"Təpəgöz, qarışqa və uşaq" – SADAY BUDAQLININ HEKAYƏSİ

"Təpəgöz, qarışqa və uşaq" – <span style="color:red;">SADAY BUDAQLININ HEKAYƏSİ
16 avqust 2017
# 17:40

Kulis.az Saday Budaqlının "Təpəgöz, qarışqa və uşaq" hekayəsini təqdim edir.

Heç yadına düşmədi. Anasının heç yadına düşmədi təpəgöz. Bilirdi ki, hamı onu öldürmək istəyir, amma yadına düşmədi. Ayrılanda təpəgöz anasının əlindən öpdü, dedi: "Ana, siz məni dolandırammazsınız, mən gedim öz başımı saxlayım". Deyib getdi. Sonra heç görüşmədilər.

– Ayağını düz tutsan… elə bil topaldı! Yekə kişisən, ancaq ayaqqabını da mən geyindirirəm. Sən niyə belə fərsiz oldun…

Görən, anası bildimi təpəgözün öldüyünü? Bilsə ağlayacaq. Uşaqları yox idi, bircə təpəgözdü. O da öldü.

– Küçəyə çıxmırsan! Eşitdin?! Maşının biri gəlib, biri gedir. Ciyəri yanmışlar da elə sürürlər, deyirsən, ilan ağzınnan qurtarıblar, sən də həlləhuş, ayağının altına da baxmırsan. Daha hər gün paltarını dəyişməkdən bezmişəm.

– Safuyə, bə anası biymədi təpəgözün öldüyünü?

– Nə? Bildi, bildi, başına-gözünə döyüb ağladı, dedi, nər kimi oğlum getdi əlimnən… Bir o yana qaç, qoy bir paltar mərətimi geyinim. Əməllicə quyruqsan, hara gedirəm dalımca düşürsən. Ölsəm canım qurtarardı əlinizdən.

– Safuyə…

– Nədi, yenə nə olub?

– Təpəgöz niyə adam yiyiydi?

– Kefi elə istəyirmiş. Sən toyuq yeyirsən, o da adam.

– Bə adam yeməsə acınnan öyəymiş?

– Bilmirəm. O yana çəkil… Dədən gələndə onnan soruşarsan. Qulağımı lap dəng elədin: "Safuyə, Safuyə…" Allahın sözünü də düz-əməlli danışammırsan. Bir "r-r-r" de görüm.

– …

– Demirsən demə. Bura bax, tək qalmağa könlün yoxdu, aparım nənənin yanına. Aparım?.. Dilini udubsan?! Allah, bu danışmayanda nə yaxşı bala olur, nə gözəl bala olur. Qoy bir öpüm səni… Oğul balamdı bu mənim, noğul balamdı bu mənim. Di burnunu sallama… Yaxşı, mən qaçım, soruşan olsa, denən qonşudadı. Həyətdən heç hara tərpənmə, birdən qaraçı-zad gələr, yığıb aparar evimizi. Oldumu?.. Bax belə, ağıllı balasan… Gör nə gözəl havadı! Gül gülü çağırır, bülbül bülbülü… Üşüsən jaketi geyin əyninə, taxtın üstündədi, yaz havasınnan zarafat olmaz… Günortaya qayıdıb gəlirəm. Kibritə əl vurma ha!

Yaz idi, torpağın qırışığı açılmışdı, ağacların sevincdən çiçəyi çırtlayırdı. Hərdən havalar tutulurdu da, buludlar günəşin gözündən oğurlanıb iri-iri damcılarla puçurlu budaqları döyəcləyirdi. Buludların doğulduğu göylərdə hələ istilər düşməmişdi, çünki damcılar sopsoyuq olurdu; buludların kölgəsi də soyuq olurdu, o kölgənin altında hamı birdəncə üşüyürdü, qapılar örtülürdü, sobalara yenə odun atılırdı, bacalardan tüstü burumları çıxırdı. Uşaq onda inanırdı ki, göyə millənən ipisti tüstü burumu gedib buludları qızdıracaq, daha bundan sonra isti yağışlar yağacaq, o da isti gölməçələrdə ayaqyalın gəzəcək…

Bayaqdan çölə qaçmaq istəyirdi. Ağacların altında oynayacaqdı, kəpənəklərin dalınca götürüləcəkdi, ancaq anasının getməyilə elə bil ağacların çiçəyi soldu, günəşin istisi azaldı. Uşaq bilmədi nəyə baxsın, nə eləsin, hara getsin. Söykəndiyi alma ağacının gövdəsi ilə bir qarışqa yuxarı dırmanırdı. Barmağını qabağına qoydu. Qarışqa bir az dayandı, sonra sakitcə barmağının böyründən keçib, yenə yuxarı dırmandı. Qarışqa, deyəsən, onu görmürdü, yoxsa qorxub qaçardı. Yəqin o, çox böyükdü, buna görə qarışqa onu görmür. Yəqin buna görə də o, təpəgözü görmür. Çünki təpəgöz çox böyükdü ondan.

Tinə nahaq çıxdı. Anası görsə, hirslənəcək. Ancaq hirslənib döyəndən sonra anası onun yanından getməyəcək. O da daha darıxmayacaq.

Qonşunun həyətində iri, qara qazanlar asılmışdı, çadır qurulmuşdu. Çoxlu da adam var idi. Anası yəqin ki, ordadı. Özü orda söhbət eləyir, danışıb-gülür, heç demir o, tək qalıb.

– Dur burdan, dur! Bə deməmişdimmi eşiyə çıxma?! Günümü göy əskiyə bükübsən… Ayağını sürümə, tez gəl. Başqaxıncısan ma, görən bə nə deyir, domuşub gözünü zilləyibsən qazana. Yazıq, lap acınnan ölürsənmiş…

Daha evə gedirlər. Bircə onu evdə qoyub yenə qayıtmaya.

– Acmışdın götürüb bir tikə çörək alaydın ağzına. Çörəyin də yerini bilmirsən?! Dayan, ayaqqabılı çıxma. Ev-zad görmüyübsən ha, meşədə böyüyübsən. Di gəl otur. Halva yeyirsən, ya plov? Yaxşısı budu qabaqca plov ye. Ala, bu da qaşıq, götür. Ona kimi su qoyum qızsın, çim, qardaşın da dərsdən gələndə çimər.

Anası su qoyub, sonra paltarını dəyişdi: qolsuz, bənövşəyi don geyindi. Açıqda qalmış qolları elə ağappaqdı ki, o istəyirdi gedib anasına sığınsın, qolunu öpsün, sığallasın, üzünə söykəsin.

– Niyə yemirsən? Bə ac döyüldün gəlib oranı niyə kəsdirirdin? Mən də üzümə salıb buna yemək gətirmişəm ki, uşaq birdən şişər. Nə mat-mat baxırsan?

– Safuyə, qoy qoyunu öpüm.

– Ətimi tökmə, sən allah. Yaman da elə qolum var… Di üzmə məni, yeyirsən, ya yox?

– Yemiyəm.

– Heç yemə. Onda suyunu soyuqluyum, çim əldən çıx. Bir azdan dədən gələcək, qardaşın məktəbdən qayıdacaq… Vur-çatdasını hələ qabaqdadı. Vay, vay, vay, belimi saldı bu vedrə. Eh, ananızın bir sağ canı da yoxdu hərbə-zorbanıza dözsün… Dur ayaq üstə görüm, şalvarını çıxarım. Piş-piş eliyirsən, get elə. Balkona çıxma, paltarsızsan, odu bax, kuxnada vedrə var… Gəl di, tez ol. Bircə xəstələnməyin çatışmır. İstiliyi yaxşıdırmı?

Yaxşıydı. Ancaq bədəni islanan kimi üşüdü. Əlini atıb bərk-bərk anasının qolundan yapışdı.

– Üstümü batırdın, farağat dur. Onda çimizdirəmmərəm, axı, səni…

Anası dalbadal başına iki-üç dolça su tökdü. Su gözünə, ağzına dolub onu təntitdi.

– Gənə su tök, beyimə tök, beyimə.

– Darıxma, qoy başını sabınnayım… belə. Gözünü yum, sabın düşməsin… Bax, dədən də gəldi. Görürsənmi, dədəsi, nə qoçaq oğlun var, özü əl çəkmir ki, məni çimizdir.

– Bə ağzında oğul deyirsən, oğul da çimməkdən qorxar?!

– Dədəsi, nə olar, su tök oğlunun başına, tezcə sabınını yuyum.

– Gərək o saat ma iş tapasan da…

– Bir də tök… hə, oldu göyçək oğlan. Daha kimin ağzı nədi balama qız verməsin… Səbrin çatmırsa özünə çay süz.

– Özgə nə əmrin var, yoldaş xanım həzrətləri?.. Bu ilıqdı ki…

– İlıqdı?

– Yox, səni aldadıram.

– Eh, heç bilirəm ki, neyləyirəm… ölü yerinnən indicə gəlmişəm.

– Demək, yemək də çika?

– Var… bir az hövsələni bas.

– Basdım… çarəmiz nədi. Sən niyə əlini qabağına tutubsan, ə? Quş tapıbsan?

– Uşağı utandırma.

– Əlini çək görüm. Sənnən döyüləm?!

– Bəsdi, sən allah.

– Çək əlini! Çək! Bax belə… Bu da kişi olub ə, utanır. İndi bərk tut, birdən qaçar.

Atası şaqqanaq çəkib güldü. O istədi əlini yenə qabağına aparsın, amma apara bilmədi, dizlərini bir-birinə sıxıb büzüşdü…

Vedrənin dibində qalan suyu başından carlayıb anası onu dəsmala bükdü. Qucağına alıb taxtın üstünə qoydu. Sonra dəsmalla yaxşı-yaxşı quruladı. Qardaşı gələndə o artıq paltarını geyinmişdi, oturub hörtdədə-hörtdədə çay içirdi.

– Salam.

– Ay əleyküməssalam. Bə sazdımı xalan?

– Sazdı… Dədə, Nağı da gəlib, e.

– Xoş gəlib, səfa gətirib. Nağı kimdi?

– Dostumdu. Utanır e, gəlməyə.

– Utanır, üzünə ələk tutsun.

– Gəl da… budu bax. Dədə, muskulunu şişirt Nağı görsün. İnanmır e, sənin hamıdan qüvvətdi olduğuna.

– Elə şey olmaz! Yalan deyirsən!

– Vallah, düz deyirəm.

– Yaxşı, bu saat görsədim inansın…

– Gördün ə, gör nə şişdi.

– Dostun qaçdı ki…

– Sənnən qorxdu da… Yaman şişirtdin ha. Birdən partdıyar e, dədə. Partdamaz?

– Partdasa başında partdıyar. Bir başını bura gətir görüm…

Pəncərənin önündən çoxlu-çoxlu adam gəlib keçirdi. Qabaqdakılar çiyinlərinə alıb nəsə aparırdılar – üstünə qara çadra tutmuşdular.

– Safuyə, bunnay nə apayıy?

– Çəkil ordan, çəkil. Hər şeyə baxmazlar. Təpəgözü aparırlar da, aparırlar basdırmağa.

– Təpəgözü?

– Hə, hə.

İndi yəqin hamı sevinir təpəgözün öldüyünə. İstəyirdilər ölsün – öldü. Bəs sonra nəyə sevinəcəklər?..

Anası əlindən yapışıb onunla həyətə düşdü. Cığırı tutub bağa getdilər. Gilənarın ağ çiçəkləri torpağa tökülmüşdü. Başlarının, yaşıl otların üstündən qanadları zərli bir kəpənək uçub çəpərə qondu.

– Gəzməyə çıxıbsınız deyən, ay Safurə?

Kəpənək qonşudakı arvadı görüb uçdu. Dövrə vurub yenə qayıtdı, elə bil hara qonacağını bilmirdi – öz kölgəsinin arxasınca düşmüşdü.

– Boy, sənsənmi, az… Çoxdandı görünmürsən.

– Hal varmı ki, görünəm. – Qonşudakı arvad əlini iri qarnının üstünə qoyub yorğun-yorğun gülümsədi.

– Vaxtı çatıb, deyəsən?

– Hə. Özümü gəzdirə bilmirəm. Elə də yuxucul olmuşam ki, lap ayaq üstündə yatıram.

– Yat da, qoy bir az da qaynanan işləsin.

– Sən də bəxtəvərlikdən dəm vurursan.

– Qorxma, inşallah, yaxşı olar.

– Görək da… Nə göyçək uşaqdı bu. Balacandı?

– Hə.

– Daha uşaq istəmirsən?

– Yox əşi, neynirəm daha uşağı, ikisi bəsimdi.

– Mənimki ağzını açanda altı-yeddi deyir.

– Nə vecinə… Mənciyəz istəmirəm.

O, heyrətlə, qorxuyla anasına baxırdı: görən, doğrudanmı hər şey anasından asılıdı? Doğrudanmı anası istəməsəymiş o bu tumurcuqlu ağacları, yaşıl otları, kəpənəyi görməyəcəkmiş? Bəs onda o harda olacaqdı?

Uşaq nəyisə başa düşməyə çalışır, ancaq bacarmır. Qorxu dünyanı gözəlləşdirib. O, ürkək-ürkək ətrafına baxır. Baxır, baxır və eşitdiyinə inana bilmir. Uşaq ömründə ilk dəfə tənhalığı hiss eləyir.

Sim-sim.az

# 2162 dəfə oxunub

Oxşar xəbərlər

"Fəzlüllah ölməyib, İsa kimi qeybə çəkilib..." - Rəhim Əliyev

"Fəzlüllah ölməyib, İsa kimi qeybə çəkilib..." - Rəhim Əliyev

12:00 27 oktyabr 2024
"Bu hekayəni söküb, yenidən yığmaq lazımdır..." - Müzakirə

"Bu hekayəni söküb, yenidən yığmaq lazımdır..." - Müzakirə

09:00 23 oktyabr 2024
Bəlkə, ədəbiyyatı ləğv edək?

Bəlkə, ədəbiyyatı ləğv edək?

16:00 21 oktyabr 2024
Çar onun arvadının şəklini niyə cibində gəzdirirdi? – Puşkini öldürən xəyanət

Çar onun arvadının şəklini niyə cibində gəzdirirdi? – Puşkini öldürən xəyanət

15:00 19 oktyabr 2024
Əri ona görə dinini dəyişdi, səhnədə dirijoru söydü – Xalq artistinin film kimi həyatı

Əri ona görə dinini dəyişdi, səhnədə dirijoru söydü – Xalq artistinin film kimi həyatı

13:32 19 oktyabr 2024
Yazıçının yazı tərzi dəyişmirsə... - Cavanşir Yusifli

Yazıçının yazı tərzi dəyişmirsə... - Cavanşir Yusifli

09:00 19 oktyabr 2024
# # #