Namiq Qaraçuxurlu və Telli Borçalı ilə şair Qismətin söhbəti - Qan Turalı yazır...

Namiq Qaraçuxurlu və Telli Borçalı ilə şair Qismətin söhbəti - Qan Turalı yazır...
28 noyabr 2014
# 11:55

Birpərdəli yuxu

Hamımız nadanlıqdan şikayət edirik. Metroda uca səslə danışanlardan, qatardan düşənlərə yol verməyənlərdən, qara paltarlılardan, qara kurtkalılardan, Rafaellə Coşqunun konsertinə gedənlərdən, teatra getməyənlərdən, oğlanların Novruzəli, qızların Tükəzban olmağından şikayət edirik. Bəs nadanlığın səbəbi nədir? İnsanlar niyə maarifdən uzaq düşüb.

O gün Zaur Baxşəliyevin “Dünyanın yarısı” verilişində kulturoloq Telli Borçalı, filosof Namiq Qaraçuxurlu, gənc şair Qismətin iştirakı ilə bu mövzunu müzakirə edirdilər.

Telli xanım Platonun “Mağara” hekayətindən danışdı. Dedi ki, bəs, bizim hamımız bir mağaranın içində, özü də arxamız qapıya oturmuşuq, çöldən adamlar keçir, biz də o adamların kölgələrini görürük, özlərini yox, lakin bizə elə gəlir ki, o adamların özünü görürük. Biri çölə çıxıb o adamların əslini görsə və bizə desə ki, sənin gördüyün adamların özləri yox, surətləridir, kölgələridir, biz ona inanmayacağıq, deyəcəyik ki, həyat bizim qarşımıza düşən kölgələrdən ibarətdir.

Namiq müəllim də qayıtdı ki, insanlar mağaranın içində oturduqlarına görə həqiqəti dərk etmirlər, çünki mağaralarının içinə giriblər, fikir günəşinin altına çıxmırlar, göyü görə bilmirlər, ona görə də onların beyinləri xurafatla, başqalarından eşitdikləri sözlərlə doludur. Başqaları da deyir, teatra get. Palaza bürün, elnən sürün! Düşünmürlər, onların yerinə başqaları düşünür, mentallığın qaydaları ilə yaşayırlar. Onlara görə siqaret çəkən qadın əxlaqsızdır, şortik geyən kişi homoseksualdır.

Bu yerdə Zaur dedi ki, Frensis Bekondan süjet var, ona baxmalıyıq. Namiq müəllim – qayıdasan ki, Bekon böyük filosofdur, lakin korrupsiyaya görə həbsdə olub. Xahiş edirəm meyxana xiridarları bu faktı nəzərə alsınlar. Hamı onu alqışladı və süjet başladı.

Süjetdə Bekonun “Yeni Orqanon” əsərinin qısa məzmunu göstərildi. İnsanların həqiqəti dərk etmələrinin qarşısında dörd kabus dayanır. Kabuslar bir-bir təsvir edildi sonra isə müzakirə başladı.

Telli Borçalı teatr kabusu haqda danışdı və dedi ki, insanların bu vəziyyətə düşməsinin əsas səbəbi ənənəvi fəlsəfi sistemlərin dövrə, zamanın ruhuna uyğun gəlməyən müddəalarıdır. İnsanlar bu müddəalarla düşündüklərinə həqiqətdən uzaq düşürlər. Namiq Qaraçuxurlu isə qeyd etdi ki, sizin bu düşüncəniz də teatr idoludur, çünki dörd əsr bundan qabaq yaşamış filosofun müddəaları əsasında düşünürsünüz. Meyxana aşiqlərinin alqışları studiyada guruldadı və reklamlar başlandı.

Hegelin yeni çıxan kitabları, “Otello”unun premyerası, “Ulisis”in son nəşri, “Alatoran” jurnalı, qaranlıqda kitab oxumaq üçün istifadə edilən fənər haqda reklamlar efirə getdikdən sonra müzakirələr davam etdirildi.

Zaur Baxşəliyev sözü şair Qismətə verdi, Qismət eynəyini düzəldib dedi ki, xalqımızın toy kimi bir adəti var, ona görə də toylardan qalmaq lazım deyil, hamımız azərbaycanlıyıq, gərək bir-birimizin fikrinə hörmət edək, amma toylardan niyə dolma vermirlər? Arzum budur ki, Şuşada konsert verim. Hə, burda söhbət teatrdan getdi, teatra da gedək gərək, mən o gün qabağından keçdim, imkan olanda içəri də girəcəm, bizim böyük korifeylərimiz var, bizdən böyük xalq da yoxdur, biz qonaqpərvərik, lavaş uşaqlarıyıq, bizim xanımlar tarixən başlarına kəlağayı salıblar, ərlərinə sədaqətli olublar, ona görə hamımız toy etməliyik, ölkəmizdə də çoxlu qoyun var, hətta nə qədər kəsiriksə bu qoyunlar qurtarmır, eşitmişəm dünən bir qoyunumuz düz dörd bala doğub, arağın biri də gəlsin, nəsə, hamınızı təbrik edirəm, həmişə belə gözəl verilişlərdə.

Zaur onun sözünü kəsib dedi, xahiş edirəm aiddiyyatı üzrə danışın. Şair Qismət də dedi, olar, mahnı oxuyum? Zaur qayıtdı ki, bizim veriliş intellektual verilişdir. Qismət də dedi, elə mənim də mahnım intellektualdır. Dedilər, o zaman buyur oxu. Qismət tənqidçi Əsəd Cahangirin Vaqif Bəhmənlinin sözlərinə bəstələdiyi “Gedək, ötürüm səni” adlı mahnını oxudu, zaldan tək-tük alqış səsi gəldi.

Mikrofonu Qismətin əlindən qapan Telli Borçalı təklif etdi ki, xahiş edirəm polemikaya davam edək. Bu dəm studiyaya Vasif Məhərrəmli təşrif buyurdu. Üzr istədi ki, veriliş üçün çıxış yazırmış, başı qarışıb, ona görə gecikib. Cibindən kağızları çıxarıb göstərdi. Onu mikrofonla yüksək səviyyədə təmin etdilər və Vasif Məhərrəmli boğazını arıtlayıb yazdığını oxumağa başladı:

- İnsanların maariflənməsinin qarşısındakı əngəllər haqqında danışmaq əslində bəşəriyyətin xilası haqqında danışmaqdır. Məsələnin ən mühüm tərəfi də məncə budur. Mən Erik Fromdan sitat gətirəcəm: Bir yaşantının şüura çatması üçün ictimai kateqoriyalarla eyniyyət təşkil etməsi gərəkdir. Gəlin, bu fikri dərindən oxuyaq. Döyüşkən qəbilələr üçün adam öldürüb qənimət toplamaq çox adi bir şey olduğu halda, əkinçiliklə məşğul olanlar üçün adam öldürmək dəhşətli bir cinayətdir. Hər bir cəmiyyət öz ictimai inkişafına uyğun düşüncə kateqoriyaları yaradır və şüur başqa kateqoriyaları dərk edə, özününküləşdirə bilmir.

Aristotel məntiqinə görə bir şey ya yaxşı, ya da pis olmalıdır. Lakin Freyd insanı eyni zamanda həm sevib, həm də ona nifrət etmənin mümkün olduğunu yazır. Aristotel məntiqi ilə yaşayan cəmiyyətlər üçün Freyd məntiqi anlaşılmazdır. Çünki insanlar bir adamı ya sevdiyini, ya da nifrət etdiyini düşünürlər. Lakin onlar daxilən başqasına qarşı eyni zamanda həm sevgi, həm də nifrət duya bilərlər. Onlar isə bunu anlamadıqları üçün nifrəti, ya da sevgini öz şüuraltılarına atır və əzab çəkməyə başlayırlar. Sevgi ilə nifrətin eyni zamanda mövcud olduğunu bilmədikləri üçün insanlar narahat olur.

Bu yerdə şair Qismət üzr istəyib buyurdu ki, əslində sevgi ilə nifrət arasında bircə addımlıq məsafə var, lakin onun bu sözü meyxana xiridarlarının kəskin etirazı ilə qarşılandı. Nazik bığlı xiridar ayağa qalxıb Zaur Baxşəliyevə müraciətlə dedi ki, Aristotel məntiqini bilməyən adamların efirə buraxılması qanunsuzluqdur, təklif alqışlarla dəstəkləndi və Vasif Məhərrəmli fikirlərinə davam etdi:

- İnsanların bir-birini anlamaqda və maarif nuruna çatmaq yolunda ən böyük əngəl dildir. Bəli, dil ancaq ünsiyyət vasitəsi deyil, eyni zamanda ünsiyyətsizlik məsələsidir. Adicə bir misal çəkəcəm. Bir çox dillərdə empatiya sözü var, amma Azərbaycan dilində bu sözü dürüst tərcümə etmək olmur, çünki bizim empatiya hissimiz zəif inkişaf edib, dildə bu söz mövcud olmadığının əsas səbəbi də o yaşantının, o nəsnənin şüurumuzda olmamasıdır. Ya da tolerant sözünü götürək, dilimizə bu sözü “dözmək” kimi tərcümə edirlər, halbuki dözmək feilində bir qəzəb, bir nifrət var, dözümlü olmaq, məcburən fikir azadlığını qəbul etmək deməkdir.

Zaur Baxşəliyev üzr istəyib söylədi ki, verilişin sonuna az qalıb, xahiş edirəm fikirlərinizi yekunlaşdırın. Vasif Məhərrəmli nitqinə bu cür davam etdi:

- Son olaraq ictimai tabularla bağlı danışmaq istəyirəm. Tabular hansısa stereotipin təsiri altında formalaşdırılır və cəmiyyətin inkişafında maneə kimi çıxış edir. İnsanlar tabulara çıxmağa qorxurlar, çünki tabulara çıxanlar hələ qədim dövrlərdən indiyə qədər çox sərt formada cəzalandırılır.

Lakin dahilər həm dil, həm məntiq, həm də tabuların kənarına çıxa bilərlər. Onlar azadlıq aşiqləridir, onlar azadlıq peyğəmbərləridir. Mən onları alqışlayıram, onların ruhu qarşısında baş əyirəm. Məhz onlar cəmiyyətin qoyduğu qadağaları pozaraq bəşəriyyətin inkişafına mühüm xidmət göstərmişlər.

Gənc şair Qismət ayağa qalxıb dahiləri alqışlayanda xiridarlar arasında narazılıq başladı, Zaur Baxşəliyev tez araya girib qonaqlara təşəkkür etdi və tamaşaçılarla sağollaşdı.

# 4457 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #