Yəhudi saxtakarlığı, yoxsa Allahın oğlunun qardaşı tapıldı

Yəhudi saxtakarlığı, yoxsa Allahın oğlunun qardaşı tapıldı
22 oktyabr 2014
# 09:30

Kilis.Az Ertoğrul Özkökün “Allahın oğlunun qardaşı” məqaləsini təqdim edir.

Hər şey kiçik bir daş sarkofaqın üzərinə yazılmış ibarənin kəşfi ilə başladı:

“Yaakov ber Yosef ahui d Yeşua...”

Qədim İsrail dili olan aramicədə bu ifadənin mənası belə idi:

“Yusifin oğlu, İsanın qardaşı Yaqub.”

İlk baxışdan adama adi görünən bu ibarə bəlkə də tarixin ən böyük sirlərindən birinin şahidi idi.

İndi sizi bu əsrarəngiz sözün açdığı qapıdan keçirib, çox maraqlı bir müzakirəyə aparacağam.

Amma əvvəlcə bu ibarənin necə ortaya çıxdığnı izah edim.

***

Dünyanın ən məşhur Arami dili mütəxəssislərindən olan Andre Lemaire 2002-ci ilin yazında bir israilli kolleksiyaçıdan dəvət alır. İbrani Universitetinin dəvəti ilə altı ay müddətində İsraildə qalan Lemaire getdiyi evdə başqa bir kolleksiyaçı ilə tanış olur. Xristianlıq tarixi araşdırmaçıları bu kolleksiyaçını “Joe” kod adı ilə tanıyır.

Joe məşhur mütəxəssisi evinə dəvət edir və ona bir foto göstərir.

İsanın yaşadığı tarixdə yəhudilər ölülərini iki dəfə dəfn edərmişlər. Birinci dəfə dəfn edilən cəsəd çürüdükdən sonra açılır, sümüklər yığılıb daş sarkofaqa qoyularaq yenidən dəfn edilirmiş.

Joenin göstərdiyi də belə sarkofaqlardan birinin şəkli imiş. Qüds yaxınlığındakı əntiqçilərdə buna bənzər çoxlu sarkofaq tapmaq mümkündür.

Ancaq fotodakı sarkofaqın üzərindəki yazını görən Andre Lemaire həyəcanlanır. Çünki sarkofaqın üzərində belə bir ifadə vardı:

“Yusifin oğlu, İsanın qardaşı Yaqub.”

Xristian inancına görə İsanın Yaqub adlı bir qohumu varmış.

Andre Lemaire yan-yana yazılmış bu üç adı oxuyandan sonra “Sarkofaqı görə bilərəmmi?” deyə soruşur. Joe “Əlbəttə” deyir və onu yaxınlıqdakı anbara aparıb sarkofaqı göstərir.

***

Bu sarkofaq İsanın qardaşına məxsusdurmu?

Bu sual xristian dünyasını bir anın içində bir-birinə vurur. Çünki xristianlıq tarixində ilk dəfə İsaya aid dəqiq bir izə rast gəlinmişdir.

Bundan başqa, İsanın qardaşının üzə çıxması ehtimalından bu sual doğur: “Bakirə Məryəmin iki uşağı ola bilərmi?”

Bu hadisə xristianlıq dünyasında bir bomba kimi partladıqda əvvəlcə Joenin həqiqi adı deşifrə edilir. Bu adam Oded Golan adlı bir kolleksiyaçıdır. Bu sarkofaqı 15 il əvvəl bir ərəb dəfinəçidən satın aldığını iddia edir.

Onun iddiasına görə sarkofaq Zeytun Dağı adlanan bir ərazidəki qəbirdən çıxarılıb.

Bu qəribə sarkofaq həqiqidir, yoxsa saxta?

***

Bunun üçün sarkofaq İsrail Təbii Ehtiyatlar Nazirliyinin tabeçiliyindəki geoloji təhqiqatlar idarəsinə göndərilir. Orada aparılan təhqiqatlar nəticəsində məlum olub ki, sarkofaq İsanın yaşadığı dövrdə bu bölgədə rast gəlinən əhəngdaşının xüsusiyyətlərinə malikdir. Yəni sarkofaqın hazırlanmasında istifadə olunan daş o vaxta aiddir.

Başqa bir təhqiqat nəticəsində məlum olur ki, sarkofaqın üzərindəki yazı o vaxta aid olan alətlərlə yazılıb. Nazirlik bunları təsdiqləyən raport hazırlayır.

Bu sənəddən sonra Torontodakı Ontario Kral Muzeyi sarkofaqı nümayiş etdirmək üçün kolleksiyaçıyla əlaqə yaradır. O da razılaşır.

Sarkofaq İsraildə ciddi şəkildə paketlənib ən yaxşı nəqliyyat şirkətinin gəmisi ilə göndərilir. Nəhayət sarkofaqın muzeydə dünya mediasına nümayiş etdirilməsi anı yaxınlaşır. Ancaq muzeydə sarkofaqın nümayiş etdiriləcəyi gün olduqca qəribə bir hadisə baş verir.

Paketi açan muzey işçiləri dəhşətə gəlirlər.

Sarkofaq tən ortadan çatlayıb. Altında və üstündə xeyli qırıq var.

Sarkofaqın bu qədər diqqətli şəkildə paketlənməsinə baxmayaraq onun çatlamasının səbəbini heç kəs izah edə bilmir.

***

Səhəri gün “Nyu-York Tayms”, “Vaşinqton Post”, “Tayms” kimi böyük qəzetlərin birinci səhifəsində sarkofaqın fotoları yer alır.

Amma bu sarkofaqla bağlı sirr hələ də açılmayıb. O sarkofaqda həqiqətən Həzrəti İsanın qardaşının sümükləri vardımı? Allahın bir oğlu göyə uçduğu halda, müqəddəs övladın qardaşı niyə fanilər dünyasının soyuq daşları arasında qalıb?

Təbii ki, cavabını gözləyən başqa bir sual da var:

Səkkiz yaşından bəri kolleksiya toplayan Golanın bu illər ərzində əlindəki bu qədər vacib bir dəlil necə olub ki, gözündən yayınıb?

Lemaire ona belə bir sual verir və belə bir cavab alır:

“Allahın oğlunun bir qardaşının olması ehtimalı heç ağlıma gəlməmişdi...”

Bu qədər sadəmi?

Yoxsa tarixin ən böyük saxtakarlığı iləmi qarşı-qarşıyayıq?

Xristianlıq əsrlər boyunca belə tapıntıları şarlatanlıq olaraq qəbul edib. Heç araşdırmaya belə ehtiyac duymayıb.

Amma elm inkişaf etdikcə kor inanca ricət yolları açıldı.

Açılan o yollardan nəyəsə nail olduqmu sizcə?

# 4227 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
# # #