Kamal Abdullanın “Birun-Əndərun” metafizikasına dair

Kamal Abdullanın “Birun-Əndərun” metafizikasına dair
11 avqust 2017
# 17:31

Rəşad İLYASOV

Klassik fəlsəfi yanaşmalardan bir olaraq fəlsəfənin mövzusunu “var olması baxımından mövcudluq” müəyyən edir. Eyni zamanda metafizikanın mövzusu da varlıqdır.Bu kontekstdə mövzu olaraq bu qısa şərh yazımızda hörmətli ədibimiz Kamal Abdullanın “Düma ilə Coys arasında” kitabında yer alan “Birun və Əndərun oyunları” ədəbi-bədii essesinə dair mövcud mülahizələrimi təqdim edəcəm.

Yeri gəlmişkən fəlsəfə tarixinə, xüsusilə həm şərqdə, həm də qərbdə heremenevtika tarixinə baxdığımız zaman mətn və ona “dair”mətnlər sayəsində “dairəvi elmi ənənə” yaranmışdır. Bu ənənəyə misal olaraq qərbdə Latın İbn Rüşdçülüyünü şərqdə isə, Əkbəri (İbn Ərəbi) məktəblərini qeyd etmək olar. Əlbəttə ki, misalları çoxaltmaq mümkündür amma və lakin bu artıq bəhsi-digərin mövzusudur...

Kamal Abdulla essenin girişində əndərun-birun dilemmasını yaşam tərzindən və real həyatdan nümunələr gərirərək izah edir. Hətta bunların əsas olaraq sosial sferadan tutmuş təhtəl-şüuura qədər ayrı məqamlar olduğunu qeyd edir: ”Bu, təkcə ədəb və ərkanda özünü göstərmirdi, təhtəlşüurdan (altşüurdan) vurub dil-danışıq qatından keçir, sosial münasibətlərin bu və ya başqa cür formalaşmasına təsir edirdi“. Burada ədibimiz sətiraltı olaraq klassik düşüncəmizdə əndərun-birun fərqliliyinin şüurlu şəkildə ayrıldığını və özlərinə məxsus mahiyyətlərə malik olduğuna işarə edir. Ədibimiz məhz modern dövrdə zənn olunduğunun əksinə olaraq yaşadığımız modern və postmodern həyat tərzlərində də bu fərqliliyin ortadan qalxmadığnı vurğulayır. Bəs necə? Müəllifimizin haqlı olaraq milli mentalitetimizə və ictimai şüuurumuza istinad edərək birun-əndərun oyunlarının hələ də müasir yaşamımızda aktual olduğunu, qəlbimizin bizim əndərun, beynimiz isə birunun məkanı olduğunu təsvir edir. Həqiqətən də bu tendensiya məşhur fransız filosofu Rene Dekartdan sonra fəlsəfi olaraq tamamilə bir-birinə yad halına gətirilən zehin- bədən( Mind and Body) ikiliyini xatırladır. Məhz daha sonrakı dövrlərdə Kant və pozitivistlər tərəfində inkişaf etdirilən bu fəlsəfi yanaşma tərzi Nitşe, Freyd, Haydigger və s. mütəfəkkirlər tərəfindən ciddi tənqidlərə məruz qalmışdır. Onlara görə zehin-bədən yadlaşması eqonun parçalanmışlığına gətirib çıxarmışdır. Kamal Abdulla da bu ziddiyyətə diqqət çəkərək Dekart öncəsi dövrlərdə bunun belə olmadığını qeyd edir: “Qədimdə ümumi dəyərlər daha çox və bir-birinə daha bağlı olub.

Müəllifimiz əndərun-birun oyununun şərqdə daha çox calaq tutduğunu, bunun da əna əsaslı şəkildə ədəbi-bədii mətnlərdə ortaya çıxdığını vurğulayır. Bu kontekstdə qeyd edim ki, məşhur fransız mütəfəkkiri Ernest Renan İslam haqqındakı mühazirələrində islam sivilizasiyasını mənfi şəkildə tənqid etdikdən sonra tək bir bir mövzuda ona haqlılıq qazandırmışdır. O, İslam mədəniyyətini dil mədəniyyəti adlandırmışdır.

Təssüf ki, Renan İslam sivilizasiyasında nə üçün ilkin olaraq dil elmlərinin yaranması və inkişafının epistemoloji arxa səbəblərini izah edə bilməmişdir. Müasir dövrdə, xüsusilə 60-cı illərdən sonra Oksforddakı analitik dil məktəbin yaranmasından sonra İngiltərədə Oustin ABŞ-da isə Sörlün tədqiqatları ilə dilin özünəməxsus varlıq sferasına malik olduğu müəyyən edilmişdir. Digər tərəfdən məşhur filosof Naom Çomskinin tədqiqatları ilə dilin birbaşa zehində kateqorial aparatın yaranmasında funksional rolu haqqındakı elmi- fəlsəfi mülahizələri dil sahəsinin sadəcə dilçiliklə məhdudlaşmadığını sübut edir. Məhz İslam sivilizasiyaslnda dilçilik elmlərinin və dil fəlsəfəsinin ilk meydana gələn elmlər olması bu baxımdan təsadüfi deyildir...

“... Eynən Əndərun barədə də Birundakı «vurnuxmalar» və «var-gəllər» vasitəsilə təsəvvür əldə etmək mümkündür”...Ədibimizin bu cümləsini İslam fəlsəfəsində əşyanın məzmun və mahiyyətini və materiyadakı hərəkətliliyi açıqlarkən cövhər (substansiya) və aksidensiya(ərəz) oyunlarında görmək mümkündür. İslam düşüncəsində cövhər və ərəz arasındakı münasibətlərin tədqiqi ciddi şəkildə bu sahədə fələfi traktatların ortaya çıxmasına səbəb olmuşdur. Məhz Səfəvilər dövründə yaşamış olan Sədrəddin Şiraziyə qədər qədim yunan filosoflarından etibarən fenomenlər aləmində cövhər dəyişməzdir düşüncəsi hakim idi. Ancaq Sədra ərəzdəki dəyişmələrin cəvhərəki hərəkətlənməyə də təsir edəcəyini isbat edərək fenomenlər aləminin mahiyyətini yeni rakursdan açqılamışdır. ədəbi-bədii mətnlərdəki əndərun-birun oyunları bir baxıma fenomenlıərdəki dəyişmələr kimi həyata keçirilir deyə bilərik...

Ədibimizin “biri vardı biri yoxdu...”, din dili ilə desək “zahir və batin” mənaların mövcudluğu və Nəhayət Füzulinin timsalında, yeni anlayışla onun illərlə əzbərlənib ancaq dərindən dərk olunmayan əndrununu açıqlaması mətn kontekstində klassik irsimizi yeni baxışla anlamağımıza səbəb olur. Təsadüfi deyil ki, “mətləul etiqad” (inancın doğuşu) kimi fəlsəfi-teoloji əsər yazan vəelmsiz şeiri təməlsiz divara bənzədən şair Füzuildən başqa əndərun anlayışı da gözləmək qeyri-mümkündür. Kamal Abdulla essenin bu hissəsində Füzuli ilə Axundov arasındakı fərqliliyi və fikri qırılmaya diqqət çəkir: “19-cu əsrdə bu dirilmə baş verə bilərdi. M.F. Axundov buna imkan verməd”.Həqiqətən də klassiklərin müasir dövrdə çətin anlaşılmasının əsasında ilkin olaraq M. F. Axundovun Azərbaycan ədəbiyyatında şaquli metafizik anlayışı ortadan qaldırması dayanır. Belə ki, Füzuli və digər klassik şair və mütəfəkkirlərimizin paradiqması şaquli, yəni “elmi-ilahi” adlandırılan metafizik anlayı.a istinad edirdi. Axundov bunu üfüqi, yəni ictimai metafizik anlayışla əvəzlədi. Bunun özü ədəbi-bədii sahədə ciddi dəyişiklik idi. Elm tarixində İbn Xəldunun etdiyini, Axundov Azərbaycan ədəbi düşüncəsində etdi...

Ədibimiz əndərun-birun oyunlarını müəllif, mətn və oxucu kontekstində ələ alaraq maraqlı mülahizələr irəli sürür. Müəllifin niyyəti, mətnin məqsədi və oxucunun şəxsi anlama dünyası müasir analitik fəslsəfədə də ciddi mövzulardan hesab olunur. Bu məqamda Kamal Abdulla bütun bunlara diqqəti çəkərək həm dünyanın, həm də mətnlərin bu cəhətlərdən anlaşılmasının vacibliyini izah edir. Digər tərəfdən ədibimiz essedə Nitşeyə istinad edərək “səhranın böyüdüyünü”, yaddaşın itməsinin də əndərun-birun oyunlarına təsirindən danışılır. Müəllifimizin Nitşeyə istinad etməsi təsadüfi deyil. Çünki Nitşe fəlsəfəsində əndərun-birun oyunlarının ciddi analizlərini tapmaq mümkündür. Məhz Haydigger Nitşenin “Tanrı öldü” sözünü şərh edərkən bazar yerində bir şəxsin əlində çıraq ilə gəzərək Tanrı öldü, Tanrı öldü deyib insanların laqeydliyini gördükdən sonra çırağı yerə çırpıb Tanrını sizlər öldürdünüz deməsi, ədibimizi haqlı çıxarır. Belə ki, müasir dövrdə qərb əndərun-birun oyunlarını bir məkanda cəmləşdirərək Adornonun da qeyd etdiyi kimi “ağıl tutulmasının” genişləməsinə səbəb olmuşdur...

Kamal Abdulla essedə şəxsiyyətin daxilində də əndərunvə birun oyunlarının reallığından bəhs edərək mənin laylarını, kəşf edilməmiş qatlarını bu kontekstdə qiymətləndirilməyin vacibliyini vurğulayır. Müəllifimiz Aristotel, Qanturalı və Neymana istinadən əndərun və birun arasındakı münasibətləri, “bəlkə” keçidlərini özünə məxsus şəkildə şərh edir. Məhz klassik düşüncəmizdə də bu öz yerini “varlıq mrətəbələri”( məratibul-vucud) və “həqiqət mərtəbələri” (məratibul- həqiqət) anlayışında tapır. Yəni əndərun-birun dairəsində hər bir varlığın və həqiqətin öz var olma mərtəbəsi vardır. Bu var olma həm fenomenlər aləmində, həm də insan nəfsində cərəyan edir.

Müəllifimiz tale və həyat sözlərini analiz edərək bu sözlərə, daha doğrusu bu sözlərlərin mənalarına yeni öhdəliklər yükləyir. Məhz dünyada əsl şair və yazıçılar yazdıqları dillərə yeni sözlər və mənalar gətirdikləri üçün dahi hesab olunurlar. Təsadüfi deyil ki, Haydigger qeyd edirdi ki, “dil varlığın evidir”. Bu evi də genişləndirən, varlıq mərtəbələrinin dizaynını quran və mühafizə edən söz xridarı şair və yazıçılardır...

Essenin sonuna doğru Kamal Abdulla bəzi məfhumlara yeni gözlə baxmağımızı bizlərə təlqin edir. Sonda isə xsristian və təsəvvüf fəlsəfəsinə istinad edərək həqiqətin yek olduğunu vurğulayır. Bu mənada haqlı olaraq ədibimiz təsəvvüfün İslam düşüncəsinin zirvə paradiqması olduğunu vurğulayır. Təsadüfi deyill ki, islam sivilizasiyasında mövcud olan mədrəsələrdə ən son tədris olunan elm təsəvvüf olmuşdur. İbn Sina, Nəsrəddin Tusi, Şəhabəddin Sührəvərdi və s. mütəfəkkirlərin əsərlərində ən son təsəsvvüfi metodun vacibliyi qeyd olunmuşdur.Məsələn, İbn Sinanın “əl işarat və`l-təmbihat” əsərinin sonunda “ariflərin məqamları” (maqamatu`l arifin) fəsli birbaşa sifi epistemologiyanın analizinə dairdir.

Mülahizələrim, çox hörmətli Kamal Abdullanın “əndərun və birun oyunları” essesinə dair müəllifin niyyəti, mətnin məramı və oxucunun anlama dünyası kontekstində mətnə müəllifin deyimi ilə “ricətim” idi... /525.az/

# 1399 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #