Mən elə cinayət eləmişəm ki... - Səhər Əhməd yazır...

Mən elə cinayət eləmişəm ki... - Səhər Əhməd yazır...
4 iyul 2019
# 17:02

Kulis.az Səhər Əhmədin “Üç siqaretdən sonra...” hekayəsini təqdim edir.

Sənətdən getmiş maestro uzun müddətdən sonra pianonun qapağını necə qaldırarsa, noutbukun qapağını eləcə qaldırdı. Susqun idi, üç gündü ətrafa baxdığı donuq baxışlarını sanki özü də görürdü. Eləcə susqun halıyla yuxarıda təsvir etdiyimiz maestro kimi klaviaturaya toxundu.

Facebookda söhbətə açıq saxladığı yeganə adamın yaşıl işığı yanırdı. Qayıdıb qaçmaq, səhifəni bağlamaq istədi, gec idi, artıq yeganə adam da onun yaşıl işığını görmüşdü. Söhbət pəncərəsində əvvəl nöqtələr atılıb-düşməyə, sonra sözlər ard-arda düzülməyə başladı:

“Günlərin tez keçməyini istəyirəm. Mənim üçün zaman donub, vaxtı siqaretlə ölçürəm: Üç siqaretdən sonra kölgə düşəcək, on beş siqaretdən sonra yataram.... Göz yaşlarımı saxlaya bilmirəm, özümü inandırmışam ki, ağlasam, yüngülləşəcəm, amma indi başım ağrıyır. Sən heç nə yazma mənə, mənsə hər gün yazacam: Məni bu gün də bağışla...

Doğum tarixini, adı, sifəti dəyişib yenidən yaşamaq olsaydı.... İndikilərlə uduzdum. Yeni insan olmaq istəyirəm, yenidən doğulmaq, hər şeyi sıfırdan başlamaq, keçən ilə qayıtmaq və yanlışlarsız yapmaq.

19:30. Dünəndən bəri gözlərindən axan hər damcı göz yaşının sayı qədər bağışlanmaq istəsəm, yenə də azdı...

19-40. Məni yenə bağışla... Amma şans vermə... Bu nəsə başqa bağışlanmaq olsun, nəsə başqa...

İndi saat 19-42-di. Və yenə bağışla...

...Sənin və özümün yaddaşını pozmaq istəyərdim...

Evin arxasına keçmişdim. Stulu görəndə yadıma düşdü ki, dünən bu vaxtı sən oturmuşdun burda və necə sakit, necə xoşbəxt idik,

bağışlama məni...

Yaşıl işığına baxıram...

Bilirəm, soruşsam yazmayacaqsan, özüm də istəmirəm yazmağını. Ona görə də əlacım əhvallarını təxmin etməyə qalıb.

Məncə, indi bir az yaxşısan, amma ağrı zaman-zaman qayıdacaq.

Məni bağışla.

Ürəkdən gülməyin üçün nələr etməzdim.....

...Məni heç vaxt atma...

Həyatda da belə olsun, mənə bax, amma danışma mənimlə. Yazdıqlarımı oxuyub cavablamadığın kimi... Amma bilim ki, sən varsan, mənə baxırsan”.

Hamıya bağlı olan söhbətin açıq olduğu yeganə adamın pəncərəsindən sözlər heç bitməyəcəkmiş kimi tökülürdü, o, qeyri-ixtiyari baxırdı, amma heç nə hiss eləmirdi, nə sevinc, nə də kədər:

“...Ağrıyan ürəyinə qurban, acıyan sol tərəfinə də…

Bax indi necəyəm? Ruh ki göydən ölmüş bədəninə baxır, eynən elə. Özüm-özümə baxıram... miskinliyimə və ağlayıram.

Sən dünənki sözlərlə sağaltdın məni, xilas etdin. Bəzi xəstəliklərə qarşı uşaqlıqda edilmiş peyvənd olur e, yeri həmişəlik qalır, bax o sözlər də həmin peyvənd kimidi, sonrakı xəstəliklərin qarşısını alan və yeri həmişəlik qalan.

İçimdə fırtınalar var, zəlzələ olub içimdə, sakitliyimə dönmək istəyirəm, amma yəqin ki, bir müddət çəkəcək bu hal.

Mən sənlə səmimi, dürüst, doğruçu ola bilmədim, olmaq istəmədim, görünür, mən ancaq nələrinsə nəzəriyyəsini bilirəmmiş.

Nəzəriyyə isə boş şeydi, əsas yaşamaqdı, yaşamağı bacarmaqdı. Mən dəyişəcəm, mən dəyişirəm.

…Sən düşmənlərin üçün də narahat olan adamsan. Ona görə yazıram: İndi bir az yaxşıyam, məndən narahat qalma.

Çox qiymətli nəyinsə olar e, hara gəldi atarsan, sonra taparsan. Amma gün gəlir, onu birdəfəlik itirirsən və heç vaxt tapa bilmirsən. Tapacağına ümidin ölür - faciə budu.

Mənim faciəm budu.

Şəklimizə baxıram. Necə də gözəlsən və nə qədər də xoşbəxt.

Hə, bir də. Hər şey öz adıyla gözəldi. Sən məni haqlı çıxartmağa çalışma, mən elə bil cinayət eləmişəm, bunun adı budu. O başqa məsələ ki mən səndən bu cinayəti bağışlamağı istəyirəm.

…Ümid edirəm, ürəyinin ağrısı sakitləşib az da olsa.

…Mən haçansa zarafatı necə etmişəm, görəsən? İndi bu o qədər mümkünsüz görünür ki…

...Sənin uşaqlığını göz önümə gətirməyə çalışıram. Çəlimsiz qarayanız, ürkək qızcığaz...

Məni bağışla…

İndi də qocalığını təsəvvür edirəm: Ağıllı, nəvaziş dolu, ağıllı bir qadın - O da məni bağışlasın…”

Söhbətə açıq olan yeganə adamın pəncərəsini bağlamaq vaxtıydı. Yanına saldığı heysiz əllərini qaldırıb kompüterin qapağını örtdü. Xəyalındakı maestronun son ifasını edib pianonu bağladığı kimi.

İndi qarşısındakı noutbuk qəzaya uğramış təyyarənin qara qutusuna bənzəyirdi...

# 2741 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
#
#
# # #