Kulis.az gənc şair Bəhruz Xəlilin şeirlərini təqdim edir.
Ağacların budağına
meyvə yapışdır, Allah,
uşaqlar daş atanda
yerə yarpaq düşməsin...
Yeddi doğum evi tik
göyün yeddi qatında,
səhər sancılı günəş
pəncərəmdə doğmasın...
Oyuncaq insan düzəlt
ver dərdlərin əlinə
bəlkə mənim yaxamdan
əllərini çəkdilər...
***
Başımın üstündə Tanrının əli
saçlarım dağılıb, soyuq tumarla.
Əllərim sinəmin üstünə düşüb
sonuncu sevgini, dün yola saldım
ölülər yurduna gedən qatarla...
Elə bil matəmdir göyün üzündə
buludlar günəşin qara köynəyi.
Tanrı, darıxmasın deyə, yanına,
bir bəşər ruhunu şəkər göylərə
mələklər üzünə çəkər örpəyin...
Sızlayıb, ağlayıb, darıxan adam,
Kimin sevgisisən mənim içimdə?
kimin sevgisisən mənim içimdə,
sızlayıb, ağlayıb, darıxan adam?!
Bir dəqiqəlik sükut!
Gedənlərin xatirəsinə
bir dəqiqəlik sükut kimidir
bir gün darıxmaq...
iki damcı göz yaşı
kifayətdir,
arxasınca atmaq...
sonra həyat davam edəcək
öz eybəcərliklərini gözəl satmaqla.
sən isə özünü aldadacaqsan
kiçik arzularına çatmaqla!
***
Bu qumlu sahilin qəmi çatışmır,
dalğalı saçının, qumu çatışmır,
hamının içində hamı çatışmır,
dünyanı özünə yaradıb Allah...
İsti otaqların, soyuq vaxtıdır,
soyuq baxışların ilıq vaxtıdır,
qaranlıq gecənin, işıq vaxtıdır,
bir ümid doğulur, ölü bətndən.
İnsanlar dilinə güc verir elə,
dilin də şirini, acısı olur...
nəhayət birinə inanır adam,
ürək sirlərini açası olur.
***
Göyqurşağı ömürü
Niyə yazdın ilahi,
İki üzün üstünə?
Bütün məsuliyyətlər
Düşüb o gündən bəri
İkimizin üstünə...
Sən də hərdən qaçırsan
Nalələrin səsindən...
Mən də hərdən qaçıram
Boğulan arzuların
Sonuncu nəfəsindən.
Əlim dolaşıb qalıb
Ümidlərin telinə.
Bircə əlim çataydı
Sənin böyük əlinə.
Yaza bilmədim daha
İçimin sözlərini.
Yaman utandırırsan
Çək məndən gözlərini.
Oğluma
Həyatdır da,
birini tapanda üçünə həsrət qalırıq.
Biz də sənin kimi;
iki insanın birləşməsindən yaranmışıq
Sən hələ uşaqsan, bilməzsən
ən möhtəşəm mətnlər də
sözlərin birləşməsindən əmələ gəlir....
Sən hələ bilməzsən,
uşaqlar, cəhənnəmin
əvəzində vəd olunan cənnətdən bir şey anlamaz.
Bir də küləklər ağacların yarpaqlarını yolanda
dəli kimi ağlayanlar görüb, ağlama...
onlar sevgidən yetim qalanlardı....
sevgi elə bir şeydir ki,
quru, qupquru...
insanlar ağcaqanad dişləməsindən yoluxursa
özünü hər şeydən qoru!
***
Bütün gecə səhərədək
boğulur yuxu gözümdə.
Bu vaxtacan arzuların
ölübdür çoxu gözümdə
Sən də ölmüş arzuların
elə birisən, birisən...
Sonuncusan, birincisən,
tutmusan hansı yeri, sən?
Bu kitab ömrümdə səni
bilmirəm hara qoymuşam.
Bəlkə də əlfəcin kimi
qaldığım yerə qoymuşam.
Danış səsindən yapışım
gəlim sən olduğun yerə.
Sənin dirildiyin yerə,
mənimsə öldürüm yerə.
Şəhidin məktubu
Şair, anamı sizə tapşırıram
Evimizin dam örtüyünün cırıqlarından
İçərisi rahat görünür
Əgər anamın üzündə kədər görərsəm
Yanıma üzüqara gəl!
Bir də,
Həyətdəki uçuq-sökük damlar...
Mən ilk düşməni taxta aftomatımla orda öldürmüşdüm
Dörd yaşımda...
Damlardan muğayat ol, şair.
Mən, adsız yüksəkliklərdə şəhid olmadım ki,
Kənd qəbiristanlığının ən yüksək yerində dəfn edəsiz
Şəhid oldum ki, yatmış vicdanınız oyansın!
***
Sən ayaqlarından getməyə başladın
Mən ürəyimdən ölməyə.
Elə getdin,
bir ümid də buraxmadın gəlməyə.
Hardasa külək əsirmiş kimi
qulaqlarımda qorxulu uğultu səslənir.
Hardasa bir ümid bəslənir
gedənlərin gəlişinə.
Sən gedəndə nə fəslin nə də saatın fərqində deyildim
İndisə içimdə qışdır
Saat da 00:00
***
Sən də darıxacaqsan
bir gün,
mən darıxan kimi...
sağollaşdığın adam
qapından çıxan kimi...
Nə deyim, necə deyim,
sənsiz necə soyuqdur
günəşin şüaları...
yetim qalan arzular:
anasından yem uman,
qaranquş balaları...
Necə deyim, əllərim
üşüdür ciblərimi.
qanım da soyuqlaşıb,
sən getdiyindən bəri...
Necə deyim, darıxmaq
çox bahadır bu evdə,
Yoxluğun bahasına...
Hansı günah əvəzi,
gətirdin mən yazığı,
Allahın bəlasına?
***
Sənə barmaqlarımla şeir oxuyuram,
monitora asılan gözlərin qulaqlarına
hərflərlə toxunuram
bacardığım qədər incə saitlərdən istifadə edirəm
bacardığım qədər cingiltili samitlərlə
qulağında cingildəmirəm...
Bir az gözlərimin yuxusundan
bir az ürəyimin döyüntüsündən
bir az da darıxmağımdan
misralarla göndərəcəyəm
səhər yeməyinə...
***
Tavana baxıram,
balaca bir nöqtəyə yerləşdirib səni
gözlərim.
Nöqtə qədər kiçik deyilsən,
gözüm boydasan...
Seyr edirəm,
özüm boydasan,
dünyam boyda,
darıxdığım insan
***
Tənhaların uzun olur gecəsi,
saatların daşı ölür, işləmir.
Bir də, bir də əllərində silahlar,
səngər boyu əsgərlərin gecəsi.
Sərçələrin nə vecinə, üşüməz,
lap yarpaqsız, lüt ağacda yaşayar.
Tək deyillər, qızınırlar bayırda,
sərçələrin istisinə ağaclar.
Kənd yerinin dadı-duzu qalmadı,
damlarından göyərçinlər uçalı.
Palçığı da küsüb artıq ayaqdan,
balaqlarım təmiz qalır haçandı.
Torpaq üstə gəzənlərə baxanda,
ölənlərin yeri bir az istidir.
***
Üşüdüm səhərə qədər,
yastığımın istisinə.
Yumub gözlərimi getdim,
sənsizliyin tüstüsünə.
Sənsizlik də deyəndə ki
mən heç sənli olmamışam.
İstər sən ol, istər sənsiz
mən heç qəmli olmamışam.
Mən belə biriyəm tanı,
ruhsuz, ürəksiz adam.
Bir sevgini də qurutdu,
üzü çörəksiz adam.