Qara günün səhəriyəm – Yeni Şeirlər

Qara günün səhəriyəm – Yeni Şeirlər
30 iyul 2018
# 17:31

Kulis.az Roma Xosrovun yeni şeirlərini ntəqdim edir.

Salam Allah salamıdır

Salam Allah salamıdır,
Salam, Allahım, necəsən?!
Dərdləşməyə adam yoxdu,
Təkəm hardasan gecə sən?!

Çıxıb özümdən getmişdim,
Bu gün özümdə deyiləm.
Məni yaxşı eşitməkçün,
Gəldim qarşında əyiləm.

Ətəyinə çatmır əlim,
Denən, çıxım hansı yola?!
Hələ sağam gəl görüşək,
Gərək elə ölüm ola?!

Mənimçün yuxular görüş yeridir

Sənsiz bu dörd divar isitmir məni,
Sənlə qızınıram yağışın altda.
Gecə hamıdan tez mən yatıram ki,
Şəklin darıxmasın balışın altda.

Bəzən bu yaxınlıq bezdirər səni,
Hər gün addım-addım uzaqlaşarsan.
Boş qalan küçələr təkləyər səni,
Bir gün mənsizliklə ayaqlaşarsan.

Səni sevdiyimi daşlar, divarlar,
Adını yazdığım ağaclar bilər.
Hər axşam bir qadın keçər içimdən.
Hər axşam bir qadın hayıma gələr.

Bir azca dolmuşdum göylərdən qabaq,
Bulud göz yaşımı görüb kiridi.
Mənim bu şəhərdə yerim yoxdu, yox,
Mənimçün yuxular görüş yeridir.

Basdırdılar o ağacı

Bu ağacın qollarını,
O kimdir kəsir görəsən?
Budağı qorxu içində,
Yarpağı əsir görəsən?!

O ağacda yuva qurub,
Quşlar ora yem gətirdi.
Ağac qolun itirəndə,
Quşlar da evin itirdi.

Qurdlar yedi için, çölün,
Qarışqalar köçüb getdi.
Kölgəsinə sığınanlar,
Baxıb gendən, keçib getdi.

Bu dünyada havam çatmaz,
Ağaclar qoldan şikəstdir.
O kəsilən ağac deyil,
O aldığımız nəfəsdir.

Gözümdən düşən adam

Ay gözümdən düşən adam,
De, kimi gözün axtarır.
Baxırsan ki, üzsüz adam,
Allahın üzün axtarır.

Yerdə kimdirsə qəm çəkir,
Göydə bulud da nəm çəkir,
Sözün dərdin qələm çəkir,
Şair də izin axtarır.

Yol gedir o gündüz, gecə,
Ağlı itib necə-necə,
Qapı-qapı, küçə-küçə-
Bir adam özün axtarır.

Bir kişi sevgisi öldüyü yerdə

Böyüyür... böyüyür xırdaca bir söz,
Bir sözün içində boğulur adam.
Nə qədər dartılsa yenə yay kimi,
Qayıdıb özünə yığılır adam.

Hərə bir ürəyin içində imiş,
Ürək sıxıldıqca sıxılır adam.
Bu qısa ömürdə, bu uzun yollar,
Dolaşır ayağa yıxılır adam.

Birinin üstünə kölgəsin salır,
Birinin üstündə dağ olur adam.
Bir kişi sevgisi öldüyü yerdə,
Bir qadın bətnində doğulur adam.

Qara günün səhəriyəm

Sənin qəlbin bir dünyadır,
Mən də onun şəhəriyəm.
Misra-misra, sətir-sətir,
Öz ömrümün əsəriyəm.

Harda idin sənsiz təkdim,
Ürəyimə dərdlər əkdim,
Bu həsrətə hasar çəkdim,
Ayrılığın çəpəriyəm.

Tut qibləyə ağ üzünü,
Unutma özün-özünü,
Qara gözlüm aç gözünü,
Qara günün səhəriyəm.

Gözün göy, qəlbin bulud

Üstünə bir çətir tut,
Ürəyinə nəm yağır.
Gözlərin susub amma,
Baxışından qəm yağır.

Kaş dil tapıb danışa,
Göy də yerlə barışa,
Torpaq həsrət yağışa,
Yağış da hərdən yağır.

Üzündə nəmi qurut,
Bu ağlamağı unut,
Gözün göy, qəlbin bulud,
Yağanda birdən yağır.

Tərgitdim sevməyi mən səndən sonra

Gərək dil tapaydıq biz susmayaydıq,
Sevəndə dilimiz lal olmayaydı.
İlk görüş günütək o son görüşdə,
Ayrılıb getməyə yol olmayaydı.

Ayrılıq sevgini böyüdər gülüm,
Böyüyər... böyüyər qəlbinə sığmaz.
Yol salar göz yaşın yanaqlarından,
Bəlkə heç o qədər yağış da yağmaz.

Tərgitdim sevməyi mən səndən sonra,
Ən gözəl qızlar da qəlbimə yatmır.
Nə qədər sən yoxsan xoşbəxt deyiləm,
Səni unutmaq da ağlıma batmır.

Dağınıq saçlar

Ayaq üstə duranın,
Öləni var, sağı var.
Bu dağınıq saçımın,
Qaradan çox, ağı var.

Ağacsan yarpağın yox,
Tutmağa budağın yox,
Vətən, səndə sağın yox,
Ölənin torpağı var.

Rəssam bacarmaz bəlkə,
Dərdimin şəklin çəkə,
Bütün dağlardan yekə,
Ürəyimin dağı var.

Sənə qartopu gətirdim

Bakıya qar yağdı ANA,
Evə də gələ bilmədim.
Mən bir tikə çörək alıb,
Sizinlə bölə bilmədim.

Yoruldum, həyat yoldaşım,
Göz yumdum yata bilmədim.
Gözü yaşlı yatdı qızım,
Evə tez çata bilmədim.

Cibim boşdu, qəlbim dolu,
Sözümdə qala bilmədim.
Sənə qartopu gətirdim,
Oğlum, top ala bilmədim.

Beşik və göz yaşı

Ata, səndən ölüm yox,
Allah ayırdı məni.
Sənsiz həyatda bir tək,
Tanrı duyurdu məni.

Keçdim, özümdən keçdim,
Özümə bir yol seçdim,
Gözlərimdən su içdim,
Dərdim doyurdu məni.

Bu həyata üz verib,
Aldandım ömür sürüb,
Kimsəsiz, yetim görüb,
Hamı buyurdu məni.

Kirayə ev-eşikdə,
Biz dururduq keşikdə,
Göz yaşıyla beşikdə,
Anam yuyurdu məni.

Ölmədim, sevdim səni

Səni tapdım, yaşadım,
Ölmədim, sevdim səni.
Uzaq durdum, yanına -
Gəlmədim, sevdim səni.

Yaşayıram həvəslə,
Sən aldığın nəfəslə,
Mən sevgimi heç kəslə -
Bölmədim, sevdim səni.

Necə gəldin xoşuma,
Bu eşq gəldi başıma,
Niyə çıxdın qarşıma?!
Bilmədim, sevdim səni.

# 2501 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #