Onların nə qədər oxucusu var? - SORĞU

Onların nə qədər oxucusu var? - <span style="color:red;">SORĞU
17 fevral 2017
# 09:00

Yazıçı kitab çap edir və daha sonra o kitab oxucularla görüşür. Bəs nə qədər oxucu var? Yazıçılarımızın real və potensial oxucuları nə qədərdir?

Kulis.Az bu barədə yazarlar arasında sorğu keçirib. Cavabları təqdim edirik.

Əkrəm Əylisli

Image result for Əkrəm əylisli

- 60-cı illərin axırları “Adamlar və ağaclar” nəşr olunandan sonra mənim oxucum həddən çox oldu. O kitab az qala bütün Azərbaycanda oxundu. Yadıma gəlirdi, bu kitabı bir-birinə hədiyyə eləyirdilər. Kitabın SSRİ-də ümumi tirajı 1 milyona çatırdı. Bəlkə də daha çox olardı. Heç şübhəsiz, kitab halında SSRİ miqyasında 1 milyon tirajım var idi. Şərqi Avropanı demirəm hələ. Azərbaycanda 10 min, 100 min, SSRİ məkanında 1 milyon oxucu deməkdir bu. Sonrakı kitablar o tirajla yayılmadı. Mən populist kitablar yazmamışam. Həmişə öz oxucu auditoriyam olub. Azərbaycanda indiki halda 3-4 min oxucum olar. Bunlar seçmə oxuculardır. İntellektual, ədəbiyyatı həqiqi sevən oxucular.

Anar

Image result for Anar rzayev

- Bilmirəm. Məlumatım yoxdur bu haqda. Araşdırmamışam.

Seyran Səxavət

Image result for seyran səxavət

- 60-65 yaş arasındakıların böyük əksəriyyəti mənim oxucularımdır. Düzdü, oxucularım arasında cavanlar da var, 65-dən yuxarı olanlar da. Mühasibatla məşğul olmamışam, deyə dəqiq deyə bilmərəm onların sayını. Mənim “Daş evlər” romanım 50 min tirajla çap olundu, sonra təzədən 40 min də təkrar nəşr edildi. Elə burdan götürsək, 90 min oxucu eləyir. Söhbət bu gündən gedirsə, mənim real 3, ya 4 min oxucum olar. Kül halında götürəndə isə 100 mindən o tərəfə oxucum var. 30-40 il əvvəl məni oxuyan indi də oxuyur.

Aqil Abbas

Image result for Aqil Abbas

- Vallah, onu barmaqla saymaq çətindir. Amma bilirəm ki, oxucum çoxdur. “Ədalət” qəzetinin saytında 550 min oxunan yazım olub. Azərbaycanda müstəqillik dövründə ilk dəfə ən böyük tirajla çıxan kitab mənim “Dolu” romanım olub. 5 min tirajla. Ümumiyyətlə, 2 min tirajdan az çıxan kitabım olmayıb. Bir məsələni də deyim ki, kitabın tirajı oxucunu müəyyən eləmir. Çünki bir kitab bir evə gedəndə, onu bir adam yox, evdəki hamı oxuyur. Düşünürəm ki, mənim 500 mindən çox oxucum var. Bir var oxucu, bir də var sabit oxucu. Mənim və başqa tanınmış yazıçıların 20-30 min sabit oxucusu var.

Səfər Alışarlı

Image result for Səfər Alışarlı

- Bütün oxuculara hörmətlə yanaşıram: hər kəsin öz zövqü, dünyagörüşü və hər kəsin öz yazıçısı var. Biz, yazıçılar, özümüz də oxucuyuq. Məni kütləvi oxucu maraqlandırmır, çünki mən onun üçün yazmıram. İstəsəm, bəlkə də yazaram, amma onda mənə qoyulmuş mənəvi kapital batar və yer üzündə yazıçılığa namizəd daha bir şəxs bankrot olar. Oxucu, tiraj, populyarlıq və maddi mənfəət naminə yazmaq adi kommersiya fəaliyyətidir. Mənim aldığım ədəbi tərbiyə, oxuduğum ədəbi məktəb buna yol vermir. Ona görə də real və potensial oxucunun say məsələsi mənim üçün aktual deyil.

Nəriman Əbdürrəhmanlı

Image result for nəriman əbdülrəhmanlı

- Təxminən 250-300 oxucum olar. Bir çoxlarını da tanıyıram, arabir ünsiyyətimiz olur.

Aqşin Yenisey

Image result for aqşin yenisey

- Oxucu ədəbiyyatda heç vaxt meyar olmayıb, heç indi də deyil. Əsəri həmişə peşəkarların verdiyi dəyər yaşadıb, indi də elədir. Kütlə başqa, oxucu başqa. Kütlələrin oxuduğu yazıçının, şairin yox, naşirin və dövlətin zövqüdür. Qərbdə bu zövqü naşirlər, məsələn, Şimali Koreyada Kim Çen İn müəyyənləşdirir. Bəzən pul qazanmaq istəyən naşirin, yaxud ölkəsini "ağ günə" çıxarmaq istəyən Kim Çen İnlərin də siyahısında istedadlı yazarlar olur. Stalin Şoloxovdan çəkinəcək qədər onu özünə yaxın buraxmışdı. Oxucu üçün yazanlar, adətən, ələyin altındakılardır, amma ədəbiyyat dedikdə hamı bu ələyin içində qalana baxır. Oxucu sayı ilə öyünənlər, əslində, əsərin universal bir nəfər üçün yazıldığını bilmir, onlara görə ədəbiyyat təsadüfi və müvəqqəti çoxluqdur.

Pərviz Cəbrayıl

Image result for pərviz cəbrayıl

- Oxucu sayı satılmış kitabın tirajıyla ölçülsəydi, düşünmədən 2 min deyərdim. Ancaq bilirik ki, bu, belə deyil. O iki minin heç on nəfəri sənin oxucun olmaya bilər, yaxud həmin iki mini ikiyə, üçə belə vurmaq olar. Potensial oxucu isə yalnız növbəti kitabda üzə çıxa bilər. Tutaq ki, həmin 2 min oxucudan kitabı alıb oxuyanların növbəti kitabda real alıcı keyfiyyətində üzə çıxması mümkündür. “Yad dildə”nin təkrar nəşri də çoxdan satılıb bitib, onlarla oxucu mənə kitabı necə əldə etməklə bağlı yazır. Hər halda gözləyək, görək növbəti kitab hansı mənzərəni üzə çıxaracaq. Bircə buna əminəm ki, tiraj heç vaxt oxucu sayını ifadə edə bilməz. Elə şair-yazıçı ola bilər ki, heç kitabı çıxmayıb, di gəl, minlərlə oxucusu var.

Rasim Qaraca

Image result for rasim qaraca

- Ən son kitabım "On bir gecə" 2014-cü ildə 1000 tirajla yayınlanıb, qiyməti 5 manat olub, bir hissəsi də hədiyyə olmaqla son aylarda tükənib. Bu hesabla real oxucumun sayını müəyyənləşdirmək olar. 100 tirajla nəşr etdiyim "Ölüm haqqında Günəş" şeirlər kitabım 1 il ərzində yalnız 5 ədəd satılıb.

Azad Qaradərəli

Image result for azad qaradərəli

- Bu gün Azərbaycanda iki cür oxucu var: sırf ədəbiyyat adamları, bir də adi oxucular. Bunlar fərqli-fərqli şeylərdir. Daha bir fərqli cəhət var: tanımadığın oxucular və şəxsən tanıdığın dost-tanış, yaxud qohumlar və üstəgəl facebook tanışları. Bir də mənim Türkiyədə oxucularım var. Orada 15-ə qədər hekayəm sayt və jurnallarda yayımlanıb. Və dünyaya səpələnən azərbaycanlılar. Ən nəhayət "Yazı" dərgisinin oxucuları... Onları da mənim potensial oxucularım hesab etmək olar. İndi burdan necə bir rəqəm çıxartmaq olar? Dəqiq rəqəm söyləməkdə çətinlik çəkirəm. Yaxşısı budur, siz özünüz burdan bir nəticəyə gəlin.

Kəramət Böyükçöl

Image result for kəramət böyükçöl

- Azərbaycanda hamı məni oxuyur. Oxucuların sayı-hesabını itirmişəm. Ancaq bir neçə oxucum da var ki, onlara xüsusi hörmətim və sayğım var. Tez-tez özləri mənə zəng edir, problemlərimlə maraqlanır, gözəl məclislər təşkil edirlər. Məsələn, bu yaxınlarda bir adama min manat borcum vardı, başımı itirmişdim, Facebookda adi bir statusumdan sonra bir oxucum gəldi, borcumu bağladı. Yeri gəlmişkən, hələ min manat da borcum qalır.

Cəlil Cavanşir

Image result for cəlil cavanşir

- Hazırda yazdığım yazıların, şeirlərin oxunma sayını, şeir gecələrimə gələn dinləyicilərin sayını, kitablarımın tirajını nəzərə alsaq mənim milyonlarla oxucum var. Ona görə hər zaman kefim kökdür. Real oxucularımın sayını təxminən 1-5 milyon, potensial oxucularımın sayını isə 3-4 milyon olduğunu düşünürəm. Ədəbi agentimin hər ay mənə verdiyi hesabatı gözdən keçirəndə, hiss edirəm ki, gələcəkdə oxucularımın sayı 5 milyona çata bilər. Şükür Allahın böyüklüyünə, kitab satışından gələn gəliri yığıb-yığışdırmaq olmur. Yazda son kitabımın qazancı ilə yeni villa, yayda isə yaxta almağı düşünürəm.

Sevinc Elsevər

Image result for Sevinc Elsevər

Bu barədə dəqiq bilgim yoxdur. Təxmin etmək çətindir. Çünki kitab çıxarıb özüm satışı ilə məşğul olmamışam. Məncə, bu, bir az da əsərə, əsərin, ya mətnin reklamına, zamanı düzgün yaxalamağa baxır. Saytlarda gedən yazılarımın oxucu sayı çox vaxt mini aşıb. Şeir oxucusu nisbətən azdı. Amma bu da şeirə baxır. Şeir olub ki, düşündüyümdən də çox oxunub. Bunu kitab bazarı düzgün formalaşan, normal kitab satışı olan ölkələrdə asanlıqla bilmək olar. Bizdə çətin. Onu bilirəm ki, nəsr kitablarımdan ən çox oxunanı "Şəhər " romanı idi. "Uçuş məsafəsi" kitabım çox danışılmışdı. “Atamın xatirəsi” adlı bir şeir var idi, onu oxumayan qalmamışdı. "Çarpayı cırıltısı" adlı hekayəmin oxucuları tez-tez qarşıma çıxır. Bir də görürsən, bilirlər kiməm, deyirlər ki, sizin "Çarpayı cırıltısı" adlı hekayənizi oxumuşam, bəyənmişəm və sairə. Amma yenə təxmin edə bilmirəm ki, oxucum nə qədər olar?

Varis

Image result for varis yolçuyev

Azərbaycanda 10 kitabım çıxıb. 1-i 5, 1-i 3, 5-i 2 təkrar nəşrə gedib. Üstəlik minlərlə pirat nüsxələr çıxmaqdadır. Kütləvi ədəbiyyat nümunələrim 6 -10 min tirajla, fərdli zövqə yönəli ədəbiyyat nümunələrim 2-3 min tirajla çıxır. Təkrar nəşrlər 1-2 min tirajla çıxır. Rusiyada tirajım 15 min, Amerikada 5 min, Türkiyədə 10 min, Özbəkistanda 126 min. Bu il daha 2 ölkədə kitablarım çıxacaq. Türkiyədə “Yaşıl üzlü gündəlik” 50 min tirajla çıxacaq. Ümumən oxucularımın sayı çoxdur, şikayətlənmirəm. Amma dəqiq say deyə bilmərəm.

Rəbiqə Nazimqızı

Image result for rəbiqə nazimqızı

- Bu eşitdiyim ən qəribə suallardan biri, bəlkə də, birincisidir. Saymamışam nə realını, nə də potensialını. Ümumiyyətlə, düşünürəm ki, haqqımda ən dəqiq və düzgün təsbiti Qismət verib kitabıma yazdığı ön sözdə - mən xəyali oxucunu bir nəfərədək azaldıram. Bu, üstünlük də sayıla bilər, çoxlarının düşündüyü kimi, qüsur da. Yəni oxucular barədə düşünmürəm. Nə yazanda, nə də sonra... Oxucularla ünsiyyət prosesini sevmirəm, mənə onlarla danışmaq çətindir. Bilmirəm, nə deyim, nədən deyim, onlara yazdığımdan daha çox açılmaq istəmirəm. Naqolay suallardan xoşum gəlmir. Buna görə də say barədə heç nə deyə bilmirəm...

Aqşin Evrən

Image result for aqşin evrən

- Ümumiyyətlə, oxucu sayı üzən məzənnə sistemi ilə hərəkət edir, yəni tez-tez dəyişir. Belə olan halda keyfiyyətli oxucular üzə çıxır ki, onlar daim, belə demək mümkünsə, həyatı mənimlə birlikdə addımlayırlar. Addımlayırlar demişkən, şəhərdə, az qala, hər 50 metrdən bir oxucu dostlar yaxınlaşır, söhbət edirik, xatirə şəkli çəkdiririk. Adama elə gəlir ki, səni bütün ölkə tanıyır, amma elə deyil. Əlimizdə oxucu hesablayan cihaz olmadığı üçün bunun alternativi olaraq saytda oxunma sayına baxa bilərik. Belə də şeirlərim 5-6-7-8 min arası oxunur, köşə yazılarım isə 20-30 min. Yəni bunlar mütəmadi olaraq təkrarlanan rəqəmlərdir. Ancaq bunu konkret oxucu sayı kimi götürmək bir az mübahisəli məsələdir.

# 1299 dəfə oxunub

Oxşar xəbərlər

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #