəni burda cinayət motivi yoxdu (gülür). Amma əlimi kiminsə sevimli kitabına oğurluq adıyla uzatmamışam. Sevimli müəlliflərimi kimlərinsə əlində görəndə oxumaq üçün rica etmişəm, hətta yalvarıb aldığım vaxtlar da olub. Amma vədələşdiyimiz vaxtda geri qaytarmışam. Bu, mənim ifrat məsuliyyət tərəfimdən irəli gəlir. Özümdən asılı deyil, hər şeyin vaxtını qoyuram. Amma onu deyim ki, mənim sevimli kitablarımı yaxşı mənada oğurlayan həmkarlarım, dostlarım olub. Son illərdə daha çox kitablarım əlimdən çıxıb. Dünya ədəbiyyatı seriyasından olan bir sıra kitablar iş otağımda stolumun üstünün sevimli bəzəyidir. Yanıma gələnlərin çoxu gedəndə onların arasından birini seçir ki, oxuyum qaytaracam və sonra zəng edib daha o, kitabı qaytarmayacam deyənlər də olur.

- Şəxsi kitabxananız varmı?

- Var əlbəttə. Kimdə yoxdu? Son illər dünya ədəbiyyatı seriyasından nəfis tərtibatlı nəşrləri bir kolleksiya kimi toplayıram. Bu, mənim üçün övladlarıma ötürəcəyim gözəl sərvətdir.

- Kitabxananızda sevmədiyiniz yazarların kitabı varmı?

- Sevmədiklərimi son vaxtlar heç həyatımda, ətrafımda belə saxlamıram. Sevilməyən, könülə xoş gəlməyən hər nə varsa, mövcud olmasın gərək. Onların mövcudluğunun bənzətməsi mənim üçün təxminən belədir. Əgər sevilməyən insandırsa, ürək bulandırar, kitab sevilmirsə lazımsız yer tutar.

- Məktəbdə, universitetdən dərs kitablarınız dururmu?

- Məktəb və universitet kitablarım yaddaşımın xatirə köşəsində... Onları saxlamamışam... Bir müddət tez-tez mənzil dəyişdik, hər dəfə əşyalarımı, kitablarımı toplayanda onları özümlə daşımamışam. Daha lazımlıları seçim deyərkən onlar lazımlılıq müddətini geridə qoyub.

- Birinci sinifdə yazı oxumağı çox sevirdiniz, yoxsa yazı yazmağı?

- Sözün düzü birinci sinifdə nə oxumağı, nə də yazmağı xüsusi olaraq sevrdim. Məndə kitaba, yazıya maraq tədricən özünüdərklə yaranıb, sonralar oxumaq daha cox sevildi. Bir az sonra isə yazmaq bir addım qabağa keçdi. İndi ikisi bir nöqtədədir.

- Kitab oxuyanda qaldığınız yeri işarələmək üçün nə edirsiniz?

- Son vaxtlar kitabı oxuyarkən qaldığım yerləri unutmamaq üçün xüsusi kitab açıqcalarından istifadə edirəm. Əvvəllər əlimə nə düşdü qoyardım arasına. Qələm, vərəq qırıntıları, nə olsa...

- Şeir əzbərləyirsiniz?

- Şeir əzbərləmirəm. Amma şeri sevirəm. Çox sevirəm. Demək olar hər gün şeir oxuyuram. Nəcib Fazildən başlayaraq Şekspirə qədər. Müasirlərimizi də eləcə. Qisməti, Aqşini, Sevin Çılğını vərəqləyirəm ara-sıra. Duyğuma, içimə təsir edən misraların müəllifləri sevimlidir.

- İlk oxuduğunuz kitab yadınızdadır?

- Yox, xatırlamıram . Bunu xatırlamaq mənə yumurta birinci yaranıb, yoxsa toyuq sualı qədər qəlizdir (gülür).

- Kitab bağışlamısınız?

- Oooo... Çox... Son illər yaxın dostların ad günü hədiyyələri kitabdır. Bir dəfə çox sevdiyim dostuma ad günü hədiyyəsi olaraq sevimli müəlliflərimdən birinin o, zaman məşhur olan bir əsərini aldım . Görüşdüm, dostumla təmtəraqla boynuna sarıldım, sənə gözəl bir hədiyyəm var deyə hay-küy saldım. Və hədiyyəni ona uzatdım. Kitaba baxan kimi onun üzündəki şən ifadəni kədər və hirs əvəz etdi. Bu, mənim ən nifrət etdiyim müəllifdir dedi. Təsəvvür edirsiniz mənim durumumu? O anda qəhqəhə çəkib güldüm. Sonra uzun müddət o, dostumla qarşılaşanda salamdan öncə həmin əsərin adını çəkirdi. İndi də, görüşəndə xatırlayıb gülürük.

- Sizcə, aktyor, müğənni, aparıcı ədəbiyyat sahəsində nə qədər savadlı olmalıdır?

- Sadaladığınız kəslər savadlı olmalıdırlar. Bu birmənalı belədir. Ədəbiyyat sahəsi onlara bir köynək yaxın olduğundan bu istiqamətdə xeyli dərəcədə savadlı olmalıdırlar. Bu əslində müzakirə mövzusu belə ola bilməz. Amma biz bəzən müzakirə edirik. Bıçaq sümüyə dirənəndə belə mənzərələr yaranır.

- Axırıncı dəfə nə zaman kitab oxumusunuz?

- Kitabı hər gün, bəzən iki gündən bir oxuyuram. Hazırda Frans Kafkanın "Qəsr" romanını oxuyuram. Amma stolüstü kitablarım var ki, günün sonu sevimli frazaları və şeirləri təkrar-təkrar vərəqləyirəm. Məsələn, Nazim Hikmət. Misralar var dilimin altında mızıldayıram. Eyni kitabı hər gün vərəqləyirəm, hər gün təzədir.

- Avtobusda çantasından kitab çıxarıb oxumağa başlayan adam görəndə nə düşünürsünüz?

- Sevinirəm. Adam barədə obraz düşünürəm. O kitab oxuyan tanımadığım adama hörmət etməyə başlayıram. Mənə elə gəlir ki, indi burda bir hadisə baş versə, o adama etibarlı şəxs kimi sığınmaq olar.

- Türkiyədəki, Rusiyadakı tele və şou aparıcıları ciddi mütaliəlidirlər. Sizcə bizdə belələri varmı?

- Mütaliə etmək... individual bir yanaşma tələb edir. Kim öz dünyasına, daxili tələbatına, həyata münasibətinə və ya birbaşa özünə təsir etmək istəyirsə mütaliə edəcək. Hətta bunu hədəfə çevirəcək. Əgər adamın cəmiyyətdə bir sosial mövqeyi varsa, olduğu yer ondan bunu tələb edirsə bu artıq mənim üçün tərbiyə məsələsidir. Bütün bunları nəzərə almadan insanların önünə bilgisiz çıxırsa, çox üzr istəyirəm, o adamı tərbiyəsiz hesab edirəm. Rusiya, Türkiyə aparıcılarını etalon hesab etmirəm. Mənim üçün millətindən asılı olmayaraq TV-də təmsil olunan, efirə çıxıb topluma fikir söyləyən istənilən aparıcı bilgili olmalıdır. Belələrinin mütaliəsi, intellekti, dünyaya baxışı üst kateqoriyada olmalıdır. Bu şərtdir. Təəssüf ki, yerli aparıcılarımızın əksəriyyəti bizə çox vaxt xəyal qırıqlığı yaşadır. Aparıcılarımızın intellekt məsələsi ictimai qınaq həddindədir artıq. Deyə bilərsiniz ki, o zaman niyə qarşısını almırsız? Bu, uzun, uzun, çox uzun bir söhbətin mövzusudur. Bir cümlədə sonuclandırım ki, aparıcılarımızın efir hədəfləri dəyişməyincə, onları yönləndirən bizlərin çalışmaları nəticəsiz qalacaq.

- Yazırsınızmı nəsə? Həvəs üçün də olsa... Məktub, şeir, həkayə, nağıl, ən azı status-esemes...

- Ciddi ədəbiyyatla məşğul olanların yanında nəsə yazıram deməyə utanıram. Təvazökarlıqdan kənara çıxsam, qələmimin özəl tərəfləri olmasına baxmayaraq mən maksimalistəm və yazı sahəsinin böyüklərindən çox çəkinirəm. Dostlar çox zaman danlayırdılar ki, özünü televiziyaya çox bağladın. TV-nin sürəti yazıda çox böyük imkanları nümayiş etməyə gərək duymur. Bu mənada yaxın ətrafım ədəbiyyat dərgilərində köşə yazılarına meyllənməyimi israrla dedilər. Zaman olmadı. Yenə də TV. Amma sizə bir sirr acım, bir müddət olar roman yazmağa başlamışam. Əslində pis alınmır, amma əvvəldə dediyim kimi, özümə yazar deməyə bir o qədər cəsarət etmədiyim üçün bu romanı ara-sıra, vaxtaşırı içimin duyğu ehtiyacı kimi qələmə alıram. Cəsarətim çatsa, çap etdirəcəm. Onda sizlər sevgi dolu empati bir qızla tanış olarsız. Bu, mənim qəhrəmanımın keyfiyyətləridir (gülür).

- Yeni dövr Azərbaycan yazarlarından kimi tanıyırsınız?

- Yeni dövr yazarları ilə mütəmadi maraqlanıram. Çoxunu bir hekayə, bir şeirlə tamamlayıram. Yəni bildim artıq bu necə bir yazardı və dünyası nə rəngdədi. Amma aralarında davamlı izlədiklərimdə var. Son vaxtlar Mirmehdi Ağaoglu, Qismət, Şərif Ağayar. Şərif Ağayarın deyəsən "Gülümsə" hekayəsi vardı. Bəlkə, ad yadımda doğru qalmayıb, amma məğzi yaddaşımdadır. Əslində, sosial şəbəkədən mövzü yaratması məni doğurdan da gülümsətmişdi.

- Svetlana Aleksieviçi tanıyırsız?

- Svetlana Aleksieviçi tanımıram. Maraqlanaram.

- Səmavi kitablardan hansıları oxumusunuz?

- Quran və İncili vərəqləmişəm. Müəyyən hissələrini diqqətlə oxumuşam. Amma başdan ayağa oxumuşam desəm yalan olar

- Son olaraq tamaşaçılara, oxuculara sözünüz.

- Tamaşaçılara - bu günün insanı elə bir sürətin içindədir ki, ona sözlə təsir etmək üçün ən sadə fikri seçməlisən. Mən bu an üçün onlara sevin deyirəm. Ən ağır şərtlərin altında sevin, ən alçaq insanın gözünün içinə baxıb sevin, göyün altında sevin, üstündə dadını çıxarın sevginin...

# 1096 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #