Yaradandan fərman budur - GƏRAYLILAR

Yaradandan fərman budur - GƏRAYLILAR
2 sentyabr 2015
# 10:28

Kulis Qazaxda yaşayan gənc şair Hikmət Carçılı Orhunun təzə gəraylılarını təqdim edir

***

sən olsan allah adamı,

mən ollam imam övladı.

yerin altın, üstün bilər,

hələb oğlu, şam övladı.

gəl, məni qovğadan qutar,

naşı atar, nadan tutar.

gözünün üstündə tutar,

sonlamaz adam övladı.

sinəmdə var bir ağız söz,

qaldım qarasız, kağızsız.

qul hikmət dilsiz, ağızsız -

yaradanın xam övladı.

***

göz görəsi canım çıxdı

ruhumu görən olmadı.

daşlara çırpılıb qaldı,

ahımı görən olmadı.

saqi badəmi doldurdu,

içdim, nəfsimi öldürdü.

beş rükət namaz qıldırdı

şahımı görən olmadı.

qul hikmət der: xəbər aldım,

yolumu yaxına saldım.

para verib kəfən aldım

behimi görən olmadı.

***

zamanası qara gəlsin,

qardaş da yağı kimidi.

qonum-qonşu hücum çəkər,

xoş sözü ağı kimidi

alan almaz - satan öyməz

alar da əyninə geyməz

nəfsim keçməz, əlim dəyməz

mülküm göz dağı kimidi.

qulun olmaz yazı, yayı,

burnundan tökülər payı.

bilinməz səmti-sarayı,

solu da sağı kimidir.

***

bir diyara ürcah oldum,

kəndinin itləri hürməz.

cavanı kefə qulluqdu,

ağsaqqalı öyüd verməz.

rəncbəri dinməz söyləməz,

ağası zülüm eyləməz,

şahı gədanı əyləməz,

fərmanına ağıl ərməz.

qulun sözü enər haqdan,

cəza çəkilməz nahaqdan,

mömini razı Allahdan,

cahili heç bəla görməz.

***

dərdə düşdüm, dərdə düşdüm,

halım bilmədi, bilmədi.

el-aləm qədrimi bildi,

zalım bilmədi, bilmədi.

düşündüm, durdum: nə edim?

yavan doydum, yavan yedim.

fikir çəkdim: yoxsa gedim -

qalım, bilmədi, bilmədi.

qulam, soldu baxçam-bağım,

tutuldu qaşım-qabağım.

qanlar tökdü solum-sağım,

gülüm bilmədi, bilmədi.

***

sürünməkdən doğmalaşıb,

dizim yollara, yollara.

var sinəmdə neçə qatar,

sözüm yollara, yollara.

tanrıdan belim bükülü,

ağzımda dişim tökülü,

umudum sənə dikili,

gözüm yollara, yollara.

qul hikmətə olan olub,

bir güləndə, bir də dolub.

bir gedimlik ömür qalıb,

dözüm yollara, yollara.

***

yaradandan fərman budur:

yol yorasan yar yolunda.

əhdində möhkəm olanın

durmaz boran, qar yolunda.

su olub daşdan keçəsən,

göz olub yaşdan keçəsən.

quruca başdan keçəsən,

namus, qeyrət, ar yolunda.

ad alıb, axca salanın,

durub başına dolanın.

şirinə fərhad olanın,

sərt qayalar var yolunda.

# 2059 dəfə oxunub

Oxşar xəbərlər

"Əsl ədəbiyyatın əxlaqlı olduğunu..." - "Lolita"nı niyə oxumalısınız?

"Əsl ədəbiyyatın əxlaqlı olduğunu..." - "Lolita"nı niyə oxumalısınız?

13:15 18 avqust 2026
"Daxili  ambisiyalarla cəmiyyətin ritmi uyğunlaşmayanda..."  - "Şeytan əməli" haqqında qeydlər

"Daxili ambisiyalarla cəmiyyətin ritmi uyğunlaşmayanda..." - "Şeytan əməli" haqqında qeydlər

14:00 16 avqust 2026
"Vətən mənəvi ərazicə bu sayaq adamların varlığı ilə bütövdür... "- Seyfəddin Hüseynlinin yubiley yaşına

"Vətən mənəvi ərazicə bu sayaq adamların varlığı ilə bütövdür... "- Seyfəddin Hüseynlinin yubiley yaşına

10:00 15 avqust 2026
Salamın 60 yaşına — 40 ildən çox gecikmiş, amma vaxtında yazılmış təbrik

Salamın 60 yaşına — 40 ildən çox gecikmiş, amma vaxtında yazılmış təbrik

10:30 13 avqust 2026
"Kor-koranə heyranlıq tarixin saxtalaşdırılmasına yol açır..."- Etimad Başkeçid

"Kor-koranə heyranlıq tarixin saxtalaşdırılmasına yol açır..."- Etimad Başkeçid

15:45 7 avqust 2026
Eliotla dostluq etdi, Freyd onunla şəxsən tanış olmaq istədi...  - Pulitser mükafatlı kölgədə qalan "kosmik şair"

Eliotla dostluq etdi, Freyd onunla şəxsən tanış olmaq istədi... - Pulitser mükafatlı kölgədə qalan "kosmik şair"

12:00 5 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər